Azərbaycanda 2 və 9 mart 2025-ci il tarixlərində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinin 6 həftə sonra elan olunacağı bildirilib. Bu müddət abituriyentlər və onların valideynləri arasında narahatlığa səbəb olub.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanlarda ümumilikdə 110 mindən çox şagird iştirak edib. Nəticələrin gecikməsinin əsas səbəbi kimi yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasının uzun müddət tələb etməsi göstərilir. DİM rəsmiləri bildiriblər ki, bu cür tapşırıqların dəqiq və obyektiv qiymətləndirilməsi üçün əlavə vaxt tələb olunur.
Bununla belə, nəticələrin gec açıqlanması abituriyentlərin ali təhsil müəssisələrinə qəbul prosesinə hazırlaşmasına mənfi təsir göstərə bilər.
Modern.az mövzu ilə bağlı ekspertilərin fikirlərini öyrənib.
Elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, 6 həftə, həqiqətən də uzun müddətdir: “Amma bu qədər yubanmanın səbəbi də var. Məlum olduğu kimi martın 20-21-ci Novruz Bayramıdır, həmçinin 30-31 mart da Ramazan bayramıdır. Bununla əlaqədar olaraq martın 20-dən aprelin 1-ə qədər qeyri-iş günüdür. Həmin 12 günü çıxsaq, nəticələrin elan olunması 3-4 həftəyə enə bilərdi. Amma məhz bu qeyri-iş günlərinin olması nəticələrin gec çıxmasına gətirib çıxarır. O cümlədən əvvəlki dövrlərdən fərqli olaraq 2019-cu ildən etibarən imtahanlarda situasiya tipli suallar salınır. Onların yoxlanılması zamanı ən az 2 müəllim iştirak edir, sonda isə proses kompüter tərəfindən yoxlanılır. Nəticə etibarilə həmin suallara görə nəticələrin açıqlnaması gecikir. Əgər bayram tətilləri olmasa idi nəticələr 3-4 həftə ərzində elan edilə bilərdi. Amma bu da uzun müddətdir. Düşünürəm ki, qarşıdakı dövrdə DİM imtahan modelində fərqli üsul tətbiq etməklə yaxud müəllimlərin sayını artırmaqla cavabların daha tez açıqlanması üçün qərar verər”.
Azərbaycan Psixologiya Akademiyasının rəhbəri həkim-psixiatr Ramil Hüseynzadə də bildirib ki, 6 həftə həqiqətən uzun müddətdir:
“İnsanın bir yaxınının yasını yaşama, qəbul etmə müddəti qədərdir. Bu müddətdə nəticələr bilinmədiyinə görə abituriyentlərdə qeyri-müəyyənlik olacaq. İnsan qeyri-müəyyənliyə qarşı dözümlü varlıq deyil, qeyri-müəyyənlik insanı təşvişləndirir. Xüsusən yeniyetmələrdə təşviş əlamətləri görülə bilər. Bu da onlarda diqqət dağınıqlığı, konsentrasiya olmaqda çətinliklər yarada bilər. Nəticədə bu periodda növbəti imtahana keyfiyyətli şəkildə hazırlaşmaya bilərlər. Eyni zamanda nəticələr bilinmədiyinə görə ətrafdan gələn fikirlər, şərhlər də onlara psixoloji təsir edə bilər. Bura həm valideynlərin, həm də digər abituriyentlərin fikirləri aiddir. Valideynlərin mütəmadi imtahanla və nəticə ilə bağlı suallar verməsi, fikir soruşması stressi artıra bilər. Eyni zamanda digər abituriyentlərin "bu imtahan çox çətin idi, hamı zəif nəticə toplayacaq", "deyirlər filan sinifin uşaqlarının hamısı yüksək nəticə toplayıb" kimi fikirlərinin də psixoloji təsiri az deyil. Bəzi abituriyentlər bu qeyri-müəyyənlik dönəminin keçməsini gözləyib bu müddətdə digər imtahana hazırlaşmaya bilərlər. Bu da vaxt itkisinə, ləngiməyə səbəb olur ki, yekun nəticədə abituriyentin müvəffəqiyyətinə təsir edir”.
Psixoloqun sözlərinə görə, abituriyentlər əvvəlcə realist olmalıdırlar: “Nəticənin necə olmasından asılı olmayaraq, ilk mərhələnin imtahanını verdilər, hal-hazırda ikinci mərhələyə hazırlaşmalıdırlar. Ona görə ilk mərhələyə hazırlaşarkən necə sistemli, rejimli və balanslı çalışırdılarsa, onu bərpa etsinlər. Əgər elə çalışmırdılarsa, rejimlə çalışmağa başlasınlar. İmtahan nəticəsi ilə bağlı həyəcan təbiidir. Bunu təbii qarşılamaq lazımdır. Əgər imtahan nəticəsi mövzusunda danışıqlar onları narahat edirsə, o zaman bu söhbətlərdən uzaq durmağa çalışsınlar və ətrafındakılardan da bu durumun onları narahat etdiyini bildirərək onların yanında müzakirə edilməməsini xahiş edə bilərlər. Stressi idarə etmək üçün müxtəlif nəfəs texnikalarından istifadə edə bilər. Meditasiya faydalı olar. Eyni zamanda gün ərzində açıq havada gəzməyi, bol-bol su qəbul etməyi unutmasınlar. Fiziki fəaliyyət həm onların zehni fəaliyyətlərinə dəstək olacaq, həm də həyəcanlarını azaldacaq. Yuxu rejimi əhəmiyyətlidir. Gecə yuxusu xüsusən əhəmiyyətlidir”.