Rusiyanın müdafiə xətti dağılır - Hesabat

Ruslar Robotino və Urojaynoenin saxlanması üçün xeyli səylər, resurslar və şəxsi heyət sərf edib, ona görə də Ukraynanın bu ərazilərdə əldə etdiyi son uğurlar Rusiya müdafiəsinin deqradasiyasının göstəricisidir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Heabatda bildirilib ki, rusların əhəmiyyətli əməliyyat ehtiyatları yoxdur və Rusiyanın öz qüvvələrini çıxarmaq əvəzinə bu məntəqələri saxlamaq üçün intensiv səyləri o deməkdir ki, Ukrayna ordusu hücumdan əvvəl rus bölmələrini tamamilə zəiflədiblər: “Bundan başqa, digər ərazilərdən də rus hərbi qüvvələrinin buraya gətirilməsi onu göstərir ki, Ukraynanın son hücumları əks-hücum başlayandan bəri rotasiya olmadan Zaporojye vilayətinin qərbini müdafiə edən Rusiya qüvvələrinin mövqelərini xeyli zəiflədib. Rusiyanın əməliyyat ehtiyatlarının olmaması o deməkdir ki, rus qoşunları cəbhənin bəzi sektorlarını digərlərinin hesabına gücləndirməli olacaq. Bu da ümumilikdə Rusiyanın müdafiə xətlərini zəiflədəcək və Ukrayna qüvvələrinə bundan istifadə etmək imkanı verəcək”.

Şamaxıda dağlıq ərazidəki yanğın söndürüldü

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri iştirak edib.

Vardanyan Xankəndidə erməni gəncləri silahlandırır

Qarabağda separatçı rejimin Azərbaycan Ordusuna qarşı təxribat planlarına əhalinin hazırlanması da daxil edilib. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu prosesi Ruben Vardanyan üzərinə götürüb. Ermənistan mediasının məlumatına görə, Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlim keçməyə başlayıb. Təlimlər “ekstremal şəraitdə yaşamaq bacarıqları” adı altında həyata keçirilir. Məlumatda qeyd olunur ki, “gənclərə bu və ya digər sirlər çatdırılacaq”. Misal üçün, onlar dağlıq ərazilərdə düşərgələrin təşkili, yolların açılmasını öyrənəcəklər. Reallıqda isə “ekstremal şəraitdə yaşamaq” adı altında erməni gənclər Azərbaycan ordusuna qarşı təxribat hücumlarına hazırlaşdırılır. Onlara “dağlarda fəaliyyətin” öyrədilməsi də buna hesablanıb.

Rusiyanın itkiləri 257 minə yaxınlaşır

Ukrayna müharibənin 541-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 256 510 hərbçi, 4332 ədəd tank, 8410 ədəd zirehli döyüş maşını, 5193 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7658 ədəd avtomobil texnikası, 4276 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 773 xüsusi avadanlıq itirib.

Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Ağcabədidə oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Ṣöbəsinə şəhər ərazisindəki qəbiristanlıqdan oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elnur Xanlarov saxlanılıb. Onun məzarların ətrafındakı alüminiumdan olan bəzək əşyalarını oğurladığı müəyyən edilib. Qeyd edilən əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb. Bundan əlavə, digər bir tədbirlə ötən aylardan qeydə alınan oğurluq əməlinin açılması da təmin edilib. Belə ki, rayonun Yuxarı Avşar kəndindəki otlaq sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Davam etdirilən əməliyyatla qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də məhkumluq həyatı yaşayan Davud İbrahimov saxlanılıb. Onun iribuynuzlu heyvan oğurlamaqla vətəndaşa 2000 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Moskvaya yenə PUA hücumu edildi

Bu gün gecə saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, PUA-lardan biri “Moskva-Siti” yaxınlığındakı “Eksposentr”ə çırpılıb. Hazırda Moskvadakı “Vnukovo” hava limanı da uçuşlara bağlanıb.

Neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 83,97 dollara, yüngül neftin bir barreli isə 80,38 dollara satılır.

Türkiyədə iki ailə arasında dava: 41 nəfər yaralandı

Türkiyənin Batman şəhərinin Beşiri rayonunda iki ailə arasında baş verən kütləvi dava zamanı onlarla insan xəsarət alıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, gənclər arasında kafedə başlayan mübahisə iki ailə arasında kütləvi davaya çevrilib. Tərəflərin bir-birinə daş, dəyənək və bıçaqla hücum etməsi nəticəsində 41 nəfər yaralanıb. Sakinlər təcili zəng mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım qrupları göndərilib. Polisin müdaxiləsi ilə dayanan davadan sonra yaralılar təcili yardım maşınları tərəfindən xəstəxanalara çatdırılıblar. Polis hadisə iə bağlı araşdırmaya başlayıb.

Sarkozi Putinin cinayət ortağıdır - Ukrayna

Fransanın sabiq prezidenti Nikola Sarkozi Rusiyanın Ukraynaya qarşı çoxillik cinayətlərinin birbaşa ortağıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşabiri Mixail Podolyak Sarkozinin bəyanatına cavab olaraq deyib. O bildirib ki, Sarkozinin həvəsləndirməsi – cinayətə ortaq olmaq deməkdir: “Müharibəni dayandırmağın yeganə yolu – bu ərazilərə beynəlxalq hüququ qaytarmaqdır. Bu isə o deməkdir ki, Rusiya uduzmalıdır. Daha az təxribat, daha az ziddiyyətli bəyanat, cinayət törətmək üçün daha az stimul...” - Podolyak əlavə edib. O qeyd edib ki, 2023-cü ildə “Sarkozinin təcrübəsini” təkrarlamaq mümkün deyil: “Soyqırım və müharibə təşkil etməklə Ukrayna ərazilərinin Rusiya tərəfindən ələ keçirilməsi üzrə cinayətkar sui-qəsddə Sarkozi şüurlu şəkildə iştirak edib”. Qeyd edək ki, Sarkozi müharibəni bitirmək üçün Rusiyaya güzəşt edilməli olduğunu bildirib.

Şəmkirdə təhlükəli vəziyyət yaradan elektrik transfarmatoru

Şəmkir rayonu Çinarlı qəsəbəsi Məhəmməd Füzuli və şəhid Murad Xəlilov küçələrinin kəsişməsində elektrik transfarmatoru təhlükəli vəziyyət yaradır. Küçə sakinlərindən biri tərəfindən çəkilmiş videodan görünür ki, elektrik naqillərinin üstü açıqdır və bu təhlükə mənbəyidir. Aidiyyatı qurumları diqqət ayırmağa dəvət edirik ! Sözcü.az

Şəmkirdə şəhid anası vəfat etdi

Bu gün səhər saatlarında şəhid Orucov İsə Razim oğlunun anası Naibə xanım Orucova vəfat edib. Günorta saatlarında şəhid anası yaşadıqları Seyfəli kəndində torpağa tapşırılıb.  Qeyd edək ki, şəhidimiz Orucov İsə Razim oğlu Suqovuşanın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.  Hər ikisinin ruhu şad olsun ! Sözcü.az

Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı

Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski müvafiq fərman imzalayıb. Fərmana əsasən, ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik 90 gün müddətinə - noyabrın 15-dək uzadılıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri təxirə salınıb

Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, buna səbəb Ukraynada hərbi vəziyyətin müddətinin daha 90 gün uzadılmasıdır. Qeyd edək ki, ölkə rəhbəri Volodimir Zelenski hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı müvafiq fərman imzalayıb.

Şəhidimizin anası vəfat etdi

44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.  “Şəhid valideynlərinə yenidən ciddi psixoloji dəstək lazımdır. Övlad dərdinə dözə bilmirlər”, - o qeyd edib. Qeyd edək ki, İsə Razim oğlu Orucov 20 iyun 2001-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olub. O, 27 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,  "Cəsur döyüşçü" medalları  və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 

REAL üzv siyahısını yenidən Nazirliyə təqdim etdi

"Dünən REAL partiyasının yenilənmiş reyestri (5401 nəfər) Ədliyyə Nazirliyinə çatdı". Sozcu.az xəbər verir ki, bunu partiyanın sədri İlqar Məmmədov bildirib. "Əvvəlki siyahımızda olanların çoxunun məlumatları elə əvvəldən düz idi, digərlərinə isə düzəlişlər etdik. Üstəgəl yeni qeydiyyatdan keçmiş üzvlər də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik", - o qeyd edib. Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.   

ABŞ icazə verdi: Almaniya İsraildən bu silahı alır

ABŞ Almaniyaya 3,5 milyard dollarlıq müqavilə çərçivəsində İsraildən “Arrou 3” raketdən müdafiə sistemi almağa icazə verib. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb. İsrail Müdafiə Nazirliyi bildirib ki, ABŞ-ın dəstəyi ilə öhdəlik məktubunun imzalanması mərasimində yüksək səviyyəli İsrail və Almaniya rəsmiləri iştirak edəcək. Məlumata görə, İsrail və Almaniya parlamentlərinin təsdiqini aldıqdan sonra tam müqavilə 2023-cü ilin sonuna qədər imzalanmağa hazır olacaq. Qeyd edək ki, “İsrael Aerospace İndustries” tərəfindən istehsal olunan “Arrou 3” zenit raket kompleksi ABŞ və İsralin birgə layihəsidir. Bu sistem ballistik raketləri məhv etməyə qadirdir.

Ermənistan Rusiyaya mina göndərir - Fotofakt

Ukraynanın Rusiya işğalından azad edilən ərazilərində minatəmizləmə işləri zamanı Ermənistan istehsalı olan “E-001” piyada əleyhinə minalar tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksandr Kovalenko özünün Teleqram kanalında yazıb. “Bunun erməni minası olduğuna şübhə ola bilməz, mən şəxsən onları Qarabağda görmüşəm. Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minaları verməsi haqqında məlumat yox idi. Amma hələlik tələsik nəticələr çıxarmazdım. İndiki mərhələdə bu minalardan nə qədərinin rus işğalçıları tərəfindən istifadə edildiyini və ümumiyyətlə onları necə əldə etdiklərini söyləmək çətindir. Çatdırılma yalnız qaçaqmalçılıq yolu ilə ola bilər”, - Kovalenko bildirib. Hərbi ekspert eyni zamanda erməni diasporunun Krımda olan nümayəndələrinin Rusiya ilə sıx əməkdaşlıq etdiyini də vurğulayıb: “Krımda erməni diasporunun nümayəndələri işğalçılarla sıx əməkdaşlıq edir. Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı hətta Qarabağda da olub və döyüşə könüllülər (muzdlu) göndərib. Boz təchizat zəncirinin yaradılması da mümkündür”.

Ermənistan müharibə yolunu seçir - Regionu qarşıda nə gözləyir?

“Dünən bütün diqqətlər Nyu-Yorka yönəlmişdi. Bakı vaxtı ilə saat 23:00-da başlanan BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın Laçın yolu ilə bağlı şikayətinə baxılırdı. Təhlükəsizlik Şurasının beş daimi və on qeyri-daimi üzvünün iştirakı ilə keçirilən iclasda heç bir sənəd qəbul edilmədi. Bununla da Ermənistan növbəti dəfə diplomatik məğlubiyyətə uğradı”. Mövzunu KONKRET.az-a şərh edən politoloq Fikrət Sadıqov əlavə edib ki, ermənilərin bu toplantıdan gözləntiləri böyük idi: “Hesab edirdilər ki, dünya birliyi onlara dəstək verəcək, Azərbaycana qarşı hansısa qətnamə qəbul ediləcək və pislənəcək. İclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da çıxış elədi. Lakin onun çıxışı öz xeyirlərinə sənədin qəbul olunmasına təsir etmədi. Sadəcə olaraq ABŞ narahatlığını bildirdi. Avropa İttifaqı bəyan etdi ki, paralel olaraq indi Ağdam – Xankəndi yolundan istifadə etmək mümkündür. Bizi dəstəkləyən digər ölkələr, o cümlədən, Albaniya çox kəskin şəkildə Ermənistanı tənqid etdi və Azərbaycanı dəstəklədi. Ölkəmizin BMT-dəki nümayəndəsi Yaşar Əliyev müxtəlif sübutlar gətirdi və bir sıra fotoşəkilləri nümayiş etdirdi. Göstərdi ki, ermənilər acından ölmələri barədə səs-küy qaldırsa da, əslində hər gün Qarabağda toylar, yubileylər təşkil edirlər. Diplomatımız bunu tutarlı faktlarla sübut etdi. Beləliklə, heç bir sənəd qəbul olunmadı. Bu da Ermənistanın maraqlarına yeni bir zərbə vurdu”. Politoloq hesab edir ki, indi biz Ağdam yolunun açılamasına nail olmalıyıq: “Biz bunu BMT-dən gözləməməliyik. BMT bəyan etdi ki, o yoldan istifadə etmək olar. Amma ermənilər yenə hansısa bəhanə gətirərək, Ağdam yolundan istifadədən yayınacaqlar. Biz buna nail olmalıyıq və mövqeyimiz kifayət qədər qətidir. Əgər onlar nəsə eləmək istəyirlərsə, əvvəlcədən bizimlə razılaşmalıdırlar. Çünki Laçın yolu Azərbaycanın suveren ərazisinə daxildir. Onun başqa statusu yoxdur. Digər tərəfdən, əgər biz prinsipiallığımızı bundan sonra da davam etdirsək, Ağdam – Xankəndi yolunun açılmasına nail ola bilərik. Sadəcə Qarabağ erməniləri başqa çıxış yolunun qalmadığını görüb, bu yoldan istifadə etməyə məcbur olacaq”. Hadisələrin sonrakı mərhələsində ermənilərin hansı təxribatlara əl ata biləcəyinə gəlincə, F.Sadıqov ermənilərin hər cür addımlarına hazır olmağın vacibliyini bildirdi: “Onlar uzun illərdir təxribatlarla məşğuldur. Digər tərəfdən, Qarabağda xeyli sayda qeyri-qanuni hərbi dəstələrin mövcudluğunu nəzərə alsaq, deməli, təxribatları dayandırmayacaqlar. Ermənilər yenə təxribatlara əl atacaqlar, yenə mövqelərimizi atəşə tutacaqlar. Amma biz bütün hallarda onlara bundan onqat adekvat cavab veririk. Görürlər ki, bu istiqamətdə bizimlə “zarafat etmək” olmaz. Eyni zamanda, biz Qarabağda yaşayan ermənilərə sülh təklif edirik, dialoqa çağırırıq. Amma dialoqdan da yayınırlar. Təbii ki, sonda bununla da barışacaqlar”.

Prezidentin köməkçisi: BMT TŞ-nin müzakirələri kimin real və davamlı sülh istədiyini nümayiş etdirdi

BMT Təhlükəsizlik Şurasında dünən keçirilən müzakirələr bir daha göstərdi ki, kim suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istəyir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Twitter“də yazıb. Mövsümovun sözlərinə görə, dünənli müzakirələr bir daha nümayiş etdirdi ki, kimlər boş qisas ümidləri ilə zaman qazanmaq üçün “humanitar fəlakət” tamaşaları oynamaqda davam edir./APA

“TV-lərin keyfiyyətli iş istəməyə haqqı yoxdur”

“Telekanalların verdiyi pulun müqabilində rejissorlardan keyfiyyətli iş istəməyə haqqı yoxdur”. Sozcu.az Yeniçağ-a istinadla xəbər verir ki, bu sözləri rejissor Kənan M.M “Gül kimi şou”da deyib. O, seriallara ayrılan büdcənin çox cüzi olduğunu deyib: “Biz sənətçiyik, sehrbaz deyilik. Yəni iki min manata biz serial çəkə bilmərik. İstəməyin bunu. Nə özünüzü pis duruma salın, nə də bizim sənətimizi alçaldın”. O, aktyorların maddi durumunun ağırlığından da danışıb: “Çəkilişimiz var idi, aktyor qardaşının ölüm səhnəsini oynayacaqdı. Baxıram ki, adam fikirlidir, obrazda deyil. Soruşuram, nolub? Deyir, evdən zəng gəlib, işıqpulunu ödə. Yəni mən ondan nə istəyim? Bu, fiziki olaraq oradadır”.

Çin super robot it yaradıb

"Xiaomi" öz robot itinin növbəti nəslini - "CyberDog 2"ni dünyaya təqdim etdi. Sozcu.az lent.az-a istinadən bildirir ki, o, sahibini şəxsən tanıya və hətta "ağıllı" evi idarə edə bilər. Robot yeriyir, pəncə üstə gəzir, skeytbord sürə bilir.. Ətraflı "CyberDog 2"nin çəkisi cəmi 9 kq-dır. Dörd mikrofon və çoxsaylı sensorlar başqa otaqdan səs əmrlərini eşitməyə imkan verir. Üz tanınması funksiyası da təmin edilir. Robotun qiyməti 12999 yuandır (təxminən 1770 ABŞ dolları).

Elektron siqaretin gənclər üçün yeni təhlükələri üzə çıxdı

Amerikalı alimlər elektron siqaretin yeni təhlükələrini müəyyən ediblər. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı araşdırma "Thorax" jurnalında dərc edilib. Bildirilib ki, siqaret çəkən gənclərdə bronxit və təngnəfəsliyin artması riski daha yüksək olur. Müəlliflər araşdırma zamanı 2014-2018-ci illər ərzində orta yaş həddi 17 olan iki mindən çox tələbədən əldə edilən məlumatları tədqiq ediblər. İştirakçılar tütün istifadəsi və tənəffüs simptomları haqqında dörd dalğada müsahibə alıblar. Hər dalğada ən çox aşkarlanan simptom bronxitin təzahürləri olub: müvafiq olaraq 19,5, 22,5, 23,5 və 26 faiz. Son 30 gündə elektron siqaretdən istifadənin yayılması birinci və ikinci dalğada 12, üçüncü dalğada 11, dördüncü dalğada isə 15,5 faiz olub. Tədqiqatçılar xırıltını sinə içində xırıltı, nəfəs darlığını isə düz yerə tələsməyə və ya kiçik bir təpəyə qalxmağa cavab olaraq təyin ediblər. Bronxitin simptomları üç ardıcıl ay ərzində gündəlik öskürək, həmçinin soyuqdəymə ilə müşayiət olunmayan mayenin yığılması kimi müəyyən edilib. Son 30 gündə elektron siqaret istifadəçiləri arasında xırıltı ehtimalı heç vaxt çəkməyənlərə nisbətən 81 faiz yüksək olub. Yaş, cins, irq və valideyn təhsili nəzərə alındıqdan sonra bronxit əlamətlərinin inkişaf riski iki dəfə, nəfəs darlığı isə 78 faiz yüksək olub.

Kahramanmaraşda ZƏLZƏLƏ

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

“Rusiya Ermənistandan bazasını çıxarsa belə, Qarabağı heç vaxt tərk etməyəcək...”

“Rusiya 24 min kvadratkilometrlik Qarabağ dövləti yarada bilər...” Sozcu.az xəbər verir ki,  Tert.am-ın yaydığı məlumata görə, Ermənistan hərbi eksperti Hayk Nahapetyan belə bir fikri “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində bildirib. “Artsax enerji mərkəzləri üçün Ukraynadan daha çox qaynar nöqtələrdən biridir. Rusiyanın Qərbə enerji daşıyıcılarını təmin etmək yolu faktiki olaraq kəsilmişdi. İndi Şimal-Cənub yolu Rusiya üçün stratejidir. Hazırda Hindistana ixracın təşkili yolu kifayət qədər uzundur. Rusiya Federasiyasının yaratmağa çalışdığı quru yolu 4 dəfə qısalacaq və onun bir istiqaməti Azərbaycandan keçəcək”- H.Nahapetyan belə deyib. “Əgər Bakı İngiltərə və İsrailin təhriki ilə artsax və Ermənistana qarşı avantüraya getsə, Azərbaycanın parçalanması başlaya bilər... Nəticədə Artsax mərkəzdə qalacaq və indiki 4,4 min kvadrat kilometrlik Artsax əvəzinə, Rusiya 24 min kvadrat kilometrlik Qarabağ dövləti yarada bilər, ehtimal yüksəkdir”, - erməni ekspert belə çərənləyib. Nahapetyan hesab edir ki, Rusiya Federasiyası Ermənistandan - Gümrüdən bazasını çıxarsa belə, heç vaxt Qarabağı tərk etməyəcək.moderator)