Prezident 2 fərman imzaladı

16:55

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sozcu.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 dekabr tarixli 244 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 55-4-cü hissə əlavə edilsin:

“55-4. Məcəllənin 517-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

55-4.1. əmlaka zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulmasına münasibətdə:

55-4.1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

55-4.1.2. inzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

55-4.2. əhalinin sağlamlığına zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə:

55-4.2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – bu Siyahının 3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

55-4.2.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından – bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

55-4.3. ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – bu Siyahının 19-cu hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

55-4.4. qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə yardım göstərilməməsinə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından – fövqəladə hallar naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə rəisi, onun müavini, idarə rəisi, onun müavini, regional mərkəzlərin rəisləri, onların müavinləri, Mülki Müdafiə Qoşunlarının komandanı, onun müavinləri, Mülki Müdafiə Qoşunları hərbi hissələrinin komandirləri, onların müavinləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, onun müavinləri, Xüsusi Riskli Xilasetmə Xidməti hərbi hissələrinin komandirləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, onun müavinləri.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 227 (Cild I) 1.1-ci bəndi ləğv edilsin.

Share on Facebook