Dünən Parisdə sülh adı altında konfrans keçirildi. Amma, toplantıdan adına uyğun olaraq sülh çağırışları, təşəbbüsləri yox, faktiki olaraq müharibə çağırışları səsləndi. Çağırışları həm Ermənistan, həm də Fransa rəsmiləri Azərbaycana qarşı ünvanlamışdı. Paşinyan “ etnik təmizləmə”dən danışanda ona cavab verən Azərbaycanın səfiri Leyla Abdullayevaya “Qərbi Azərbaycan” ifadəsini bəhanə gətirərək, Azərbaycanın Ermənistana ərazi iddiası olduğunu bildirib. Üstəlik, müharibə bitəndən sonra Azərbaycanın irəli sürdüyü beş baza prinsipindən üçünü sanki öz təşəbbüsləri kimi qələmə verib, Azərbaycanın guya sülhdən qaçdığını konfrans iştirakçılarına elan edib. Fransada özünü çox rahat hiss edən Paşinyan səfirin Fransanın sülh işinə mane olmasını, Ermənistanı silahlandırdığı iradlarına, müstəqil dövlət olaraq silahlanmanı düzgün hesab etdiyini vurğulayıb...
Sülh konfransında panel iclasının moderatoru, Montaigne İnstitutunun analitik mərkəzinin xüsusi məsləhətçisi, Fransanın Suriyadakı keçmiş səfiri Mişel Düklos “ Fransada Azərbaycanın geo-siyasi vəziyyətdən istifadə edərək Rusiya və İranla gizli razılaşma yolu ilə Ermənistanı işğal etmək üçün yeni planlarının olması ilə bağlı qorxuları olduğunu” bildirib. Və məhz bu “qorxuya” görə Ermənistanın Fransa tərəfindən silahlandırılmasının vacibliyi qeyd edilib. Sülh adlı konfransda səslənən silahlanma çağırışlarına baxın... Əlbəttə, ermənilərin böyük bacısının paytaxtında keçirilən konfransdan Azərbaycana xoş sözlər ünvanlanmasını gözləmirik. Göründüyü kimi, yalnız Azərbaycan deyil, Parisin, Avropa İttifaqının hədəfində İran və Rusiya da var.
Bu tip beynəlxalq platformalarda Rusiyanın, İranın ittiham edilməsi bizim üçün yenilik deyil, amma bizim bu ölkələrlə adımızın yanaşı çəkilməsi Azərbaycanın təcavüzkar obrazını formalaşdırmağa, Ermənistana yardım etməyin zəruriliyini vurğulamağa xidmət edir. Ermənistan isə müharibədən əvvəl, müharibə gedişində və müharibədən sonra Azərbaycanın sülh təkliflərindən imtina etməklə böyük səhvlərə yol verməsindən nəticə çıxara bilməyib. Ermənistan hələ də o xəyaldadır ki, dünyanın təzyiqi ilə ermənilər Qarabağa qayıdıb hansısa statusa malik olacaqlar. Ona görə də imkan düşən kimi həm beynəlxalq platformalarda, həm də İrəvanın özündə Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyaları aparır, aqressiv ritorika ilə perspektiv sülhə böyük xələl gətirirlər.
İndi də, Azərbaycan və Ermənistan dövlət başçılarının dekabrda guya Brüsseldə görüşəcəyi və masada “konfrontasiya yaradan” sualların müzakirə ediləcəyi barədə xəbərlər yayırlar. Azərbaycan sülhün imzalanmasının ilk təşəbbüsçüsüdür, amma Azərbaycana qarşı Avropa platformalarında, Ermənistan rəhbərlərinin çıxışlarında səslənən fikirlər bu formatın səmimiliyinə böyük şübhə yaradır. Azərbaycan rəsmilərinin dəfələrlə Ermənistanın Zəngəzur ( Sünik) bölgəsinə heç bir hücum planlaşdırmadığını və gözümüzün olmadığını bildirməsinə baxmayaraq, Fransa rəsmiləri, Avropa İttifaqının məmurları Azərbaycanın olmayan təcavüzündən danışanda sülhə xidmət etmədiklərinin fərqindədirlərmi?
Bəhanələrindən biri də 8 anklav kənddir. Bu problemin danışıqlar predmeti olduğunu, delimitasiya, demarkasiya komissiyasının fəaliyyəti zamanı yekun qərar veriləcəyi dəfələrlə bildirilsə də, yenə Azərbaycanın bu problemi müharibə yolu ilə həll edəcəyini tirajlamaqdan yorulmurlar. Məqsəd nədir? Nəyə nail omağa çalışırlar? Vasitəçilik və sülhün imzalanamsı məkanı uğrunda Qərb və Rusiyanın mübarizəsi çoxdan məlumdur və Paşinyan bütün imkanları ilə Rusiya platformasından qaçır. Qərb formatı isə Azərbaycanın lokal antiterror əməliyyatından sonra ritorikasında və mövqeyində yanlış notlara, ifadələrə yol verdiyindən Azərbaycan üçün maraqlı gəlmir. Sülhü istəyən silahlanmadan, qıcıqlandırıcı ritorikadan imtina etməlidir.Təəssüf ki, belə bir mənzərə müşahidə olunmur.
Azərbaycan Xankəndində parlaq hərbi parad nümayiş etdirdi, ərazisinin hər qarışına nəzarət etdiyini bütün dünyaya, ilk növbədə isə Ermənistana və himayədarlarına göstərdi. Ermənistan üçün tarixi şans yaranıb ki, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqla iqtisadi inkişafa, sabitliyə qovuşsun. Fransa və qeyrisi bölgədə gəlib düşmənçiliyi, gərginliyi davam etdirməklə Ermənistanı daha ağır fəlakətlərə sürükləmiş olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində bildirdiyi kimi, “Ermənistanın arxasında kim dayanırsa-dayansın”, heç nə əldə edə bilməyəcəklər, əksinə dəmir yumruqla qarşılaşacaqlar.
Odur ki, kimsə böhtan və qarayaxma kampaniyası aparmaqla Azərbaycana təzyiq edəcəklərini düşünürlərsə, yanlış yoldadırlar.moderator)
İlham İsmayıl