Rostov vilayəti kütləvi dron hücumuna məruz qalıb

Rusiyanın Rostov vilayətinin Morozovsk şəhəri kütləvi dron hücumuna uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə təbliğatçı “Readovka” daxil olmaqla bir sıra Rusiya KİV məlumat yayıb. Bildirilib ki, hücum obyekti Morozovsk şəhərinin aerodromu olub. Rostov vilayətinin qubernatoru Vasili Qolubev sözügedən ərazidə “kütləvi PUA hücumu” olduğunu bildirib: “İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri Morozovsk rayonunda 40-dan çox hədəfi məhv edib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”. Ukraynalı bloqçular yazır ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcıları yerləşdirilib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi ABŞ-də səfir təyin olunub

Türkiyənin BMT yanında daimi nümayəndəsi Sedat Önal Türkiyənin ABŞ-dəki səfiri təyin olunub. Sozcu.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sənədə görə, daimi nümayəndə vəzifəsindən azad olunmuş Sedat Önalın yerinə xarici işlər nazirinin müavini Ahmet Yıldız təyin olunub. Qeyd edək ki, Sedat Önal daha öncə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2007-2009-cu illərdə Vyanada baş konsul vəzifəsində çalışıb, 2009-cu ildə Xarici İşlər Nazirliyində Yaxın Şərq üzrə baş direktor müavini olub, 2012-2016-cı illərdə İordaniyada səfir vəzifəsində işləyib, 2016-cı ildə Yaxın Şərq və Afrika məsələləri üzrə müşaviri müavini vəzifəsinə təyin edilib. Suriya ilə bağlı Astana prosesində Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. O, 2018-ci ildə xarici işlər nazirinin müavini, 2023-cü ilin fevralında isə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

Güclü külək zamanı xəsarət alanların sayı...

Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Son məlumata əsasən, 04.04.2024-cü il tarixində güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 ünvan üzrə 4 müraciət qeydə alınıb. Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2 nəfər kişi, 2 nəfər isə qadın olub. Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 2 nəfərə (1 qadın, 1 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?

Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək. Sozcu.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər. “Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək”, - deyə açıqlamada qeyd olunub. Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər“i təsdiqləyib.

“Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır”

“Toplum TV”nin həbsdə olan təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edən Xətai Rayon Məhkəməsinin bu qərarından vəkili apelyasiya şikayəti vermişdi. Şikayətə aprelin 3-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Sozcu.az“Meydan TV”yə istinadla xəbər verir ki, məhkəmədə vəkil Aqil Layıc şikayətində göstərilən arqumentləri sadalayıb. Deyib ki, müvəkkili heç bir cinayət törətməyib, onun həbsdə saxlanmasına əsas yoxdur. Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həbsdə saxlanması humanizm prinsiplərinə də ziddir. Çünki həbsdə saxlanması həyatına təhlükədir. Onun səhhətində ciddi problemlər var. Ələsgər Məmmədli xərçəng ehtimalı ilə əlaqədar müayinədən çıxarkən klinikanın önündə tutulub. Ələsgər Məmmədli özü də şikayətin təmin olunmasını istəyib. “Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır. Mən təcili müayinə və müalicə olunmalıyam”, – Ələsgər Məmmədli bildirib. O vurğulayıb ki, həbsdə olduğu müddətdə boğazındakı şiş də böyüyüb və boğulma yaradır. Hüquqşünas əlavə edib ki, heç bir cinayət törətməyib, müstəqil medianı susdurmaq üçün sifarişlə həbs olunub. Müstəntiq isə əksinə, Ələsgər Məmmədli haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsinə etiraz edib. Deyib ki, həbsdən buraxılsa, sonradan yayına bilər, şahidlərə və proses üçün əhəmiyyətli digər şəxslərə təsir göstərmək ehtimalı var. Müdafiə tərəfinin arqumentlərinə baxmayaraq, hakimlər şikayəti təmin etməyib – Bakı Apelyasiya Məhkəməsi də Ələsgər Məmmədlini ev dustaqlığına buraxmaqdan imtina edib. Vəkil Aqil Layıc bildirib ki, müvəkkilinin təcili müayinə və müalicəsi üçün Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə müraciətlər ünvanlayıb. Lakin müraciətlərinin heç bir nəticəsi yoxdur: “Təəssüf edirəm ki, insan həyatına belə yanaşırlar. Məhkəmələr humanizm prinsipinə əhəmiyyət vermirlər. Ələsgər Məmmədli təcili iynə biopsiyası olunmalıdır”. Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib. Həbs olunanlar arasında “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı “III Respublika”nln ofisindən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı susdurmaqdır.

Yaxın 3 gündə inanılmaz hadisələr baş verəcək! - DƏHŞƏTLİ PROQNOZ

Venera ilə Pluton arasında bucaq yaranacaq.  Sozcu.az xəbər verir ki, bu haqda məhşur astroloq Dinçer Güner açıqlama verib. O bildirib ki, həmin prosesin müddəti 3 gündür. Bu müddət ərzində 12 bürcün başına gözlənilməz hadisələr gələ bilər.  Proqnoza əsasən, bu bucaq emosional bağların güclənməsinə və dərinləşməsinə imkan verir. Münasibətlərdə tərəfdaşınızla daha dərin anlaşma əldə edə bilərsiniz. Diqqət tələb edən emosional bağlılıqlar ola bilər. Əgər subaysınızsa, kiminləsə tanış olsanız, onu ağlınızdan çıxara bilməyəcəksiniz. Gizli münasibətlərə başlamaq ehtimalı yüksəkdir. Ancaq astroloq xəbərdarlıq edir ki, bu münasibətlər evil, ya da münasibəti ciddi olan şəxslərlə olmasa daha yaxşıdır. Həmçinin, investisiya imkanları, borcların idarə edilməsi və maliyyə inkişafı da ön plana çıxa bilər. Bu dövrdə bəzi maliyyə imkanları yarana, gəlir mənbələri arta bilər.  Qeyd edək ki, fiziki cəhətdən dəyişmək, yeni obraz, yeni rənglər, yeni modellər sınamaq üçün əlverişli zamandır. 

Məktəbə getməli olan qızlar hotelə gedirlər: 13 yaşlı Günelin faciəsi

Bakının Binəqədi rayonunda 2001-ci il təvəllüdlü Lətif yetkinlik yaşına çatmayan qıza təcavüz edib. Belə ki, o, Binəqədi rayonunda yerləşən hotellərdən birində 14 yaşına çatmamış yeniyetməni döyəcəyi ilə hədələyib, ona zor tətbiq edib. O, hoteldə yeniyetmə ilə cinsi əlaqədə olub.  Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olub və son illər bu tip halların artması tənqid edilib.  Bəs görəsən, son dövrlər bu halların artmasının səbəbi nədir? Bunda valideynlər, yoxsa cəmiyyət günahkardır?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Könül Əhmədova bildirib ki, bu cür halların artmasında valideynlər və onların qurmadığı düzgün tərbiyə modulu əsas səbəbkardır:  “Bu məsələ çox aktual və geniş müzakirələrə səbəb olur. Biz hamımız yeniyetmə olmuşuq və burada məsələ məhz həmin dövr yox, həm də ondan əvvəlki dövrdür. Yeniyetmənin həyatında ata, ana, mühit, cəmiyyət və şəxs özü rol oynayır. Düzgün  tərbiyə vermək erkən yaşlardan başlayır və vacibdir. Valideynlər bu məsələyə xüsusi önəm verməlidir. Ailələrdə düzgün tərbiyə modulu olmalıdır, amma çox təəssüflər olsun ki, valideynlər buna fikir vermirlər.  Ümumiyyətlə, son zamanlar valideynlərin diqqətsizliyi və məsuliyyətsizli ucbatından baş verən bədbəxt hadisələr artır. Bu zaman valideyn ya uşaqda, ya da cəmiyyətdə günah görür, amma özünü günahlandırmır. Valideynlər öz uşaqlarına qarşı daim məsuliyyətli və qayğılı olsalar, bu hallar baş verməz.  Valideynlərə sual edilməlidir: Hörmətli valideyn, nə vaxtdan uşağınızın tərbiyəsi ilə məşğul olmağa başlamısınız, nə vaxtdan onu dinləyirsiniz? Bunların heç biri bizim cəmiyyətin 80 faizində formalaşmayıb. Yeniyetmə də düşdüyü mühitə görə, addım atmağa başlayır, sonra da bu cür hadisələr başlayır və yeniyetmələr öz yollarında olmurlar”.  Psixoloq qeyd  edib ki, ailədə həm ana, həm də ata yeniyetmənin tərbiyəsində eyni dərəcədə rol oynayır. Bu dövrdə valideynlər eyni qaydada tərbiyəyə üstünlük verməlidirlər:  “İnsanlar sual edə bilər ki, atanın, yoxsa ananın tərbiyəsi daha uğurludur? Bu sualın birmənalı cavabı var: Eyni istiqamət üzrə gedən tərbiyə özünü daha yaxşı göstərməyə başlayır. Bəzən valideynlərdən biri qaydanı tətbiq edir, digəri isə pozur. Bu uşaqda çaşqınlıq yaradır, tərbiyə zamanı qüsura səbəb olur. Ailədə valideynlərin hər biri eyni qaydada tərbiyəyə üstünlük verməlidir. İnanın ki, tərbiyə motivi düzgün aparılsa, gələcəkdə də yeniyetmə bu cür hallarla qarşılaşmayacaq. Valideynlər tərəfindən nəzarətsiz qalan yeniyetmələr özlərini yaşlarından böyük aparmağa başlayır, mənəm-mən deyir yaxud iradəsi zəif olur. Bu hər uşaqda eyni olmur.  Yeniyetmə uşaqları olan ailələr varsa, valideynlər məqsədyönlü olmalıdır, onların dünyagörüşünü artırmalı, mənəvi hiss və düşüncələrini inkişaf etdirməli, düzgün davranış qaydalarına fikir verməlidirlər və uşaqları düzgün istiqamətləndirməlidirlər”. 

İrəvandan sərhədimizdəki 10 minlik qoşunla bağlı qərar

Ermənistan hökuməti Azərbaycanla şərti sərhəddə fəaliyyət göstərən “Yer Mühafizəsi Könüllüləri İttifaqı”na (Yerkrapa) 234,6 milyon dram qrant ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi qərar qəbul edib. Bu, təşkilatın Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etməsi, ordunun qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsinə kömək göstərməsi, Ermənistan Respublikasının Silahlı Qüvvələri üçün gələcək əsgərlərin yetişdirilməsi və hazırlanmasına dəstək verməsi ilə əsaslandırılıb. Məlumata görə, “Yerkrapa” 44 günlük müharibədə Ermənistan ordu bölmələri ilə birikdə döyüşlərdə iştirak edib, nəticədə 74 üzvü ölüb, 114-ü yaralanıb. Xatırladaq ki, “Yerkrapa” könüllü təşkilatının 10 mindən çox üzvünün olduğu bildirilir. Təşkilat Birinci Qarabağ müharibəsində aktiv iştirak edən hərbçilər tərəfindən yaradılıb. Azərbaycanla şərti sərhəddin Zəngəzur istiqamətində mövqelərə sahibdirlər. Sərhədboyu ərazilərdə müxtəlif şəkildə yerləşiblər. Fevralın 11-12-də təşkilatın bir neçə üzvü şərti sərhəddə təxribata əl atmış, nəticədə Azərbaycan Dövlət Sərhəd Xidməti xüsusi əməliyyat həyata keçirərək təxribatçıları zərərsizləşdirmiş, Nerkin-And kəndi istiqamətindəki mövqelərini darmadağın etmişdi.

Bakının mərkəzində maşın yandı, yolda sıxlıq yarandı

Mikayıl Useynov prospekti, “Dəniz Mall”ın qarşısında avtomobillərdən birində yanğın baş verib. Bu barədə Nəqliyyatın İntellektual İnkişafı Mərkəzi (NİİM) məlumat yayıb. Bu səbəbdən Lökbatan dairəsi istiqamətində yolda sıxlıq yaranıb.

Azərbaycanda tələbə vəfat edib - SƏBƏB

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Kütləvi tətbiqi idman fakültəsinin məşqçilik ixtisasının III kurs tələbəsi Cavid Süleymanlı dünyasını dəyişib. Bu barədə Modern.az-a İdman Akademiyasından məlumat verilib. Akademiyanın məlumatına görə, tələbə qızlcaya yoluxma səbəbindən vəfat edib. Aııah rəhmət eləsin.

Adı “30 min”lik rüşvətdə hallanırdı, direktor təyin edildi

Ötən ilin dekabr ayında Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin hazırda həbsdə olan keçmiş müdiri Rüfət Haciyevə 30 min manat rüşvət verməkdə adı hallanan Sevil Allahverdiyeva Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib. “7Times.az”-ın əldə etdiyi məlumata görə, əvvəllər, indi direktor təyin edildiyi Alekseyevka kənd tam orta məktəbində ibtidai sinif müəllimi olan Sevil Allahverdiyevanın Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri, hazırda həbsdə olan Rüfət Haciyevə bu təyinat üçün 30 min manat vəsait verdiyi iddia edilirdi.Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiq deyə bilməsək də o zaman onun sözügedən məktəbə direktor təyin edilməsi baş tutmamışdı. Məktəbin pedaqoji kollektivi Sevil Allahverdiyevanın təhsil ocağına rəhbər təyin edilməsinə etiraz edərək bu təyinatın həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəyini bildirmiş, məsələ barəsində aidiyyatı strukturlara öz etirazlarını çatdırmışdılar. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və onlara bu təyinatın baş tutmayacağı haqda söz vermişdilər. Ötən ay bu qalmaqallarda adı hallanan Sevil Allahverdiyeva müvafiq əmrlə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib. “7Times.az”ın əldə etdiyi məlumata görə, onun bu təyinatı Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbər şəxslərindən birinin sayəsində baş tutub.

Bu rayonlara güclü yağış yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Aprelin 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında Havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Ramazanın 25-ci günü: Dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 25-ci günüdür. Sozcu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:51-də, iftar vaxtı isə 19:23-dədir. 25-ci günün imsak duası: “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin!” Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” Allah orucunuzu qəbul eləsin!

"Azərbaycan tarixi torpaqları barədə kimsəyə güzəştə getməyəcək"- güneyli aktivist

Tanınmış güneyli aktivist və yazıçı Əkbər Azad Azərbaycan xalqının özünə tanıdığı haqq-hüququ başqa xalqlara da tanıdığını lakin Azərbaycanın tarixi torpaqlarına göz tikənlər barədə əsla güzəştə getməyəcəyini deyib. O, Abbas Lisnainin mənzilində xeyli digər geneylilərin iştirakı ilə görüşdə Güney Azərbaycanın hüquqları üzrə təşkilatlanmanın əhəmmiyyəti barədə danışıb. “Təşkilat formasına fəaliyyət göstərmək və təşkilatlanmaq xalqımızın haqq və hüquqlarını almaq istiqamətdə vacib bir məsələdir. Lakin beynəlxalq qurumlarda xalqımızın təmsil oluna bilməsi üçün təşkilat qurmaq prosesi şəffaf və demokratik şərtlər əsasında olunmalıdır” Aktivist Azərbaycan xalqının tarixin müəyyən çağlarında kürdlərə mənsub terrorist qruplar tərəfindən soyqırıma məruz qaldığını deyib.  “Mühacir kürdlər bir neçə on il ərzində qonşu ölkələrdən Azərbaycana sığınıblar.  Lakin Azərbaycan xalqının onlara sayğı ilə yanaşmarlarından öz məqsədlərinə istifadə etməməli, Azərbaycanın ərazi bötüvlüyünü tanımalı və sayğı ilə yanaşmalıdırlar.  Əks halda İraqda çaxnaşmalar nəticəsində Azərbaycana sığındıqları kimi, gəldikləri yerlərinə qayıtmalıdırlar.” Xatırladaq ki, İran-İraq müharibəsi zamanı Səddam Hüseyn rejiminin tərəfindən kürd xalqına təzyiq nəticəsində onlardan təxminən 70 min nəfəri Güneyin müxtəlif şəhərlərində, o cümlədən Urmuda yerləşdirilib.  Kürdlərin məhz Güneydə yerləşdirilməsindən məqsəd isə İran hakimiyyətinin siyasətləri olaraq Güney Azərbaycanda etnik tərkibin türklərin ziyanına dəyişdirmək olub.  Mühacirlər hal hazırda Qərbi Azərbaycan, xüsusilə Urmuya torpaq iddiaları ilə çıxış edirlər. 

Region Liqasında pley-offun püşkatma mərasiminin vaxtı bilindi

AFFA Region Liqasının pley-off mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Sozcu.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir aprelin 4-də AFFA-nın inzibati binasında keçiriləcək. Püşkatma mərasimi saat 14:00-da başlayacaq.

Gələn həftə bu seriallar yayımlanmayacaq

Ramazan bayramı münasibəti ilə gələn həftə yayımlanmayacaq seriallar bəlli olub. Sozcu.az xəbər verir ki, "Yabani", "Bahar", "İnci taneleri", "Arka sokaklar" serialları 1 həftə tətil elan ediblər. Daha hansı ekran işlərinin yayımlanmayacağı isə hələlik bəlli deyil.

1 yaşlı körpənin köməyə ehtiyacı var – FOTO

Ötən aylarda 1 yaşını tamamlayan, ağır xəstəlikdən əziyyət çəkən Rəsulun dəstəyinizə ehtiyacı var. Sozcu.az xəbər verir ki, Rəsulun atası Rəhman Abbasov oğlunun müalicəsi məqsədilə lazımi vəsaitin toplanması üçün yardım istəyir. Əməliyyatın məbləği ailə üçün olduqca yüksəkdir. 14 aylıq Rəsul Abbasov “Kəskin Mieloblast Leykoz M7”dən əziyyət çəkir. Rəsulun Türkiyədə müalicəsi üçün böyük məbləğdə pula ehtiyacı var. Valideynləri həmin məbləği qarşılaya bilmir. Maddi dəstəyə ehtiyacları var. Qeyd: Dəstək olmaq istəyənlər aşağıdakı bank hesabına ödəniş edə bilərlər. AİLƏ İLƏ ƏLAQƏ: 077 711 63 00 BANK HESABI: 5239 1517 9119 7232 (KAPİTAL)

Bu, ABŞ-la əməkdaşlıq üçün yaxşı imkanlar açır - Əliyev

COP29 Azərbaycan-ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib. Prezident Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını bildirib. Qeyd edək ki, aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

5 aprel görüşü Bakıya qarşı deyil - Blinken

ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib. Sozcu.az xəbər verir ki, Entoni Blinken aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Heç kimin xəbəri yoxdur: bu şəxslərə 4712 manat düşür

Azərbaycanda yeni tətbiq edilən, amma nisbətən daha az müraciətin qeydə alındığı birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriyalı şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərdədir: “Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar. Müavinətin məbləği ölkə üzrə orta aylıq əmək haqqının beş misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 942.4 manat olduğu üçün həmin şəxs müraciət edən zaman 4712 manat müavinət ödəniləcək. Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər. Bu zaman aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, əmək kitabçasının surəti, valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı. Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər. Bir sıra müavinətlər ilə bağlı məlumatlığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

İranın yalanı ifşa oldu: Hanı ölən diplomatlar?

1 apreldə İsrailin dəqiq zərbələrlə Dəməşqdəki İran konsulluq binasını vurması barədə Tehranın yaydığı məlumat elə həmin gün İsrail Teleqram kanalları vasitəsilə təkzib olundu. Sozcu.az xəbər verir ki, qısa müddət sonra İsrail rəsmiləri də İranın səfirlik və ya konsulluq binasına hücum edilmədiyi, SEPAH-ın qərargah kimi istifadə etdiyi binanın hədəf alındığını açıqladı. Əslində, İsrail haranı vurub? 1 apreldə, zərbədən dərhal sonra İranın Suriyadakı səfiri Hüseyn Əkbəri açıqlama verərək, İsrailin F-35-lərdən atdığı 5 raketlə İran səfirliyinin yanında yerləşən konsulluq binasını darmadağın etdiyi, nəticədə iranlı diplomatların öldüyünü açıqladı. İran səfiri SEPAH zabitlərinin ölümü ilə bağlı bircə kəlmə də demədi, yalnız iranlı diplomatların ölümündən bəhs etdi. Saylarına gəldikdə isə bildirdi ki, 5-7 adamın öldüyünü təxmin edirlər, dəqiq rəqəm dağıntılar tam təmizləndikdən sonra üzə çıxacaq. Ancaq aradan iki gün keçməsinə baxmayaraq, İran ölən diplomatlarından birinin də adını açıqlamayıb. Məgər iki gündür dağıntıları təmizləmək mümkün olmayıb, yoxsa diplomatları sayıb, kimin “yoxa çıxdığını” tapa bilmirlər? Əvəzində isə dini liderləri Xamenei də daxil olmaqla, SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabitinin – müşavirlərin ölümü təsdiqlənib və onların adı da açıqlanıb. Maraqlıdır: SEPAH hücumdan dərhal sonra ölən generallarının və zabitlərinin adını, rütbəsini elan edə bilir, İran səfirliyi ölən diplomatlarının sayını və kimliklərini iki gündür tapa bilmir? Heç “itkin düşənlər” haqda da məlumat yoxdur. Ümumiyyətlə, səfir xaricində İran rəsmiləri diplomatların ölümü haqda niyə danışmırlar? Ona görə də sual yaranır: Konsulluq binası vurulursa, niyə ölənlər SEPAH generalları və zabitləridir? Necə ola bilər ki, konsulluq binası yerlə-yeksan edilir, ancaq bir diplomatın da burnu qanamır? Anlaşılan odur ki, İran və Kanada səfirliyinin ortasında yerləşən və “İran konsulluğu” adı altında fəaliyyət göstərən bina həqiqətən SEPAH-ın istifadə etdiyi qərargah olub. İsrail bu maskalanmış-gizlədilmiş qərargahı aşkarladıqdan sonra isə idealcasına dəqiq zərbə endirib. Elə bir zərbə ki, bunun nəticəsində nə İran səfirliyinin əməkdaşları ziyan görüb, nə də Kanada. Hətta zərbə istiqaməti də o qədər dəqiq seçilib ki, dağıdılan binanın “dalğası” yalnız İran səfirliyinin binasına ziyan verib, Kanada səfirliyinə isə “toz da qonmayıb”. Beləliklə, İranın “Konsulluq binası vurulub” təbliğatı özünü doğrultmur. O ki qaldı İranın öz diplomatlarının ölümünü qəsdən gizlətməsi haqda versiyaya, bu, inandırıcı deyil. Əlbəttə, diplomatların ölümü artıq İranın dərhal cavab zərbəsi endirməsini vacib edir. SEPAH zabitlərinin ölümü isə “hərbi qarşıdurmadır”, İrana hücum sayılmır və bunun qisası “üçüncü ölkələrdə” nə vaxtsa verilə bilər. Digər tərəfdən, diplomatların ölümünü açıqlanmaqla Tehran İsrailin konsulluğa hücum etmədiyi arqumentini gücləndirir - birbaşa konflikdən qaçmaq məqsədi ilə. Ancaq bu ehtimal, dediyimiz kimi, çox cüzidir: çünki hansısa diplomatı ölsəydi, İran bundan beynəlxalq miqyasda İsrailin cinayətkar hücumunu ifşa etmək üçün istifadə edə bilərdi. Əvəzində isə İranın “konsulluğa hücum edilib” tezisini davam etdirməyə çalışdığı, əvəzində isə SEPAH zabitlərindən başqa ortaya “meyit qoya bilməməsinə” şahid oluruq. Demək, binanın SEPAH qərargahı olması dəqiqdir!axar)

Haaqada 44 dövlət Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını dəstəklədi...

Haaqada keçirilən “Ukrayna üçün ədalətin bərpası” konfransının siyasi bəyannaməsi 44 dövlət tərəfindən imzalanıb. Sənəddə təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılmasını və Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi təşəbbüslərini dəstəklədiyini bildirir. Sozcu.az xəbər verir ki,  “Yevropeyskaya pravda” bu haqda Hollandiya hökumət portalına istinadla məlumat yayıb. Yekun sənədi hələlik Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, Ukrayna, Böyük Britaniya və ABŞ imzalayıb. Konfransda ümumilikdə 57 ölkə iştirak edib. Bəyannamədə ölkələr Rusiyanın Ukraynaya qarşı təcavüzünü beynəlxalq hüququn və asayişin kobud şəkildə pozulması kimi pisləyir və BMT məhkəməsinin 2022-ci il martın 16-da Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur edən qərarını xatırladırlar. Ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı törətdiyi bütün beynəlxalq hüquq pozuntularına, o cümlədən təcavüz cinayətinə görə lazımi təhqiqat və məsuliyyətin təmin edilməsi üçün birgə səyləri artırmağa çağırır. Ölkələr konfransda müxtəlif dövlətlərin təhqiqatları daha da dəstəkləmək üçün verdiyi vədləri alqışlayır və Vladimir Putin üçün misli görünməmiş həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, artıq işdə iştirak edən bütün qurumların rolunu qeyd edirlər. Bəyannamədə ötən il Ukrayna və Birgə İstintaq Qrupunun (JIT) üzvü olan beş dövlətin iştirakı, ABŞ və milli araşdırmalara dəstək verən Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğunun da cəlb edilməsi ilə koordinasiya platforması kimi "Yevrojust"-da Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəzin (ICPA) yaradılması alqışlanır.  Ölkələr Rusiya Federasiyasının ali hərbi-siyasi rəhbərliyinin cəzalandırılmasına töhfə verəcək Ukraynaya qarşı təcavüz cinayətinə görə Rusiyanı məsuliyyətə cəlb etmək üçün xüsusi tribunalın yaradılması üzərində işləmək niyyətlərini təsdiqləyir və bu istiqamətdə əhəmiyyətli irəliləyişi alqışlayır, dövlətləri və beynəlxalq təşkilatları bu prosesi başa çatdırmaq üçün hüquqi bazanın və beynəlxalq dəstəyin hazırlanmasına kömək etməyə çağırır. Sənəddə həmçinin Hollandiyanın bu xüsusi tribunalı qəbul etməyə hazır olması alqışlanır.

"İran Azərbaycanla müharibəyə başlayacaq" - SENSASİON AÇIQLAMA

“İranın fikrinə laqeyd yanaşmaq olmaz. O, Azərbaycanla müharibəyə başlayacaq. Həm də təkcə Azərbaycanla deyil, Türkiyə ilə də”. Sozcu.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Maksim Şevçenko “Vestnik Kavkaza”nın xüsusi layihəsində – Zəngəzur dəhlizi ilə bağlı “Qaynama nöqtəsi”ndə bildirib. Tarixçi-jurnalist Elmar Hüseynovla söhbətində o daha sonra vurğulayıb: “Fransa İrana kömək edəcək. NATO-nun bir hissəsi parçalanacaq. Zəngəzur dəhlizi olarsa, o zaman İran dünya siyasətinin strateji ölçüsündən atılacaq”.konkret)

Əhməd Əhmədovdan məhkəmədə SENSASİON etiraf – AİLƏMİ BUNA GÖRƏ ÖLDÜRDÜM!

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil. Sozcu.az xəbər verir ki, bu barədə TV Müsavata istintaqdakı mənbələr bildirib. 3 həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı yekun rəyə gələ bilmərib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. TV Müsavatın əldə etdiyi məlumata görə, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib. Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə valideynlərinə məxsus evdə, onlarla birgə yaşayıb, sonra isə atası ailəyə aid olan evlərdən birini bacısına verib. Ə.Əhmədovla valideynləri arasında ilk mübahisə o zaman başlanıb. Ə.Əhmədov bildirib ki, ailənin böyük oğlu olaraq buna qarşıdır və qız övladın, yəni, bacısının bu evlər üzərində heç bir haqqı yoxdur. Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda yaşadıqları evin də gələcəkdə Ə.Əhmədova veriləcəyini desələr də bu, onu sakitləşdirməyib. Ə.Əhmədov məsələni dəfələrlə bacısı ilə danışıb çözməyə çalışıb. Amma bacısı yaşca ondan böyük olduğunu və ərindən ayrıldığı üçün evsiz-eşiksiz qaldığını əsas gətirərək, ona bu məsələyə qarışmamasını söyləyib. Beləcə, bacı-qardaş arasında bir neçə dəfə ciddi münaqişə yaranıb. Valideynləri isə qızlarına əsla Əhmədlə bir araya gəlməməsini, onunla bu söhbətləri telefon xaricində etməməsini tapşırıblar. Amma qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına söyləyib və “mən bu işi burda qoymayacam” deyib. Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin məqsədli bir plan olduğunu üzə çıxarıb. Məhkəmədə Ə.Əhmədovun planlı şəkildə, intiqam məqsədilə ailə üzvlərini qətlə yetirdiyini etiraf etməsi istintaqın gedişinə də təsir göstərəcək kimi görünür. Belə ki, Ə.Əhmədov ifadəsində əsla “özümdə deyildim”, “necə oldu bilmirəm” kimi fikirlər səsləndirməyib. Ailə üzvlərini mərhələli şəkildə, bir-bir, ardıcıllıqla öldürməyi necə planlaşdırmışdısa, o cür də qətlə yetirdiyini etiraf edən Ə.Əhmədovla bağlı ekspertizanın rəyi də birmənalı deyil. Ekspertlərin ilkin qənaətinə görə, burada psixoloji pozğunluq, affekt halında cinayət törətmək kimi bir hal yoxdur. Təqsirləndirilən şəxsin şüurlu etirafı isə onunla bağlı sualları arxa plana qoyub. Belə ki, burada söhbət xüsusi amansızlıqla, məqsədli şəkildə serial qətldən gedir.