Sentyabrın 28-də Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə ittiham olunan 5 nəfər – general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi təyin olunub.
Globalinfo.az-a daxil olan məlumata görə məhkəmə prosesi növbəti dəfə təxirə salınacaq.
Səbəb isə ötən 2 həftə ərzində dəyişməyib – iş üzrə təqsirləndirilən şəxs statusunda mühakimə olunan polkovnik-leytenant Ziya Kazımov Qarabağda həyata keçirilən antiterror əməliyyatlarında komando qruplarından birinin komandiridir. Azərbaycan və Türkiyə hərbi təhsil ocaqlarında ali təhsil almış Ziya Kazımov hazırda komando qrupu ilə birgə Xankəndi ətrafında separatçı tör-töküntülərinin zərərsizləşdirilməsini həyata keçirir.
Bu səbəbdən də Sumqayıta gəlib prosesə qatıla bilmir. Bundan əvvəlki, sentyabrın 14-ə təyin olunan prosesə də bu səbəbdən qatıla bilməmişdi.
Ötən gün onun vəkili məhkəməyə müraciət edərək müvəkkilinin döyüş tapşırığını yerinə yetirməsi səbəbilə prosesin qeyri-müəyyən vaxta kimi təxirə salınmasını xahiş edib.
Ümumilkdə isə artıq proses sona çatmaq üzrədir.
Təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini deyiblər. Növbə general-mayor Bəkir Orucovdadır. O və vəkilləri çıxış etməlidirlər.
Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə kompleksində keçirilən proseslərdə Ziya Kazımovun epizoduna dair 62 zərərçəkmiş, 35 şahid və 4 təqsirləndirilən şəxs ifadə verib və onun günahsız olduğunu deyiblər. Bununla belə prokuror Vüsal Mehrəliyev Ziya Kazımova 12 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Hazırda iş üzrə məhkəmə istintaqı bitib.
İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb, müxtəlif növ işgəncələr tətbiq olunub.
İşgəncə nəticəsində bir nəfər – leytenant Adil Sabirli həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.