“Kənar perspektivlərə ümidlənmək geridönməz problemlərə gətirib çıxara bilər...”
“Perspektivdə daha kimlər “humanitar yük” şəllənib Laçın yoluna gələcək?..”
Qarabağda son üç ayda, xüsusilə də son günlərdə baş verənlər ilk baxışda belə təsəvvür yaradır ki, Ermənistan bu müddətdə Azərbaycana qarşı beynəlxalq diplomatik təzyiqləri ilə, dünən isə hərbi əməliyyatla təşəbbüsü əlində saxlamağa çalışır və biz də bu təzyiqlərə, təxribatlara cavab verməklə, yəni müdafiə olunmaqla məşğuluq. Bu gün Paris meri, sabah Los- Anjeles meri, o birisi gün də dünyaya səpələnmiş ermənilərin səsini seçkilərdə qazanmaq istəyən hansısa ölkənin prezidentliyə namizədi “humanitar yük” şəllənib Laçın yoluna gələcək, bizi qınağa tuş edəcək, biz də təkzib verməklə məşğul olacağıq. Zamanı uzadan erməniyə də bu lazım deyilmi? Bu gün sentyabrın 2-də Xankəndindəkilər qondarma “müstəqillik gününü” qeyd etsinlər, o birisi ilə də hazırlıq görsünlər. Nəticədə ən yaxın əsas vəzifələr- erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağdakı yurdlarına qaytarılması.., gündəmdə deyil. Bu vəziyyət qalib dövlət üçün paradoksal situasiya deyilmi?..
İki il əvvəl, 2021-ci ilin sentyabrın 1-də, yəni separatçıların 44 günlük müharibədən təzə çıxıb, 2 sentyabr qondarma “müstəqilik gününün 30 illiyini” yas kimi qeyd etdiyi ərəfədə yazdığım yazının son abzasının təəssüf ki, hələ də aktual olduğunu qeyd etməyə məcburam: ” Yubiley təbriklərində həm İrəvan rəsmiləri, həm separatçı rejimin üzvləri birmənalı olaraq müstəqillik uğrunda mübarizənin davam etdiyini səsləndiriblər. Təbliğat olduğu anlaşılandır, amma reallıq da odur ki, o yerlərdə hələ bizim nəzarətimiz yoxdur və nə vaxt olacağı barədə rəsmi mövqe səslənməyib. İndi təsəvvür edin ki, qarşıdakı bir il ərzində heç nə dəyişmir, müharibədən sonra 10 aydır hansı proses gedibsə, daha bir il də davam edəcək. O zaman 2022- ci ilin 2 sentyabrına yasdan çıxmış erməninin Xankəndində təntənəli bayram tədbirinə hazırlaşdığının şahidi ola bilərik. Belə bir ildönümü düşmənə yaşatmamalıyıq”. Təəssüf ki, nəinki 2022-ci ildə, indi də separatçılara bu günü Xankəndində “bayram” kimi yaşatdıq. Əlbəttə, gün bütün siyasi xaos və iqtisadi məhrumiyyətlərlə düşmən üçün acınacaqlıdır, amma biz də istədiyimizə hələ çatmamışıq və ən əsası, aydın perspektivi təsəvvür etmədiyi üçün cəmiyyətimiz narahatdır. Erməninin torpaq iddiasından imtina etmədiyi müharibə bitən gündən məlumdur və biz işimizi, siyasətimizi bu iddiaya görə müəyyənləşdirib zamanın uzanmasına imkan verməməliydik. İndi də gec deyil...
Rusiya hərbi kontingenti ən azı 2030-cu ilədək Azərbaycan ərazisində qalmağı planlaşdırır və hiss olunur ki, 2025-ci ilin noyabrına kimi indiyədək apardığı siyasəti – sülh müqaviləsinin imzalanmasına imkan verməməyi, Qarabağdan erməni silahlı qüvvələri çıxarmamağı, azərbaycanlı qaçqınların qayıdışına şərait yaratmamağı davam etdirməkdə qərarlıdır. Yəni, mövcud status kvonu dondurmaq və yalnız 2025-dən sonra, guya birgəyaşayış prosesinin tədricən başladılması və iki toplum arasında təhlükəsizliyi təmin etməyin zərurət olduğunu elan edib, qeyri-müəyyən müddətə Qarabağda qalmasını əsaslandırmaq siyasəti. Paralel olaraq status məsələsini də gündəmdə saxlayıb Azərbaycan dövlət nəzarətinin yaranmasını da bu faktora bağlayıb, başqa bir mərhələnin müzakirəsi kimi təqdim etmək. Təbii ki, belə olanda zaman 2030-u da aşacaq. Bu Rusiyanın planı, həm də problemidir. Ukrayna müharibəsi və Qərbin təzyiqi bu planın reallaşmasında böyük əngəldir. Bunun Qarabağ probleminə birbaşa təsiri olmasa da, dolayı amil olaraq qalır, amma məsələnin həllinin ən əsas oyunçusu yenə də özümüzük. Kənar perspektivlərə ümidlənmək geridönməz problemlərə gətirib çıxara bilər...
Biz bu planın qarşısını almalı, onun reallaşmasına imkan verməməliyik. Əks halda, bu gün yaşadığımız “rəngarəng” erməni təxribatları ilə, Fransa, İran müdaxilələri ilə tez-tez rastlaşmalı olacağıq. Bu rəngarəngliyə Arutunyanın istefasını və Xankəndində rejimin faktiki olaraq keçmiş rəhbərlərin və Vardanyanın əlinə keçdiyini də əlavə etməliyik. Əslində, Azərbaycan üçün istər Arutunyanın yerinə Köçəryanın, istərsə də Paşinyanın yerinə Sərkisyanın keçməsinin heç bir fərqi yoxdur. Biz maraqlarımızın tələbi nədirsə. onu həyata keçirməliyik. Maraqlarımızın əsasında isə bu gün Xankəndində fəaliyyət göstərən separatçı rejimin fəaliyyətinə son vermək, dövlət nəzarətimizi Qarabağın qalan hissəsində də bərpa etmək dayanır. Ermənistan isə Hindistan, Fransa, İran, Rusiya silahları ilə ordunu gücləndirdiyini gizlətmir və revanşist planlarını həyata keçirmək üçün əlverişli beynəlxalq şəraitin yaranması anını gözləyir. Hətta dünənki təxribat zamanı bizim üç hərbiçimizin yaralanmasını uğur kimi təqdim edirlər. Düşmənin ən kiçik siyasi və hərbi uğur qazanmasına imkan vermək olmaz...
Deyilənlər bədbinlik əlamətləri deyil, bizi gözləyən mümkün gərginliklər haqqında qabaqcadan informasiya verib, zaman itirmədən düşmənin və havadarlarının planlarını bəri başdan zərərsizləşdirmək və aradan qaldırmaq məqsədilə zəruri tədbirlərin görülməsini diqqətə çatdırmaqdır... moderator)
İlham İsmayıl