Sabah külək güclənəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlığa uyğundur.

Eldar Əzizovu görün kim əvəzləyəcək

Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ölkənin hakim partiyası olan YAP-a faktiki rəhbərlik edən Tahir Budaqovun rayon icra hakimiyyətinin başçısı təyin olunması birmənalı qarşılanmayıb. Araşdırması zamanı bu təyinatın pərdəarxası məqamı üzə çıxıb. Belə ki, məlumatlı mənbənin saytımıza verdiyi xəbərə görə, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq./Gununsesi.info

Yekaterinburqda azərbaycanlılara qarşı məhkəmə: Yekun qərar bu gün veriləcək

“Bu, andlı iclasçıların verdiyi qərardır. Məhkəmənin iclası isə bu gün günortadan sonra keçiriləcək və yekun qərar həmin prosesdə qəbul ediləcək. Hazırkı mərhələdə hər hansı münasibət bildirmək istəmirəm, çünki proses davam edir.  Xatırladım ki, indiyədək məhkəmə iclasları qapalı keçirilib”. Bunu “Yeni Sabah”a Rusiyanın Yekaterinburq şəhərində keçirilən məhkəmədə ittiham olunan şəxslərdən biri - Bakir Səfərovun qardaşı, jurnalist Seyfəddin Hüseynli (Səfərov) bildirib. O, qardaşının ittihamlarla razılaşmadığını və özünü təqsirli bilmədiyini vurğulayıb: “Vəkil onun təqsirsiz olduğunu sübut edib. Bu proseslərdə qardaşımın hər hansı təqsiri yoxdur. Hazırda həbsdə olan təkcə o deyil, digər Səfərovlar da bizim qohumlardır. Yeri gəlmişkən, ittiham olunan Bakir Səfərovun əleyhinə indiyədək hər hansı əsaslı və tutarlı sübut irəli sürülməyib”. Xatırlatma: Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində ittiham olunan "Ural Azərbaycan" diaspor təşkilatının rəhbəri Şahin Şıxlinski və digər təqsirləndirilən şəxslərlə bağlı Andlılar Məhkəməsinin kollegiyası qərarını elan edib. Qərara əsasən, Şahin Şıxlinski, Ayaz Səfərov, Bakir Səfərov, Akif Səfərov, Kamal Səfərov, Məzahir Səfərov və Şücayəddin Rəcəbov təqsirli biliniblər. 2025-ci ilin iyununda Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunub. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Kəmaləddin Heydərov “Qoca”nı işdən çıxartdı

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Mübariz Əliyev vəzifəsindən azad edilib.  Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni tutan "Qoca" ləqəbli polkovnik təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Babək Zeynalov rəis əvəzi təyin olunub. Ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

Sabah 18 dərəcə isti olacaq - PROQNOZ

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

3 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. Sozcu.az xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün – 9 mart da qeyri-iş günü hesab olunacaq. Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Bu rayonlara qar yağdı

Ölkə ərazisində yağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub. Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb. Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Onların müavinəti tam şəkildə ödəniləcək

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği artıq tam şəkildə işçiyə ödəniləcək. Sozcu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdirinin müavini Emil Əliyev DOST TV-nin efirində çıxışı zamanı deyib. O bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği hesablandıqda əvvəl tam şəkildə işçiyə ödənilmirdi: "Çünki burada sığorta stajı tələbi var idi. 8 il sığorta stajı olanda 60 faiz, 8 ildən 12 ilə qədər olduqda 80 faiz, 12 ildən yuxarı və müəyyən kateqoriyaya aid olan şəxslərə 100 faiz miqdarında ödənilirdi. Yeni dəyişikliyə əsasən, sığorta stajı və yaxud hər hansı statusdan asılı olmayaraq, müavinətin məbləği tam şəkildə 100 faiz şəkildə ödəniləcək".

Rusiya aviaşirkətləri yanacaq qıtlığına görə Kubaya uçuşları dayandırır

"Rossiya" aviaşirkəti ("Aeroflot" Qrupunun tərkibinə daxildir-red.) Kubaya uçuşları dayandıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb. Bildirilib ki, şirkət turistlərin təxliyyəsindən sonra yaxın günlərdə Kubaya uçuşları müvəqqəti olaraq dayandırılacaq. "Yaxın günlərdə "Rossiya" aviaşirkəti hazırda Kubada olan rusiyalı turistlərin daşınmasını təmin etmək üçün yalnız Havana və Varaderodan Moskvaya bir sıra geri dönüş uçuşları həyata keçirəcək. Bundan sonra aviaşirkətin uçuş cədvəli vəziyyət dəyişənə qədər müvəqqəti olaraq dayandırılacaq" - məlumatda deyilir. Agentlik izah edib ki, bu qərar Kubada təyyarələrin yanacaq doldurmasında çətinliklərlə bağlıdır. Kubaya uçan ikinci Rusiya aviaşirkəti olan "Nordwind" də Kubaya uçuşların dayandırıldığını elan edib. 12 fevraldan etibarən aviaşirkət artıq adada olan sərnişinlər üçün Varadero, Holguin və Kayo Kokodan Moskvaya yalnız təxliyə uçuşları həyata keçirəcək. Rosaviasiyadan bildirilib ki, Rusiya Nəqliyyat Nazirliyi və Federal Hava Nəqliyyatı Agentliyi ölkələr arasında uçuşlarla bağlı vəziyyəti yaxından izləyir və Kuba aviasiya orqanları ilə daim əlaqə saxlayır. Tərəflər hər iki ölkə vətəndaşlarının maraqları naminə hər iki istiqamətdə uçuşların bərpası üçün alternativ variantları araşdırırlar. Qeyd edək ki, Kuba yanacaq-enerji böhranı ilə üz-üzə qalıb. İndiyədək Venesuelada yanacaq təmin edən Havana Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra bu enerji mənbəsindən də məhrum olub. ABŞ-nin təzyiqi ilə Meksika da Kubaya neft və yanacaq məhsulları satmaqdan imtina edib.

Türkiyə parlamentində yeni ədliyyə nazirinə görə dava düşdü

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin ədliyyə naziri vəzfəsinə təyin olunan Akın Gürlekin parlamentdə andiçmə mərasimində gərgin anlar yaşanıb. Sozcu.az xəbər verir ki, əsas müxalifər partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi olan deputatlarla hakim AKP-li deputatlar yumruq davasına çıxıb. CHP-ni təmsil edən deputat Murat Emir Akın Gürlekin hələ də baş prokuror vəzifəsini davam etdirdiyini, siyasi məqsədlərlə, xüsusən də Əkrəm İmamoğlu daxil olmaqla, bir çox siyasi səbəbli iddianamələr hazırladığını və həbs qərarları verdiyini bildirib. Buna görə o, belə bir şəxsin ədliyyə naziri vəzifəsinə təyin edilməsini və and içməsinin doğru olmadığını bəyan edib. Yaranan mübahisə səbəbindən iclasa fasilə verilib.

Məktəblərin tədris proqramına dəyişikliklər edilməlidir - İlham Əliyev

"Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür". Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bunu “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib. "Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir", - Prezident qeyd edib.

Paşinyan iş adamlarına müraciət etdi: Azərbaycandan keçən yol açıqdır!

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı biznes nümayəndələrinə müraciət edərək Azərbaycan üzərindən ixrac üçün dəmir yolu marşrutunun açıq olduğunu bəyan edib. Sozcu. az-ın məlumatına görə, o bildirib ki, Ermənistan biznesi bu faktı nəzərə almalı və yeni imkanları qiymətləndirməlidir. Paşinyanın sözlərinə görə, bu məsələ ilə bağlı ən yüksək səviyyədə təminatlar mövcuddur. Baş nazir xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də bir gün əvvəl çıxışında Azərbaycanın tranzit və yükdaşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdığını, həmçinin Azərbaycanın artıq Ermənistana neft məhsulları ixracına başladığını açıqlayıb. Ermənistan hökumət başçısı qeyd edib ki, bu addımlar faktiki olaraq iki ölkə arasında ticarət və əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilə bilər. O əlavə edib ki, Ermənistan yaxın günlərdə ABŞ tərəfinə “Tramp marşrutu” adlandırılan layihə üzrə saziş layihəsinə dair öz müşahidələrini təqdim edəcək. Onun sözlərinə görə, hazırda layihə üzrə texniki-iqtisadi əsaslandırma prosesi aparılır. Paşinyan çıxışında Ermənistanın yeni atom elektrik stansiyasının inşası məsələsinə də toxunub. O bildirib ki, rəsmi İrəvan hələ də hansı model üzrə stansiya tikiləcəyinə dair yekun qərar verməyib. Xatırladaq ki, bir neçə gün əvvəl İrəvanda Paşinyan ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə ümumi dəyəri 9 milyard dollar olan Amerika istehsalı modul reaktorları üzrə (yanacaq və servis xidmətləri daxil olmaqla) saziş imzalayıb. Ermənistan hökumətinin başçısı vurğulayıb ki, beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir və yekun qərar ölkənin maraqlarına ən uyğun olan layihənin xeyrinə veriləcək.

Burada dayanan sürücülər 100 manat 3 bal CƏRİMƏLƏNƏCƏK

Bakıda qaydaları pozan sürücülər hərəkətə mane olub. Sozcu.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-da, paytaxtın Neftçilər prospektilə Niyazi küçəsinin kəsişməsində (Azneft dairəsində) qeydə alınıb. Belə ki, Niyazi küçəsilə hərəkət edən "Land Rover", "KIA Stinger" və onun sağında dayanan digər avtomobillərin sürücüləri soldan gələn maşınlara yol verən zaman qaydaları pozublar. Onlar avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt ediblər. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişməli olub. Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq yol verməmə sayılır. Bu qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.

İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Şöbə müdiri işdən azad olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) şöbə müdiri vəzifəsindən azad olunub. Sozcu.az-ın məlumatına görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Agentliyinin İnsan Resursları Departamentinin İstedadların idarəolunması şöbəsinin müdiri Sevinc Yusubova vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur. (İqtisadiyyat.az)

Ağsu yolunda buzlaşma - İki maşın aşdı

Yağan qardan sonra temperaturun aşağı düşməsi Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində buzlaşmaya səbəb olub. Sozcu.az xəbər verir ki, hazırda yolun sərt döngəli, enişli-yoxuşlu əraziləri təhlükəli olaraq qalır. Buzlaşma səbəbindən iki avtomobil yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. 16 saylı Yol İstismar MMC-nin əməkdaşı Qərib Dünyamalıyev bildirib ki, gecə saatlarından etibarən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Onun sözlərinə görə, yollara qum-duz qarışığı səpilir, zəruri tədbirlər həyata keçirilir, əməkdaşlar növbəli şəkildə xidmət aparırlar. Qeyd olunub ki, qurumun xidmət etdiyi ərazi əsasən 143–156-cı kilometrləri, o cümlədən Ağsu aşırımı hissəsini əhatə edir. Hazırda hər iki istiqamətdə texnikalar işləyir və hərəkət nəzarət altındadır. Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması məqsədilə ərazidə polis gücləndirilmiş iş rejimində xidmət aparır və zəruri tədbirlər görülür. (AzərTac)

"Zavod çörəyi" də bahalaşacaq

"Hələ zavod çörəyi bahalaşmayıb, bir müddət sonra o da bahalaşacaq. Bu yaxınlarda hökumət dizel yanacağının qiymətini 10% artırdı, bezin də bahalaşdı, əhalinin istifadə etdiyi qazın, elektrik enerjisinin əlavə sabit xərcini yaratdı. Elə o vaxt dedik ki, dizel yanacağının qiyməti artırsa, bu, o deməkdir ki, daşınmanın, nəqliyyatın xərci artır. Nəticədə, un istehsalçılarının daşıdıqları buğdanın, unun xərci çoxaldı. Un çörək bişirilən müəssisələrə daşınır, həmin müəssisələrin də xərci artır. Çörək bişir, ticarət obyektlərinə daşınır, bunun da xərci artır. Ümumilikdə, istehsal müəssisələrində çalışanların xərcləri çoxalır, beləliklə, artan xərci kompensasiya etmələrinə ehtiyac yaranır. Bunu hansı yolla kompensasiya etsinlər? İstehsal etdikləri məhsulun qiymətini artırmaq hesabına. Bu, təbiidir. Başqa yolları qalmır, çünki o müəssisələrdə çalışanların heç birinin əlavə qazanc yeri yoxdur ki, xərclərini ödəsinlər. Təəssüf ki, hökumət bunu başa düşmür. Hökumətdə çalışanların əksəriyyətinin əlavə gəlir mənbəyi var. Bəziləri rüşvət alır, bəziləri korrupsiya ilə məşğuldur, paket alırlar... Başa düşməzlər ki, istehsalatda çalışan fəhlələrin yalnız bir yerdən gəliri gəlir. Xərc artanda isə onların əməkhaqları artırılmalıdır. Bu, müəssisənin hesabına həyata keçirilir deyə müəssisə istehsal etdiyi məhsulun qiymətini artırır". Bu sözləri Pravda.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib. V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda istehsal get-gedə azalır, məhsuldarlıq aşağı düşür: "Bu, əldə olunan məhsulun daha yüksək qiymətə əmələ gəlməsi deməkdir. Digər tərəfdən, kənd təsərrüfatında istifadə edilən dizel yanacağının qiyməti artdı. Bizim kəndlilər də istehsal zamanı öz avtomobillərində benzindən istifadə edirlər, onun da qiyməti artdı. Beləliklə, istehsalla məşğul olan kəndlilərin də xərcləri artacaq. Kənd təsərrüfatı məhsulları anbarlara, bazarlara, anbarlardan yenə ticarət obyektlərinə daşınır. Bu da xərci artırır. Deməli, kənd təsərrüfatında istehsal edilən bütün mal-məhsulun qiymətində təbii olaraq bahalaşma baş verəcək. Bəziləri artıq bahalaşıb, bəziləri isə hələ bundan sonra bahalaşacaq. Ola bilsin, hələ indi anbarlarda qalan məhsullar daşınır. Bundan sonra isə əldə olunan məhsulun maya dəyəri artdığı üçün mərhələ-mərhələ bütün kənd təsərrüfatı məhsullarının qiymətlərində əvvəlki ilə nisbətən bahalaşma görəcəyik". V.Məhərrəmli bildirib ki, sənaye mallarının da daşınması baha başa gəlir: "Yəqin ki, bundan sonra daha da baha başa gələcək. Sənaye mallarının qiymətində artım olduğunu müşahidə edirik. Hökumət bilməli idi ki, dizel yanacağının qiyməti artırsa, bu, bütün malın-məhsulun qiymətinə təsir edəcək. Hər dəfə irad tuturlar ki, Ermənistanı niyə nümunə gətirirsiniz? Mən də Qazaxıstanla müqayisə edirəm. Buna, ümumiyyətlə, əsəbləşirlər, axı orada göstəricilər daha yüksəkdir. Qonşu İranla müqayisə etsək, İranda artıq on ildən çoxdur, kəndliyə təklif olunan dizel yanacağının qiyməti Azərbaycan pulu ilə 2 qəpikdir. Dizelin 1 litri kəndliyə 2 qəpiyə satılır. Təsəvvür edirsiniz? Azərbaycanda isə kəndli bundan əlli beş dəfə baha qiymətə dizel yanacağı alır. Son beş ildə dizel yanacağının qiymətini etap-etap üç dəfə artırıblar. 2021, 2023-cü ildə, bir də 2026-cı ildə dizeli bahalaşdırdılar. Bir dəfə 33%, sonra, təxminən, 20%, bəlkə də, bir az da çox, indi isə 10% artırdılar. Qiymət artımı istehsal xərcini artırdığı üçün kəndliləri və istehsalla məşğul olan sahibkarları çətin duruma salır. Maya dəyəri artır və onlar qiyməti artırmaqda bir o qədər maraqlı deyillər. Çünki çalışırlar ki, bahalı məhsulu tez satsınlar. Kənd təsərrüfatı məhsulu tez xarab olan məhsuldur. Hökumət nəzərə almalıdır ki, heç olmasa, kənd təsərrüfatı üçün müəyyən mərhələyə qədər - İranda olduğu kimi on-on beş il sabit, stabil qiymət müəyyən etsin. Türkmənistanda da ucuzdur. Çünki neft istehsal edən ölkələrdə benzin və dizel yanacağı çox ucuzdur".

Bu məktəblərə yeni direktorlar təyin olundu

Altı məktəbə direktor təyinatı həyata keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Siyahını təqdim edirik: Günel Vilayət qızı Hacıyeva - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Pərvanə Qurban qızı Həmidova - Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Leyla Hümbət qızı Camalzadə - Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru; Günel Oruc qızı Muradova - Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru; Günel Elçin qızı Məmmədova - Samux şəhəri 3 nömrəli tаm orta ümumtəhsil məktəbinin direktoru; Seymur Vaqif oğlu Məmmədov - Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qobustanda dəm qazı faciəsi: Nənə və nəvəsi ölüb

Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb. Sozcu.az xəbər verir ki, hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 68 yaşlı Qızbacı Mədətova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədətov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Hazırda ölümün dəqiq səbəbi və hadisənin təfərrüatları müvafiq qurumlar tərəfindən araşdırılır.

Nərimanın getməsi bizim üçün ürəkaçan deyil - Qurban Qurbanov

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Qarabağ" klubundan getməsi baş məşqçi Qurban Qurbanov üçün ürəkaçan deyil. Sozcu.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib. O, 21 yaşlı hücumçunun ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı danışıb: "Nəriman kimi futbolçunun komandadan getməsi bizim üçün ürəkaçan deyil. Amma sadəcə, son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Çünki özündə deyildi. Hər gün fərqli fikirdə idi, qarşısına nəsə çıxırdı, yazılanları oxuyub gəlirdi. Amma Nəriman Axundzadə bizim komandanın ən məhsuldar oyunçulardan biridir. Onun getməyinə ehtiyac var idi ki, öz oyununu yenidən tapsın. Nəriman mənə lazım olan futbolçudur, sıx qrafikdə ehtiyacım var. Edəcək bir şey yoxdur. Təki transfer alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox əziyyət çəkib.

"Boşananları 50 min dollar cərimələsinlər" - Eldəniz Məmmədov

Müğənni Eldəniz Məmmədov boşanmalardan danışıb. Sozcu.az xəbər verir ki, sənətçi "Günə bax" verilişində son günlər ayrılıqların çoxalmasından şikayətlənib.  "Sevgi azalır, boşanmaların sayı çoxalır. Sevgi olsa, boşanmazlar. Sosial şəbəkədə tanışlıq artıb. Türkiyədə qanun var ki, ayrılanlar dövlətə 30-40 min dollar cərimə ödəməlidirlər. Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir. Bir yerə getmə deyirsə, dava düşür. Xırda şeylərə görə yola getmirlər".  Unikal)

Vardanyan məhkəmədə son söz deyib, hakimlər müşavirəyə gedib

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Sədrlik edən xatırladıb ki, keçən məhkəmə prosesində dövlət ittihamçıları çıxış ediblər. Z.Ağayev bildirib ki, indi söz zərərçəkmiş tərəfə veriləcək. Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, ittiham tərəfindən təqdim edilmiş, o cümlədən ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib. Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri Azad Kərimov, Oqtay Şıxəliyev, Qədim Ağaxanov, Faiq Rüstəmov, Şiraslan Həsənov çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər. Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsinə görə məhkəmədə fasilə elan olunub. Fasilədən sonra çıxış üçün söz müdafiə tərəfinə verilib. Söz alan təqsirləndirilən şəxs fasilə zamanı vəkili ilə danışdığını, onun çıxış etməsini istəmədiyini söyləyib. Söz təqsirləndirilən şəxsin vəkili E.Babışova verilib. Müdafiəçi çıxışında elan olunmuş ittihamla qəti şəkildə razı olmadıqlarını bildirib. O, iş üzrə təqsirləndirilən şəxsin mövqeyini əsas götürərək cinayət işi ilə əlaqədar müdafiə nitqi ilə çıxış etməkdən imtina etdiyini söyləyib. Ardınca müdafiəçinin çıxışına münasibət bildirmək üçün söz ittiham tərəfinə verilib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib: “Müdafiəçinin təqsirləndirilən şəxsin mövqeyinə uyğun olaraq hər hansı arqumentlərə, sübutlara, faktlara qiymət verməməsini nəzərə almaqla əlavə fikrimiz yoxdur”. Sonra R.Vardanyana söz verilib. Təqsirləndirilən şəxs son söz çıxışı edib. R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib. Təqsirləndirilən şəxs çıxışında, həmçinin saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. R.Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuyub. Bundan sonra o, çıxışını yekunlaşdırıb. Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub. Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər. Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq. Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edərək təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Vüsal Nəsirli Saleh Məmmədovun müşavir qudasını işdən çıxarıb? - YENİLƏNDİ

AAYDA-dan verilən məlumata görə, qurumda kadr islahatlarına başlanılması və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər”. *** 14:33 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq əmr imzalayıb. Qeyd edək ki, Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub. Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Əzizov Kamran Gülbala oğlu təyin edilib.