7 körpənin öldüyü yanğınla bağlı məhkəmə keçirildi

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Sozcu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Perinatal Mərkəzin Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli ifadə verib.

O, bildirib ki, işlədiyi dövr ərzində işdə nöqsan olmayıb: “23 fevral 2023-cü ildə FHN Perinatal Mərkəzdə yoxlama aparıb və nöqsanlar aşkar edib. Lakin bu məndən öncə baş verib. Mənim əmrim 27 fevral 2023-cü ildə verilib. Rəhbəri olduğum şöbədə mühafizə və nəzarət bölməsi var. İşim onlara nəzarət etmək və işlə bağlı təlimatlandırmaqdır. Yanğın təhlükəsizliyi ilə bağlı əmr verilib. Onunla tanış olmuşam və üzərimə düşən öhdəliyə cavabdehəm. Hadisə baş verən zaman Mehriban Abasquliyeva mənə zəng edib xəbər verdi. Mən ora çatanda artıq hadisə baş vermişdi. Mən mərtəbənin boşaldılmasına yardım etdim. Tüstü 5-ci mərtəbəyədək qalxmışdı. Qalxıb oradakıların təlxiyəsinə yardım etdim. Bütün şöbələrə yanğınla bağlı təlim keçirilib. Mən mütəmadi yoxlamalar aparırdım. Elektrik yuvalarına və uzadıcılarına həddindən artıq qeyri-tibb avadanlıqları qoşulduqda irad bildirirdim və aradan qaldırılması üçün tapşırıq verirdim. Lakin tibbi avadanlıqlarla bağlı göstəriş vermirdim. Tibb sahəsini bilmirəm. Anlayışım olmadığı üçün belə edirdim. Elektrik naqillərinə isə elektrik nəzarət edirdi. Bizə aid olan və çatışmayan avadanlıqlar üçün rəhbərliyə bildirirdik. Daha sonra mərkəzin satınalma şöbəsinə bildirirdik. Avadanlıqların təmin olunması ilə bağlı problem yaşamamışıq”.

Daha sonra zərərçəkən Emil Abbasəliyev ifadə verib: “Öncə yoldaşımı özəl klinikalardan birinə yerləşdirmək istədim. Lakin bizi Respublika Perinatal Mərkəzinə yönləndirdilər. Orada bizə dedilər ki, bu doğum risklidir. Biz razılıq verəndən sonra yoldaşım əməliyyat olundu. Bizə uşağın iki gün mərkəzdə qalacağını bildirdilər. Mən uşağı çıxartmaq istəyəndə onlar bizə körpənin şəkərinin aşağı düşdüyünü dedilər”.

Həmçinin zərərçəkən bildirib ki, hadisə baş verən gün övladını öncə "Yeni Klinika"ya göndərmək istələr də, sonra qərar dəyişdirilib: "Mehriban Abasquliyeva dedi ki, uşağın vəziyyəti normaldır. Ona görə Yeni klinikaya başqa körpə göndərildi. Mənim uşağımı isə "Semaşko" xəstəxanasına göndərdilər. Hadisə zamanı Mehriban xanım mərkəzdə osa da, mən onun Respublika Perinatal Mərkəzin direktoru olduğunu bilmirdim, elə bilirdim burada çalışan həkimdir”.

Zərərçəkən təqsirləndirilən şəxsləri məhkəmə zamanı tanıdığını və bu işdə günahkar olanlara ən ağır cəzaya məhkum edilməsini xahiş edib.

Proses aprelin 14-ü davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Share on Facebook