09:46
Bərdədə doğuşdan sonra 28 yaşlı ana ölüb, uşaq sağ qalıb.
Sozcu.az xəbər verir ki, hadisə gecə saatlarında Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsində baş verib.
Belə ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Firuzə Şakir qızı Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib.
Doğum Evinin baş həkimi Tünzalə Bəşirova Trend-ə məsələ barədə açıqlama verib:
"F.Qaçaylı xəstəxanaya daxil olarkən bildirib ki, ona saat 22:00 da kəndlərində sistem köçürülüb. Sistem bitməmiş böyrəklərində güclü ağrıları yaranıb. Kəskin ağrılar zamanı hadisə yerinə təcili tibbi yardım əməkdaşları gələrək ona ağrıkəsici kimi istifadə olunan "Platfilin" iynəsi vurub. Daha sonra onu xəstəxanaya gətiriblər. Yaranmış vəziyyətlə bağlı onda güclü ürək bulanması yarandığından əməliyyata götürülüb. Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan oğlan uşağı isə sağdır".
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.
***
Bərdə rayonunda 28 yaşlı ananın doğuş zamanı ölümünün ilkin səbəbi məlum olub.
TƏBİB-dən bildirilib ki, 17 mart saat 23:50 radələrində 1997-ci il təvəllüdlü hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə ağır vəziyyətdə hospitalizasiya olunub.
37 həftə 4 günlük hamiləlik, uşaqlıq üzərində çapıq toxumanın nazilməsi diaqnozu təyin edilən pasiyent dərhal Əməliyyat blokuna yerləşdirilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.
Cinsi kişi, çəkisi 3 kq. 400 qr., boyu 50 sm. olan yenidoğulmuşa zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.
Əməliyyatdan sonra zahı qadında səbəbi bilinməyən hemoliz, HELLP sindromu və DDLP sindromları müşayiət edilib. Zahı qadının qarın boşluğunda 2 litr həcmində maye toplanması səbəbilə konsilium keçirilib və diaqnostik relaparotomiya, qarın boşluğunun sanasiyası və drenlənməsi əməliyyatının aparılmasına qərar verilib, qarın boşluğu serroz mayenin üstünlüyü ilə qan komponentlərindən təmizlənilib.
Mütəmadi olaraq cərrah, reanimatoloq, hematoloq, uroloqlar ilə konsiliumlar aparılaraq pasiyentin müalicəsi davam etdirilib.
Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq 18 mart saat 01:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Açıqlamada qeyd edilib ki, hamilə qadının yaxınlarının dediyinə görə, 17 mart saat 22:00 radələrində sözügedən şəxs yaşadığı ərazi üzrə tibbi təhsili olmayan şəxsə müraciət edib və məlum olmayan səbəbdən hamilə qadına infuziya köçürülüb. İnfuziyanın köçürülməsi başlayan andan az müddət sonra qadının ümumi vəziyyəti pisləşib və təcili tibbi yardım xidmətinə müraciət edilib. Müraciətdən sonra isə ağır vəziyyətdə tibb müəssisəsinə hospitalizasiyası baş tutub.