Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 86,25 dollara, yüngül neftin bir barreli isə 82,68 dollara satılır.

27 yaşlı gənc beşinci mərtəbədən yıxılıb öldü

Bakıda 27 yaşlı gənc faciəli şəkildə ölüb. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılıb. Onun hadisə nəticəsində ölməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Xaçmazda kütləvi dava: iki qardaş döyüldü

Xaçmaz rayonunda kütləvi dava olub, iki qardaş xəsarət alıb. Sozcu.az xəbər verir ki, rayon sakinləri, 1988-ci il təvəllüdlü Müzəffər Eyvaz oğlu Məhərrəmov və onun qardaşı, 1979-cu il təvəllüdlü Məlik Eyvaz oğlu Məhərrəmovun tanıdıqları şəxslərlə aralarında mübahisələri düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Nəticədə Məhərrəmov qardaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Ölüm sahibi sənsən

Məndə itib gecə, gündüz, Səbəbkarı özünsən. Yuxu gəlmir gözlərimə,  Bunun sahibi sənsən. ******************  Sən canımda ağrı, acı, Dilimdə ah-naləsən. Gözlərimi parıldadan  Suyun sahibi sənsən. ******************* Havam, suyum sən deyildin?  İndi ağır nəfəssən. Su içirəm, acı dadır, Dadın sahibi sənsən. ****************** Mən varam, mən yaşamıram,  Mən ağlar, sən gülürsən. Həyat eşqim çoxdan ölüb, Ölüm sahibi sənsən. ****************** Səni Tanrım qədər sevdim, Cəzası nə, bilirsən? Cəhənnəmə yol gedirəm, Yolun sahibi sənsən. ********************* Gah sevgimsən, gah nifrətim, Gah mələk, gah iblissən. Bu şeirim sənin üçün,  Təbin sahibi sənsən ********************   Müəllif: Şahin İsmayıl

"Müharibə başlanandan Rusiya ordusunun 15 generalı aradan götürülüb..."

"Ukrayna MN-nin Baş Kəşfiyyat İdarəsi rusiyalı komandirlər haqqında məlumatları onların tabeçiliyində olanlardan pulla əldə edir..." "Müharibə başlanandan Rusiya ordusunun 15 generalı aradan götürülüb..." Ukraynalı "Şaman" Rusiya generalların ovuna  necə çıxıb?.. Ukrayna kəşfiyyatının elit bölməsi Rusiyanın yüksək vəzifəli zabitlərinin ovuna çıxıb. Söhbət Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin tərkibində olan "Şaman" xüsusi təyinatlı taborundan gedir. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Times" qəzeti məlumat yayıb. Nəşr əsas məqsədi hərbi kəşfiyyat və düşmənin arxa cəbhəsində infrastrukturunun məhv edilməsindən ibarət olan bu bölmənin bir neçə üzvləri ilə söhbət edib. "Bizim konkret adamlar, və ya obyektlər üzrə, məsələn, generalın və ya buna bənzər kimsənin olduğu binalar üzrə məqsədlərimizin, missiyamızın sayı artıb", - bunu şərti adı "İntelligent" olan 30 yaşlı çavuş bəyan edib. O, Belqorod ətrafında rusiyalı zabitin öldürüldüyü pusqu barədə danışıb. "İntelligent" öldürülənin adını açıqlamayıb. Qəzet müəyyən edib ki, bu, əsasən Pskov vilayətindən səfərbər edilənlərdən formalaşan 1009-cu alayın komandiri polkovnik Vladimir Kuznetsovdur. Pskov mətbuatının məlumatına görə, hərbçi iyunun əvvəlində Novaya Tavoljankada döyüşlər zamanı həlak olub. Britaniya jurnalistləri ilə söhbət zamanı "İntelligent" qeyd edib ki, son altı ayda "Şaman" döyüşçüləri "ondan artıq belə əməliyyatları" uğurla həyata keçirib. Hərbçi deyib ki, aradan götürmənin uğurlu olmasının açarı əvvəlcədən aparılan yaxşı kəşfiyyatdır. Tez-tez MN-nin Baş Kəşfiyyat İdarəsi rusiyalı komandirlər haqqında məlumatları onların tabeçiliyində olanlardan pulla alır. "Ruslar pulu xoşlayır və öz generallarına nifrət edir, ona görə də biz onların ordusunun daxilindən çoxsaylı faydalı məlumat əldə edə bilirik. Bizim çoxlu faydalı təchizatımız var. Uşaqlar özləri ilə kamikadze-dronlar gəzdirir, bəzən onlar hətta ən güclü maşını sıradan çıxara bilir", - ukraynalı hərbçi deyib. Ukrayna tərəfinin məlumatına görə, 2022-ci ilin fevral ayından Ukraynaya qarşı müharibədə Rusiya ordusunun 15 generalı həlak olub. Rusiya yalnız 6 generalının həlak olduğunu etiraf edir. Müharibənin əvvəlində "Şaman" kiçik dəstə olub, lakin indi tabora qədər böyüyüb. "Times" qeyd edir ki, indi bu, ötən il nəşrin yazdığı ilə müqayisədə "xeyli dərəcədə güclü qüvvədir".  Xüsusi təyinatlılar təsdiq edir ki, o zamandan daha da irəliyə gedib və qarşılarına daha çətin əldə ediləcək hədəfləri, məsələn, aviasiya bazalarını qoyublar. "Bu, həqiqətən ciddi mühafizəsi olan böyük hədəfdir. Burada təkcə missiyaya göndərilən xüsusi təyinatlılarla ötüşmək alınmayacaq. Şəhərdə və ya bazada, Rusiya ordusunda bizim öz mənbələrimiz olmalıdır", - "İntelligent" izah edib.

“Ətin bahalaşmasında Kənd Təsərrüfatı Nazirliyi günahkardır” - Eyyub Hüseynov

Yaxın aylarda ölkədə ətin qiymətinin qalxması gözlənilir. Bəzi iqtisadçı ekspertlər bildirir ki, yanvara qədər ətin kiloqramı 20 manat olacaq. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ətin bahalaşacağı ilə bağlı deyilənlər həqiqətdir.  demokrat.az-a açıqlama verən ekspert deyib ki, hazırda kiçik quzu ətinin bir kiloqramının qiyməti 20 manatdır.  “Qiymətlər adətən bayram ərəfəsində qalxır. Ətin qiymətinin də qalxacağı gözlənilir. Bir sıra Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ətin qiyməti yuxarıdır”.  E.Hüseynov ətin qiymətindəki bahalaşmanın səbəblərinə də toxunub: “Maldarlıq zəifləyib. Əhali heyvan saxlamaqdan uzaqlaşır. İcra hakimiyyətləri otlaqları pambıq sahələrinə çevirib. Otlaq sahələri ayrı-ayrı böyük təsərrüfat sahiblərinin əlində cəmləşib. Onlar da asanlıqla kartel sövdələşmələrinə gəlir, qiymətləri diqtə edirlər”. Sədr bildirib ki, alverçilər satıcıların işini çətinləşdirir: “Heyvanlar bazara çıxarılan kimi alıcı və satıcıdan başqa üçüncü bir subyekt ortaya çıxır – alverçilər. Demək olar ki, bütün rayonlarda onların əlindən kəndli öz məhsulunu sata bilmir. Araya girən alverçilər qiymətlərin qalxmasına səbəb olur”. Əhalinin ətə tələbatının daim mövcud olduğunu qeyd edən ekspert məlumat verib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycan çox ət yeyilən ölkələr arasında deyil:  “Buna baxmayaraq, ət və ət məhsulları rasionumuzun əsas hissəsini təşkil edir. Yüksək tələbat da qiymətlərin qalxmasına şərait yaradır. Payıza doğru gündəlik istifadə olunan ərzaq məhsulları azaldıqca, ətə tələbat artır.  Heyvandarlığı zəiflədən digər bir amil də yemin qiymətidir. Heyvan yemlərinin qiyməti qat-qat artıb. İki il öncə ilə müqayisədə iki dəfə artım var”. E.Hüseynov əlavə edib ki, bu işdə birbaşa Kənd Təsərrüfatı Nazirliyi günahkardır.  “Perudakı mütəxəssislərlə əlaqəm var. Onlar Azərbaycanda heyvandarlığın inkişafını daim izləyirlər. Aralarında vaxtilə burada ət biznesi ilə məşğul olan da var. Qeyd edirlər ki, hökumət qəbul etdiyi proqramlar üzrə hədəflərə çata bilmir.  Ölkədəki kiçik fermalar tələbatı ödəyə bilmir. Hətta təklif edirlər ki, Perudan buraya ət idxal etmək olar. Yəni uzaq ölkələrdən də Azərbaycanın kənd təsərrüfatı siyasətini izləyirlər, pis vəziyyətdə olduğu qənaətinə gəlirlər”. 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun maşınının qapısını açmayan qazi işdən çıxdı - VİDEO

Coşqun Məmmədov Barat Yusifovdan şikayətçidir. Sozcu.az news24-a istinadla xəbər verir ki, “Yeni Kilinika”nın rəhbəri Barat Yusifov ehtiyatda olan polkovnik leytenant Coşqun Məmmədova TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun avtomobilin qapısını açmasını tələb edib. Coşqun Məmmədov isə işinin qapı açmaq olmadığını deyıb. Lakin klinikanın rəhbəri israr edib. Coşqun Məmmədov “Mən kiminsə qapısını açan şəxs deyiləm” deyərək öz ərizəsi ilə işdən çıxıb. Bütün bunlara qazimiz RTV-yə müsahibəsində aydınlıq gətirib:

Türkiyə ordusunun 5 hərbçisi şəhid oldu

Türkiyə ordusunun 5 hərbçisi şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, "Pençe-Kilit" əməliyyatının keçirildiyi zonada bölücü terror təşkilatının üzvləri tərəfindən açılan atəş nəticəsində Fatih Uğur Altınbaş, Kemal Özek, Özkan Lale, Uğur Özdemir, Mahmud Üçdağ şəhid olub. "Bizə dərin kədər və hüzn verən bu hadisədə həyatını itirən şəhidlərimizə Allah rəhmət eləsin. Onların kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbr, yaralılarımıza isə şəfa diləyirik", - deyə qeyd olunub.

Ukrayna kaset bombalarına dair ilk hesabatı təqdim etdi

Ukrayna Pentaqona kaset sursatlarının döyüş əməliyyatlarında istifadəsi ilə bağlı ilk hesabatını göndərib. Sozcu.az xəbər verir ki, bunu adı açıqlanmayan ukraynalı rəsmi bildirib. Onun sözlərinə görə, hesabatda atılan mərmilərin, eləcə də onların məhv etdiyi hədəflərin sayı barədə məlumatlar var. Qurum rəsmisi dəqiq rəqəm açıqlamayıb. Ağ Ev iyulun əvvəlində Kiyevə kaset sursatlarının tədarükü barədə qərar qəbul edib. ABŞ prezidenti Co Bayden qeyd edib ki, bu, Ukrayna Silahlı Qüvvələrini adi döyüş sursatları ilə təmin etmək mümkün olana qədər müvəqqəti həll yoludur. İyulun 20-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Ukrayna tərəfinin döyüş əməliyyatlarında kasetli sursatlardan istifadə etdiyini açıqlayıb. Kiyev Vaşinqtonu əmin edib ki, kaset sursatları yalnız yaş.ayış məskənlərindən kənarda istifadə olunacaq.

"Qarabağ", "Sabah" və "Neftçi"nin oyunları bu kanallarda

Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Sabah" və "Neftçi"nin bugünkü oyunları canlı yayımlanacaq. Sozcu.az xəbər verir ki, matçlar aşağıdakı kanallar vasitəsi ilə açıq yayımla nümayiş olunacaq. "İdman TV" 20:00. "Qarabağ" - HİK (Avropa Liqası) İTV 20:00. "Sabah" - "Partizan" (Konfrans Liqası) "CBC Sport", "Haber Global (Türkiyə) 21:00. "Neftçi" - "Beşiktaş" (Konfrans Liqası)

Güneydəki 3 min illik abidə yox olmaq üzrədir

Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qırxqızlar kəndindəki 3 min illik daş kitabə yox olmaq üzrədir. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları və sənətçilər paylaşım ediblər. Yerli mədəniyyət xadimləri Mədəni İrs Təşkilatının qeyd olunan tarixi əsərlərin qorunması üçün tədbirlər görmədiyi üçün onların məhv olmaq üzrə olduqlarını yazıblar. Qeyd edək ki, Qırxqızlar kəndinin Qarakuh dərəsində 5,4 metr uzunluğunda qaya üzərində 12 sətirdən ibarət yazılar həkk olunub. Urartu dilində və mixi əlifbasında olan daş kitabənin tarixi eramızdan əvvəl VIII əsrə aiddir. Yazılar Urartu hökmdarı Argişti ilə bağlıdır və burada Girdo, Gito Hani, Tovaişdo torpaqlarının tutulmasından bəhs edilir. Daş kitabəyə yaxın ərazidə Urartu krallığına aid 21 qaladan birinin qalıqları da mövcuddur.

Özbaşına “Göyçə Zəngəzur Respublikası” yaradıldığını elan edənlər istintaqa cəlb olundular

“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir. “Qafqazinfo”nun məlumatına görə, hazırda hər iki şəxslə əlaqə saxlanılması mümkün deyil. Xatırladaq ki, 2022-ci ildə “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil). Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi. 2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi tərəfindən Rizvan Talıbovun “Göyçə Zəngəzur Respublikası”na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayılmışdı. Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi. Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi. Daha sonra Rizvan Talıbovun rəhbər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika” prezidentliyindən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşqınlıq və suallar yaratmışdı. Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.

Limit ləğv edildi - Mərkəzi Bank məlumat yaydı

Fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Dəyişikliklərə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20 min ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub. Eyni zamanda bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilmiş, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir. Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib. Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Kəmaləddin Heydərov bu şəxsə yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, daxili xidmət mayoru Bağırov Orxan Etibar oğlu FHN-in Muğan Regional Mərkəzinə rəis təyin edilib. Bu vəzifəyə qədər Orxan Bağırov Bakı Regional Mərkəzində şöbə rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, uzun illər sözügedən mərkəzin rəhbəri Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundov olub. Mehman Axundov bu ilin yanvar ayında öz istəyi ilə təqaüdə göndərilib, yerinə Vüqar Qüdrət oğlu Ağayev təyin edilib. Onun rəis olduğu dövür ərzində mərkəzdə rəis müavini vəzifəsi boş qalıb.

Ukrayna dünən gecə 7 İran dronunu məhv edib

Ukrayna qüvvələri gecə boyunca İran istehsalı 7 dronu məhv edib. Sozcu.az xəbər verir ki, Ukrayna hava qüvvələri dronların ölkənin şimal-şərqindən, Rusiyanın Kursk şəhəri istiqamətindən atıldığını bildiriblər. Məlumata görə, axşam saat 11-də başlayan və təxminən 5 saat davam edən hava hücumu zamanı Rusiya tərəfindən 10 dron buraxılıb. Dronların zərərsizləşdirilməsində Ukraynanın HHM qüvvələrinə məxsus idarəolunan raketlərdən və kiçik çaplı silahlardan istifadə edildiyi bildirilib. Qeyd edək ki, Rusiya rəsmiləri də gecə boyunca Moskva və Krım yaxınlığında 13 Ukrayna dronunun vurulması barədə məlumat yayıb.

Xanlar Cəfərov dələduzluqda təqsirləndirilir - MƏHKƏMƏ

Bakıda dələduzluqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, “Avro Qrand” şirkətinin rəhbəri olan X.Cəfərov Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillərin açarları sahiblərinə verilməyib. Belə ki, X.Cəfərov həmin mənzilləri bir neçə şəxsə satıb. İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib. Məhkəmədə X.Cəfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. Növbəti proses avqustun 23-nə təyin edilib. Qeyd edək ki, X.Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.

Heç bir şey etmədən pul qazanır: Hər kəsin istədiyi iş

Kişi tibblə bağlı bir iş tapdığını və ona tam maaş verildiyini, lakin demək olar ki, heç nə etmədiyi ilə bağlı maraqlı bir hekayə paylaşıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, o, tibbi yardım üçün gecə kuryeri kimi işə düzəlib. Şirkət təcili işçi axtarıb və buna görə də namizədə daha yüksək maaş təklif edib. Gecələr onunla birlikdə ofisdə başqa bir işçi də olub. O, vaxtının çox hissəsini işindən çox smartfonuna ayırıb. "Darıxdığım üçün bəzi hesablamalar apardım. İki həftə ərzində təqribən 67 saat işdə oldum və bu saatların 7-sini iş vəzifələrimi yerinə yetirdim, qalan 60 saatını isə smartfonumda keçirdim" - o bildirib. Hekayənin müəllifinin sözlərinə görə, bu məkanda kuryerin işinə hələ də sifarişi qəbul edən, emal edən və kuryerə ötürən idarəçilər təsir edir. Ancaq gecələr demək olar ki, işləmirlər və buna görə də gecə kuryeri tapşırıqsız qalır. Buna baxmayaraq, maaş alır.

Hər kəsin sevdiyi dondurmanın ZƏRƏRLƏRİ

Böyükdən kiçiyə hər kəsin sevimli deserti olan dondurmanın piylənməyə səbəb olduğu açıqlanıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislər yay aylarında bu deserti olduqca az istifadə etməyi məsləhət görür. Qeyri-sağlam hesab olunan dondurmanın tərkibindəki şəkər və yağ kökəlməyə gətirib çıxaran əsas faktorlardandır. Diyetoloqlar bildirir ki, dondurma ən çox belini incəltmək istəyənlər üçün tövsiyə edilmir. Onların tərkibindəki şokolad dənəcikləri, yağlı süd və qaymaq kalorilərin artmasına xidmət edir. Bu da bel ətrafında çəki artımına gətirib çıxarır. Mütəxəssislər adi dondurma əvəzinə daha sağlam variantlar təklif edirlər. Təbii dadlandırıcılar və təzə meyvələrlə dondurulmuş qatıqlara üstünlük verin. Əsl meyvədən hazırlanmış və şəkər əlavə edilməyən şərbətlər və ya daha az şəkərli kiçik bir parça tünd şokoladdan zövq almağa çalışın. Arada-bir dondurma yemək olsa da, müntəzəm istehlak şəkər xəstəliyinə, çəki artımına və ürək problemlərinə səbəb ola bilər. Unutmayın ki, sağlam həyat tərzi üçün moderasiya vacibdir.

İlkay Gündoğan bu həftə "Barselona"dan ayrıla bilər

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan klubu tərk edə bilər.  Sozcu.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Kataloniya təmsilçisi onu La Liqada qeydiyyatdan keçirə bilməsə, türkəsilli almaniyalı yarəmmüdafiəçinin müqaviləni birtərəfli qaydada ləğv etməsi mümkündür. Bununla bağlı onun müqaviləsində bənd yer alıb. Futbolçu bu həftə "Barselona"nın heyətində heç bir rəsmi oyun keçirmədən klubu tərk edə bilər. Xatırladaq ki, Gündoğan bu yay Kataloniya təmsilçisi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb. Müqavilənin daha 1 mövsüm uzadılması variantı var. Qeyd edək ki, "Barselona" La Liqada yeni mövsümün ilk oyununda avqustu 13-ü "Xetafe"nin qonağı olacaq.

Məşhur müğənni qəzaya düşdü

Türkiyəli məşhur müğənni Tan Taşçı avtomobil qəzası keçirib.  Sozcu.az xəbər verir ki, qəza zamanı meneceri də yanında olub. Xəsarət alaraq xəstəxanaya çatdırılan müğənni və menecerinin həyati təhlükəsi olmasa da, xəstəxanada müalicələri davam edir.  Avtomobil yararsız hala düşüb.

Sabah 44 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı, şərq küləyi əsəcəyi bildirilir. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Vətəndaşların diqqətinə! Hər ay bu idarəyə qanunsuz pul verirsiniz

30 noyabr 2018-ci il tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Amma MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər. "JEK”lər "fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb. 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan "JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər. Bəs "Jek”lərin fəaliyyəti nə dərəcədə qanunidir? Məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hər kəsin Mənzil Kommunal İstismar Sahəsi kimi tanıdığı "JEK”lərin fəaliyyəti qanunsuzdur: "Hər kəsin MİS kimi tanıdığı və JEK kimi bildiyi idarələr əslində 1959-cu ildə SSR-də yaradılıb. Bu idarələrin əsas məqsədi dövlətin balansında və mülkiyyətində olan vətəndaşlara verilmiş çoxmənzilli binaların idarə olunması, onun kommunal şəraitinin yaxşılaşdırılması və ya həmin əraziyə kommunal xidmətlərin göstərilməsi olub. Lakin dövlətimiz müstəqilliyini qazandıqdan sonra artıq bir özəlləşdirmə dalğası başladı və bunun nəticəsində vətəndaşlar sosial kirayə müqavilələri əsasında onlara məxsus olan orderli mənzilləri özlərinin mülkiyyətinə keçirə bildilər. 2009-cu ilə qədər Azərbaycan Respublikasının ərzisində Azərbaycan SSR-nin mənzil məcəlləsi qüvvədə idi. 2009-cu ildə isə həmin qanun ləğv olunub və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minib”. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının Mənzil Fondunun özəlləşdirilməsi haqqında 1993-cü il qanununun 13-cü maddəsinə görə özəlləşdirilən mənzillərin vahid tarif əsasında xidmət göstərməsi və onlardan ödənişlərin yığılması "JEK"lərə həvalə olunub: "Amma 2018-ci ildə həmin qanundakı o müddəa ləğv olundu və maddədə göstərilən həmin hissə, yəni "JEK"lərə aid olan bənd ləğv olunub. Bununla da "JEK"lərin ən böyük səlahiyyəti itirilmiş hesab olunub. Səlahiyyəti itirilmiş bir idarənin də qanuni fəaliyyət göstərməsi, pul yığması əsassız və qanunsuzdur, çünki onların bu gün bununla bağlı qanuni əsası mövcud deyildir”. Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.1 maddəsinə əsasən çoxmənzilli binaların idarə edilməsi, habelə qaydaların pozulmaqla müqavilənin əksinə həyata keçirilməsi məsuliyyətə səbəb olur. Yəni bu birmənalı olaraq qanun pozuntusudur. Amma təəssüflər olsun ki, bu gün vətəndaşlarımızın böyük əksəriyyəti bundan xəbərsizdir. Onlar daha çox "JEK"lərə ailə tərkibi haqqında və ya yaşayış yerinə dair yaşayışla bağlı müraciət edirlər və müraciət etdikləri anda da "JEK"lər onlara yığılmış mənzil xidmətləri borcunun müəyyən bir qisminin ödənilməsi qarşısında arayışın verilə biləcəyini bildirir. Amma vətəndaşlar bilməlidir ki, həm ailə tərkibi haqqında arayışı, həm də yaşayış yerinə dair arayışı istənilən Asan Xidmət məntəqələrinə müraciət etməklə almaqları mümkündür. İndiki halda qanunsuz halda fəaliyyət göstərən "JEK"lərin ləğv olunmaqla onların işçi heyyətinin bələdiyyələrin tərkibinə verilməsi və vətəndaşların da həmin kommunal ödənişləri bələdiyyələrə ödəməsi daha məntiqli və qanunidir. Bununla bağlı qanunvericiliyə düzəliş olunmalıdır", deyə Ramil Süleymanov qeyd edib.

Əmilərini öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda əmilərini qətlə yetirməkdə təqsirləndirilən qardaşlar - Ariz və Fəqan Səfərovların cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Arizə 14 il, Fəqana isə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib. Qeyd edək ki, 2022-ci il iyulun 31-i saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbadulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başladılıb. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Bu məktəblərdə forma DƏYİŞMƏYƏCƏK

Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideyinləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəkləridir: "Məlumat üçün bildirək ki, uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər. Naxçıvan Muxtar Respublikası Təhsil, İqsadiyyat nazirlikləri və şəhər, rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən ənənəvi məktəbli yarmarkaları bu il də davam etdiriləcək. Yarmarkalarda digər məktəbli ləvazimatları ilə yanaşı, məktəbli formalarının satışı da həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli “Dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ölkənin ümumtəhsil məktəblərində 4 cür geyim formasından istifadə olunacaq. Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji şurasının qərarına uyğun olaraq valideyinlər övladları üçün ölkə üzrə istifadə olunan məktəbli geyimlərindən də ala bilərlər. Bu, məcburi deyil və valideyinlərin öz arzusu ilə ola bilər. Cari il üçün hər iki geyim formasından istifadəyə ümumtəhsil məktəblərində icazə veriləcək. 2024-2025-ci tədris ilindən isə ölkə üzrə tətbiq olunan geyim formalarından istifadə məcburi olacaq".