Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa İranla atəşkəs müddətinin uzadılmasına razılıq verdiyinə görə təşəkkürünü bildirib.
Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.
“Öz adımdan və feldmarşal Asim Munirin adından Prezident Trampa diplomatik səylərin davam etdirilməsi üçün atəşkəs müddətinin uzadılması xahişimizi nəzakətlə qəbul etdiyinə görə səmimi təşəkkürümü bildirirəm”, - Şahbaz Şərif vurğulayıb.
O, tərəflərin atəşkəsə hörmət edəcəklərinə və hərtərəfli sülh razılaşmasına nail olacaqlarına ümid etdiyini açıqlayıb.
Qeyd edək ki, danışıqların ikinci mərhələsinin bu gün İslamabadda keçirilməsi planlaşdırıldığı bildirilirdi, lakin İran tərəfinin mövqeyinə görə görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, İranla ABŞ arasında atəşkəs razılaşması 8 apreldə iki həftəlik əldə edilmişdi. Bu gün atəşkəsin müddəti bitirdi. Tramp isə dünən açıqlama yayaraq, Pakistanın xahişi ilə atəşkəsin uzadıldığını elan etdi.
