Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

Dövlət İmtahan Mərkəzi Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. Sozcu.az xəbər verir ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə avqustun 28-dək in­ter­­net vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz. Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunub. Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir. Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Subbakalavrların qəbul imtahanlarında işti­rak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır: - Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar; - “ADA” Universitetinin ixtisasları; - Bakı Ali Neft Məktəbinin ixtisasları. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir. Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Bakıda yerləşən 6 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Separatçılar bu gün ordumuza hücum edə bilər!

Bu gün BMT Təhlükəsizlik Şurasında Ermənistanın xahişi ilə “Qarabağdakı vəziyyət” müzakirə olunacaq. Sozcu.az xəbər verir ki, Ermənistan iclasda “humanitar fəlakət” iddialarını gündəmə gətirməyə və Laçın sərhəd-keçid məntəqəsinin yüklər üçün açılması üçün Azərbaycana qarşı qərarın qəbul edilməsinə çalışacaq. Siyasi və hüquqi şərtlər Ermənistanın uğursuz olacağını öncədən proqnozlaşdırmağa imkan verir. Lakin Ermənistanın və Qarabağdakı separatçıların öz iddialarını daha da təsirli etmək, eləcə də “arqument”lər göstərmək üçün bu gün müəyyən addımlar ata biləcəyi gözləniləndir. Bu addımları bir neçə istiqamətdə dəyərləndirmək olar. Birincisi, “humanitar fəlakət” iddiasını ispat etməkdir: artıq dünəndən etibarən Qarabağda “aclıqdan ölüm halları”nın olduğuna dair dezinformasiyalar tirajlanmağa başlayıb, hətta bunun üçün xüsusi hazırlanmış fotolardan da istifadə olunur; bununla bağlı yeni feyk-nyusların yayılacağı istisna deyil; İkincisi, Xankəndidə nümayişlərin keçirilməsi ola bilər: dünən axşamdan separatçıların tapşırığı ilə bir qrup erməni Rusiya sülhməramlılarının qərargahı önünə göndərilib; məqsəd beynəlxalq ictimaiyyətə “əhali etiraz edir” görüntüsünü nümayiş etdirməkdir, həmçinin, Təhlükəsizlik Şurasının üzvü olan Rusiyaya bu yolla təzyiq göstərməyi də düşünə bilərlər; Üçüncüsü və ən əsası, separatçıların təxribat hücumu ilə silahlı qarşıdurma yaratması ehtimalıdır: artıq günlərdir qanunsuz hərbi birləşmələrin döyüş mövqeləri hazırladığına dair məlumatlar, görüntülər yayılır, istisna deyil ki, məhz bu gün təxribat törədə, mümkün qarşıdurmada mülki əhalinin zərər görməsinə nail olaraq, BMT TŞ-də “ermənilərə qarşı soyqırımı” iddialarını qaldıra bilərlər, xüsusilə atəş nöqtələrinin mülki evlərin yanında qurulması buna hesablanmış addımdır; BMT TŞ-də ermənilər üçün ürəkaçan nəticənin olacağı gözləntisi azdır, lakin Xankəndidə nələrin baş verəcəyinə də diqqət etməli, informasiya və hərbi müstəvidə edilə biləcək təxribatlara qarşı hazırlıqlı olmalıyıq.

Qəbələdə dağlıq ərazidəki yanğın söndürüldü

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edək ki, yanğınsöndürmə əməliyyatlarında FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər iştirak edib.

Ermənistanın növbəti təxribatının qarşısı alındı

Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.. Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

Daha bir güneyli xanım yazıçı ETTELAAT-a aparıldı

Tanınmış yazıçı-şair Nigar Xiyavi ETTELAAT-ın Təbriz bölməsinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Bildirilib ki, avqustun 15-də ETTELAAT məmurları Nigar Xiyaviyə zəng edərək Təbriz təhlükəsizlik idarəsinə getməsini istəyiblər. Telefon zəngindən qısa müddət sonra məmurlar onun evinə basqın edərək axtarış aparıb, Xiyaviyə məxsus şəxsi əşyaları müsadirə ediblər. Dindirilmək üçün idarəyə aparılan Nigar Xiyavi barəsində dəqiq məlumat almaq mümkün olmayıb.

DSX-nin qarajında yanğın oldu

Şəki şəhərində ümumi sahəsi 250 m² olan 4 boksdan ibarət qarajın içərisində dayanan UAZ markalı minik avtomobilinin yanar hissələri yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ABŞ-dan İrana tələb: Rusiyaya PUA vermə!

ABŞ İrandan PUA-ların Rusiyaya tədarükünü dayandırmasını tələb edir. Sozcu.az xəbər verir ki, bu barədə “Faynenşl Tayms” mənbələrə istinadla məlumat yayıb. “İran rəsmisinin və danışıqlar barədə məlumatlı olan bir şəxsin sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA və onların ehtiyat hissələrinin çatdırılmasını dayandırmasını istəyir”, - nəşr bildirib. Məlumata görə, məsələnin müzakirəsi ABŞ və İran arasında əsirlərin mübadiləsinə dair saziş üzrə danışıqlar zamanı baş tutub: “İddialara görə, Tehran dəfələrlə Moskvadan PUA-lardan münaqişədə istifadəni dayandırmağı xahiş edib, lakin Vaşinqton daha ​​konkret addımlar istəyir”.

Aqrar Sığorta Fondu fermerlərə ödənişlərini açıqladı

Aqrar Sığorta Fondu (ASF) aqrar sığorta hadisələri üzrə 2023-cü ilin yanvar-iyun ayları üzrə həyata keçirilən ödənişləri açıqlayıb. Fonddan Sozcu.az-a verilən məlumata görə, 2023-cü ilin ilk 6 ayı ərzində fermer və təsərrüfatlara ümumilikdə 1 milyon 175 min manat ödəniş həyata keçirilib. Sığorta ödənişlərinin 742,3 min manatı bitkiçilik, 432,4 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə həyata keçirilib. Hesabat dövründə bitkiçilik sahəsi üzrə 250-yə yaxın sahibkar və təsərrüfat sığorta ödənişi alıb. Bitkiçilik üzrə ən çox sığorta ödənişləri pambıqçılıq sahəsi üzrə olub. Bu sahə üzrə 100 fermer və təsərrüfata 372 042 manat ödəniş edilib. Arpa əkinləri üzrə 85 fermerə 190 684 manat, buğda sahəsi üzrə isə 35 fermerə 158 241 manat ödəniş həyata keçirilib. Heyvandarlıq sahəsi üzrə isə 24 fermer və təsərrüfat sığorta hadisəsi ilə bağlı ödəniş alıb. Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Buraya təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.

539-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 539-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 255 570 hərbçi, 4324 ədəd tank, 8380 ədəd zirehli döyüş maşını, 5152 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 485 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 314 ədəd helikopter, 7614 ədəd avtomobil texnikası, 4248 ədəd PUA, 1404 qanadlı raket, 18 gəmi/qayıq, 773 xüsusi avadanlıq itirib.

Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 84,56 dollara, yüngül neftin bir barreli isə 80,68 dollara satılır.

Ukrayna ordusu bu yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Urojaynoe yaşayış məntəqəsini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar rəsmi açıqlamasında məlumat verib. “Urojaynoe azad olundu. Ordumuz ərazidə möhkəmlənir. Hücum əməliyyatları davam edir”, - Malyar bildirib. Qeyd edək ki, bir neçə gün öncə də Ukrayna ordusunun Urojaynoe yaşayış məntəqəsini azad etməsi barədə də məlumatlar yayılmışdı.

Dənizdə batan 4 nəfərin meyiti tapıldı

Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb. Bu barədə Sozcu.az-a FHN-dən bildirilib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Telefonlara gələn zəlzələ xəbərdarlığı... - Rəsmi açıqlama

Telefonlara gələn zəlzələ xəbərdarlığı ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib. Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib. Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ baş verib.

"Rusiya dağılacaq" - Politoloq

Azərbaycan üçün dörd həyati əhəmiyyəti bölgədən biri olan Şimali Qafqazda son zamanlar ciddi hadisələr baş verir. Elektrik enerjisinin fasilələrlə verilməsinə, suyun olmamasına və ən nəhayət bahalığa etirazlar ağır qəzalarla müşaiyyət olunur. Böyük təlafata səbəb olan qəzalar təsadüfi deyil, məntiqi hadisələrdir. Dövlətin çöküşü ərəfəsində bir qayda olaraq infrastruktur dağılmağa başlayır. Proseslərin pisləşən xəttlə davam edəcəyini nəzərə almaq lazımdır. Əks halda bir neçə aydan sonra sürprizlə qarşılaşa bilərik. Rusiyanın mövcudluğunu qoruyacağına inanmaq böyük səhv olar. Heç bir möcüzə olmayacaq və çökməkdə olan imperiya hökmən dağılacaq.  Çünki ətalət qanunu ilə hərəkət edən cəmiyyətlər müəyyən zamandan sonra hadisələrin xüsusiyyətlərinin pisləşməsi nəticəsində deqredasiya mərhələsinə daxil olur. Uzun zaman böyük imperiyadan miras qalan ətalətlə hərəkət edən Rusiya bir müddətdir ki, deqredasiya mərhələsinə daxil olub. Ətalət mərhələsi on illər çəksə də, deqredasiya mərhələsi bir qayda olaraq qısa, bir neçə il çəkir. Hətta kənar müdaxilələrin təsirləri ilə bir neçə aya da yekunlaşa bilər. Təbiətdə olduğu kimi cəmiyyətdə proses eyni ardıcılıqla və məntiqlə davam edir. Qurumuş ağacın çürüməsi uzun müddətli, çürümüş ağacın aşması qısa zaman işidir. Güclü külək və ya yağış çürümüş ağacı vaxtından öncə aşıracaq. Cəmiyyətlərin də cürüməsi uzun müddət çəkdiyi halda, çürümüş cəmiyyətin dağılması qısa zaman işidir. Rusiyanın Ukraynada üzləşdiyi hərbi məğlubiyyət çürümüş ağacı aşırmaq üzrədir. Xəqani Cəfərli, siyasi şərhçi 

Şuşada əsir saxlanılan azərbaycanlı: “Ermənilər əsirləri öldürüb, meyitlərini donuzlara yedirirdilər”

“Elə əsir yoldaşlarım vardı ki, onları iş görmək adı ilə aparıb, geri gətirmirdilər”. Sozcu.az xəbər verir ki, bu sözləri Şuşa həbsxanasında əsirlikdə olan Həbib Kazımov deyib. Onun sözlərinə görə, əsir yoldaşları vəhşicəsinə öldürülərək həbsxana ərazisində basdırılıblar: “Mən 1992-ci ildə Qubadlı rayonunda başımdan yaralanaraq əsir düşmüşəm. Bir il doqquz ay bu Şuşa həbsxanasında əsirlikdə qalmışam. Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələr görmüşəm. Biz indi şahidi oluruq ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək burada basdırılıblar. Bu həbsxanada ermənilər azərbaycanlılara çox əzab-əziyyət veriblər. O vaxt həbsxananın həyətində olan hovuz su ilə dolu idi. Qış vaxtı bizi işlədəndən sonra gətirib hovuzun içinə atırdılar. Burada əsirləri öldürüb meyitlərin donuzlara yedizdirirdilər. Hətta bir əsirimizi burada asmışdılar. Gördük ki, donuzlar aşağıdan yuxarıya doğru ağızları çatana qədər onun meyitini yeyirlər...”

İmamoğlu yenidən bələdiyyə sədri ola biləcəyinə işarə etdi: “İstanbul ittifaqı qurmağa gəlirəm”

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu gələn il baş tutacaq bələdiyyə seçkilərində yenidən bu posta namizəd ola biləcəyinə işarə edib. İmamoğlu bu barədə Haliç Konqres Mərkəzində kameralar qarşısında çıxışı zamanı deyib. “Mən Böyükşəhər Bələdiyyəsinin sədri olduğum zaman bütün xalqımıza söz vermişdim ki, bu müqəddəs şəhərin ən uğurlu bələdiyyə sədri olacağam. Bu vədimə əməl etməyə davam edəcəyəm”, - deyə o qeyd edib. “Yoxsulluğu aradan qaldıran firavan bir şəhər yaratmaq, dünyanın bütün texnoloji yeniliklərinə və inkişafına ev sahibliyi etmək üçün yola çıxıram. İstanbullular və şəhərinə, səsvermə hüququna sahib çıxan İstanbul Könüllüləri ilə yenidən İstanbul ittifaqını qurmağa gəlirəm”, - deyə Əkrəm İmamoğlu vurğulayıb.

"Volt Azərbaycan": AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam yol seçib

"Volt Azərbaycan" MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına cavab verib. Sozcu.az xəbər verir ki, bu barədə "Volt Azərbaycan" MMC məlumat yayıb. “Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, Wolt şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, - qeyd olunub.

"Ukrayna bu problemi özü həll edəcək və Putinlə heç bir danışıqlar ola bilməz"

Beynəlxalq tərəfdaşlar Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etmir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Bu xəbərlər heç nə ilə təsdiqlənmir. Onlar yalnız internetdə mövcuddur. Bilmirəm, bəlkə də bu, Rusiyanın troll ordusunun işidir, amma tərəfdaşlar danışıqlar üçün heç bir tələb qoymayıblar. Ukrayna bu problemi özü həll edəcək və Putinlə heç bir danışıqlar ola bilməz. Rusiya Karfagen kimi məhv edilməlidir. Düşməni özündən arxada qoymaq olmaz”, - Danilov bildirib.

NBC: Tramp avqustun 25-dək polisə təslim olmalıdır - Məhkəmə canlı yayımlanacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə cəhdində ittiham olunur.  Sozcu.az xəbər verir ki, NBC-nin yerli prokuror Faney Uillisin yaydığı sənədə istinadən verdiyi məlumata görə, Corciya ştatında ittiham aktı açıqlanıb. Tramp və digər müttəhimlər avqustun 25-dən gec olmayaraq polisə təslim olmalı və həbs-qəti imkan tədbirini təyin edəcək hakim qarşısına çıxmalıdırlar. Görüş canlı yayımlanacaq. Dövlət Böyük Münsiflər Heyətinin ittihamın lehinə səs verdiyi bildirilir. İttiham aktında saxtakarlıq və saxta sənədlərin təqdim edilməsi də daxil olmaqla 13 maddə var. Trampdan başqa, onun keçmiş vəkili Rudi Culiani də daxil olmaqla 18 nəfər müttəhimdir. Bundan əvvəl Tramp məxfi sənədlərin düzgün saxlanmaması, keçmiş pornoqrafik aktrisa Stormi Danielsin ödənişində dələduzluqda ittiham olunub. O, həmçinin Kapitoliya hücumu ilə bağlı məhkəməyə çağırılıb.

Arif Əliyev: “Rusiyaya təzyiqlər artır, sentyabr həlledici ay olacaq”

"Rusiyaya təzyiqlərin yalnız Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqazdan da gücləndiyinin şahidi oluruq”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin imzaladığı və Rusiyadan Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindən çıxmasını tələb edən sənədi şərh edərkən deyib. "Rusiyaya qarşı yeni cəbhə çoxdan açılıb. Bu sadəcə yeni uzantılarından, yeni "döyüş səhnələri”ndən biridir. Bütün bu tələb və təzyiqlər  Rusiyanı bütün cəbhələrdə zəiflətməyə yönəlib. BMT Təhlükəsizlik Şurasının 6 ölkəsinin Moskvadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmaqla bağlı tələbi də həmin prosesin davamıdır”, deyə Arif Əliyev vurğulayıb. Həmsöhbətimiz qeyd edib ki, bu istiqamətdə cərəyan edən proseslər payıza doğru - sentyabr ayında daha da gərginləşəcək: "Bu, Ukrayna prezidenti Volodirmi Zelenskinin bəyanatlarında öz əksini tapıb. O bildirib ki, payıza yaxın yeni əməliyyatlar gözlənilir. BMT TŞ-nın 6 ölkəsinin Rusiya ilə bağlı qəbul etdikləri həmin sənədi də payıza doğru yeni əməliyyatların başlanması ehtimalı ilə əlaqələndirirəm”.  Adif Əliyev bildirib ki, bir sıra məsələlərə həmçinin Rusiya və Türkiyə prezidentlərinin görüşündə aydınlıq gətiriləcək:  "Məhz bu görüşdən sonra bir sıra məsələlərə daha dəqiq münasibət bildirmək imkanı yaranacaq. Çünki orada müzakirə olunacaq məsələlərin Rusiyanın indiki dairədən daha geniş bir mühitə çıxış cəhdinə aydiyyatı vardır”.  Arif Əliyevin fikrincə, Orta Asiyanın ən sakit dövlətlərindən olan Türkmənistan da Moskvanın yeni iqtisadi əlaqə cəhdlərinin öz ərazisində nəticə verməyəcəyi barədə ciddi bir bəyanat verib.  "Onlar bu bəyanatı verərkən Orta Asiyanın digər ölkələrinə də istinad etdilər. Rusiyaya təzyiqlərin tək Ukrayna istiqamətindən deyil, Orta Asiya və Qafqaz istiqamətindən də gücləndiyinin şahidi oluruq. 6 ölkənin verdiyi bəyanat da məhz bunun təzahürüdür”, deyə ekspert bildirib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının altı üzvü - ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmağı tələb edən sənəd imzalayıblar. Sənədə imza atan ölkələr Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırıblar. Bəyanat müəllifləri hesab edir ki, Rusiya-Gürcüstan münaqişəsi BMT nizamnaməsinə uyğun, beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü prinsipinin toxunulmazlığı çərçivəsində, dinc yolla həll olunmalıdır. 

"İmtahan sualları sadələşdirilsin" — TƏKLİF

“Bu gün Azərbaycanda ali məktəb tələbəsi olmaq deyildiyi və göründüyü qədər əlçatan deyil. Əksinə, deyərdim ki, bizim ölkədə ali məktəbə qəbul sistemi digər ölkələrlə müqayisədə həddindən artıq çətindir”.  Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Onun fikrincə, universitetə qədərki yol çox mürəkkəbdir: “Universitetin qapısı abituriyentlərin üzünə çətin açılır, oradan çıxış isə çox asan olur. Bu da o deməkdir ki, çətinliklə tələbə adını qazanan şəxs daxil olduqdan sonra asanlıqla məzun ola bilir. Universitetlərə qəbulda qiymətləndirmə meyarı, testlər, situasiya tipli suallar və s. çətinliklər var”.  Ekspert keçid ballarının aşağı olmasına da münasibət bildirib: “Keçid ballarının aşağı düşməsi, bəzi ixtisaslar üzrə 150-180 bal olması bizi çaşdırmasın. Keçid balları nisbidir. Bu gün keçid balı 180 olan ixtisas gələn il 100 bala qədər dəyişə bilər. Bunu imtahan verən abituriyentlərin ümumi göstəriciləri müəyyənləşdirir, nə Dövlət İmtahan Mərkəzi, nə də digər bir qurum müəyyən edir”.  E.Nuri hesab edir ki, DİM qəbul mexanizmində müəyyən yumşalmalar etsə, situasiya tipli suallar daha sadə qoyulsa, açıq suallar daha anlaşılan olsa, göstəricilər də yüksək olar:  “Razıyam, abituriyentlərin balları o qədər də yüksək olmadığına görə nisbi xarakter daşıyan ümumi ortaq göstərici getdikcə aşağı düşür. Xatırlayırsınızsa, 4-5 il əvvələ qədər hər il 700 bal toplayan abituriyentlər olurdu, hətta bir il ərzində təxminən 23 nəfər 700 bal toplamışdı. Sonradan imtahan mexanizmi dəyişildi, iki mərhələli keçirilməyə başlandı. Situasiya və açıq tipli sualların sayı artırıldı. Nəticədə nə oldu? İkinci şans verilsə də artıq 3 ildir ki, maksimum bal toplayan olmur.  Əminliklə deyə bilərəm ki, indinin 150 balı 4 il bundan əvvəlin 280-300 balına bərabərdir. DİM müəyyən güzəştlərə getməlidir ki, səviyyə aşağı düşməsin. Bəzi ixtisaslar üzrə keçidi 150-ə endirməkdənsə, imtahanların təşkili və suallar sadələşdirilsin. Beləliklə, nəticə daha ürəkaçan olar”.

Hava temperaturu ilə bağlı rekord yeniləndi — 50 dərəcə

Türkiyədə havanın yüksək temperaturu ilə bağlı rekord təzələnib. Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Meteorologiya xidmətinin məlumatına görə, Hatay vilayətinin Hassa rayonunda 50 dərəcə istilik olub. Bundan əvvəl Türkiyədə qeydə alınmış ən yuxarı temperatur 2021-ci ilin 20 iyul tarixində Şırnak vilayətinin Cizre rayonunda olub - 49.1 dərəcə. Rəsmi açıqlamadan sonra Hassadakı küçələr boş qalıb. Havanın istiliyindən əziyyət çəkən insanlar Karapınar gölünə axın ediblər. Sakinlərin sözlərinə görə, sərinləmək üçün suya girib çıxdıqdan 5 dəqiqə sonra yenidən yanğı hiss edirlər: "Fəlakətli istilər var".

Güneydə etiraz aksiyalarına çağırış edildi

Bir sıra Güney Azərbaycan təşkilatları Urmiya gölünün bərpa edilməməsi, gölün qurudulmasına etiraz aksiyasına çağırış ediblər. Sozcu.az xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən təşkilatların birgə bəyanatında bildirilib. Aksiya ilə bağlı yayılan elanda avqustun 27-i, yerli vaxtla saat 17:00-da hər kəsin Təbriz, Tehran, Kərəc, Urmiya, Ərdəbil və Zəncan şəhərlərinin mərkəzi meydanlarına toplaşması istənilib.

“Barbi”nin aktrisası 50 milyon dollar qazanacaq

“Barbi” filminin baş rol ifaçısı Marqot Robbinin qazanacağı gəlir bəlli olub. Ekran əsərinin baş rol ifaçısı və prodüseri Marqot Robbi təxminən, 50 milyon dollar qazanacaq. Qeyd edək ki, cari il iyulun 21-də kütləvi nümayişə buraxılan film ABŞ və Kanadada 526, dünya nümayişindən isə 657 milyon dollar gəlir əldə edib.