İsraildən Ərdoğanla bağlı sərt BƏYANAT

İsrailin Xarici İşlər Nazirliyi bəyan edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə rəsmi Tel-Əviv Ankaradakı səfir vəzifəsinə diplomat göndərməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen X mikrobloqunda yazıb. “Nə qədər ki, Ərdoğan Türkiyənin prezidentidir, İsrail səfirinin geri dönəcəyi yer yoxdur”, - o qeyd edib. Bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edərək Netanyahu ilə Hitlerin hərəkətləri arasında heç bir fərq olmadığını bildirmişdi.

Hücuma məruz qalan müxalifət lideri əməliyyat olunacaq

Cənubi Koreyanın aparıcı müxalif Demokratik Partiyasının lideri Li Çje Myunq Pusan şəhərinə səfəri zamanı hücuma məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı boyun nahiyəsindən xəsarət alan müxalifət liderinə təcili tibbi yardım göstərilib.  Onun əməliyyat olunacağı bildirilib. Siyasətçinin boyun damarlarının bıçaqlı hücum zamanı zədələndiyi güman edilir. Şahidlərin sözlərinə görə, özünü siyasətçinin tərəfdarlarından biri kimi təqdim edən şübhəli şəxs ondan avtoqraf almaq üçün yaxınlaşıb, daha sonra təxminən 20-30 santimetr uzunluğunda naməlum silahla ona hücum edib. Hücum edən şəxs hadisə yerində yaxalanıb. Koreya Respublikasının Prezidenti Yun Sok Yola müxalifətçinin səhhəti ilə bağlı narahatlığını bildirib. Onun sözlərinə görə, zorakılıq qəbuledilməzdir.

41 il yaşasa da... Bu gün Səməndər Rzayevin doğum günüdür

Sozcu.az xəbər verir ki, bu gün dəyərli sənətkar Səməndər Rzayevin doğum günüdür. Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib. Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da. Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi. "Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdi. Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... "Uşaqlığın son gecəsi" Filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. "Çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. "Nəsimi" də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan. Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Axı, aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan "Bəyin oğurlanması" filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. "Mənəm ey, Hidayət müəllim" və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir. Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar") hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək. Və günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyor son oyunu idi...

Şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova “general-mayor” ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. 2021-ci ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb. P.Həşimovun Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı yadigar qalıb.

Ukraynanın Belqoroda zərbəsi: 18 ölü, 111 yaralı

19:40 Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Məlumata görə, daha 108 nəfər yaralanıb. *** Belqoroda endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 111 nəfərə çatıb. Qeyd edək ki, bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə hücum həyata keçirib.

Papikyan sərhədimizə gəldi, döyüş mövqeyinə baş çəkdi

Ermənistanın müdafiə naziri Suren Papikyan ölkə sərhədinin şərq tərəfindəki hərbi hissələrdən birinə baş çəkib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Bildirilib ki, nazir döyüş mövqeyini də yoxlayıb. O, şəxsi heyətlə söhbət edib, yeni modul tipli kazarmalara baxıb, xidməti və döyüş növbətçiliyinin şəraiti ilə tanış olub. Nazir xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edib.

MİT PKK-nın daha bir "rəhbər"ini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalındakı Kamışlıda gerçəkləşdirilib. Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "pul trafiki üzrə məsul şəxs" Remziye Altığ zərərsizləşdirilib. Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 675-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 358 270 hərbçi, 5 969 ədəd tank, 11 053 ədəd zirehli döyüş maşını, 8434 ədəd artilleriya sistemi, 939 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 621 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 244 ədəd avtomobil texnikası, 6554 ədəd PUA, 1 708 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 260 xüsusi avadanlıq itirib.

Azərbaycanlı alimin qızı Fransada faciəvi şəkildə öldü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundovanın qızı Dilavər Axundova faciəli şəkildə vəfat edib. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Fransada baş verib. Belə ki, orada təhsil alan D.Axundova yol qəzasında dünyasını dəyişib. O, bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır. Məlumata görə, həmin vaxt N.Axundova özü də Polşada ezamiyyətdə olub. Qeyd edək ki, N.Axundova İnstitutun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisidir.

Bu xəstəxanada rentgen fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən Sozcu.az-a verilən məlumata görə, bu çərçivədə, agentlik tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Bakıda 30 yaşlı kişi dəm qazından öldü

Bakı şəhəri Yasamal rayonunda 30 yaşlı Nicat Ağanemət oğlu Bayramov evinin hamam otağında çimərkən ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisənin baş verməsinin ilkin səbəbi olaraq dəm qazı zəhərlənməsi ehtimal edilir. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bayram tətili başlayır: 1 həftə iş olmayacaq

Sabahdan - dekabrın 31-dən Azərbaycanda bir həftə ardıcıl iş olmayacaq. Sozcu.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

Arif Hacılı Azərbaycan xalqını təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   "Əziz  həmvətənlərim!  Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə  təbrik edir, sizə qarşıdan gələn 2024-ci ildə uğurlar arzulayıram.  31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı  məftillərin sökülməsi bir il əvvəl başlayan xalq hərəkatının mühüm mərhələsi oldu.  Bu hadisə Bütöv Azərbaycan ideyasının soydaşlarımız arasında yenidən və daha böyük miqyasda yaylmasına təkan verdi.  Həmin gün xalqımız üçün əziz bayramlardan birinə çevrildi.  1992-ci idə prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi.  Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu.  Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı. Qarşıdan həm də Yeni İl bayramı gəlir.  Təssüf ki, yola saldığımız ildə demokratiya, azad cəmiyyətin qurulması istiqamətində ciddi addımlar atılmadı. Siyasi, iqtisadi azadlıqların məhdudlaşdırılması, korrupsiyanın tüğyan etməsi ölkə əhalisinin həyat səviyyəsinin daha da pisləşməsinə gətirib çıxardı. Siyasi məhbuslar azad edilmədi. Əksinə siyasi həbslər davam etdi. Belə idarəçəlik nəticəsində ölkə həm siyasi, həm də sosial-iqtisadi böhran içərisindədir.  Cəmiyyətdə təbəqələşmə daha da dərinləşir. Amma bütün çətinliklərə baxmayaraq 2023-cü ildə xalqımızın iradəsi, əsgər və zabitlərimizin şücaəti nəticədində torpaqlarımızın tamamilə işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması, Qarabağ üzərində suverenliyimizin əsasən bərpa edilməsinə nail olundu. Bu vətənimizin, xalqımızın tarixində böyük, möhtəşəm hadisədir. Bu böyük qələbəyə xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına nail olduq. Bayram günündə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sevgi, sayğı ilə anır və onlara Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyirəm. Qarşıdan gələn 2024-cü ildə ümummili problemlərin həlli üçün ciddi addımlar atılmalıdır.  Azərbaycanın inkişaf etmiş, firavan bir dövlətə çevrilməsi yolunda ciddi işlər görülməli, ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm iqtisadi, həm də siyasi sahədə bərabər imkanlar yaradılmalıdır.  Bütün siyasi məhbuslar azad edilməli, millinbirliyə nail olunmalıdır.  Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması sürətləndirilməli, işğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin məskunlaşması ilə bağlı ciddi addımlar atılmalıdır.  44 günlük Vətən Müharibəsi də göstərdi ki, xalqımız ən çətən, bəzən həlli kimlərəsə mümkünsüz görünən problemləri də həll etməyə qadirdir. Ümid edirəm, inanıram ki, Qarabağ problemini həll etməyə nail olmuş xalqımız ölkəmizdə azad, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulmasına da nail olacaq.  Əziz  həmvətənlər!  Sizi bir daha qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayıram. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Biz zülm çəkdik, Arayik “Marlboro” çəkir...

Hazırda Azərbaycanda həbsdə olan qondarma rejimin sabiq “prezidenti” Arayik Arutyunyanın murdar adı yenə saytlarımızı “bəzəyir”. Demək olar ki, yerli KİV hər gün Arayiklə bağlı müxtəlif səpkili xəbərlər tirajlayır.  Oxuduqlarımdan belə qənaətə gəldim ki, tez-tez adını yazıb, ürəyinizi bulandırmaq istəmədiyim bu erməni köpəyinin günü heç də pis keçmir. Gündə ən azı 9 saat kompüterin qarşısında əyləşən müxbirimizin hələ indiyə kimi, 1 qutu siqaretə 3 manat verməyə əli gəlməyib. Arayik isə qiyməti bizim pulla 9-10 manat olan bahalı “Marlboro” çəkir…  İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov ötən gün istintaq təcridxanasında Arutyunyana baş çəkib. Tural müəllim deyir ki, dörd divar arasında olmasına rəğmən, Arayikin normal yaşaması üçün təcridxanada hər cür şərait var. Saxlama kamerasında hamamı, istilik şəraiti yüksək səviyyədədir. Ərzaq təminatı qaydasındadır. Bunu Tural Hüseynov demir, mən deyirəm: DTX-nın cəsur oğlanlarının oktyabrın 3-də danaboyun eləyib Bakıya gətirdikləri Arayik yeyib-yatmaqdan dana boyda olub. Məhkəmə başlayanda özünüz görəcəksiniz, təkcə Arayikin deyil, digər seperatçı liderlərin də üzündən qan damır... Qarabağda özlərinin yaratdığı xunta rejimdən fərqli olaraq, Azərbaycanda hüquqi dövlət var. Biz hər kəslə qanun çərçivəsində davranırıq. Şəxsən mən, Arayiki və onunla bir yerdə təcridxanada saxlanılan digər erməni qatillərini adam saymasam da, Azərbaycan dövləti onları adam yerinə qoyur. Təcridxanada “Marlboro” siqareti çəkib, bədii kitab oxuması, idmanla məşğul olması, quyruğu qapı arasında qalan küçük kimi “mən də Azərbaycan vətəndaşıyam” deyə yalvarması da bununla bağlıdır. Azərbaycan dövlətinin humanistliyindən ona yetərincə pay düşüb... Arayikin sələflərinin və xələflərinin nankorluğu, namərdliyi, əclaflığı üzündən hansı zülmü çəkdiyimizi təkrar-təkrar yazıb bayram ərəfəsində ovqatınızı təlx etmək istəmirəm. Arayik kimi cəlladların ucbatından 30 il əvvəl biz siqaret əvəzinə dərd çəkirdik. Nisbətən cavan və enerjili olanlar birtəhər dözür, dözə bilməyənlər isə ölürdü. Bu zibillər torpaqlarımızı o qədər zibilləyiblər ki, arada 30 il keçməsinə baxmayaraq, hələ də doğma yurdlarımıza dönə bilmirik. Hələ də yüz minlərlə insan yurd həsrəti çəkir. Buna baiskar olan Arayik və onun kimiləri isə təcridxanada “Marlboro” çəkir… Görünür, taleyin ironiyası bu imiş…  Seymur VERDİZADƏ 

Cəlilabadda iki azyaşlı kanalda batdı

Bu gün Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyiti aşkar olunub. Sozcu.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Üç gündən sonra pensiyalar, maaş nə qədər artacaq?

Minimum maaşdakı artımlar il başladıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla reallaşır. Bir sıra artımlar öncədən büdcə paketində öz əksini tapıb və bu qanunvericiliklə təsbit olunmuş artımlardır. Məsələn, pensiyadaki artımlar 2023-cü ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır. Buna görə də bunu əvvəlcədən hesablamaq mümkündür. Minimum maaşda hər il artımlar həyata keçirilir. Bu da təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından kifayət qədər vacib addımlardır. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Bayramov bildirib ki, ilkin qiymətləndirmələrə görə yanvar ayında pensiyalar təxminən 11% artacaq: “Eyni zamanda ünvanlı sosial yardım çərçivəsində sosial yardım alan vətəndaşlarımızın da yardımlarında artımlar olacaq. Bu, birbaşa ehtiyac meyarının 270 manata çatdırılması ilə bağlıdır və təxminən 10%-lik artım deməkdir”. Millət vəkilinin sözlərinə görə, 2024-cü ildə minimum əmək haqqı ilə əlaqəli qərar fiskal gəlirlərimizdən asılı olaraq veriləcək: “Nəzərə alsaq ki, 2024-cü ilin büdcəsi təsdiq olunur, bu baxımdan fiskal gəlirlərimiz çox önəmli olacaq. Büdcədə sosial xərclərin payı kifayət qədər yüksəkdir. Ümumi xərclərin 45%-ni sosial xərclər təşkil edir. Ona görə də növbəti ildə həm minimum maaş, həm də sosial müavinətlə bağlı qərar fiksal gəlirlərimizdəki vəziyyətə uyğun olaraq qəbul ediləcəyi gözlənilir”.

Prezidentliyə namizəd: “Erməniləri Qarabağa qaytaracam, status veriləcək”

ABŞ prezidentliyinə müstəqil namizəd, sabiq prezident Con Kennedinin qardaşı oğlu Robert Kennedi Azərbaycanla bağlı böhtan məzmunlu, saxta fikirlər səsləndirib.  Sozcu.az xəbər verir ki, R.Kennedi prezident seçiləcəyi təqdirdə Ermənistana dəstək olacağını və ermənilərin Qarabağa qayıdışını təmin edəcəyini deyib. Absurd iddialarına davam edən Kennedi deyib ki, ABŞ hökumətini Qarabağ ermənilərinin öz “vətən”lərinə qayıtmasını təmin etmək, “müqəddəratını təyinetmə hüququnu qorumaq” üçün səfərbər olmalıdır. O qeyd edib ki, dünyanın diqqəti Qəzzaya yönəlib və heç kim Qarabağdan köç barədə danışmır. “ABŞ prezidenti kimi mən bu yolda diplomatiyadan, nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm”, – Kennedi müraciətində bildirir. O həmçinin Azərbaycanı hansısa “etnik təmizləmə”, “Ermənistana təcavüz”də ittiham edib. Qeyd edək ki, R.Kennedinin videomüraciətinin Amerika Erməniləri Milli Komitəsi tərəfindən tez bir zamanda tirajlanması xüsusi diqqət çəkib. Onun belə qatı ermənipərəst mövqe sərgiləməsi erməni lobbisindən dəstək alaraq hakimiyyətə gəlmək məqsədi ilə əlaqələndirilir. Xatırladaq ki, Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya, o cümlədən ABŞ da təsdiq edib.globalinfo)

12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlanması TƏSDİQLƏNDİ – RƏSMİ

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması günlərdir ki, ictimaiyyətdə ciddi rezonans doğurub. Bununla bağlı ötən gün “Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Belə ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişinin nişanlanması öz təsdiqini tapıb. Cütlük arasında 20 yaş fərqinin olması, eləcə də azyaşlının hələ yeniyetmə çağına yeni daxil olması müzakirələrə səbəb olub.  Məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçib və azyaşlının özündən 20 yaş böyük kişi ilə izdivacı ərtələnib.  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun rəsmisi Nizam Həmidov Bizim.Media-ya açıqlamasında bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub: “Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

İki nazirlik ləğv olunur - Yeni nazir kim olacaq?

2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacaq. Bakupost.az -ın əldə etdiyi məlumata görə, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq. Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olmyacağını bildirib. Mənbənin sözlərinə görə, nazirliyin birinci şəxsi sürpriz isim olacaq. Bununla belə, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinin hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir. Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərhad Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.

Sülh sazişi masada: Tərəflər anlaşıb! - “The Guardian”dan şok iddia

Nüfuzlu “The Guardian” nəşrində Azərbaycanla bağlı məqalə dərc olunub.  Sozcu.az xəbər verir ki, məqalənin müəllifi Patrik Vinturun, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Sankt-Peterburqda görüşdüklərini xatırladıb. Qeyd edilib ki, Azərbaycanın rəsmi şəxsləri ölkənin çoxillik münaqişəyə son qoymaq üçün Ermənistanla sülh sazişinin imzalanmasına yaxın olduğunu bəyan ediblər. O, Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsi üzərində nəzarəti tam bərpa etdiyini bildirib. Vurğulanıb ki, iki ölkə münasibətləri normallaşdırmaq və sərhədləri qarşılıqlı tanımaqla sülh sazişinin imzalanması barədə danışıqları sürətləndirib. Oxucuların diqqətinə çatdırılıb ki, bu yaxınlarda hər iki tərəf xoş məram nümayiş etdirərək saxlanılan şəxsləri dəyişdirib. Eyni zamanda, tərəflər vasitəçi olmadan birgə bəyanatla çıxış ediblər. Məqalədə bildirilib ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Paşinyanla görüşüb. Tərəflər artıq sülh sazişi üzrə potensial və nisbətən qısahəcmli bir neçə layihəni mübadilə ediblər. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, ölkə hazırda sonuncu sülh sazişi layihəsində göstərdiyi təkliflərə Ermənistanın cavabını gözləyir. “Anlamaq vacibdir ki, danışıqların belə bir həlledici mərhələsində biz göründüyü kimi, yekun sazişin imzalanmasından elə də uzaq deyilik, bu halda bizə nəticəyə gətirib çıxaracaq səylər gərəkdir. Mən bilirəm ki, üç onillik ərzində davam edən və heç bir ciddi nəticələr verməyən danışıqlardan sonra tərəflərin hər birində müəyyən yorğunluq, üstəlik, hər hansı həqiqi nəticələr olmadan tərəflərin bir-biri ilə görüşlərinin hələ nə qədər davam edəcəyi ilə bağlı yaranmış məyusluq var”, - deyə o qeyd edib. Müəllif qeyd edir ki, E.Əmirbəyovun sözlərinə görə, sülh sazişi layihəsinin beş prinsipi aşağıdakı maddələri ehtiva edir: bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarını və ziddiyyət təşkil edən hər hansı aktları, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT nizamnaməsinə zidd olan hər hansı hərəkətləri rədd etmək, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası, iki ölkə arasında kommunikasiyaların və əlaqələrin qurulması. Sərhədlərin demarkasiyası məsələsi çətin olduğundan daha sonrakı mərhələdə də həll edilə bilər. Azərbaycan, həmçinin bu sazişin müəyyən mənada mübahisələrin həlli mexanizmini də nəzərdə tutmasını istəyir. “Biz, həmçinin yarana biləcək bütün mümkün anlaşılmazlıqları və fərqlilikləri yoluna qoya biləcək ikitərəfli komissiyanın yaradılmasını ehtiva edən maddənin sülh sazişində öz əksini tapacağı müqaviləyə nail olmağa üstünlük veririk”, - deyə nəşr E.Əmirbəyovun sözlərindən sitat gətirir. Müəllif, eyni zamanda, Naxçıvan məsələsinə də toxunur, 2020-ci ilin noyabrında imzalanmış Bəyanatda Paşinyanın Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının açılmasına razılıq verdiyini bildirib. “Biz bundan artıq vaxt itirə bilmərik. Üç il ərzində Ermənistan hətta 42 kilometrlik yolun texniki-iqtisadi əsaslandırılmasına başlamayıb. Əlbəttə, biz Ermənistanı üzərinə öhdəlik kimi götürdüyü işi görməyə vadar edə bilmərik, üstəlik, bu layihəni zorla da olsa həyata keçirmək üçün həmin ölkənin ərazisinə müdaxilə edəcəyimizi güman etmək də çox mənasızdır. Buna görə də, biz İrandan keçməklə avtomobil və dəmir yolu xəttinin inşası üçün Tehrana müraciət etdik”, – deyə xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib.

Sumqayıtda 4 aylıq körpə “şurup”u necə UDUB? – ÖZƏL TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Sumqayıtda 4 aylıq körpənin mədəsində yad cisim tapılıb.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında əməliyyat olunan körpənin həyatı xilas olunub.  4 aylıq uşağın, əsasən, mebellərin düzəldilməsində istifadə olunan “şurup”u necə udması hamını təəccübləndirib.  Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Kəmalə Hüseynova hadisənin təfərrüatları barədə Bizim.Media-ya danışıb. O, körpəyə yad cismin evdəki digər uşağın verdiyini deyib: “Ailədə iki uşaqdılar, biri 4 aylıq, digəri isə 1 yaş 3 aylıqdır. Kiçik qardaşı ağlayanda digər uşaq şrupu ağzına qoyub. Valideynin heç bir günahı yoxdur, yaş yarımlıq uşağı da günahlandıra bilmərik. Valideyn də həmin an, görən kimi uşağı öz avtomobili ilə bizim təcili yardım şöbəsinə gətirib. Bir saat ərzində körpə əməliyyat olunaraq yad cisim götürülüb. Əgər bir saat gecikmə olsaydı, daxili qanaxma ilə ölüm halı ola bilərdi. Əməliyyat bütün hüquqi və tibbi qaydalara uyğun həyata keçirilib”.

Bakıda 2 nəfər dəm qazından öldü

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Elnur Rəhman oğlu Quliyev və 2000-ci il təvəllüdlü Elşən Hüseyn oğlu Əliyev birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Qarabağ səhifəsi bağlandı: Sakit oturaq, sülh imzalasınlar

Ermənistana Qarabağ məsələsində daha dərinə getməməyi məsləhət görürəm. Bu bizə heç nə vermir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağdakı keçmiş separatçıların İrəvana qaçan nümayəndəsi Samvel Babayan deyib. “Ermənistan üçün, sülh üçün gəlin sakit oturaq. Proses öz axarı ilə getsin. İrəvan Bakı ilə sülh danışıqları aparır, buna qarışmayaq. Qarabağ məsələsində nizam-intizam yox idi, səhifə bağlandı. Elə davranaq ki, sonralar sülh sazişinin əldə olunmasında problem yaranarsa, günahkar Qarabağdan gələnlər olmasın. Bu məsələnin daxil edilmədiyi bir müqavilə imzalamağa hazırdırlar, qoy etsinlər. Ermənistana sülh gətirəcəksə, bu addımı atsınlar”, – S.Babayan deyib.

Rusiyanın Ukraynadakı itkiləri 356 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 920 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 356 670 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 27 tank, 42 zirehli döyüş maşını, 15 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.