Əfqanıstan SSRİ-nin, Ukrayna Rusiyanın sonunu gətirəcək
SSRİ-nin yıxılmasının vacib səbəblərindən biri Əfqanıstanda apardığı müharibə oldu. Bu gün Rusiyanın Ukraynada apardığı müharibə Əfqanıstan müharibəsindən daha ağır və daha çox itkilərlə müşahidə olunur. Əgər Əfqanıstanda 9 il ərzində SSRİ-nin itkiləri 15 min nəfər təşkil edirdisə, Ukrayna cəbhəsində iki il yarımda Rusiyanın canlı qüvvə itkisi 10 dəfə Əfqanıstandakından çoxdur. Təəssüf ki, bizim bəzi siyasi şərhçilər Rusiyanın imkanları və gücü haqqında yanlış, şişirdilmiş mövqe sərgiləyirlər. Doğrudur Rusiyanın bütün sahələrdə resursları Ukraynadan qat-qat çoxdur, amma Əfqanıstan da SSRİ ilə müqayisə ediləsi ölkə deyildi. Həm də məsələ yalnız canlı qüvvə itkisində deyil. Rusiya bir sıra mühüm sahələrdə gərginlik yaşayır, bəzən isə böhran həddinə yaxınlaşır. Bir sıra sahələrə diqqət edək: Rusiya yalnız cəbhədə deyil, nəqliyyat sistemində, xüsusilə mülki aviasiya və dəmir yolda itkilərə məruz qalır. Səbəb sanksiyalar və komplekt ehtiyat hissələrinin olmamasıdır. Mülki aviasiya təyyarələri ilə bağlı insidentlər artır. Bu, sanksiyalara görə xaricdən aldıqları ehtiyat hissələrinin yerli istehsalla əvəz edilməsinin nəticəsidir. Sanksiyalar adi məişət səviyyəsində də problemlər yaradır.Hətta, yanğını söndürmək üçün mütəxəssislər və texnika çatışmazlığı ciddi şəkildə narahatlıq yaradır, çünki onların bir qismi Ukrayna cəbhəsinə göndərilib. Təkcə 2024-cü ildə 850 min hektar torpaq sahələri yanıb, Krasnodar vilayətində isə bir sutka yanğını söndürmək mümkün olmayıb
Əfqanıstanda müharibəni uda bilməyəndən sonra SSRİ dağılmağa başladı. İdarəetmə sistemində çatışmazlıqlar var. Əhalini cəbhəyə göndərənlərin ailə üzvləri çoxdan xaricdə məskunlaşıblar. Putin və ətrafı sülhdən qorxurlar, çünki müharibə dayanandan sonra hesab aparsalar ki, Rusiya nə qazandı və məlum olacaq ki, ağlsız avantyuranın nəticəsində fəlakətdən başqa heç nə. Bu “xüsusi əməliyyat” Rusiyanı təhlükəsiz etdimi? Əksinə, dörd bir tərəfi daha təhlükəli duruma düşdü.
Ukrayna müharibəsi üzündən Rusiyada insan qıtlığı yaranıb. Yenilərini Afrikadan yığırlar. Xidmət sahəsində ciddi kadr çatışmazlığı yaranıb. Afrika ölkələrindən əmək miqrasiyasının miqyası dəfələrlə artıb, hətta Tailand və Filippindən də gətirilənlərin sayı çoxalmağa başlayıb. İşçi qüvvəsinə ehtiyac hər ay böyüyür. Müharibədə ölən Rusiya vətəndaşlarını arxa cəbhədə Keniyanın, Kamerunun, Zambiyanın və Əlcəzairin vətəndaşları tutur. Elə bu səbəbdən də miqrantlar tərəfindən törədilən cinayətkarlığın sayı statistikaya görə sürətlə artır. Miqrantlar tərəfindən zorlamaların sayı 5 faiz, uşaqlara qarşı 25 faiz yüksəlib. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirdi ki, xarici vətəndaşlar tərəfindən törədilən cinayətlər bu ilin altı ay ərzində 55 faiz artıb.
İnsan resursları bütün sahələrdə, o cümlədən polisdə belə çatışmır. RF DİN rəhbəri Vladimir Kolokoltsev may ayında çıxış edərək şəxsi heyəti tam komplektləşdirmək üçün 152 min adama ehtiyac olduğunu vurğulayıb. Tezliklə Moskvada nəinki inşaatçılara, “dvornik”lərə, hətta sahə müvəkkilərinə böyük ehtiyac yaranacaq.
Təəssüf ki, bütün bunlara baxmayaraq 10 iyulda RF Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev heç bir sülh müqaviləsini imzalamamağa çağırır və fikrini onunla əsaslandırır ki, sülhdən sonra yenə “banderovçular” hakimiyyətə gəlib Rusiyaya meydan oxuyacaq, ona görə də bütün Ukraynanı Rusiyaya “qatmaq” lazımdır.
Əfqanıstanı son tərk edən sovet qoşunları raport verəndə ki, “bir əsgər belə Əfqanıstanda qalmayıb”, cəmi il yarımdan sonra SSRİ dağldı. Ukrayna müharibəsi bütün bəşəriyyəti təhlükə qarşısında qoyub, amma ilk növbədə Rusiyanın özünü. NATO baş katibi təsadüfən söyləmədi ki, “Ukrayna müharibəsi 10 il də davam edə bilər”. Hələ iki il yarımın nəticələri bu qədər ağırdırsa, 10 ilin nəticələrini təsəvvür etmək belə dəhşətlidir.
Moderator.az-ın analitik qrupu