"Krestı" həbsxanasını "Rusiyanın Bastilyası" adlandırırlar. Çoxlu sayda siyasi məhbusun məhbus həyatı yaşadığı bu həbsxana yuxarıdan baxanda xaçlara bənzəyir. Bu səbəbdən məhbuslar buranı rusca cəm şəklində "Кресты" adlandırırlar. 1905-ci il inqilabından sonrakı dövrdə “Xaçlarda” siyasi məhbuslar üstünlük təşkil etməyə başladı.
Onun kameralarında Leon Trotski, Aleksandr Kerenski, Lev Qumilyov, Lev Kamanev, Anatoli Lunçarski kimi simalar məhbus olublar.
Rus Bastilyası "Krestı" həbsxanasının əsası 19-cu əsrin sonlarında Sankt-Peterburqun Vıborq tərəfində qoyulub. Rus əsilli Çexiya memarı Antoniy Osipoviç Tomişkonun layihəsi əsasında 1884-cü ildən 1892-ci ilə qədər tikilib. Əvvəlcə 960 kamerada yerləşdirilməsi planlaşdırılan 1150 məhbus üçün nəzərdə tutulub. Daha sonra tək hücrələr kimi dizayn edilmiş hüceyrələrin sayı 999-a çatdırlıb.
Əlimərdan bəy Topçubaşinin "Krestı" həbsxanasında məhbusluq həyatı 1-ci Dumanın sabiq deputatı kimi "Vıborq bəyannaməsi"nə imza atdıqdan sonra məhkəmənin qərarı ilə baş vermişdir. Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Bakı quberniyasından seçilənlərdən biridə Əlimərdan bəy Topçubaşi idi.
Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovmuşdur. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və Kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. Deputatlar Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin Vıborq çağırışını 6 müsəlman deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə "Krestı"də həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən də xaric edilmişdir. Onunla birgə bu sənədə Yelizavetpol quberniyasından deputat seçilmiş İsmayıl Xan Ziyadxanlıda imza atmışdı.
Birinci Dövlət Dumasının keçmiş üzvlərinin iclası 1906-cı il iyulun 9-10-da ( 22-23 iyul ) Vıborqdakı Belvedere mehmanxanasında keçirildi Dumanın bütün fraksiyalarından təxminən 220 keçmiş deputat iştirak edirdi.
"Vıborq bəyannaməsində" bu sözlər qeyd olunmuşdur:
Vətəndaşlar!
Xalq təmsilçiliyinin tapdalanmış hüquqlarının müdafiəsinə qalxın, Dövlət Dumasının müdafiəsinə qalxın. Rusiya bir gün belə xalqın təmsilçiliyindən məhrum qalmamalıdır. Buna nail olmaq üçün bir yolunuz var: Hökumətin xalq nümayəndələrinin razılığı olmadan xalqdan vergi toplamaq və ya xalqı hərbi xidmətə çağırmaq hüququ yoxdur. Buna görə də, indi Hökumət Dövlət Dumasını buraxdığına görə, ona nə əsgər, nə də pul verməmək hüququnuz var.
May ayının 8-də Əlimərdan bəyi paytaxt polislərinin əhatəsində faytonla “Krestı” həbsxanasına gətirdilər.
Tarixçi Cəmil Həsənli "Tarixi şəxsiyyətin tarixi - Əlimərdan bəy Topçubaşov " kitabında(səh 188) yazır ki, “Krestı” həbsxanasında Əlimərdan bəy təkadamlıq kamerada yatırdı. Məhz özünün yazdığı kimi, o, 1908-ci ilin iyul ayında Osmanlı imperatorluğunda baş vermiş “Gənc türklər” inqilabının qələbəsi haqqında “sevincli xəbəri” də elə həbsxana divarları arasında eşitdi. O, Türkiyədə konstitusiyalı sistemin tətbiqini çox yüksək qiymətləndirir və gənc türklər hərəkatına rəğbətlə yanaşırdı. “İttihad və Tərəqqi” partiyasının 1908-ci ilin yayında qan tökmədən inqilab etməsi tarixin son dərəcə nadir hadisələrindən biri idi. İyul ayının 24-də Türkiyədə Osmanlı millətçiləri konstitusiyanın əldə edilməsinə nail olanda Rusiya Dumasının birinci müsəlman deputatlarının ən qabaqcıl nümayəndələri hələ imperiyanın müxtəlif həbsxanalarında oturmaqda idilər. Həmçinin Cəmil Həsənli öz kitabında( səh189-190) qeyd edir ki, Əlimərdan bəy “Krestı” həbsxanasında dünya tarixinə, ədəbiyyatına və fəlsəfi fikrinə aid son illərdə nəşr olunmuş çoxlu kitab oxumuşdu. O, çox səliqə ilə “Krestı” həbsxanasında mütaliə etdiyi kitabların siyahısını tutmuşdu. Üç ay ərzində onun 50-yə qədər kitab oxuması adamı heyrətə salır. Kitabların mövzu dairəsi çox rəngarəng idi. Burada Avropa tarixindən tutmuş Şərq ədəbiyyatına, xristian təlimlərindən tutmuş islam mədəniyyətinə qədər geniş bir dairə əhatə edilmişdi. Bu kitabların bir hissəsi XX əsrin əvvəllərində müxtəlif Avropa dillərindən rus dilinə tərcümə olunmuşdu və dövrün qabaqcıl ideyalarını özündə əks etdirirdi. Bu kitablar onun maraq dairəsi haqqında aydın təsəvvür yaradır və geniş dünyagörüşündən xəbər verirdi. Onun mütaliə etdiyi kitabların siyahısında S.Arnoldinin “Mədəniyyət və vəhşi tayfalar”, N.Kareyevin “Dünya tarixinin ümumi gedişi”, B.Çiçerinin “Qədim və yeni dünyanın siyasi mütəfəkkirləri”, Arnold Bergerin “Reformasiyanın mədəni vəzifələri”, Veyzerin “Yaponiya bizim günlərimizdə”, fon Ziboldun “Yaponiyada islahatlar”, M.Solovyevin “Polşanın süqut tarixi”, “I Aleksandr və I Napoleon”, “Şərq məsələsi”, “Din və tərəqqi”, B.Pavloviçin “Tatarçılığın qəddar dövrü”, V.Berenştamın “Siyasətə yaxın”, Hüquq uğrunda”, M.Kovalevskinin “Rusiyanın iqtisadi quruluşu”, Şlezingerin “XX əsrin əvvəllərinin qadınları”, Belyavskinin “Köhnə və yeni etiqadlar”, E.Renanın “İisusun həyatı”, “Mark Avreli” və “Apostollar”, Q.Senkeviçin “Tufan” və “Hara gedirsən?”, N.Şelqunovun “Təzadlar ölkəsində. Türküstan”, E.Vodovozovanın “Türklər, bolqarlar, serblər”, R.Qamsunun “Aclıq”, F.Beyerleynin “Yena və ya Sedan?”, E.Reklünün “Hindistan və Hindiçin”, “Ön Asiya: Əfqanıstan, Bəlucistan, İran, Asiya Türkiyəsi və Ərəbistan”, A.Budiloviçin “Özgə xalqların təhsil məsələləri”, V.Çerevanskinin “Müsəlman sünni məzhəblərin işləri üzrə qeydlər”, Q.Lisonkovun “Torpaq məsələsi”, L.Tolstoyun“Torpaq məsələsinin yeganə mümkün həlli”, O.Mirabonun “İşgəncəbağı”, “Sebastian Rok” və “Ev qulluqçusunun gündəliyi”, F.Bred Hartın “Hekayələr”, Cerom Klapka Ceromun novellaları, Qraf Amorinin “Yapon sarayının gizlinləri”, Stendalın “Vaiz”, A.Blokun şeirləri, N.Kareyevin “Yeni tarix”, B.Börnsonun Norveç hekayələri və povestləri, Q.Beloqlovskinin Loris Melikovvə digərləri haqqında xatirələr, M.Qorkinin “Tövbə”, A.Kuprinin povest və hekayələri, İ.Potapenkonun povest və hekayələrinin adları var idi.
1908-ci il avqust ayının 8-də Topçubaşi "Krestı" həbsxanasından azad edilmişdir.
Ceyhun Nəbi