“Azəriqaz”da nə baş verir? - Ruslan Əliyev vəzifədən gedib?

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin ərizə yazaraq işdən çıxdığı, SOCAR-a məxsus zavodlardan birinə direktor müavini təyin olunduğu barədə məlumatlar yayılıb. Sozcu.az xəbər verir ki, Pravda.az xəbərin doğru olub-olmadığını öyrənmək üçün SOCAR-a sorğu ünvanlayıb. İki gün keçməsinə baxmayaraq, SOCAR tərəfindən hələ də məsələ barəsində mövqe bildirilməyib. Xatırlatma: Ruslan Əliyev 2019-cu ildən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.

Xocalı qatili Vitali Balasanyan dindirildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanı dindirib. Sozcu.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat verib. Məlumata görə, Vitali Balasanyan Milli Təhlükəsizlik Xidmətində qondarma rejimin “müdafiə ordusunun polkovniki” Norayr Aslanyana qarşı cinayət işi üzrə dindirilib. Qeyd edək ki, Norayr Aslanyan odlu silah və sursatların qanunsuz dövriyyəsində ittiham olunur. O, artıq 5 aydır ki, həbsdədir və Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.

İrəvanda partlayış: ölü və yaralılar var

Ermənistanda İrəvan Dövlət Universitetinin korpuslarının birində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda ərazidə xilasedicilər işləyir. Xəsarət alanlar yoxdur. Erməni mətbuatı isə yazır ki, partlayış Kimya fakültəsində baş verib. Ölü və yaralıların olduğu bildirilir.

Azərbaycanda 2 gömrük əməkdaşı həbs olundu

"Sədərək" postundan rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub. Sozcu.az xəbər verir ki, bu barədə faktı Trend-ə Baş Prokurorluqdan təsdiqləyiblər. Bildirilib ki, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş material əsasında Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb. Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitələrinin dövlət qeydiyyatına alınmadan, nəzarətsiz ölkə ərazisinə keçirilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SON DƏQİQƏ: Fransanın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəldi

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan sərhədinə gəlib.  Sozcu.az xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib.  Dekotini Ermənistan ərazisinin Azərbaycanla (Naxçıvan) sərhədindəki strateji nöqtəsi olan Tejkar dağının yamacında olub. “Fransa Praqa bəyanatında qeyd edildiyi kimi, Ermənistanın ərazi bütövlüyünə və 1991-ci il sərhədləri ilə bağlı xüsusilə həssasdır", - deyə səfir bildirib. 

Rusiyada orduda xidmət şəraitini tənqid edən general və onun həyat yoldaşının cəsədləri tapılıb

"Yüksək rütbəli hərbçi və onun həyat yoldaşının ölümü şokedici hadisədir və bir çox suallar doğurur..." Rusiya Federasiyası Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiəsinin 6-cı ordusunun sabiq komandanı 68 yaşlı general-leytenant Vladimir Sviridov Stavropol diyarının Adjiyevsk qəsəbəsindəki evində ölü tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" nəşrinin "Telegram-kanal"ı yazıb. Məlumatı "kp.ru" nəşri yayıb. Onun cəsədinin yanında qadın cəsədi (güman edilir ki, bu, onun 72 yaşlı həyat yoldaşına məxsusdur) aşkar edilib. Məlumatlardan görünür ki, cütlük, ehtimal ki, təxminən bir həftə öncə həlak olub, lakin onların ölümünün dəqiq şəraiti indiyidək müəyyən edilməyib. İlkin məlumata görə, evdə hesablamalar aparan qaz xidmətinin əməkdaşları zərərli maddələrin miqdarının normadan çox olduğunu müəyyən etməyib, bu da cütlüyün ölüm səbəblərini qeyri-müəyyən edir. Rusiya KİV-lərinin yazdığına görə, yüksək vəzifəli hərbçi və onun həyat yoldaşının ölümü şokedici hadisədir və bir çox suallar doğurur. Hazırda baş vermiş hadisənin bütün təfətrüatlarının araşdırılması həyata keçirilir. Qeyd edilir ki, cəsədlərdə zorakılıq əlamətləri yoxdur. Vladimir Sviridov 1955-ci ildə Mineralnıye Vodı şəhərində anadan olub.  1979-cu ildə Stavropol Ali Hərbi Aviasiya Məktəbini bititib. Uzaq Şərq Hərbi Dairəsində və Almaniyada Sovet qoşunları Qrupunda xidmət edib, orada aviasiya bölməsinə komandanlıq edib.  Sonradan aviasiya eskadrilyasının komandir müavini və komandiri vəzifələrinə təyin edilib.  1992-ci ildə Yuri Qaqarin adına Hərbi-Hava Qüvvələri Akademiyasını bitirib, bundan sonra Şimali Qafqazda xidmət edib. 2005-ci ildə Rusiya prezidentinin fərmanı ilə HHQ və HHM 6-cı ordusunun komandanı təyin edilib və 2010-cu ilədək bu vəzifədə xidmət edib. General Vladimir Sviridov "Qızıl Ulduz" və "Hərbi xidmətlərinə görə" ordenləri, habelə 12 medalla təltif edilib.

Azərbaycan münasibətlərin normallaşmasına can atır - Hikmət Hacıyev

Azərbaycan Ermənistanla sülh və ikitərəfli münasibətlərin normallaşmasına can atır. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib. Azərbaycan Avrasiyanın daha geniş xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb. Qarabağ münaqişəsi bu institut yaranandan bəri ATƏT-in qarşısında duran məsələlərdən biri olsa da, ATƏT münaqişəni həll edə bilməyib. Minsk Qrupu uğursuzluğa düçar oldu: Minsk Qrupu Həmsədrlik İnstitutu ona görə uğursuz oldu ki, həmin qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğalını saxlamaq və davam etdirmək idi. (yeri gəlmişkən, ABŞ qrupun həmsədr ölkələrindən biri idi) Hərbi işğal və ədalətsizliyin bu fəsli artıq başa çatıb. Ona görə də indi Azərbaycanın gündəliyi sülh və Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşdırılmasıdır. Amma istənilən sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir və Ermənistan da öz rolunu yerinə yetirməli və xoş niyyət nümayiş etdirməlidir. “İndi regionumuzda yeni reallıqlar və status-kvo yaranıb. Bu yeni reallıqlar ədalət, qanunçuluq və legitimliyə əsaslanır”.

Təcili: Azərbaycan Ermənistanla görüşdən imtina etdi - Ağ Evdən reaksiya

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək. Sozcu.az xəbər verir ki bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan tərəfinin ABŞ-da keçiriləcək görüşdən imtinası ilə bağlı sualı cavablandırarkən deyib. "Daha əvvlələr də dediyimiz kimi, biz Ermənistan və Azərbaycan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə olsun, hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq edirik. Bu, bizim siyasətimiz olaraq qalacaq" - ABŞ dövlət rəsmisi bildirib.

İşsiz şəxslərə yardım versək, onlar işləməyəcək - Nazir müavini

Hazırda ölkədə 65 min şəxs ünvanlı sosial yardım alır. Hesabla bu şəxslərin ailələrinə 490 manat düşür.  Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.   “Biz əgər işsiz şəxslərə ünvanlı sosial yardım versək, həmin şəxslər işləməyəcək, aktiv sahələrlə maraqlanmayacaqlar. Ona görə biz gələcəkdə məşğulluqla bağlı yeni işlər barədə düşünməliyik. Biz həmin şəxslərin işlərə cəlb olunmasında maraqlıyıq”,- deyə o bildirib.

Paşinyandan SÜLH açıqlaması: “Siyasi iradəmiz sarsılmazdır”

“Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması üçün siyasi iradəmiz var”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, bu siyasi iradə sarsılmazdır. “Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Bu razılaşma danışıqlar zamanı, o cümlədən Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilib”, - Nikol Paşinyan deyib. Onun sözlərinə görə, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından gedir. N.Paşinyan deyib ki, digər prinsip suverenliyin və yurisdiksiyaı əsasında regional kommunikasiyaların açılmasıdır./Report

Türkiyədə yaşayan azərbaycanlı alim Bakıda qəzada öldü

Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, Milli Hərəkatçılar Birliyinin başqanı Arif Acaloğlu Bakıda yol qəzasında dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə siyasi şərhçi Oqtay Qasımov sosial şəbəkədə bildirib. "Az əvvəl aldığım acı xəbərdən çox üzüldüm. Türk dünyasının dəyərli ziyalılarından türkoloq alim, İstanbul Mərmərə universtitetinin müəllimi Arif Acaloğlu Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi doğma Bakıda yol qəzasında həyatını itirib. Ağır itkidən dolayı yaxınlarına və dostlarına səbr diləyirəm. Ruhun şad olsun, Arif bəy", - deyə yazıb. Qeyd edək ki, mərhum sabah Maştağada dəfn olunacaq. A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub. O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib. Allah rəhmət eləsin!

SƏNƏDSİZ EV SAHİBLƏRİNƏ XƏBƏR VAR: Sənədləşmə sürətlənir?

Ölkədə yeni tikililərin kommunal xidmət şəbəkələrinə qoşulması qaydalarına dəyişiklik edilib. Belə ki, yeni qaydalara əsasən, bu ilin oktyabr ayının 1-dən sonra tikilən tikintiyə icazə sənədi olmayan fərdi və ya qeyri-yaşayış evləri elektrik, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Bu proses Nazirlər Kabinetinin yeni sərəncamından əvvəl tikilmiş evlərin sənədləşməsi prosesini də sürətləndirə bilər? Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Referans.az-a açıqlamasında bildirib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsinə ehtiyac var. “Sənədsiz evlər məsələsi problemli məsələdir və  uzun zamandır ki, müzakirə olunur. Biz bu məsələni hər dəfə Milli Məclisdə müzakirəyə qaldırırıq. Dövlət başçısı İlham Əliyev bir neçə il əvvəl tədbirdə göstəriş verdi ki, bu məsələ öz həllini tapsın. Bundan sonra İqtisadi İnkişaf naziri, Bakı Şəhər İcra Hakimiyyəti müəyyən işlər gördülər, hətta məndə olan məlumata görə 50 mindən çox sənədsiz evlərə sənəd də verib və bu məsələ üzərində iş gedir. Lakin bu proses 6-7 ildir davam edir və çox uzanıb”. Deputat fikirlərinə bunları da əlavə edib: “Vətəndaşlar bütün kommunal xidmətləri ödəyirlər, həmin evlərdə yaşayırlar. Bu tikililər faktiki olaraq, onların evləridir. Artıq bu evlərin qanuni və ya qanunsuz tikilməsinin bir əhəmiyyəti yoxdur. Onlara mütləq sənəd, çıxarışlar verilməlidir. Bu məsələ ilə bağlı əsas problem yaradan nüans təhlükəli ərazilərdə tikilən evlərdir ki, bununla bağlı da xüsusi komissiya da yaradılıb və müəyyən işlər görür”. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə bildirib ki, bu istiqamətdə görülən işlər, əsasən, qanunsuz evlərin sayının azalmasında effektiv yol olacaq. “Hesab edirəm ki, bu, gələcəkdə qanunsuz ev anlayışının olmaması üçün atılmış bir addımdır. Eyni zamanda bu sərəncam oktyabrın birindən əvvəl tikilmiş sənədsiz evlərin sənədləşməsinə də müsbət təsir edəcək. Məndə olan məlumata görə artıq bu evlərin invertarlaşdırılması prosesi də aparılıb. Hansı rayonda nə qədər ev sənədinin olmaması ilə bağlı məlumatlar tam şəkildə toplanılıb. Bununla bağlı rayon icra hakimiyyəti, bələdiyyələr, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, demək olar ki, bütün evlərdə olublar və həmin evlərin qeydiyyatı həyata keçirilib. Yəni bu məsələ ilə bağlı işlər yekunlaşmaq üzrədir”. Ekspert qeyd edib ki, evlərin sənədləşdirilməsini prosesini uzadan və müəyyən qədər bu prosesə mane olan məsələ kommunikasiya təhlükəli ərazilərdə tikilmiş evlərdir. “Burada əsas problemlərdən biri kommunikasiya xətləri üzərində yerləşən və qeydiyyatı hökumət üçün də çətinlik yaradan evlərlə bağlıdır. Məlum olduğu kimi, yüksək gərginlikli elektrik xəttlərinin altında, qaz kəmərləri və dəmir yolu xətlərinin yaxınlığında, eyni zamanda neftlə çirklənən torpaq sahələrinin, neft müqaviləsinə aid olan torpaq sahələrində tikilən evlər bu qrupa daxildir. Ümumiyyətlə, belə ərazilərdə yaşayış qurmaq vətəndaşların özü üçün təhlükəlidir. Bu, sosial məsələ olduğuna görə Nazirlər Kabineti və hökumət buna daha ehtiyatla yanaşır. Əgər bu cür evlərdə yaşayışın mümkün olmadığı müşahidə edilərsə, təbii ki, kompensasiya verilmək şərti ilə həmin insanlar ərazidən köçürülə bilər”. Ramil Qasımzadə vurğulayıb ki, hazırda sənədsiz evlərlə çıxarışla satılan evlərin qiymətləri arasında təxminən iki dəfəyə qədər fərq müşahidə olunur.

“Qarabağ ermənilərinin ilkin qeydiyyatı aparılır” – RƏSMİ

"Hazırda Qarabağ iqtisadi rayonunda, o cümlədən Xankəndidə məskunlaşmış erməni əsilli şəxslərin ilkin qeydiyyatı həyata keçirilir. Bu proseslə bağlı müvəqqəti qərargah yaradılıb və məlumatlar mərkəzləşmiş qaydada verilir".  Sozcu.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.  O bildirib ki, müvafiq məlumatlar uyğun zamanda təqdim olunacaq. 

Prorektorun qətlini keçmiş rektor sifariş edibmiş - RƏSMİ

12 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə daha 2 şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib. Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir.

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1130 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 315 620 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 11 tank, 17 zirehli döyüş maşını, 36 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

İsrailin Qəzzanı işğal etməsi böyük səhv olar - Bayden

İsrailin Qəzza zolağını işğal etməsi böyük səhv olar. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. Bayden qeyd edib ki, o, İsrailə də Qəzzanı işğal edib saxlamağın böyük bir səhv olacağını açıq şəkildə bildirib. “Münaqişə ikidövlətli həll əldə olunmayana qədər bitməyəcək”, - Bayden deyib.

Rusiyada general və xanımının meyiti tapıldı

Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı ordusunun keçmiş komandanı, general-leytenant Vladimir Sviridov Stavropol diyarındakı evində ölü tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb. Kanalın məlumatına görə, 68 yaşlı Vladimir Sviridov və 72 yaşlı həyat yoldaşı Tatyananın meyitləri noyabrın 15-də Aciyevsk qəsəbəsindəki evlərində aşkarlanıb. İlkin məlumatlara görə, ər və arvad bir həftə əvvəl ölüblər. Onların ölüm səbəbləri məlum deyil.

DƏHŞƏT: Avtobus dərəyə aşdı - 30 nəfər öldü

Hindistanın nəzarəti altında olan Kəşmirdə sərnişin avtobusu ağır qəza törədib. Sozcu.az yerli mətbuata istinadən xəbər verir ki, Himalay şossesində baş verən qız zamanı 30 nəfər ölüb, iyirmidən çox adam yaralanıb. 42 nəfərlik avtobus Kiştvar şəhərindən cənub Cammu şəhərinə gedərkən yoldan çıxıb. Avtobus 200 metr dərəyə aşıb. Hadisə ilə bağlı araşdırma aparılır.modern

"Biz Ermənistanı dəstəkləyirik” - Bəşər Əsəd

Biz problemlərin aradan qaldırılmasında Ermənistanı dəstəkləyirik”. Sozcu.az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Ermənistan Milli Assambleyasının vitse-spikeri Hakob Arşakyanla görüşündə bildirib. “Suriya erməniləri öz dövlətinin, cəmiyyətinin və dəyər sisteminin bir hissəsi hesab edir”, - Bəşər Əsəd deyib.bakupost)

Vətən müharibəsi qazisi intihar etdi

Masallı rayonun Tatyanoba kəndində yaşayan 44 günlük Vətən Müharibəsinin iştirakçısı - qazi Emil Nizami oğlu İsayev intihar edib.  Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.  Onun özünü ağacdan asaraq həyatına son verdiyi bildirilir. İntiharın səbəbi bilinmir. 

Bakı ilə İrəvan arasında danışıqlar niyə dayandırıldı? - Qriqoryan

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələri iyulun 12-də sonuncu dəfə görüşüblər. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. Görüşlərin niyə dayandırıldığı barədə sualı cavablandıran Qriqoryan qeyd edib: “Son iclasda qərara alındı ​​ki, prosessual məsələlər müzakirə olunur. Hesab edirəm ki, ilk növbədə əməkdaşlığın formatı və forması razılaşdırılmalı, tənzimlənməlidir, sonra görüşlər olacaq”. Sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb-bağlanmayacağı ilə bağlı da sualı cavablandıran baş nazirin müavini dəqiq tarix deyə bilməyəcəyini söyləyib.axar.az)

Qarabağdakı rus sülhməramlıları dəyişdirilməlidir - ABŞ

Rusiyanın Azərbaycan Qarabağdakı sülhməramlıları dəyişdirilməlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib. Obrayen qeyd edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır: “Ən yaxşı variant hər iki ölkəyə alternativ verməkdir - bizimlə və Qərblə işləmək”.

"KTMT-yə fikirləşmək üçün vaxt veririk” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) respublikada öz məsuliyyət sahəsini müəyyən etməkdən imtina edir. Sozcu.az xəbər verir ki, bu barədə o, parlamentdəki çıxışı zamanı danışıb. “Ən böyük fundamental problem odur ki, KTMT mahiyyət etibarı ilə Ermənistanda öz məsuliyyət sahəsini düzəltməkdən imtina edir. Bu şərtlərdə (KTMT tədbirlərində) səssizcə iştirak etsək, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin şübhə altına alınması məntiqinə qoşula bilərik. Biz həm bizə, həm də KTMT-yə fikirləşmək üçün vaxt veririk”, - deyə o, parlamentdə çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, İrəvan KTMT tədbirlərində iştirak etməməklə qurumdan çıxmaq üçün zəmin hazırlamır: “Biz müxtəlif səbəblərdən KTMT-nin bu tədbirlərində iştirak etməmək qərarına gəldik. Mən heç nəyə zəmin hazırlamıram, bu zəmin ya var, ya da yoxdur”, - o, müxalifətçi deputatın KTMT-dən çıxmağa mümkün hazırlıqlarla bağlı sualını cavablandırarkən deyib.

"Ararat Mirzoyan Böyük Britaniyaya səfəri zamanı deyib ki, İrəvan Londonla hərtərəfli..."

"Ermənistan Azərbaycanın tərəfdaşlarıyla əməkdaşlığa çalışır". Sozcu.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, İrəvan Macarıstanla diplomatik münasibətləri bərpa etdikdən və rəsmilərin qarşılıqlı səfərlərini reallaşdırdıqdan sonra Böyük Britaniya ilə də əməkdaşlığın inkişafı yollarını arayır: "Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyaya səfəri zamanı deyib ki, İrəvan Londonla hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir. Ermənistanın Böyük Bnritaniya ilə iqtisadi əməkdaşlığı genişləndirdiyini və strateji əlaqələr qurduğunu bildirən Mirzoyan Londonla münasibətləri yeni səviyyəyə qaldıracaqlarını vurğulayıb. İrəvan Londonla hərbi və təhlükəsizlik sahəsində də əməkdaşlığa ümid edir. İrəvan Böyük Brityaniya hərbçilərinin Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasına qatılmasını istəyir. Londonun belə bir qərar verməsi Azərbaycan-Böyük Britaniya münasibətlərinə mənfi təsir edəcək. İrəvan elə buna çalışır". Politoloqun fikrincə, İrəvan Azərbaycanın tərəfdaşlarını öz tərəfinə çəkmək istəyir və buna seyrçi qalmaq olmaz: "Ümid etmək olmaz ki, dost və tərəfdaşlarımız Azərbaycanın maraqlarına tərs düşərək Ermənistanla hərtərəfli əməkdaşlığa üstünlük verməyəcəklər. Britaniyanın baş nazirlərindən birinin söylədiyi kimi, "Böyük Britaniyanın əbədi dostları və düşmənləri yoxdur, əbədi maraqları var". Aydındır ki, hazırda Böyük Britaniyanın maraqları Azərbaycanla tərəfdaşlığın davamını diktə edir, ancaq buna arxayın olaraq hadisələri axarına buraxmaq doğru deyil. Ermənistanın və erməni lobbisinin Azərbaycan əleyhinə informasiya müharibəsini genişləndirdiyi dönəmdə biz də diplomatik zəmində fəallığımızı artırmalıyıq".