Demokratların ABŞ prezidentliyinə namizədi partiyanın qurultayında müəyyənləşəcək.
ABŞ-ın ən böyük media quruluşları hesab edilən “The Washington Post“, “The New York Times“ və “USA Today”, “The Economist” jurnalı, “Axios” və “Business Insider” portalları Baydenin əvəzinə Demokratlar partiyasından namizədliyə mümkün namizədlərin siyahısını hazırlayıb. Siyahılar müxtəlif olsa da siyahılarda bir neçə şəxs önə çıxıb.
Həmin şəxslər aşağıdakılardır:
- Vitse-prezident Kamala Harris. Qeyd edək ki, bu gün Bayden də onu dəstəklədiyini açıqlayıb. 59 yaşlı Harris ABŞ tarixində ilk qadın vitse-prezidentdir. O 2019-cu ildə prezidentlik kampaniyasına başlamış, lakin həmin ilin dekabrında onu başa çatdırmışdı.
- Mişel Obama. Sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı. 60 yaş.
- Pit Butticiç. Nəqliyyat naziri. 42 yaş. O həmçinin Əfqanıstan müharibəsi veteranıdır. Qeyd edək ki, o, 2020-ci ildə Demokratlar arasında Baydenin əsas rəqiblərindən biri idi.
- Emi Klobuşar. Minnesotadan olan 64 yaşlı senator da 2019-2020-ci illərdə Demokratlar arasındakı namizədlik uğrunda Baydenin rəqiblərindən biri idi.
- Gevin Nyusom. 56 yaşlı Kaliforniya qubernatoru Nyusom 2023-cü ilin oktyabrında Pekinə səfər edərək Çin Prezidenti Si Cinpin ilə də görüşmüşdü.
- Rafael Uornok. Corciya ştatından olan 54 yaşlı senator. ABŞ Senatında Corciya ştatını təmsil edən ilk afroamerikalı.
- Cey Pritzker. 59 yaşlı siyasətçi İllinoys ştatının qubernatorudur. Qeyd edək ki, onun ailəsi Hyatt otellər şəbəkəsinin sahibidir.
- Coş Şapiro. Pensilvaniyanın qubernatorudur. 51 yaşı var.
(APA)