Müsavat Partiyası Mətbuat xidmətinin rəhbəri, basta.info saytının rəhbəri Mustafa Hacıbəylinin evi ilə bağlı mübahisədə Ali Məhkəmə də qərarını verib.
M.Hacıbəylinin bildirməsinə görə, fevralın 24-də "Yelo Bank"ın xeyrinə qərar çıxarılıb. O əlavə edib ki, məhkəmə barədə vəkilə və ona məlumat verilməyib: "Vəsatət hazırlamışdım, məhkəmə ərəfəsində təqdim edəcəkdim. Halbuki, məhkəmə yazılı olsa da, əlavə sənəd, yaxud vəsatət təqdim etmək üçün 20 gün vaxt verilməli idi. Hətta məhkəmə qərarı veriləndən sonra da vəkilə məlumat verməyiblər. Şikayət edən tərəf bizik, amma məhkəmə "şad" xəbəri banka çatdırıb. Biz cavabı qarşı tərəfdən alırıq".
M.Hacıbəyli vurğulayıb ki, həmin bankdan manatla ipoteka krediti götürülüb, manatla ödənilib, qəbzlər var, müqavilə manatla olub: "Ekspertiza... Auditorlar Palatası borcun manatla olduğu barədə rəy çıxarıb. Amma bankın təsiri nə qədər güclü oldusa, məhkəmələr sonda borcun dollarla olduğuna qərar verdi. İndi də Ali Məhkəmə gizlində çıxardığı qərarla bunu təsdiqlədi".
M.Hacıbəyli daha əvvəl də bildirmişdi ki, 2008-ci ildə dostuna kredit götürüblər və bunun əvəzində dostunun xahişi ilə o, evini girov qoyub: "2008-ci ildə götürülən 33 min 540 manat borcun müqabilində banka 60 min manata yaxın pul ödənilib... Banka daha 37 min dollar ödəmək üçün evimin açıq hərraca çıxarılması barədə qərar verib...".
"Yelo Bank"ın tələbi ilə bu işə Suraxanı rayon Məhkəməsində baxılıb. Məhkəmə bankın xeyrinə qərar verib. Ötən il isə M.Hacıbəylinin apellyasiya şikayəti təmin edilməmişdi.
Bu açıqlamalara Ali Məhkəmə və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
2008-ci ildə 1 ABŞ dolları 78 qəpiyə bərabər idi. Arada iki dəfə Azərbaycanda devalvasiya baş verib, manat iki dəfə dəyər itirib. Hazırda 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.
