Ötən ilin yayında Nərimanovda “Metro Park”ın qarşısında baş verən silahlı insidentin məhkəmə araşdırması başa çatıb.
Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm elan edilib.
Belə ki, qazaxlı həmkəndlilərin Bakıdakı davası birinin ölümü ilə nəticələnib.
Hadisə 2024-cü il iyunun 26-sı axşam saatlarında baş verib. 24 yaşlı Tural Kosayev və əvvəldən tanıdığı 21 yaşlı İsmayıl Allahverdiyev ayrı-ayrı avtomobillərlə hadisə yerində olublar. Həmin vaxt Tural xanımla olub. Cinayət də onun gözləri qarşısında baş verib.
Həmkəndlilər arasındakı sözlü mübahisə yavaş-yavaş daha da qızışıb. Tural getmək istəyərkən İsmayıl belindəki silahı çıxarıb onu güllələyib. Ağır yaralanmış gənc elə yerindəcə ölüb.
Xüsusi amansızlıqla törədilən cinayətə görə İsmayıl həbs edilib. İfadəsindən onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu məlum olub. Elə bu səbəbdən onun işinə hərbi məhkəmədə baxılıb.
Prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Qətlə yetirilən şəxsin yaxınları isə 18 il yarımla razılaşmır, ömürlük azadlıqdan məhrum etmə istəyirlər.
“Bu adam ictimai-təhlükəli üsulla cinayət törədib. Təqsirləndirilən üzr istəməsini tələb edib, zərərçəkmiş də qəbul etməyib. Buna görə adam öldürürlər? Heç kim deyə bilməz ki, bu adam azadlığa çıxandan sonra cinayət törətməyəcək. Ona görə ömürlük həbs istəyirik”, - zərərçəkmiş tərəfin vəkili Ceyhun Məmmədov deyib.
Müttəhim son sözündə əməlindən peşmanlığını dilə gətirib: “İstəməzdim belə olsun. Əgər Turalı öldürmək istəsəydim, elə bunu təklikdə edərdim. Çünkü hadisədən bir az əvvəl birlikdə kafedə oturmuşuq. Yeganə səbəb məni təhqir etməsidir. Son olaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm”.
Zeynal Ağayevin sədrlik etdiyi hakimlər dəlil və sübutları araşdırdıqdan, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamların əsaslı olduğunu təsdiq ediblər.
Hökmə əsasən, İsmayıl Allahverdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 17 il azadlıqdan məhrum edilib.