Vəhşilik: Ermənilər itə partlayıcı bağlayıb təxribata əl atdı - Foto

Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Bu barədə  Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk", - MN-in məlumatında deyilir.

İYİ Partiyanın deputatı: "Rus sülhməramlıları Qarabağı tərk etməlidir"

“İYİ Partiya bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyir”. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin İYİ Partiyasının deputatı, professor Mehmet Akalın Demokrat.az-a müsahibəsində deyib. Türkiyəli millət vəkili ilə sözügedən müsahibəni təqdim edirik: – Mehmet bəy, İYİ Partiya gələn il keçiriləcək bələdiyyə seçkilərinə necə hazırlaşır? Hədəfləriniz nələrdir? – İYİ Partiya Türkiyədə iqtidar olmaq üçün qurulan siyasi partiyadır. İqtidara gəlmək və seçkiləri qazanmaq üçün əlimizdən nə gəlsə, edəcəyik. Bu mənada, qarşıdakı bələdiyyə seçkiləri üçün də bütün təşkilatlarımız parlament və prezident seçkilərindən sonra yenidən meydanlara qayıdaraq çalışmalar həyata keçirirlər. Partiya sədrimiz Meral Akşener də çalışmaları yaxından izləyir. Bələdiyyə sədrliyi üçün namizədlər də artıq yavaş-yavaş ortaya çıxmağa başlayır. Partiyamız 81 vilayət, 922 rayon və bütün bələdiyyələrdə öz namizədi ilə seçkiyə girərək, türk millətinin etimadını qazanacaq. Nəticə etibarilə, bütün Türkiyə üzrə iddialıyıq. – Maraqlıdır, İYİ Partiya nə üçün bələdiyyə seçkilərinə təkbaşına girməyə qərar verdi?  – İYİ Partiya Türkiyəni idarə etmək, iqtidara gəlmək arzusu olan partiyadır. Əslində, siyasi partiyaların qurulma səbəbi də məhz budur. Təbii ki, partiyamız bələdiyyə seçkilərinə təkbaşına girməklə bağlı da qərar verə bilər. Biz İYİ Partiya olaraq heç bir zaman tək adam təfəkkürü ilə qərar verməmişik. Partiyamızın səlahiyyətli orqanları seçicilərimizin düşüncələrini dinləyərək qərarlar verir. Həmçinin, biz heç bir siyasi partiyanın “ehtiyat oyunçusu” və ya “dəyənəyi” olmadığımızı deyirik. Ona görə də Türkiyəni idarəetmə hədəfi olan bir partiyanın bələdiyyə seçkilərinə də təkbaşına girmək qərarı olduqca normaldır. Biz həm də seçiciləri ittifaqlara məcbur etməyin doğru olmadığını düşünürük. Üstəlik, hansısa ittifaq olmadan bütün siyasi partiyaların bərabər rəqabət içərisində namizədi ilə mübarizə aparmasını istəyirik. Çünki biz ittifaq olaraq seçkiyə girmə inancımızı itirmişik. Eyni zamanda, bu vəziyyətin seçicilər üçün daha doğru olacağını proqnozlaşdırırıq. Öncəki bələdiyyə seçkilərində İYİ Partiya 20-22 rayonda bələdiyyə qazandı. Amma ittifaq olaraq İstanbul və Ankara olmaqla bir çox böyük şəhərlərdə qalib gəldik. Lakin mütəmadi olaraq bunu davam etdirmək doğru deyil. Onda siyasi hədəflərinizdən və arzularınızdan imtina etmiş olursunuz. Əlbəttə ki, İYİ Partiyanı digər partiyalara seçki qazandırmaq üçün qurmamışıq. Biz özümüz iddialı partiyayıq. Xüsusilə, son seçkidən sonra qazanılan bələdiyyə sədrləri ittifaq deyil, Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə sədri kimi çalışırlar. Biz də bunun fərqindəyik. Ona görə də hər kəsin göbəyini özünün kəsməyini istəyirik. – Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının son zamanlardakı təxribat xarakterli addımları ilə bağlı nə düşünürsünüz? – Bildiyimiz kimi, Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli Bəyanatına əsasən, 5 il müddətinə müvəqqəti olaraq Qarabağa yerləşdirilib. Onların müddəti isə 2025-ci ildə başa çatır. Sülhməramlıların daha 5 il bölgədə qalması üçün isə Rusiyaya təxribatlar lazımdır. Çünki həm bölgədəki insanlara, həm də beynəlxalq ictimaiyyətə demək istəyirlər ki, rus sülhməramlıları buradan çıxarsa, regionda şiddətli müharibə olar və Qarabağdakı ermənilər zərər görər. Onlar bu istiqamətdə təbliğat aparırlar. Sadəcə Ermənistanda hərbi bazası olan Rusiya İkinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti bəhanə edərək Xocalı və Xankəndi kimi strateji bölgələrə hərbçilərini yerləşdirib. Kreml  bölgədə ona ehtiyac olduğunu, Rusiyasız sülhün mümkün olmayacağını, Qafqaz və Xəzər dənizi ətrafının təhlükəsizliyinin onun məsuliyyətində olduğunu göstərməyə çalışır. Çarlıq və Sovet dönəmindən qalan bu hamilik anlayışı Rusiya Prezidenti Vladimir Putin tərəfindən də hələ davam etdirilir. Son günlərdə artan təxribatlar, xüsusilə Azərbaycanın Laçın yolunun girişinə nəzarət-buraxılış məntəqəsi qurması ilə daha da alovlanıb. Azərbaycan Rusiyanın təxribatlarına qarşı çox diqqətli olmalıdır. Xüsusilə, beynəlxalq ictimaiyyətə doğru məlumat verilməsi və xarici nümayəndələrin bölgəyə gəlməsi cəhətdən fəaliyyətlər davam etdirilməlidir. – Dediyimiz kimi, sülhməramlıların müddəti 2025-ci ildə başa çatacaq. Sizcə, rus sülhməramlıları 2025-ci ildə və ya daha əvvəl göndərilməlidir? – Bölgədəki sülhün, sabitliyin və təhlükəsizliyin sadəcə özünün vasitəsilə təmin olunacağını düşünən Rusiyanın buradan uzun müddət çıxmamaq niyətində olmadığı anlaşılır. Onların bölgədəki fəaliyyətlərinə baxanda da bunu açıq şəkildə görmək mümkündür. Rəsmi Moskva Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək və Azərbaycan ilə Ermənistan arasında imzalanan atəşkəsin davam etməsi üçün özünün bölgədə olmasının lazım olduğunu düşünür. Hətta rus sülhməramlılarının 2025-ci ildən sonra da bu strateji bölgədən çıxmaq niyətinin olmadığı görünür. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, rəsmi Bakı üçün “Qarabağ problemi” adlı bir məsələ qalmayıb. Çünki Qarabağda məskunlaşan mülki ermənilər Azərbaycan vətəndaşıdır. Onlar da Azərbaycan vətəndaşları ilə eyni haqlara sahibdirlər. Lakin hansısa başqa bir düşüncəyə və yaxud da “status”a fürsət verilməyəcək. Azərbaycan dövləti bölgədə təhlükəsizliyi təmin edəcək gücə və iradəyə sahibdir. Bunun üçün də bölgədə rus sülhməramlılarına ehtiyac qalmayacaq. – Hazırda Azərbaycanın tarixi şəhəri olan Xankəndidəki separatçı erməni rejim təxribata əl ataraq, Azərbaycanın humanitar yardımlarından imtina edir və göndərdiyimiz yardımları qəbul etmir. Buna baxmayaraq, Xankəndidə guya “humanitar böhran” olduğunu iddia edirlər. Necə “böhran” var ki, Azərbaycanın 40 tonluq yardımı qəbul edilmir? Ümumiyyətlə, son baş verənlərlə bağlı İYİ Partiyanın mövqeyi necədir? – Xankəndidə yaşayan separtaçı ermənilər təxribatlarına davam edirlər. Onlar beynəlxalq aləmə Azərbaycanın “humanitar böhran” yaratdığını iddia edirlər. Lakin bunun belə olmadığını tərəfsiz beynəlxalq təşkilatlar və dövlətlər bilir. Mətbuatda çıxan xəbərlər də reallığı dəstəkləyir. Azərbaycan hakimiyyəti Xankəndidəki vətəndaşlarının ehtiyaclarını qarşılamaq üçün hər cür yardımı etməyə hazırdır. Rəsmi Bakı bu istiqamətdə hərəkətə keçsə də, özlərini “məzlum” kimi təqdim edən ermənilər Azərbaycan əleyhinə təbliğat aparmağa davam etdilər. Biz İYİ Partiya olaraq Azərbaycanın yaxşı niyyətini görürük və qardaş ölkəmizi dəstəkləyirik. – Bəs, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana açıq şəkildə dəstək olmasını və həddini aşaraq Azərbaycanı təhdid etməyini necə dəyərləndirirsiniz? – Fransa orada yaşayan erməni diasporuna görə, dövlət siyasətini tərəfsiz və qərəzsiz aparmır. Rəsmi Paris hadisələrin ən başından bəri Ermənistan dövlətinə və erməni terroruna dəstək verir. Bu, bütün dünya ictimaiyyəti tərəfindən də bilinir. Ona görə də Fransanın Ermənistanı dəstəkləməsi və açıq şəkildə Azərbaycana qarşı olması çox da təəccüblü bir hal deyil. Azərbaycan isə Türkiyə dövlətinin və xalqının dəstəyindən əmindir. Qardaş ölkəmiz haqlı olduğu mübarizəsində sonuna qədər gedəcək. Biz buna heç şübhə etmədən inanırıq. İYİ Partiya olaraq bir an əvvəl Xocalı, Xankəndi və digər ərazilərin əsl sahibi olan Azərbaycana təhvil verilməyini, eləcə də rus sülhməramlılarının bölgədən getməsini və Zəngəzur dəhlizinin açılmasını istəyirik. Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsini və yekun sülh müqaviləsinin imzalanması mövqeyindən çıxış edirik. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü məsələsində bir millət, iki dövlət anlayışı ilə hərəkət edirik.

Cəbhədə son durum: 580 rus hərbçisi səhərə sağ çıxmadı

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 580 hərbçisini itirib.  Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 269 210 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 6 tank, 12 zirehli döyüş maşını, 28 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Çinarlı qəsəbəsində avtoqəza nəticəsində dağılmış "Əməkçi qadın" heykəli yenisi ilə əvəzləndi

Şəmkir rayon Çinarlı qəsəbəsinin girişində, Gəncə-Şəmkir yolunun üstündə körpünün çıxışında yerləşən “Əməkçi qadın” heykəli və alt hissəsi yeni görkəmdə restavrasiya olunub. Bu heykəl Çinarlı qəsəbəsinin simvollarından biridir(həmçinin kifayət qədər tarixi var idi) və qəsəbənin girişində özünəməxsus gözəllik verir. 2022-ci ilin may ayında yüksək sürətlə avtomobilin çırpılması nəticəsində heykəl dağılaraq parça-parça olmuşdu. Dağılmış heykəlin bərpası ilə bağlı Çinarlı qəsəbə sakinləri Şəmkir Rayon İcra Hakimiyyətinin başcısı Rəşad Tağıyev ilə səyyar görüşdə bu məsələni birbaşa onun diqqətinə çatdırmışdılar. "Əməkçi qadın" heykəli artıq yeni görkəmdə yerinə qoyulub. Heykəlin heykəltaraşı Savalan Hüseynovdur. Sözcü.az

İsmayıl bəy Qaspıralının vəfatından 109 il ötür

1914-cü ilin bu günündə fikir və düşüncələrimizə işıq gətirmiş İsmayıl bəy Qaspralı əbədiyyətə qovuşmuşdur. Yaşamının son 30 ilində çoxlu sayda düşüncə, əməl və məfkurə adamları onun yandırdığı ocağın başına toplaşdı və o adamlar hər biri o ocaqdan bir köz götürdü, öz yurduna, məmləkətinə apardı. Bu gün bizlər üçün bir işıq mənbəyi, yanan ocaq varsa bu Qaspıralı mirasıdır. Vəfat etdiyi zaman Sadri Maqsudi Arsal onun haqqında yazırdı:  " İsmayıl bəyin vəfatı ilə hiss etdiyim ağır kədərimi, dərin iztirabımı, bərk fəryadımı dışarı çıxarmaq istəyirəm, ancaq qəlbimdən mənəvi yaşlar axdığı bir zamanda bu mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu kafi deyil, bir səmimi fikri açıq sözlə ifadə etmək istəyirəm. Qaspıralı hamımızın fikrində, qəlblərimizdə ən böyük bir yeri tutan bir şəxsdir. Hamımızın milli idealında ən nurani bir nöqtədir. Hər birimizin təvəssümü fikri tarixində ən məlum bir alimdir. Qeyri-ixtiyari hər birimizin səmimi ehtiramlarını cəlb edən, adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə onun işləridir». Böyük aydınlatıcını hörmət, sayğı və sevgi ilə anırıq ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

Aİ Monitorinq Missiyası Azərbaycanla sərhəddə patrul xidmətini gücləndirdi

Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası toplanma, yerdəyişmə və atışma insidentləri də daxil olmaqla hər hansı hərbi dəyişikliyi müşahidə etmək üçün Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində və qarşıdurma xəttində gecə-gündüz patrul xidməti həyata keçirdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyası X sosial şəbəkəsində paylaşım edib. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası vəziyyətlə bağlı Aİ-ni daha çox narahat edən ərazilərdə patrulları gücləndirib və gərginliyin azaldılmasına töhfə verib.

Bakıda əsgər intihara cəhd edib

Bakıda əsgər intihara cəhd edib. Sozcu.az xəbər verir ki, Ədliyyə Penitensiar Xidmətinin Mühafizə Alayı əsgəri, 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhmən oğlu xidmət zamanı silahla baş nahiyəsinə atəş açıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 09.09 2023-cü il tarixində saat 21:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının əsgəri 2004-cü il təvəllüdlü Cəfərov Kənan Bəhman oğlu qaravul postunda xidmət apararkən ona təhkim olunmuş xidməti silahdan atəş açaraq intihara cəhd edib. Əsgər K.B.Cəfərov təcili xəstəxanaya yerləşdirilib, həkim nəzarətindədir, müalicə olunur. Həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.

Füzulidə düşmən təxribatının qarşısı alındı

Sentyabrın 9-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır". Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində paylaşım edib. "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - səfir qeyd edib.

Rusiyanın itkiləri 269 minə yaxınlaşır

Ukrayna müharibənin 564-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 268 630 hərbçi, 4554 ədəd tank, 8755 ədəd zirehli döyüş maşını, 5811 ədəd artilleriya sistemi, 760 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 509 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8238 ədəd avtomobil texnikası, 4593 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 872 xüsusi avadanlıq itirib.

Şəhid bacısı Aynurə Kazımova prezidentə müraciət etdi

Şəmkir rayon Talış kənd sakini, şəhid Anar Kazımovun bacısı Aynurə Kazımova yaşadıqları problemlər ilə bağlı ölkə başçısına və vitse-prezidentə müraciət edib(Müraciətlə bağlı link aşağıda) Qeyd edək ki, şəhid Anar Kazımov 3 avqust 2022-ci ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. https://youtu.be/IYH-FavkMyY?si=m2DnoDRjB6PGT3_p  Sözcü. az

Avropa İttifaqı: Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımırıq

“9 sentyabr 2023-cü il tarixində Xankəndi/Stepanakertdə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”. Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib. “Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir” – o, qeyd edib.

Putinin milyarder "desantı"nın dəstəklədiyi təzə “prezident” ilk çıxışındaca status tələb etdi...

"O, martın 1-də Xocalıda rəsmi Bakının nümayəndələri ilə görüşdə Qarabağdakı erməni icmasının əsas nümayəndəsi kimi iştirak edib..." “Dağlıq Qarabağ status almalıdır, Laçın dəhlizi ilə Ermənistanla birbaşa əlaqəmiz olmalıdır, başqa yollar açıla bilər, amma dəhlizi əvəz etməməlidir.” Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası ərazisində Kreml tərəfindən  32 il öncə qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “parlament”i tərəfindən bu gün “seçilmiş”   növbəti qondarma “prezidenti” Samvel Şahramanyan baş separatçı kimi ilk çıxışında söyləyib. Qeyd edək ki, “prezident”liyə namizədliyi “sənədlərinin doğru olmaması səbəbindən” rədd edilmiş digər namizəd  Samvel Babayan da öz adaşını təbrik etməyə məcbur olub... Xatırladaq ki, Yuxarı Qarabağdakı qondarma “eks-prezident” Bako Saakyanın dövründən “milli təhlükəsizlik xidməti”nin direktoru, “təhlükəsizlik şurası”nın katibi kimi yüksək “vəzifə”lərdə çalışan və avqustun 31-də istefa verməmişdən öncə sonuncu “prezident” Araik Arutyunyan tərəfindən  “dövlət naziri” təyin olunmuş  Samvel Şahramanyan Ermənistanın terrorçu eks-prezidenti Serjik Sərkisyanın adamı sayılır. Putinin milyarder desantı Ruben Vardanyan da “seçki”yə hazırlıq günlərində onu açıq şəkildə dəstəkləyib... O, martın 1-də Xocalıda rəsmi Bakının nümayəndələri ilə görüşdə Qarabadakı erməni icmasının əsas nümayəndəsi kimi iştirak edib...

Krımda hərbi hissə yanır

Krımın Simferopol şəhərində hərbi hissə yanır. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Müsavat Partiyası qeydiyyatdan keçdi

Ədliyyə Nazirliyi daha bir siyasi partiyanı dövlət qeydiyyatına alıb. Sozcu.az xəbər verir ki, bu dəfə qeydiyyatdan keçən təşkilat müstəqil Azərbaycanın qurucu partiyası olan Müsavat Partiyasıdır.  Beləliklə, qeydə alınan partiyaların sayı 17- yə çatıb. Bunlar aşağıdakılardı: 1. Müsavat partiyası  2. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev) 3 Ağ Partiya (sədr Tural Abbaslı) 4. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı) 5. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev) 6.Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev) 7.  Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı) 8.  Haqq Ədalət Partiyası (sədr Əli İnsanov) 9. Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə) 10. Ümid Partiyası (sədr İqbal Ağazadə) 11. Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev) 12. Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu) 13. Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn) 14. Vəhdət Partiyası (sədr Tahir Kərimli) 15. Azad Vətən Partiyası (sədr Akif Nağı) 16. Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu) 17. Müasir Müsavat partiyası (sədr Hafiz Hacıyev)

İlham Əliyevlə təcili danışıqlar aparmağa hazıram - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib. Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara sadiqliyini, eləcə də bütün məsələləri yalnız diplomatik vasitələrlə həll etməyə hazır olduğunu təsdiqləyib. Öz növbəsində, Fransa Prezidenti şərti sərhəddə gərginliyin azaldılmasının zəruriliyini qeyd edib və regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir

İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Məlumata görə, SEPAH-ın “Telegram” kanalı Araz çayı üzərində kəşfiyyat uçuşu həyata keçirən İran helikopterinin apardığı çəkilişin görüntülərini paylaşıb. Paylaşılan videoda İran ərazisindən sərhədə doğru hərbi texnikanın daşındığı əks olunub. Görüntüləri İranın Teleradio və Yayım Təşkilatının təhlükəsizlik və hərbi müxbiri Yunis Şadlunun yayımladığı bildirilib. Yunis Şadlu, həmçinin bu paylaşımına verdiyi şərhdə İranın sərhəd ölkələrinə bununla açıq şəkildə xəbərdarlıq etdiyini deyib.

Leysan yağacaq, güclü külək əsəcək, daşqın və sel olacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.  Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) qeyd olunanlarla bağlı əhaliyə təkrar müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.  Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.  Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!  Təhlükə zamanı 112-yə zəng edin! 

Göyçayda dava: 56 yaşlı kişi yumruq zərbəsindən öldü

Sentyabrın 8-də saat 18 radələrində Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Şahsən Yusifova yumruqla zərbə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Novruz Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə yüksəldi

09:03 Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların təsirindən bir çox binalar dağılıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ zamanı 296 nəfər ölüb, 153 nəfəri isə xəsarət alıb. Yeraltı təkanlar ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Qeyd edək ki, ABŞ Geoloji Xidməti 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələnin baş vermədiyini bildirib. *** Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, 329 nəfər yaralanıb.

Rusiyanın itkiləri 268 mini ötdü

Ukrayna müharibənin 563-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 268 140 hərbçi, 4544 ədəd tank, 8739 ədəd zirehli döyüş maşını, 5789 ədəd artilleriya sistemi, 757 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 508 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8298 ədəd avtomobil texnikası, 4588 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 870 xüsusi avadanlıq itirib.

Ukrayna kəşfiyyatı: Siyahı hazırdır, məhv ediləcək obyektlər...

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın məhv edilməsi planlaşdırılan strateji obyektlərinin siyahısını müəyyən edib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi, general-mayor Vadim Skibitski deyib. “Biz Rusiya üçün daha kritik hədəfləri və obyektləri müəyyən edirik. Buraya hərbi obyektlər, raket hazırlanan müdafiə sənayesi kompleksləri, PUA-lar, Rusiya qoşunlarının maddi-texniki təchizatı ilə məşğul obyektlər daxildir. Hədəflərimiz çoxdur. Onların hamısı nömrələnib, iyerarxiyada müəyyən edilib”, - deyə o bildirib.

Türk polisi bayrağımızı öpərək alnına qoydu - Video

Türkiyə-Ermənistan matçı öncəsi Türk polisi Azərbaycan bayrağına nümunəvi davranışı ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, təhlükəsizlik yoxlanışı zamanı Türk polisi Azərbaycan bayrağını öpərək alnına qoyub.

“Ermənistan hakimiyyəti artıq Rusiyadan qorxmur, çünki bilir ki...”

“...Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək və  bu səbəbdən özünə yeni havadar axtarır...” “Son illərdə Rusiyanın başçılıq etdiyi KTMT kimi hərbi təşkilatdan Ermənistanın çıxma kimi bəyanatları ciddiyə alınmamışdı, hətta Paşinyan “biz deyil, KTMT bizdən çıxır” kimi bəyanlarda bulunmuşdu. Ermənistandakı bəzi siyasi qüvvələr ölkənin Rusiyadan imtina edib NATO blokuna meyillənməsini ölkənin əsas prioriteti hesab etmiş və hakimiyyəti Amerikaya daha çox yaxınlaşdırmaq üçün çalışmışdılar. Amerikanın Rusiya ilə bağlı apardığı siyasətindən ermənilər ustalıqla yararlanmış, ABŞ- NATO genişləndirilməsi proqramına bu şəkildə dəstək vermək istəmişlər.” Bu fikri Moderator.az-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı ifadə edib. “Ermənistanda son illərdə Rusiya əleyhinə aparılan siyasətin nəticəsi kimi Ermənistan -ABŞ ortaq hərbi təlimini göstərmək olar. Bu, onu göstərir ki, Ermənistan hakimiyyəti artıq Rusiyadan qorxmur, çünki hesab edir ki, Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək və bu səbəbdən özünə yeni havadar axtarır. Rusiyanı çevrələyib ona qarşı bütün gücü ilə cəbhə açan ABŞ üçün Ermənistanın belə ucuz xidməti göydəndüşmədir və əslində NATO üçün yeni bir meydanın açılması deməkdir”,- deyə həmsöhbətimiz davamında bildirib.  “Amerika -Ermənistan əsgəri işbirliyi həm də bölgəmizdə gərginliyə səbəb olacaq. Ermənistanla Azərbaycan və Türkiyə arasında gedən danışıqlara da mənfi təsir edəcəkdir. Ən çox gərginlik isə Rusiya ilə Ermənistan arasında yaşanacaqdır. Rusiya ermənilərdən belə bir xəyanəti gözləyirdimi? Rusiyadan eşidilən reaksiyalardan bəlli olur ki, Kreml bu erməni oyununu öncə incələyəcək və şübhəsiz ki , bunun cəzası olacaqdır. Üstəlik, Ermənistanın Roma Statutu ilə bağlı sənədi ratifikasiya etmək üçün parlamentə göndərməsi bu ölkənin nə dərəcədə kəmfürsət olduğunun göstəricisidir. Putin kinli adamdır və gec tez bu risqə də reaksiya olacaqdır... Bir sözlə, yaşanan siyasi gəlişmələr onu göstərir ki, bölgəmizdə maraqlı proseslər başlaya bilər və bu arada ədalətsizcəsinə qurulmuş erməni dövlətinin sonu yaxınlaşmaqdadır... Qəribədir, bu duruma İran necə baxır. Bəzi politoloqlar belə bir fikri səsləndirirlər ki, guya İran Ermənistan üzərindən ABŞ-la əlaqə qurmaqdadır”,- deyə ermənişünas alim sonda sual edib.