Qarabağ separatçıları özünü buraxdı - Təcili

Xankəndidəki qondarma “artsax respublikası” rəsmi olaraq ləğv edildi. Sozcu.az xəbər verir ki, bu barədə “artsax respublikasının” “prezidenti” Samvel Şahramanyan fərman imzalayıb.

Türkiyədə azərbaycanlı qadın güllələndi

Türkiyənin Samsun bölgəsinin Atakum rayonunda yerləşən bağ evində azərbaycanlı qadın, 39 yaşlı Jalə Bağırovanın meyiti tapılıb. Axar.az Türkiyə mediasına xəbər verir ki, qadının döş qəfəsindən güllə yarası aldığı müəyyən edilib. İddiaya görə, Bağırova birgə yaşadığı Cavid Geçər adlı polis məmuru ilə bağ evində birgə spirtli içki qəbul edib. Daha sonra polis ayaqyolunda olarkən silah səsi eşidib. O, otağa daxil olduqda Bağırovanın sinəsindən güllə yarası aldığını görüb. Çağırışla hadisə yerinə gələn ekspertlər qadının Geçərin tapançasından açılan atəşlə öldüyünü müəyyən ediblər. Olayın intihar, yaxud qətl hadisəsi olduğu aydınlaşdırılır. Saxlanılan polis məmuru barəsində həbs qətimkan tədbiri seçilib.

“Tərtər işi”: 12 il 6 ay cəza istənilən polkovnik Xankəndidə antiterror əməliyyatındadır

Sentyabrın 28-də Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə ittiham olunan 5 nəfər – general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi təyin olunub. Globalinfo.az-a daxil olan məlumata görə məhkəmə prosesi növbəti dəfə təxirə salınacaq. Səbəb isə ötən 2 həftə ərzində dəyişməyib – iş üzrə təqsirləndirilən şəxs statusunda mühakimə olunan polkovnik-leytenant Ziya Kazımov Qarabağda həyata keçirilən antiterror əməliyyatlarında komando qruplarından birinin komandiridir. Azərbaycan və Türkiyə hərbi təhsil ocaqlarında ali təhsil almış Ziya Kazımov hazırda komando qrupu ilə birgə Xankəndi ətrafında separatçı tör-töküntülərinin zərərsizləşdirilməsini həyata keçirir. Bu səbəbdən də Sumqayıta gəlib prosesə qatıla bilmir. Bundan əvvəlki, sentyabrın 14-ə təyin olunan prosesə də bu səbəbdən qatıla bilməmişdi. Ötən gün onun vəkili məhkəməyə müraciət edərək müvəkkilinin döyüş tapşırığını yerinə yetirməsi səbəbilə prosesin qeyri-müəyyən vaxta kimi təxirə salınmasını xahiş edib. Ümumilkdə isə artıq proses sona çatmaq üzrədir. Təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini deyiblər. Növbə general-mayor Bəkir Orucovdadır. O və vəkilləri çıxış etməlidirlər. Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə kompleksində keçirilən proseslərdə Ziya Kazımovun epizoduna dair 62 zərərçəkmiş, 35 şahid və 4 təqsirləndirilən şəxs ifadə verib və onun günahsız olduğunu deyiblər. Bununla belə prokuror Vüsal Mehrəliyev Ziya Kazımova 12 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Hazırda iş üzrə məhkəmə istintaqı bitib. İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb, müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər – leytenant Adil Sabirli həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib. Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.

"Ermənistana 300 nəfərlik bir siyahı vermişik, onların təslim olmasını istəyirik"

"Ermənistana bəzi adlar vermişik, onların təslim olmasını istəyirik. 300 nəfərlik bir siyahıdır". Qaynarinfo xəbər verir ki, bunu "CNN Türk" kanalına Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib. Səfir bildirib ki, siyahıdakı şəxslər I Qarabağ müharibəsi zamanı soyqırım və hərbi cinayətlər törətmiş şəxslərdir: "Onlar I Qarabağ müharibəsi zamanı soyqırıma cəhd etmiş, hərbi cinayətlər törətmiş şəxslərdir. Onlardan biri bu gün Laçın yolunu keçərkən tutularaq (Ruben Vardanyan-red.) Bakıya göndərilib. O, Azərbaycan qanunlarına uyğun olaraq mühakimə olunacaq". Rəşad Məmmədov vurğulayıb ki, Azərbaycan sivil və beynəlxalq hüquqa diqqət yetirən dövlətdir: "Hətta bizə qarşı çıxmış, o bölgədə yaşayan insanlara qarşı da mərhəmətli davranan bir dövlətdir. Ən son texnoloji sursatlardan istifadə etdik ki, oradakı mülki şəxslər zərər görməsin. Biz oo insanların qarşısında duran silahlı strukturlara qarşı mübarizə apardıq. Bir evin belə zərər görməsinə icazə vermədik. Biz hər şeyi etdik ki, insanlar qorxmasın, narahat olmasın. Buna görə heç kim bizi günahlandıra bilməz".

"Paşinyanın devrilməsinə imkan verməyək" - Nürəddin İsmayıl

Nurəddin İsmayıl Azərbaycan Ordusunun başlatdığı antiterror əməliyyatı ermənilərin bütün arzusunu gözündə qoydu və xam xəyallarını puç etdi. Bu əməliyyatın başlanmasının əsas səbəbinin dünənə qədər Qarabağ ərazisində mövcudluğunu qeyri-qanuni şəkildə davam etdirən erməni silahlı birləşmələrinin dinc əhalimizə qarşı törətdiyi hərbi təxribatlar, separatçı rejimin mina qurğuları yerləşdirərək polis əməkdaşlarımızın qətlə yetirilməsi faktı ilə bağlı olduğu artıq hər kəsə bəlli. Azərbaycan əsgəri aldığı ali əmrlə, 24 saat tamam olmadan bu düyün nöqtəsini bir dəfəlik kəsib atdı və erməni köçünün startını verdi. Ordumuzun məharətlə, hərbi ustalıqla, mülki əhaliyə xətər gətirmədən apardığı lokal antiterror əməliyyatı, hərb tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hərbi uğur və diplomatik masada dövlətimizin əlini möhkəmləndirən, beynəlxalq aləmdə siyasi iradəsini təsdiq edən fakt göstəricisi idi. 44 günlük zəfərlə başa çatan İkinci Vətən müharibəsinin şanlı tarixinə yeni hərbi uğurun möhürünü vuran 24 saatlıq bu döyüş Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün rəmzinə çevrilməklə, Bütöv Azərbaycan və Turan yolunda başladılan mübarizənin də yeni başlanğıc nöqtəsi oldu. Qələbəmizi həzm etməyən erməni havadarları yenidən beynəlxalq kürsülərdən Azərbaycan əleyhinə məkrli kampaniyalar başlatdı. Fransanın təşəbbüsü əsasında çağırılan BMT sessiyasında, ordumuzun apardığı antiterror əməliyyatına Azərbaycanın doğal haqqı kimi deyil, Qarabağda yaşayan erməni azlığına qarşı “etnik təmizləmə” əməliyyatı donu geydirməyə cəhd etdilər. Avropa İttifaqı da bu müzakirələri başqa formatda davam etdimək fikrinə düşdü. Lakin bu uğursuz cəhdlər Azərbaycan diplomatiyasının gördüyü önləyici tədbirlərlə neytrallaşdırıldı. Artıq nə Qərb, nə də ermənilərin Qarabağda qalmasına maraqlı olan Rusiya başlanan erməni köçünün qarşısını almaq gücündə deyil. Əməlli başlı panika yaşanır. Yaşadığı yerləri niyə tərk etdiklərini, üz tutduqları yerlərdə necə qarşılanacaqlarını ayırd edə bilməyən sadə erməni vətəndaşları məhz indi əsiri olduğu separatçı rejimin iyrənc, korrupsioner, öz soydaşlarının qatili olduğunu anlamağa başlayıb. Tarixin ironiyasına bax. 1988-ci ildən soydaşlarımızı amansız şəkildə, uşağa, qocaya, qadına, xəstəyə baxmadan köçə zorlayanlar, onları ata-baba yurdundan didərgin salanlar bu gün eyni aqibəti yaşayır. Əlbəttə, köç zamanı soydaşlarımıza tətbiq edilən erməni vəhşiliyindən fərqli olaraq onlar rahat şəkildə, heç bir maneə törədilmədən, zor tətbiq edilmədən istədikləri istiqamətdə hərəkət edə bilir. Dünya Azərbaycan əsgərinin sivil vətəndaşlarla mədəni rəftarının, onlara yardım edilməsinin, xəstələrinə tibbi yardım göstərilməsinin canlı şahidi olur. Haqlı qisas hissi mədəni davranışla əvəzlənib. Mülki əhaliyə öz yerlərində qalması, yaşaması üçün ən ideal variantlar təklif edilir. Amma həm Ermənistan rəhbərliyi, həm də Qərb hamiləri çiyinlərində ağır yükə çevrilən, onların dövlət olaraq inkişafını ləngidən Qarabağ iddiasından geri çəkilməyi məqbul hesab edib. Hər şeydən öncə Paşinyanın Qarabağ münaqişəsinin onları Rusiyanın əlində alətə çevirdiyini düzgün dərk etməsi onu Rusiya caynağından qopmaq üçün real addımlar atmağa sövq etdi. Özündən əvvəlki xuntanın qoyub getdiyi bu yükdən xilas olmaq yollarını aramağa başladı və sonda Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə qəti qərara gəldi. Bu baxımdan onun addımları təqdir edilməli, Azərbaycan və Türkiyə Rusiyanın Paşinyanı devirmək planlarının qarşını almaq üçün səy göstərməlidir. İndi qarşıda dövlətimizi görəcəyi mühüm addımlar gözləyir. Dövlət strukturları tədricən formalaşmalı, əhalimizin yenidən məskunlaşması üçün təmizləmə işləri aparmalı, qalan yerli əhalinin reinteqrasiyası üçün onları sakitləşdirən, əmin-amanlığını təmin edən tədbirlərini davam etdirməlidir. Eyni zamanda xarici siyasət sferasında ölkənin mənafeyinin qorunması, nüfuzunun artması, Qarabağ kartından yararlanmaq istəyən qüvvələrə yerinin göstərilməsi üçün diplomatik gedişlərini sürətləndirməlidir. Azərbaycanın Naxçıvanla quru əlaqələrinin bərpa olunmasında mühüm əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılması üçün bütün addımlar atılmalıdır. Döyüş meydanında ordumuzun əldə etdiyi misilsiz uğurları siyasilərimiz diplomatik yollarla masada davam etdirməlidir. Azpolitika.info

Ərdoğan son 10 ildə ilk dəfə Misir səfirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də Misir səfiri Əmir Süleyman Abdülməcid əl-Hamaminin etimadnaməsini qəbul edib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası rəsmi açıqlama yayıb. Administrasiyanın dərc etdiyi şəkillərə əsasən, əl-Hamami qəbula ailəsi ilə birgə gəlib. O, 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Diplomat əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib. Bundan əvvəl Ərdoğan Hindistanda misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə danışıqlar aparıb, Türkiyənin dövlət başçısı iki ölkə arasında mayeləşdirilmiş təbii qaz və nüvə enerjisi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin böyük əhəmiyyətini qeyd edib. Bildirilib ki, görüş zamanı prezidentlər ikitərəfli əlaqələr, ticarət həcminin artırılması, regional və qlobal məsələləri müzakirə ediblər.

Neftin qiyməti 96 dolları ötdü - Son 10 ayda ilk dəfə

Çərşənbə günü Londonun "ICE Futures" birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2022-ci il noyabrın 14-dən bəri ilk dəfə bir barel üçün 96 dolları ötüb.  Fyuçerslər son bağlanışdan bəri 3,01% bahalaşaraq 96,79 dollara satılıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 3,78% artaraq 93,81 dollar/barelə bərabər olub.

Ceyhun Bayramov Sergey lavrovla telefonla danışıb

Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcək. Yenisabah.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey lavrovla telefon danışığı zamanı bildirib. Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini diqqətə çatdırıb. Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.

Qənirə Paşayevanın hazırkı vəziyyəti - VİDEO

Sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi davam edir. Musavat.com xəbər verir ki, bu barədə İTV-nin sujetində bildirilib. Millət vəkilinin qardaşı H.Paşayev bu barədə açıqlama bildirib. Daha ətraflı sujetdə:

General oğlu niyə yalnız poz verib, şəkil çəkdirmək lazım olanda üzə çıxır?..

Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə soxuşdurubsa, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq.  Deyə bilərlər ki, bəyəm , generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz nədənsə, Vardanyanın qoluna girən cavan oğlanı heç görmürük. Deməli, generalın oğlu yalnız  poz verib, şəkil çəkdirmək lazım olanda ortaya çıxıb. DSX-nın öz loqosu ilə yaydığı fotoda generalın oğlu Məmməd Quliyevin və polkovnik Azər Şirinovun Vardanyanın qoluna girdiyi əks olunur. Vallah, belə bir həssas məqamda, 200-ə yaxın şəhidin kim olduğu yenicə dəqiqləşdiyi bir gündə,  bu cür böyük bir uğuru hansısa generalın oğlunun adına yazmaq cəhdinin bir adı var-BİABIRÇILIQ! Bəlkə də, Elçin Quliyevin heç bu şəkilin çəkilməsindən xəbəri olmayıb. Tabeçiliyində olan hansısa yüksək çinli zabit ona “girmək” üçün belə “piar” strategiyası fikirləşib.  Ancaq qulaqlarını açıb eşitsinlər ki, bütün bu reallıqlar və onun tərkib komponenti olan Vardanyanın həbsi : Azərbaycan Dövləti, ona rəhbərlik edən Prezident, Şanlı Ordumuz, Şəhidlərimiz və Qazilərimiz hesabına mümkün olub. Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin! Məhəmmədəli Qəribli,  Azinforum.az İnformasiya Portalının rəhbəri 

"Rus sülhməramlıları Azərbaycandan çıxacaq" - AÇIQLAMA

Ermənistanda baş verən siyasi qalmaqal və Qarabağdakı son antiterror tədbirləri müxtəlif siyasi dairələrdə ciddi müzakirə olunur. Rusiyada da erməni mövzusu gündəmin ən çox müzakirə olunan mövzusudur. Rusiya mətbuatı bununla bağlı müxtəlif səpkili materiallar dərc edir. Rusiyalı siyasi icmalçı, köşə yazarı Alexander Budbergin toxunduğu bəzi məqamları oxucuların diqqətinə çatdırırıq. Budberq qeyd edir ki, Ermənistan cəmiyyəti Qarabağ problemindən bezib və yorulub: "Rusiya sülhməramlısı da Azərbaycanı tərk edəcək. Rusiyada erməni lobbisinin maraqlarını güdənlər bundan sonra susacaq və sakit oturacaqlar. Aydındır ki, Azərbaycanda Qarabağın statusu müzakirə mövzusu deyil. Orada yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının statusu Azərbaycanın digər bölgələrində yaşayan əhalinin statusu ilə eyni olacaq. Ermənistanda bu məsələyə və baş verənlərə sakit yanaşırlar. Bunu İrəvan küçələrində etirazçıların sayından da görmək olar. Bu o deməkdir ki, hətta Ermənistan faktiki olaraq Qarabağ üçün ayrıca status iddiasında deyil. Deməli, Ermənistan cəmiyyəti Qarabağ problemindən bezib".konkret.az)

Bir maraqlı sual da odur ki, Putin Vardanyana görə Azərbaycan hakimiyyətinə ağız açacaqmı?

Vardanyanın ağlı olsa, qaçmağa çalışmazdı, elə qalıb Xankəndidə tutulardı. Bəlkə onda ermənilərin rəğbətini qazanardı. Oysa, köhnə kasıb paltarı geyinib qaçmağa çalışıb.  Məncə o, həbsdə çox qalmayacaq. Ondan nələrisə alıb buraxacaqlar, həm siyasi, həm maddi mənada.  Bir maraqlı sual da odur ki, Putin Vardanyana görə Azərbaycan hakimiyyətinə ağız açacaqmı?  Ya da onu Paşinyana hədiyyə etmək olar - müqavilə imzalanan gün.  İstənilən halda qiymətli qənimətdir.  Eşq olsun Azərbaycan əsgərinə! Mustafa Hacıbəyli

ERMƏNİNİN İKİ ÜZÜ – Osipyan 20 gün əvvəl nə demişdi, indi nə deyir? + VİDEO

Antiterror əməliyyastından sonra Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyərək Qarabağ ərazindən köçən ermənilərin Laçın yolunda yaratdığı tıxaca baxanda adamın gözü qaralır. Tam dolu minik, yük avtomobilləri aramla Azərbaycanın dövlət sərhədinin çıxışına doğru irəliləyir. Kameralar baş verənləri çəkir, göstərir.  Qarabağda yaşayan və ora ərazilərimizə sonradan köçürülən erməniləri çoxumuz ilk dəfə görürük, əksəriyyəti yoxsul, səfalət çində olan insanlardır. Onların qorxaq, miskin və rəzil simalarının arxasında gizlədə bilmədikləri, güclə seziləcək bir nifrət də var, onu hiss etməmək mümkün deyil... Bu aralar Həkəri nəzarət buraxılış məntəqəsində xidmət aparan Azərbaycan sərhədçilərinin işi çox ağırdır. Minlərlə adamın qeydiyyatını aprmaq, yola salmaq fasiləszi iş rejimi tələb edir. Azərbaycanlı jurnalistlər də tarixin bu qiymətli dövrünü zənginləşdirmək üçün Laçın yolundadırlar, fürsətdən istifadə edib köç edən ermənilərə mikrofon uzadırlar. Hamısı “ağıllanıb”, Azərbaycan xalqını tərfiləyirlər, keçmiş günləri yada salırlar, hətta aralarında düşdükləri duruma görə özlərini söyənlər də tapılır... İlk baxışdan hər şey sadə və məntiqlidir, qeyri-adi durum yoxdur. Onların tərifləri, duaları adamda ikrahdan başqa heç bir hiss yaratmır. Məlumdur ki, qeyri-səmimidirlər. Zəif olanda məzlum, yaltaq, güclü olanda qəddar, amansız, qaniçən olurlar. Meşəli qətlimanını törədənlərdən biri, indi Bakıda istintaq təcridxanasında məhkəməsini gözləyən Vaqif Xaçatryan azərbaycanlı həmkəndlilərini öldürməmişdimi?! O, indi saxlanılma şəraitdən razılıq edir, Azərbaycan Prezidentinə minnətdar olduğunu deyir... Vaqif ermənilərin ümumiləşmiş obrazıdır, necə ki, onlardan biri azərbaycanlı jurnalistlərə bəh-bəhlə müsahibə verən Osipyan Slava (Vyaçeslav) Sərkisoviç Xankəndidə “artsax”ın möhtəşəm mübarizəsindən dəm vurur, Laçın yolunda isə Azərbaycana yaltaqlanır. Sərkisoviç sentyabrın 7-də “Hayk media”ya deyir: “Biz artsaxlılar dözümlüyük və cəsarətliyik. Biz dözməliyik, hər şeyə müqavimət göstərmək lazımdır. Qəhrəman artsaxlılar, xatırlayın ki, bizim babalarımız necə yaşayıb. Onlar da bizim kimi olublar, onların da həyatı bizim həyatımıza bənzəyir, lakin onlar qalib gəldilər, biz də qalib gələcəyik”. Sentyabrın 25-də Qarabağdan qaçan həmin Sərkisoviç Azərbaycanın internet kanalına isə başqa şey deyir: “Qorbaçovun beli qırılsın, bütün bunları o edib ki, iki xalq belə olub. Mən Xankəndidə, Bakıda yaşamışam, İrəvanda da olmuşam. -Azərbaycanlılar haqda nə deyə bilərsiniz? -Nə deyə bilərəm ki? Təqsirkar bizik, Allah eləsin müharibə olmasın, hər şey yaxşı olsun. Bakıda oxumuşam, qalmışam, Bakıda çoxlu dostlarım var, onları bu gün də xatırlayıram...”(azpolitika) Ətraflı videoda:

Vardanyandan sonra onlar da tutulmalıdır – Erməni politoloq

“Ruben Vardanyan başına gələn və yaşayacağı hər şeyə layiqdir”. Sozcu.az xəbər verir ki, bu sözləri erməni politoloq Ayk Martirosyan deyib. “Bu gün Ruben bütün erməni satqınlarına dərs olur. Antiermənilər Rusiyaya xidmət etməklə hər şeyə nail olurlar, amma sonra yararsız vəziyyətdə zibilliyə atılırlar, hər şeylərini itirirlər. Ruben birinci olsa da, sonuncu deyil! Qoy Qarabağın keçmiş “liderlərinin”, din xadimlərinin və Ermənistanı məhvə sürükləyən hər kəsin başına eynisi, hətta daha artığı gəlsin”, – erməni politoloq deyib.

Prezident: Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək

Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək. Bu barədə Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin də hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək. Prezident qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

Vardanyan həbs olunacağını bilə-bilə niyə Laçın postundan keçmək istədi? - Səbəblər

Ruben Vardanyan həbs olunacağını bilə-bilə Laçın sərhəd-keçid məntəqəsindən keçməyə çalışıb. O, bunu bildiyi halda niyə Laçın postundan keçmək istəyib? Politoloq Asif Nərimanlı düşünür ki, burada birdən çox mümkün versiya var: "Rəsmi Bakının "qara siyahısı"nda olan Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində həbs olunacağını bilirdi. Bunu bildiyi halda Laçın postundan keçmək cəhdi maraqlıdır. Burada birdən çox mümkün versiya var: Birincisi, Ruben Samvel Babayanın gedişindən sonra şansını yoxlamaq istəyib; İkincisi, Rubenə Laçın postunda həbs ediləcəyi təqdirdə, sonradan buraxılması ilə bağlı kimlərsə vəd verib: vədi verən böyük ehtimalla Rusiyadır; Üçüncüsü, Ruben Rusiya və Avropadakı əlaqələrinə güvənir və hesab edir ki, "dostları" onu darda qoymayacaq; Vardanyanın həbs riskinə rəğmən, Laçın postundan keçmək istəyi də diqqət çəkir. Bunun Xankəndindəki vəziyyətlə bağlı olduğu ehtimalı böyükdür. İstisna deyil ki, yaxın günlərdə separatçılar özlərini buraxacaq və ruslar Rubenə, eləcə də haqlarında cinayət işi açılmış digər separatçılara onları qoruya bilməyəcəklərini deyiblər. Rubenin qaçmaq üçün özünü riskə atması bundan qaynaqlana bilər".

Xoş xəbər: Ukrayna ordusu bu ərazilərdən rusları çıxardır

Ukrayna hərbçiləri Baxmutun cənubunda əməliyyatı davam etdirir. Xüsusilə, ordu Baxmut-Qorlovka magistralını nəzarətdə saxlayır və hərəkət edən Rusiya texnikalarını sıradan çıxarır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş bildirib. Onun sözlərinə görə, son 24 saat ərzində ukraynalı hərbçilər Kleşçievka, Odradovka və Şum yaxınlığında uğurlar əldə ediblər. Orada Ukrayna Silahlı Qüvvələri hücumu davam etdirir və rusları işğal etdikləri ərazilərdən sıxışdırıb çıxarır.

SON DƏQİQƏ: Qarabağdakı qanunsuz rejim ermənilərə müraciət etdi

Qarabağdakı qanunsuz rejim ermənilərə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: "Bütün əhali Ermənistana köçənə qədər biz sizi mənzillərinizi, mağazalarınızı və digər mühüm obyektlərinizi yandırmamağa çağırırıq. Bu çətin dövrdə məsuliyyətli olun və təhlükəsizlik qaydalarına əməl edin".

Quldur Vitali Balasanyan da HƏBS OLUNDU: Bakıya gətirilir

Qarabağda qondarma rejimin “təhlükəsizlik şurasının sədri” vəzifəsində çalışmış Vitali Balasanyan Ermənistana gedərkən Laçın nəzarət-buraxılış məntəqəsində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Balasanyan Bakıya gətirilir. Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub. Qeyd edək ki, bu gün qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Şok: İran Qarabağdan qaçan silahlıları Təbrizə aparır

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi anti-terror əməliyyatlarından sonra bölgədən qaçan qanunsuz erməni silahlılarının bir qisminin Təbrizə aparıldığı bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti 27 sentyabr tarixində məlumat yayıb. Bildirilib ki, 60 erməni silahlısı SEPAH-ın Təbriz ətrafında yerləşən Xasavan kəndi yaxınlığındakı "Əl-Zəhra" kazarmasına köçürülüb. İHA, SİHA, tank, raket, sızma, təxribat və s. daxil olmaqla, çoxşaxəli hərbi təlimlər keçəcək terrorçuların sayının 1000 nəfərədək artırılacağı qeyd edilir. Təlimlərin başa çatması və terrorçuların hazırlanmasından sonra SEPAH-ın onların Zəngəzur bölgəsinə yerləşdirilməsini planlaşdırıldığı qeyd edilir.

Ukrayna ordusu raket zərbəsilə Rusiyanın Xerson yaxınlığındakı hərbi qərargahını məhv edib

"Müşavirə vaxtından əvvəl başa çatıb, 8 zabit "200", 7 zabit "300" statusuna "layiq görülüb"..." "HIMARS raketi qərargah zabitlərinin gündəlik müşavirəsinin "iştirakçısı" olub..." Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Ukrayna Müdafiə Qüvvələrinə ötürülən məlumata görə, Ukrayna artilleriyaçılarının dəqiq raket zərbəsilə Rusiyanın Xerson yaxınlığındakı hərbi qərargahı məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə "news.liga.net" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, zərbə nəticəsində səkkiz rusiyalı zabit həlak olub, daha yeddi nəfəri yaralanıb. Zərbə HIMARS yaylım atəşli reaktiv sisteminin raketi ilə endirilib. "Ukrayna Təhlükəsizlik Xidmətinin yönləndirilməsi sayəsində HIMARS raketi Rusiyanın 70-ci motoatıcı diviziyasınım 24-cü motoatıcı alayı zabitlərinin gündəlik müşavirəsinin "iştirakçısı" olub", - Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib. "Müşavirə vaxtından əvvəl başa çatıb: səkkiz zabit "200", yeddi zabit "300" statusuna "layiq görülüb", - məlumatda deyilir. Mənbələr həmçinin bu yaxınlarda Xerson yaxınlığındakı müvəqqəti idarəetmə məntəqəsində baş vermiş partlayışın videosunu yayıb. Bundan öncə məlumat verilib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin dəyərləndirməsinə görə, son bir neçə itkilərdən sonra Rusiyanın Qara dəniz donanması Ukraynanın dəniz blokadasının effektiv şəkildə həyata keçirmək imkanını itirib, lakin hələ də dəniz mənzilli raketlərlə atəşlər həyata keçirə bilər. O cümlədən Britaniya kəşfiyyatı qeyd edib ki, Rusiya donanmasına sentyabrın 20-si və 22-də qərargahlarının məhv edilməsinin kulminasiyası olan ciddi zərbələri bu müharibədə daha dağıdıcı və koordinasiyalı olub.

"Separatçıların keçmiş lideri Ruben Vardanyanın Xankəndindən çıxarılması üçün müzakirələr gedir" - Babayandan ŞOK AÇIQLAMA

"Separatçıların keçmiş lideri Ruben Vardanyanın Xankəndindən çıxarılması üçün müzakirələr gedir".  Sozcu.az xəbər verir ki, bu iddianı Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan səsləndirib.  O qeyd edib ki, Ruben Vardanyanın Xankəndindən çıxarılması üçün Rusiya ilə Azərbaycan arasında danışıqlar aparılır. Seperatçı iddia edir ki, Rusiya öz agenti olan Ruben Vardanyanın Qarabağdan çıxarılmasına görə Azərbaycana xahişlə müraciət edib.

Babayan Xankəndidən necə gedə bildiyini açıqladı

Dinc azərbaycanlılara qarşı qətliamlarda iştirak edən, vaxtilə separatçı-terrorçu xuntanın “rəhbərliyində” təmsil olunan Samvel Babayan Azərbaycanı necə tərk edə bildiyinə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Babayan bildirib ki, əvvəlcə Ağdərədən Xankəndiyə gəlib, daha sonra isə İrəvana gedən karvana qoşulub: “Maşından düşüb (postda – red.) Azərbaycan polisləri ilə salamlaşdım, 15 metr getdim, orada bir polis də dayanmışdı, onunla da salamlaşdım, maşın skanerdən keçəndən sonra oturub keçdim. Müfəttişlər 30 yaşlı gənclərdir, məni tanımırdılar. Heç kimin pasportunu da yoxlamırlar”. Babayan həmçinin maskalanaraq postu keçdiyi barədə məlumatları təkzib edib.

Babayan sirləri açıb-tökdü: Araik, Ruben – hamısı rus agentidir

Birinci Qarabağ müharibəsinin iştirakçısı, mülki azərbaycanlılara qarşı qəddarlığı ilə seçilmiş Samvel Babayan Xankəndidəki separatçılar haqda bir çox etiraflar edib. Sozcu.az xəbər verir ki, Ermənistan İctimai Televiziyasına müsahibəsində o, separatçı-terrorçu rejim başçılarının hamısının Rusiya FSB-sinə bağlı olduğunu deyib. O bildirib ki, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan hamısı FSB casuslarıdır: “Keçmiş “prezidentlər” də casuslardır: Araiki çıxarıb, yerinə başqa casusu (Şahramanyan nəzərdə tutulur – red.) gətirdilər. Ruben Vardanyanı (Xankəndiyə göndərilən və burada bir müddət “dövlət naziri vəzifəsini” tutan rusiyalı milyarder – red.) da Rusiya göndərib. İndi Rusiya (Azərbaycana – red.) müraciət edib ki, Ruben Vardanyanın ölkədən çıxmağına imkan verilsiun. Niyə o, əvvəllər Rusiyanın agenti olmadığını deyirdi?”