"Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının qarşısında acizdilər"- EKSPERT

"Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, mühüm islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir"

Bu sözləri Moderator.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib. O, qeyd edib ki, valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası yoxdur:

 "Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmayıb. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin inkişafında iştirakı, məktəbə kömək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur.

Bu gün təhsil sahəsində mövcud olan əsas problemlərdən biri də dərs proqramının ağırlığı və ​ şagirdlərin həddən artıq ev tapşırığı ilə yüklənməsidir. Bu nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri mübahisə və müzakirə obyekti olaraq qalmaqdadır. Dərsliklərin, proqram materiallarının yüklü olmasını nəinki valideynlər, ekspertlər, hətta nazirlik rəsmiləri belə dilə gətirirlər. Son rəsmi açıqlamalarda bir çox fənlərin tədris planından çıxarılması məsələsi də gündəmə gəlib. Hətta iş o yerə çatıb ki, “Məktəblilərin daşıya bilmədiyi dərs yükü”, “Uşaqları öyrədən yox, yoran dərs yükü”,“Dərs yükü - duz yükü”, “Çantaları özündən ağır uşaqlar”, “Beyni inkişaf etdirmək, yoxsa başı doldurmaq?” kimi yazı başlıqları manşetlərə çıxarılıb.

Əlbəttə ki, proqram çox yüklüdür. Şagirdlərin bilik səviyyəsinə uyğunsuzluq var. Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdilər. Bu məsələ uzun zamandır ki, deyilir, amma yüngüllləşdirilməsi, şagirdlərin bilik səviyyəsinə uyğunlaşdırılması istiqamətində praktik addım atılmır. Bu məsələyə ancaq açıqlamalar formasında şərh verilir. Heç də təsadüfi deyil ki, Elm və təhsil naziri Emin Əmrullayev Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə imzaladığı əmrdə 2023-2024-cü tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi bir mənalı şəkildə qeyd edilib.

Məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını nəinki valideynlər, psixoloqlar və təhsil mütəxəssisləri dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar: “Bəzi müəllimlərin uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri” fikri problemə kökündən yanlış mövqedən yanaşmadır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri 2-ci, 3-cü dərəcələri materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır. Biz hələ də “keyfiyyətli təhsil” adı ilə uşaqlarımızı ifrat dərəcədə yükləməklə, onları bir növ istismar etmiş oluruq”. 

Bu sahədə radikal addımların atılmasını zəruri edən şərtlərdən biri də, kurikulumun tələbləridir. 2009-cu tədris ilindən ümumtəhsil məktəblərimiz yeni təhsil strategiyasına - kurikuluma keçid ediblər: Kurikulumun konsepsiyası ondan ibarətdir ki, buna qədər fakt yönümlü tədris həyata keçirən təhsil müəssisələri, artıq şəxsiyyət yönümlü tədris üzərində iş qururlar. Bir halda ki, qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır, deməli, bu baxımdan təhsilə baxışımız, yanaşma tərzimiz də dəyişməlidir. Bir də ki, kurikuluma əsasən, ​ ibtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir. Birinci sinfə isə ümumiyyətlə ev tapşırığı verilməməlidir.

Şagirdlər dərsi dərsdə öyrənməli, qavramalı, tapşırıqları da sinifdə həll etməlidirlər. Aparılan tədqiqatlar da göstərir ki, ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir. Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən uzaqlaşdırır. Şagirdlərin dərs yükünün ağırlığı, onlara verilən ev tapşırıqlarının çoxluğu valideynləri də çox narahat edir. Valideynlər deyir ki, övladları dərsdən sonrakı vaxtlarının çox hissəsini ev tapşırıqlarının həllinə sərf edirlər. Nəticədə yorulur və ​ asudə vaxt keçirə bilməirlər. Dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər vəsaitlərin çoxluğu təhsilimizin əsas problemlərindən biridir. Bu gün bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək edə bilmirlər.

Bir çox ekspert və mütəxəssislərin də dəfələrlə vurğuladığı kimi, dərs yükünün ağırlığı fiziki, zehni qüsurlarla yanaşı, həm də nevroz, görmə zəifliyi, qamət pozğunluğu və digər fəsadlara yol açır. Onların həyat tərzi elə qurulmalıdır ki, bu inkişafa heç nə mane olmasın. Uşağın üzərinə düşən istər fiziki, istərsə də zehni yük düşünülmüş halda və zəruri həddə normallaşdırılmalıdır. Ev tapşırıqlarının çoxluğu şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmir.

Böyük Britaniyanın bəzi şəhərlərində şagirdlərin uşaqlarda dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqları tamamilə ləğvi olunub. İngiltərənin başqa məktəblərində, həmçinin Almaniyada da bu təcrübədən yararlanırlar. Finlandiya təhsil sistemi dünyada öndə gedən təhsil sistemlərindən biridir. Finlandiyalı şagirdlər ev tapşırığı yükündən azaddırlar. Ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Fin təhsilinin tədrisi çox bəsitdir. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Şagirdlərə ev tapşırığı verilmir ona görə ki, finlilərə görə öyrənmənin yeri məktəbdir. Fikrimcə, Azərbaycanda da sözügedən xarici ölkələrin təcrübəsindən istifadə olunmalıdır".

Share on Facebook