Azərbaycana hərbi təlimlər keçmək üçün gəlmiş ilk 3 türk zabitindən biri, Nuri Paşanın hərbi heyətində təmsil olunan, Qafqaz İslam Ordusu zabitlərindən, keçmiş İzmir valisi Müzəffər Tuğsavul paşa "Sovetlərlə üz-üzə" adlı kitabımdan:
Azərbaycanlı siyasi mühacir Əsgər Aras onun vəfatı ilə bağlı yazmış olduğu “İtirdiyimiz böyük adam” məqaləsi Müzəffər Tuğsavul paşa haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyət kəsb edir. Həmin kiçik məqaləni tam olaraq burada verirəm :
“ Orgeneral Tuğsavul hərtərəfli mükəmməl bir insandı. Mən burada bu böyük insanın yaxından tanıdığım türkçülük vəsfini anlatmaq istəyirəm.
Möhtərəm orgeneral, hələ çiçəyi burnunda təzə bir əsgər ikən, tale ona özü kimi üç gənc dostu ilə Azərbaycanın acı günlərində bu ölkəni başdan-başa qət edərək tətkiklərdə olmaq imkanını bəxş etmişdir.
Söhbətlərimizdə daima mənə “İştə Türklük bütün şahlanışı ilə bu səyahətimdə mənim mənliyimə işlədi” – deyər və Allaha şükür edərdi.
Azərbaycanda ikən günü gününə yazdığı 3 ədəd böyük not dəftərini daima çalışma masasının gözündə diqqətlə saxlar və özünü hər ziyarət etdiyimdə bunlardan parçalar oxumaqla özünü həyəcana gətirər, gözlərini yaşardardı: “Bu mövqeyə gəldim, o günlərdəki kimi içdən qarşılanmanı nə gördüm, nə də görə biləcəyimi təxmin edirəm” deyirdi. “Bizə kəsilən saysız qurbanlarımı, Türk əsgərlərini gördükləri üçün üzlərini qibləyə çevirib səcdəyə qapananlarımı, yoxsa yeddisindən yetmişinə qədər qatıldıqları möhtəşəm alaylarla əl üstündə daşınmamızımı anladım” deyər və bütün bunları təsvir edən not dəftərini həyəcanla oxuyardı. İştə Bərdə qəsəbəsinə girərkən ayaq izlərimizə üz sürtmək istəyən ixtiyar nənənin qırışlı əlini necə alıb öpdüyünü oxumağa başladı.
Heç unutmaram, vali olaraq İzmirə gedəcəyi günlərin ərəfəsində idi. Bir gün mənə küçədə rast gəlmiş və düşüncəli olduğumu təxmin edərək “Nə düşünürsən Aras, mən Aras çayını 4 dəfə keçdim, beşinci dəfə keçəcəyim mütləqdir” – deyib mənə təsəlli vermişdi.
Müzəffər Tuğsavul 1894-cü ildə Binqazidə doğulmuşdu. Atası Əhməd Vəqif bəy, anası Sidiqə xanımdır. 1912-ci ilin sentyabr ayında hərbi məktəbə girmiş, 1914-cü ilin iyul ayında həmin məktəbi bitirmişdi. 1915-ci ildə Teğmən, 1916-cı ilə üstteğmən olmuşdu.
Həmin zamanlarda Azərbaycanda vəziyyət çox gərgin idi. Daşnaklar bir tərəfdən, bir tərəfdəndə Bolşeviklər Azərbaycanı çıxılmaz vəziyyətə salmış¬dılar. Gəncə Milli Komitəsi bu təhlükələri önləmək üçün tədbirlər görürdü. Bu işdə Osmanlı Ordusu zabitlərindən, əslən Azərbaycan türklərindən olan Hüsaməddin Tuğaç xüsusi yardımlarda bulundu. Azərbaycanda milli kadrların, hərbiçilərin hazırlan¬ması üçün Osmanlıdan zabitlərin dəvət edilməsi istiqamətində işlər görürdülər. Hüsaməddin Tuğaç bununla bağlı xatirələrində qeyd edir :
“Gəncəyə gəldiyim günlərdən bu yana 3-cü ordumuzla əlaqə qurmaq üçün bir çarə tapmamışdıq. Ancaq Sarı Ələkbər İmamquluoğlunun İran üzərindən göndərdiyi adamlar müsbət nəticəyə vardılar. 6-cı ordu ilə əlaqə quruldu. Bir müddət sonra bu ordudan Topçu teğmeni Müzəffər Tuğsavul ilə Teğmən Midhət bəy Gəncəyə gəldilər”.
Gəncədə olduğu müddətdə Müzəffər paşa xüsusi hörmət qazanmış, xalqın yaddaşında özünəməxsus yer tutmuşdu. Azərbaycan Cümhuriyyəti Əksinqlabla Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxza-manlı Müzəffər bəyin mübarək simasını unutmamış, hətta onu Türkiyədə gördükdə aralarında köhnə xatirələrlə bağlı çox maraqlı bir söhbət olmuşdu. Nağı bəy xatirələrində qeyd edir :
“Müzəffər bəyə 1936-cı ildə İstanbulda rast gəldim. Bu necə olmuşdu. Maraqlandığım bu hadisə xatirimdən asan-asan silinməz. Bir də, bir dəfə gördüyüm və maraqlandığm bir şəxsi aradan nə qədər zaman keçsədə, təsadüfən gördüyüm zaman tanıya-ram. Bir gün İstanbul Sirkəçidən keçirdim. Qarşıdan gənc və yaraşıqlı bir Genral gəlirdi. Generalı seyr edən zövq alır və çox diqqətlə baxırdım. Göz-gözə gəldik və geçdik. Fəqət mən yanılmadığıma əmin idim. Dərhal geri dönərək “Paşam bağışlayın, sizin adınız Müzəf-fərmi?” soruşdum. Mənə diqqətlə baxdıqdan sonra “Bəli” dedi. Mən “Paşam, 20 ildir bir-birimizi görmə-dik, məni tanıya bildinizmi ?” soruşdum. Paşa məni tanımamışdı. Bunun üzərinə “Mən Gəncəli Nağıyam paşam” dedim. O vaxt mənə “Biradər, bığsız da Nağı olarmı?” dedi. Birbirimizə sarıldıq, öpüşdük.
Müzəffər Tuğsavul həmin zamanlarda Azərbay-canı yaxşı tanıyır və Azərbaycana qarşı böyük sevgisi yaranmışdı. Əvvəlcə qeyd etdiyim kimi O Qafqaz İslam Ordusu Komandanı Nuri Paşanı müşayət edən dəstənin tərkibində Azərbaycana gəlmişdi. Nuri Paşanın qərargahında Müzzəfər Tuğsavulda var idi. Onunla birlikdə Qərargahda qərargah minbaşı Nazim bəy (Kütahyada şəhid olmuş), Tofiq bəy (cumhur-başkanının əski ümumi katibi), qərargah minbaşı qərargah minbaşı Naim bəy, topçu komandanı minbaşı Kamal Doğan (əski Kirklareli məbusu), Ordu yavəri leytenant Asif Əfəndi (Qılınc Əli bəy), süvari yüzbaşı Ədirnəli Sami (Atatürkün yavərlərindən minbaşı Sami Yanardağ), Əhməd Ağaoğlu (Siyasi müşavir).
Müzəffər Tuğsavul Qafqaz İslam Ordusu tərkibin-də Azərbaycanda olarkən xidmətləri ilədə fərqlən-mişdi. O, 1918-ci il sentyabr ayının 3-də təltif edilən Omanlı ordusu zabitlərindən biri olaraq 5-ci qılınclı Məcidiyyə ordeni ilə təltif edilmişdi.
Müzəffər Tuğsavul 1920-ci ilin may ayında Anadoluya keçmiş və milli orduya qatılmışdı. O həmin zaman Hərbi Məktəbdə təhsil alırdı. Bu səbəbdən hərbi təhsili yarımçıq qalmışdı. 1923-cü ilin oktyabr ayının 11-də yenidən Hərbi Məktəbə qayıtdı və həmin məktəbi 1925-ci ilin avqust ayının 8-də bitirərək qərargah zabiti olmuşdu. Müzəffər Paşa 1939-cu ilə qədər müxtəfil vəzifələrdə çalışaraq, hərbi məktəblər-də dərslər verərək 1939-cu ildə Tuğgeneral, 1941-ci ildə Tümgeneral, 1944-cü ildə Korgeneral, 1948-ci ildə Orgenerallığa qədər yüksəlmişdi. 1952-ci ilin yanvar ayının 27-dən may ayının 15-ə qədər İzmir Valisi vəzifəsində bulunmuşdu.
Müzəffər Tuğsavul paşa 1952-ci ilin may ayında bizlərdən ayrıldı (Məzarı Ankara Cəbəci şəhitliyin-dədir, C.N). Onun vəfat xəbəri həm türkiyəli qardaşlarımızı, həmçinin onu tanıyan azərbaycanlı siyasi mühacirləri kədərləndirmişdi.
Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi