Neftçalada şəhid anasını hədələyib, pulunu apardılar

Dünən gecə Neftçalada şəhid Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək, evdə olan 800 manat pulu götürüb qaçıblar. Sozcu.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu məlumat yayıb. O bildirib ki, şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxlayıb: “Hadisə gecə olub. Şəhidimizin xanımı da hərbiçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını tez-tez ziyarət edə bildiyini deyib. Telman Kəlbiyev yeddi bacının yeganə qardaşıdır. “Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözü yaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi", - şəhidin xanımı deyib. Qeyd edək ki, Telman Kəlbiyev Ömər aşırımı uğrunda gedən doyüşlərdə şəhid olub, onun cənazəsi ailəsinə 26 dekabr 2020-ci ildə təhvil verilib.axar.az)

"Noyabrın 28-də müavinət və təqaüdlərin ödənilməsi başa çatdırılacaq" - RƏSMİ

Hər ay sosial ödənişlərin köçürülməsi tarixi əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir.  Bildiyiniz kimi, həmin qrafik əsasında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesablarına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də hər hansı bir gecikmə olmayıb və yoxdur.  Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq DSMF sözçüsü Rəşad Mehdili bildirib. O qeyd edib ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri noyabr ayının 15-də yekunlaşdırılıb. Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.  "Noyabrın 28-də müavinət və təqaüdlərin ödənilməsi başa çatdırılacaq. Növbəti günlərdə isə ünvanlı dövlət sosial yardımının ödənilərək yekunlaşdırılması nəzərdə tutulub", - sözçü vurğulayıb. 

"Kupçası" olmayanlara mühüm XƏBƏR - Bundan sonra... - VİDEO

Mənzillərə çıxarış almaq asanlaşacaq. Bu məqsədlə Daşınmazın Əmlakın elektron Elektron Reyestri və Kadastrı elektorn sistem yaradılacaq.  Sozcu.az xəbər verir ki, mənzil və torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.  Millət vəkili Aydın Hüseynov aztv-yə bildirib ki, yeni sistem vasitəsilə mümkün neqativ hallar aradan qalxacaq.  Sənədləri düzgünlüyü sistemi yoxlanılacaq və təsdiqlənəndən sonra tələb olunan dövlət rüsumu da portal vasitəsilə ödəniləcək. BAKU.WS)

“Məktəb həkimlərinin adı var, özləri yoxdu”- Kamran Əsədov

"Orta məktəblərdə tibbi xidmətin səviyyəsi ürəkaçan deyil”. Bunu Qaynarinfo-ya açıqlamasımda təhsil eksperti təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, orta təhsil müəssisələrində şagirdlərin sağlamlığının qeydinə qalmaq məqsədilə tibb məntəqələr fəaliyyət göstərir: "Qanunvericilikdə bütün məktəblərdə şagirdlərə ödənişsiz tibbi xidmət göstərilməsi qeyd edilsə də, bəzilərində bu formal xarakter daşıyır. Son günlər orta məktəblərdə baş verən bədbəxt hadisələr tibbi xidmət ilə bağlı nöqsanın olduğunu göstərdi. Məktəblərdə kifayət qədər bədbəxt hadisələr baş verir. Bu zaman ilkin tibbi yardımı elə orta təhsil müəssisəsi göstərməlidir. Xəstə şagirdin məktəbdə halı pisləşmə ehtimalını nəzərə alsaq, təcili yardım komplekti olmalıdır. Müəllim və rəhbər heyət ciddi xəstəliyi olan şagirdlər barədə bilgilərə sahiblənməlidirlər. Çünki şəkər, epilepsiya kimi xəstəliklərdə kəskinləşmə ola bilər”.  Təhsil ekspertinin fikirincə, tibb məntəqələri ilkin tibbi yardım üçün hər bir vəsaitlə təhciz olunmalıdır: "Qəfil bir hadisə olsa, yardım edə bilsinlər. Nazirlər Kabinetinin 218 nömrəli "Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili” qaydalarında nəzərdə tutulub. Qaydaya əsasən, orta ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalıdır. Bu otaq zəruri avadanlıqlarla təmin olunmalı, həmin ərazi üzrə tibb işçiləri bura təyin edilməlidirlər. Onların maaşları  isə müvafiq icra hakimiyyəti tərəfindən ödənilir. Bu, qanunla tənzimlənir, amma reallıq da vəziyyət tam fərqlidir. Reallıq isə bundan ibarətdir ki, maddi texniki-bazası yüksək olan şəhər məktəbləri hər şeylə təmin olunduğuna görə, bu işi yüksək səviyyədə təşkil etmək mümkün olur.  Amma bəzi region məktəblərində nəinki otaqların təminatı, hətta sinif otaqlarının təşkili ilə bağlı da problemlər mövcuddur”.  Təhsil eksperti deyib ki, məktəblərdə tibbi xidmətlər üçün otaqlar olsa belə, oradakı kadrların heç biri məktəbin balansında olan işçilər hesab olunmur: "Onlar yerli poliklinikalar tərəfindən məktəblərə təhkim olunublar”. 

Elçibəyin müşavirini vurub öldürən həkim işinin başındadır

Noyabrın 15-də piyadanın ölümü ilə nəticələnən qəzanı törətmiş həkim Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri kimi vəzifəsini davam etdirir.  Sozcu.az "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, o, hazırda işinin başındadır.  A.Maqsudov tibb elmləri namizədi, toksikologiya üzrə mütəxəssisdir. Peşəkar həkim 1989-cu ildən o zamankı “Semaşko” xəstəxanasında (hazırkı Kliniki Tibbi Mərkəz - red.) Toksikologiya şöbəsində çalışır. O, 1998-ci ildən isə Toksikologiya şöbəsinin müdiridir.  Xatırladaq ki, Azər Maqsudov noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Dərhal A.Maqsudov özü A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. O, sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. Türkiyədə yaşayan alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə Bakıya gəlibmiş. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ”Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda noyabrın 16-da keçirilmiş beynəlxalq elmi konfransa dəvət olunubmuş. 

“Cənnət anaların ayağı altındadır” deyib arvadlarını döyürlər...

Təkcə son aylarda ölkəmizdə yüzlərlə qadın ailədaxili münaqişələrin qurbanı olub, onlarla qadın döyülüb, yaralanıb, xəsarət alıb.  Bəs görəsən, “Cənnət anaların ayağı altındadır” deyən kişiləri zorakılığa nə vadar edir? Bu aqressiya hardan qaynaqlanır?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm bildirib ki, bu aqressiyanın bir çox səbəbi var. Onlardan biri də sosial şəbəkələrdə qurulan lazımsız münasibətlərdir:  “İnkişaf edən dünyada qadına qarşı zorakılıq təəssüf doğurur. Aqressiyanı və zorakılığı yaradan bir neçə səbəb var. Qədimdən gəlmə şərq təfəkkürü, sosial şəbəkələr və ictimai, lazımsız qınaq. Qədimdən gəlmə Şərq təfəkkürü diqtə edir ki, qadın düşünə bilməz, ağlı çox deyil, ancaq kişi deyən olmalıdır, kişinin himayəsində yaşamaq olar, səhv etsə, öldürülməlidir. Çox ailələrdə bu təfəkkür inkişaf etsə də, çox qismdə hələ də bu düşüncə qalmaqdadır.  Sosial şəbəkələr isə qadının və kişinin beynini lazımsız məlumatlarla doldurur, müxtəlif tipli lazımsız əlaqələr qurmaq asanlaşıb. Bu əlaqələri evdən sıxılmış, filmlərdə, seriallarda gördüyü xoşbəxtliyi görməyən, düşüncə tərzi zəif olan qadınlar asanlıqla qurur. Bunun bariz nümunəsini hər gün telekanallarda uşaqlarını əri ilə qoyub qaçan qadınların timsalında görmək olar.  Belə münasibətlərin sonu çox zaman cinayətlə bitir. Əri, qardaşı, atası qadını öldürür...”  Ekspertin sözlərinə görə, bu cür döyülmə və qətl hadisələrinə bəzən qohumların, qonşuların qadınlar haqda dediyi fikirlər də səbəb olur: “Çox zaman qohum-qonşuda, məhəllələrdə qeybət edən kişi və qadınları görürük. Öz ailələrindən xəbəri yoxdur, amma qonşu qadının, qızın əxlaqı haqqında danışırlar. Belə vicdansızlar anlamır ki, danışdığı yayılacaq və hansısa qadının məhvi ilə nəticələnəcək. Əgər qohum-qonşusu həmin şəxsə can yandırırsa, səhvini başa salıb, əgər pis nə isə hiss edirsə, o yoldan çəkindirməlidir. Əks halda, qeybətlə kiminsə həyatına yönələcək lazımsız söhbətlər etməməlidir. Hər bir insan  bilməlidir ki, həyat bumeranqdır. Bu gün başqasının səhvinə yönəlib sevinirsən, lakin sabah həmin şeyi öz ailəndə görə bilərsən. Ola bilər uşaqların yaxşıdır, bəs nəvələrin necə olacaq? İnsan həyatda başqalarına zərər verən heç bir hərəkət və söhbət etməməlidir. Bacara bilirsə, kömək etməlidir, bacarmırsa, susmalıdır”.

Bu ərazidə də “xruşovka”lar sökülür - 400 manat veriləcək

Bakının daha bir rayonunda binalar plana düşüb.  Sozcu.az xəbər verir ki, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir. 28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək. Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri tərk ediblər. (baku.ws) 

Türkiyənin 3 əsgəri şəhid oldu

İraqın şimalında “Pəncə-Kilid” əməliyyat zonasında 3 türk əsgəri şəhid olub. Sozcu.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, “Pəncə-Kilid” əməliyyatı zonasında separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücum nəticəsində piyada baş çavuş Necdet Çalış və piyada əsgər Emrah Gündüz şəhid olub, iki əsgər isə yaralanaraq dərhal xəstəxanaya çatdırılıb”. Digər tərəfdən, nazirliyin məlumatına görə, 26 Noyabr 2023-cü il tarixində “Pəncə-Kilit” əməliyyatı zonasında terrorçuların hücumu nəticəsində yaralanan və xəstəxanaya yerləşdirilən əsgər Fevzi Kızıltaş müalicə olunduğu xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq şəhid olub.

SON DƏQİQƏ! Azərbaycanda bu məktəblərdə 1 həftəlik tətil ELAN OLUNDU

Kürdəmirdə məktəblərdə şagirdlər arasında kütləvi qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumat yayılıb. Sozcu.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu səbəbdən bir neçə məktəbdə 1 həftəlik tətil elan edilib. Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ötən günlərdə sosial media hesablarında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında qızılca adlanan xəstəliyin yayılması barədə məlumat yayımlanıb: “Bildiririk ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. Sözügedən məsələ ilə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumata əsasən, 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Həmçinin təhsil müəssisələri arasında kəskin yoxulma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib və belə bir məlumat həqiqəti əks etdirmir”. Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda qızılca virusu xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə olunub. 

Azərbaycanda pensiyaların verilməsi niyə gecikir? - Bu tarixdə...

Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə çoxlu sayda məlumat daxil olub.  Bildirilib ki, hər ayın 24-ü verilən pensiya və bu tipli sosial müavinətlər bu ayın 27-si olmağına baxmayaraq hələ də verilməyib. Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq.  Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, burada gecikmə anlayışı doğru yanaşma deyil. Sosial ödənişlərin verilməsi tarixi qabaqcadan hər aya görə təyin olunur: "Hər ay üçün sosial müavinətlərin ödənildiyi bəlli bir tarix var. Bu tarixdə ödənişlər edilir. Ay bitmədiyi üçün hələ, bu, gecikmə deyil. Ay ərzində pensiya və sosial ödənişlərin verilməsi nəzərdə tutulur". 

Qarabağ qazisinin tələbə qızı faciəli şəkildə həlak oldu - Foto

Azərbaycanda tələbə faciəli şəkildə həlak olub. Sozcu.az xəbər verir ki, bu haqda "Azərbaycan Universitetlərİ" səhifəsi məlumat yayıb.  Bildirilib ki, Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq dünyasını dəyişib. Qeyd edək ki, onun atası I Qarabağ müharibəsinin qazisidir.

Türkiyədə təbii fəlakət: ölənlər var

Türkiyədə sel və qasırğada iki nəfər ölüb, on nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, Sinop və Konya şəhərlərində hər birində bir nəfər həlak olub. On yaralı isə paytaxt Ankara, Konya və Giresun şəhərlərindəndirlər. Ankarada baş vermiş hadisədə xəsarət almış şəxslər hərbçilərdir. Belə ki, kazarmada hərbi qulluqçuların üzərində şüşə düşüb. AFAD bildirib ki, ölkənin 16 şəhərində 198 vətəndaş xilas edilib.

Nazirlik bir ədəd oturacağı 1593 manata alıb – Tender

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Provide Solutions” MMC olub. Sozcu.az xəbər verir ki, Mərkəz 150 ədəd mühərrikli təkərli oturacağa görə “Provide Solutions” MMC-yə 238 min 950 manat ödəyəcək. Rəqəmlərdən göründüyü kimi, oturacağın bir ədədi 1593 manatdır. Nizamnamə kapitalı 10 manat olan “Provide Solutions” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 9, mənzil 96-da yerləşir. Şirkətin qanuni təmsilçisi İntiqam Abid Əliheydər oğludur.Yeniavaz.com)

Ramanada məktəbdə DƏHŞƏT: ikinci sinif şagirdini bu hala saldılar - FOTOLAR

Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdinə ağır xəsarət yetirilib. Sozcu.az xəbər verir ki, bununla bağlı jurnalist İntiqam Valehoğlu fotolar paylaşıb. Həmin fotolarda, şagirdin sağ gözünün qaraladığı və ciddi xəsarət aldığı əks olunur. İ.Valehoğlu qeyd edib ki, məktəbin direktoru Svetlana Nəbiyeva uşağın valideyni ilə "anlaşmağa" çalışır. "Sabah bu barədə geniş reportajım olacaq. Bütün həmkarlarımı bu məsələni ictimailəşdirməyə çağırıram", - o əlavə edib.

Fransada yeniyetmənin ölümündən sonra iğtişaşlar başlayıb

Fransanın cənub-şərqində yerləşən Romanes-sur-Isere şəhərində yeniyetmənin bayram zamanı bıçaqlanaraq öldürülməsindən sonra iğtişaşlar başlayıb. Bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb. Təxminən 50 ilə 100 arasında olan ifrat sağçı fəallar şəhərdəki Monet məhəlləsinin küçələrinə çıxıblar. Onlardan bəziləri zibil qutularını aşırıb, konteynerləri yandırıblar. İyirmi nümayişçi saxlanılıb, üçü yüngül xəsarət alıb. Nümayişçilər dünyasını dəyişən yeniyetmə üçün ədalət tələb ediblər. Asayişin qorunmasında 120-yə yaxın təhlükəsizlik qüvvəsi iştirak edib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və fişənglər atıblar.

Moskvada hava limanlarının fəaliyyəti dayandırıldı: PUA hücumu...

Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb. Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib. Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.

Bakıda evdə başlayan yanğın mağazaya keçdi

Bakıda birmərtəbəli evdə baş verən yanğın mağazaya keçib. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bitişik ümumi sahəsi 88 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları və rəflərə yığılan ərzaq malları yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Evin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ABŞ tələsir: Bakı və İrəvan təcili sülh imzalamalıdır – ŞOK SƏBƏB

ABŞ rəsmiləri yaxın həftələrdə, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmağa çalışır. Sozcu.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “1in” saytı çıxış edib. Məqalənin müəllifi bildirir ki, rəsmi Vaşinqton prosesin yekunlaşmasına tələsir: “Gələn il ABŞ-da prezident seçkisi ilidir və Demokratların hakimiyyətdə qalacağına zəmanət yoxdur. Əgər 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə Respublikaçılar hakimiyyətə gəlsə, bu, həm Ermənistan, həm də region üçün qarşısıalınmaz nəticələrə səbəb ola bilər”. Müəllif qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin də Ukraynadakı müharibəni ABŞ-da keçiriləcək seçkilərə qədər uzatmaq qərarına gəlib.globalnfo)

Rusiyanın itkiləri 325 mnə yaxınlaşır

Ukrayna müharibənin 641-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 324 830 hərbçi, 5513 ədəd tank, 10279 ədəd zirehli döyüş maşını, 7874 ədəd artilleriya sistemi, 907 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 597 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 288 ədəd avtomobil texnikası, 5901 ədəd PUA, 1565 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1113 xüsusi avadanlıq itirib.

Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada öldü

Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova körpəsindən imtina edib. Yeni doğulmuş körpə bir müddət sonra uşaq xəstəxanasına köçürülüb. O, bu gün xəstəxanada ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Ukraynanı dəstəkləməyə davam edəcəyik - Kansler

Almaniya büdcə çətinliklərinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcək. Sozcu.az xəbər verir ki, bunu Sosial Demokrat Partiyasının regional qurultayında Almaniya kansleri Olaf Şolz deyib. O bəyan edib ki, Almaniya hakimiyyəti müharibənin iqtisadi nəticələrini yüngülləşdirmək və ölkədə harmoniyanı qorumaq üçün hər şeyi edəcək. Kanslerin sözlərinə görə, hökumət Almaniyada sənayenin modernləşdirilməsi layihəsinə dəstək verəcək.

Şahramanyandan ŞOK ETİRAFLAR

Qarabağdakı keçmiş separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyasının iclasında bir sıra sualları cavablandırıb. Samvel Şahramanyan qondarma rejimin ləğv ediləcəyi barədə "fərman" imzalaması haqda danışıb. Şahramanyan qondarma qurumun digər "rəhbər" şəxslərinin harada olmasına da aydınlıq gətirib. O, keçmiş "rəhbər"lərin bir qisminin Rusiya sülhməramlılarının qərargahında, digər "rəsmi"lərin isə Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib. Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı da danışan Şahramanyan bildirib ki, bu, səhlənkarlıq nəticəsində baş verən hadisədir. Samvel Şahramanyan bundan sonra Ermənistanda siyasətlə məşğul olmayacağını bildirib. (News24.az)

Anar təsdiqlədi: “Sürücü və katibəmə də ev vermişəm!”

Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə ev verməsi müzakirə edilir.  Sozcu.az xəbər verir ki, AYB-nin sədri Anar Rzayev Globalinfo.az-a açıqlamasında deyilənlərin hamısının yanlış olduğunu bildirib.  Onun sözlərinə görə, ev AYB-yə verilib:  “2600 üzvümüzdən 230 nəfəri evlə bağlı bizə müraciət edib. Lakin onlar arasında 21 nəfərə ev verildi. Qeyd edim ki, həmin 21 nəfərin əksəriyyəti işləməyən yazıçılardır. Hətta adlarını da çəkə bilərəm – Seyran Səxavət, Firuz Mustafa, Nəriman Qasımzadə, Dəyanət Osmanlı, Elxan Qaraxanlı və s. Bundan başqa, bizimlə çalışan şəxslər yalnız bizdən ev ala bilərlər. Çünki onların başqa iş yerləri yoxdur. Ona görə, sürücü və katibə də başqa vətəndaş kimi növbədə gözləyərək ev alıb. Ev almaq onların da haqqı idi”. Sədr bir neçə evi olub, yenidən ev alanlar haqda da danışıb: “Deyirlər 2-3 evi olanlara ev vermişik. Bizə 230 nəfər müraciət edib. Mən necə araşdıra bilərəm ki, onların evi var, yoxsa yox? Ərizə yazarkən evsiz olduqlarını qeyd edirlər. Həmin adamlar da deyirlər ki, ilk evi 20 il əvvəl alıblar, indi isə övladları böyüyüb, ailə qurublar deyə əlavə evə ehtiyacları var. Mən nə deyim?! Deyim ki, yox, sənə ev vermirəm?!” A.Rzayev yaxın günlərdə AYB üzvlərinə maddi yardım olacağını bildirib: “Pul verəcəyimiz şəxslər də olacaq. Kimlərə verilməsi isə katiblikdə həll olunacaq. Kimin pula daha çox ehtiyacı varsa, o da alacaq”. 

DİN-dən vətəndaşlara müraciət: Kömək edin!

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib. Sozcu.az müraciəti təqdim edir: "Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!"