682-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 682-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 363 870 hərbçi, 6 018 ədəd tank, 11 158 ədəd zirehli döyüş maşını, 8 617 ədəd artilleriya sistemi, 950 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 633 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 478 ədəd avtomobil texnikası, 6 787 ədəd PUA, 1 786 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 317 xüsusi avadanlıq itirib.

Dövlət Turizm Agentliyi 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş verir - Adama 20 litr düşür - ŞOK

Dövlət Turizm Agentliyi "Qərbi Azərbaycan Mətbəxinin təqdimi" adlı tədbir keçirmək niyyətindədir. Açıq tenderin məlumatlarına əsasən təxmin edə bilərik ki, tədbir üç gün davam edəcək, amma əsas tədbir 12 saatlıq banket olacaq. Banketdə 150 nəfər qonağın iştirakı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Vəliyev məlumat yayıb. "Bununla belə, Agentlik 150 nəfərlik banket üçün 3 min litr ərik arağı sifariş vermək niyyətindədir", - o qeyd edib. Beləliklə, hər adama 20 litr araq düşür. 

Əməkdar artist Gülbahar Şükürlü VƏFAT ETDİ

Əməkdar artist Gülbahar Şükürlü vəfat edib. Bu barədə aparıcı Nuran Hüseynov (Hacı Nuran) instaqramda bildirib. Qeyd edək ki, 62 yaşlı qarmon ustası uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkirdi.

10 və 11-ci siniflər nə üçün lazımdır - Emin Əmrullayev açıqladı

Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür? Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib. "Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik", - nazir vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var, lakin nazir detalları açıqlamayıb. "Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır", - Emin Əmrullayev bildirib.

Gerasimovun öldürülməsi xəbəri yayıldı - Təcili

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dünən Krıma edilən hücum nəticəsində öldürülməsi barədə məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xəbər verib. Ukraynanın “Cənub” könüllü ordusunun sözçüsü Sergey Bratçuk bildirib ki, Gerasimovla bağlı məlumat alıb: “Orada kimin hədəfə alına biləcəyi ilə bağlı bir çox versiyalar var, hətta Gerasimovun soyadını da eşitmişəm. Bu, yaxşı xəbər olardı, amma məncə, doğru olma ehtimalı azdır, lakin Rusiya ordusunun həmin komanda məntəqəsində bir neçə yüksək rütbəli zabit və ya generalın öldürülməsi faktı realdır”. Qeyd edək ki, V.Gerasimovun ölümü ilə bağlı məlumat təsdiqlənməyib. Ukrayna Təhlükəsizlik Xidməti isə Gerasimovun mümkün ölümü ilə bağlı məlumatı şərh edə bilməyəcəklərini bildirib.

Bakıda güclü külək əsəcək, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir, günün ikinci yarısından zəifləyəcək. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var. Yanvarın 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir.

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib

Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb. Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 nəfər yaralanıb. Daha bir PUA isə Novorossiysk vilayətində vurulub.

Rusiyanın Ukraynadakı itkiləri 363 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 363 070 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 14 zirehli döyüş maşını, 30 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Kirman teraktını İran özü törədib – SENSASİON İDDİA

“Kirmanda baş verən partlayışı İran hakimiyyətindəki qrupun törətdiyi haqda informasiyalar gəzir. Çünki hadisə ilə bağlı mövcud rejim tərəfindən müxtəlif iddialar irəli sürüldü. Əvvəl 4 bomba partlaması xəbəri yayıldı, ardınca iki elədilər. Daha sonra qaz partlayışı ilə əlaqələndirdilər. Bu cür şübhəli açıqlamalar cəmiyyətdə müxtəlif şayiələrin yaranmasına səbəb oldu”. Sozcu.az xəbər verir ki, bu sözləri Axar.az-a güneyli jurnalist, siyasi şərhçi Əli Süleymani İranda baş verən partlayışla bağlı danışarkən deyib. O bildirib ki, bu hücumda nə İŞİD, nə İsrail, nə də digər adıçəkilən ölkələr günahkardır: “Hadisədən öncə və sonra baş verən olaylara nəzər salsaq, bir çox şübhəli məqamlar ortaya çıxır. Niyə hücum baş verməzdən bir neçə gün əvvəl İran hakimiyyəti xəstəxanalarının hazırlıq vəziyyətinə gətirildiyini elan edib? Hadisə baş verən yerdə bir həftə boyunca pulsuz ehsan paylayıb, imkansız insanların orada qarnını doyururdular. Belə izdihamlı yerdə təhlükəsizlik qüvvələri yoxlanış aparmalı idi. Lakin necə olub ki, iki kamikadze gözlərindən yayınıb? Bunlar hamısı sual doğurmaqla yanaşı, partlayışda hakimiyyətin barmağının olduğu şübhəsini doğurur. Hələ də ölənlərin dəqiq sayını demirlər. Müxtəlif rəqəmlər səsləndirirlər. Qeyri-rəsmi mənbələr ölənlərin sayının azı 150 nəfər olduğunu bildirir. İsrail İranda mülki əhalini öldürməklə, qorxutmaqla nə əldə edir? Yaxud da Amerikanın bu cür qanlı hadisəni törətməkdə məqsədi aydın deyil. Bu hücumda yeganə maraqlı tərəf Tehran rejimi özüdür. Terror onun siyasətidir və bundan da öz maraqları üçün istifadə edir”. Əli Süleymaninin sözlərinə görə, İran əhalisi dəfələrlə bu cür hadisələrdə rejimin əlinin olmasının şahidi olub: “Keçmişdə də belə hadislər çox olub. İmamiyyənin hərəmini partlatdıb, Xalq Mücahidlərini günahlandırdılar. Bu hadisədən 6 ay öncə zindana atdıqları bir nəfərin əli ilə partlayışın baş verdiyini idda etdilər. Bu haqda İran hakimiyyətinə yaxın olan Əkbər Gənci adlı bir nəfər öz kitabında yazmışdı. Rejim onun yazdıqları ilə bağlı heç bir açıqlama vermədi. Sadəcə, həmin kitab müəlifini başqa ittihamla tutub, həbsə atdılar. Şirazda da bomba partlaması zamanı yüzlərlə günahsız insanın ölməsində hakimiyyətin özünün əli var idi. Gah İŞİD-i, gah Azərbaycan Respublikasının vətəndaşını günahlandırdılar. Yaxud İran parlamentinə hücumda İŞİD-i günahkar bildilər. Ört-basdır etdilər. Sonradan üzə çıxdı ki, bu hücumların hamısını İran hakimiyəti özü planlaşdırıb”. Kirmanda baş verən hadisənin, sadəcə, cəmiyyəti, xarici qüvvələri çaşdırmaq məqsədi ilə törədildiyini deyən siyasi şərhçi hesab edir ki, rejim problemlərdən yayınmaq üçün bu addımı atıb: “İran daxilində sosial və iqtisadi problemlər durmadan artır. Səfalət, uşaqların zibil qablarında yemək axtarması, azyaşlıların özünü satması, intiharların artması, işçilərin etirazları, büdcədən oğurluq, korrupsiya adi hal alıb. Hətta Xameneinin bu yaxınlarda Allahla birbaşa danışdığını iddia etməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Dindarlar da buna qətiyyətlə etiraz etdi ki, heç Məhəmməd peyğəmbər özü belə Allahla birbaşa danışmayıb, Xameneinin belə bir iddiası qəbuledilməzdir. Cəmiyyətdə biabır olduqları ortadadır. Onları qınayanların sayı artıb. Digər tərəfdən, mövcud rejim dəstəklədiyi proksi qruplarına görə dünya güclərinin qəzəbinı tuş gəlib. Həmçinin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının arxasında Tehran hakimiyyətini günahlandırırlar. İrana qarşı birlik də yaradılıb. Düşünürəm ki, İran hakimiyyəti hazırkı durumdan çıxış yolu axtarır. Odur ki, bu cür böhranlardan yaxa qurtarmaq, özünü qurban kimi təqdim etmək üçün İsraili bir nömrəli düşmən göstərir. İnsanların hissləri ilə alver edir. Elə görüntü yaratmağa çalışırlar ki, İsrail Qəzzada olduğu kimi, İranda da müsəlmanları qırır. İsrail isə ilk gündən Kirmanda baş verən hücumda əlinin olmadığını bildirib. İranda İsrail tərəfindən bir çox əməliyyatlar keçirilsə də, dinc əhaliyə qarşı hücum olmayıb. İsrailin əməliyyatlarında heç zaman günahsız İran vətəndaşları həlak olmayıb. Hətta nüvə alimi Möhsün Fəxrizadəyə qarşı olan hücumda onun yanında olan qadın öldürülmədi. Odur ki, hadisələrin bu cür ardıcıllığına nəzrə saldıqda, yenə də Tehran rejimiminin bu işdə daha çox maraqlı olduğu görünür”.

Kəlbəcərdə şaxta nəfəsi kəsir: Şəlalələr dondu - Fotolar

Qış fəsli ölkəmizdə sərt üzünü göstərməyə başlayıb. Təbiətin soyuq nəfəsini ən çox hiss edən bölgə isə Kəlbəcər rayonudur.  Sozcu.az xəbər verir ki, son günlər Kəlbəcərdə havanın temperaturu kəskin enib, qar yağıb, şaxta güclənib. Soyuq hava şəraiti ilə əlaqədar olaraq çaylar donub, şəlalələr buz bağlayıb.  Kəlbəcərdən çəkilən şəkillər sosial şəbəkələrdə maraqla qarşılanıb.  Kəlbəcərin soyuq qışının nişanəsi olan həmin fotoları təqdim edirik: 

"Yeni Konstitusiya ilə mən sizin prezidentiniz olmayacağam. Ona görə də sakitləşin, buna rahat yanaşın"

"Sabiq prezidentə toxunulmazlıq, dövlət mühafizəsi, ömürlük aylıq müavinət, dövlətin daşınmaz əmlakından istifadə hüququ veriləcək..." Aleksandr Lukaşenko ölkə Konstitusiyasını özünə uyğunlaşdırıb Belarus hakimi Aleksandr Lukaşenko ölkə Konstitusiyasına dəyişiklikləri təsdiq edib.  Sozcu.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb. Bu dəyişikliklər istefaya gedəcəyi təqdirdə onun toxunulmazlığı, ömürlük mühafizəsi və dövlət daşınmaz əmlakı hüququna zəmanət verir.  Düzəlişlərə əsasən, istirahətə yollanacaq Belarus prezidenti "prezident səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar olaraq törətdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilə, habelə bununla bağlı saxlanıla, başqa yolla şəxsi azadlıqdan məhrum edilə, istintaq və digər prosessual hərəkətlərə məruz qala bilməz".  Toxunulmazlıq sabiq dövlət başçısının ailə üzvlərinə də şamil edilir. Həmçinin dəyişdirilən qanunda yazılıb ki, prezident vəzifəsini tərk edən şəxs Ümumbelarus Xalq Məclisinin nümayəndəsi və Respublika Şurasının ömürlük üzvü olur. Bundan başqa, sabiq prezidentə dövlət mühafizəsi, ömürlük aylıq müavinət və dövlətin daşınmaz əmlakından istifadə etmək hüququ verilir. "Bir çoxları deyir ki, Lukaşenko Konstitusiyanı özünə görə uyğunlaşdırıb. Məni bağışlayın, bunu mən etməmişəm. Mənim dövrüm sona çatır, heç bir konstitusiyanı özümə uyğunlaşdırmaq fikrində deyiləm", - bunu Lukaşenko ötən yazda vəd edib və əmin edib ki, onun övladları prezident olmayacaq. Onun fikrincə, Qərb ölkələrində bir çoxları onun istefaya getməsini istəyir, deməli, bunun əksini etmək lazımdır.  "Amma bu, o demək deyil ki, mən bu vəzifədən yapışıb qalacağam. Yox, bu, belə olmayacaq. Mən gələcək barəsində düşünürəm", - o, izah edib. Qeyd edək ki, Belarus Konstitusiyasına dəyişikliklər haqqında referendum 2022-ci il martın 4-də keçirilib, Lukaşenko onun nəticələrini təsdiq edib.  2020-ci ilin noyabrında Lukaşenko yeni Konstitusiyanın qəbulundan sonra prezident olmayacağını vəd edib: "Yeni Konstitusiya ilə mən sizin prezidentiniz olmayacağam. Ona görə də sakitləşin, buna rahat yanaşın". Xatırladaq ki, bir sıra oxşar qanunlar Qazaxıstanın ilk prezidenti Elbası (millətin lideri) Nursultan Nazarbayev 2019-cu ildə dövlət başçısı postundan getməzdən öncə imzalayıb. Lakin 2023-cü ildə Nazarbayev bütün təsdiq edilən imtiyazlardan, o cümlədən Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən və fəxri senator adından məhrum edilib.

“O yıxılan uşaq Azərbaycan xalqıdır, gəlməyən təcili yardım isə Azərbaycan səhiyyəsidir”

Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsində 15 yaşlı yeniyetmə 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Sosial şəbəkələrdə yeniyetmə üçün çağırılan təcili tibbi yardımın gəlməməsi geniş müzakirə olunur. Hadisə ilə bağlı tanınmış həkim-radioloq Aydın Əliyev də yazıb. Sozcu.az xəbər verir ki, A.Əliyev sosial şəbəkə hesabında ölkə səhiyyəsini tənqid edib: “Abşeron rayonu Masazır qəsəbəsində 15 yaşlı uşaq 2-ci mərtəbədən yıxılaraq yerə düşüb, ağır dərəcəli bədən xəsarəti alıb, çoxsaylı sınıqları, travmaları olub. Hadisə yerinə çağırılan təcili tibbi yardım heyəti 1,5 saat ərzində xəsarət alana çatmayıb, valideynləri məcbur qalaraq özləri uşağı xəstəxanaya aparıblar, uşaq çox miqdarda qan itirib, hal-hazırda vəziyyəti ağırdır. O yıxılan uşaq Azərbaycan xalqıdır, gəlməyən təcili tibbi yardım isə azərbaycan səhiyyəsidir. Biz dəfələrlə ölkədəki tibbi xidmətin düzgün təşkil edilmədiyini işıqlandıranda bəziləri bizi qınayır. İndi baxın və qiymət verin, o yıxılan uşaq hər birimizin övladı ola bilər. Həkimlərin, tibb işçilərinin fəaliyyətinə düzgün qiymət verilmədikcə belə halların sayı artacaq. Əhalinin sağlamlığına cavabdeh olan tibb məmurları tibb işçilərinə dəyər vermədikcə tibbi böhran dərinləşəcək. Yalandan bir neçə örnək klinika və örnək həkim göstərməklə bu problem həll olmayacaq. Ölkədə açıq-aşkar getdikcə dərinləşən tibbi böhran var, gənc həkimlərin xarici ölkələrə beyin axını sürətlənir, yuxarı ranq tibb məmurları isə komfort həyat sürür. Biz deyirik, ancaq gözardı edilir, bunun sonu yaxşı olmayacaq!”

Prezidentin köməkçisi: “Regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır”

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. “Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik”, - o deyib. H.Hacıyev vurğulayıb ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyir. O qeyd edib ki, mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq. “Önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, “Pacta sunt servanda” (Razılaşmalar yerinə yetirilməlidir)”, - H.Hacıyev deyib. Prezidentin köməkçisi deyib ki, beynəlxalq təcrübə, humanitar prinsiplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokadaya almağı dayandırmağı tələb edir. “Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalandan özünü regional blokadanın açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır”.

Laçında həlak olanlara şəhid statusu veriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Modern.az-a bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək. Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Yaralı hərbçilərimiz Xankəndidəki xəstəxanaya YERLƏŞDİRİLDİ

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub. Sozcu.az-ın məlumatına görə, maşında 11 nəfər sərnişin olub. Yaralı hərbçilərdən ikisi Xankəndi şəhərindəki xəstəxanaya, digərləri Bərdə rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Laçında həlak olan hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub. Sozcu.az-ın məlumatına görə, onlardan biri Axundov Səxavət Fərasət oğludur. Qeyd edək ki, həlak olan hərbçilərə şəhid statusu veriləcək.

Laçında ağır qəza: İki hərbçimiz HƏLAK OLDU

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin!

Türkiyəyə F-16-ların satışı... - ABŞ-dan açıqlama

ABŞ administrasiyası Türkiyəyə F-16-ların satışını və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmür. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. “Bu iki məsələni bir-biri ilə bağlı görən ABŞ Konqresinin üzvləridir. Məsələ ilə bağlı Konqresdə bəzi problemlər mövcuddur. Biz F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı məsələlər üzərində həssaslıqla çalışırıq”, - Miller bildirib.

Qazaxıstanda partlayış: ölənlər var

Qazaxıstanın Uralsk şəhərində kafelərdən birində partlayış baş verib. Sozcu.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Partlayış zamanı kafenin binası uçub. Bildirilib ki, dağıntılar altından 6 nəfər xilas edilib, onlardan 5-i hospitala yerləşdirilib.

Qaregin Njdenin təbliği qəbuledilməzdir - İsrail səfirindən REAKSİYA

Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bunu İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion “X” hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb. “2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, - o yazıb. Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.

Canavar kəndə hücum etdi, tələfat var

Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində olub. Kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib. Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan 5 başı parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.

MİT-dən İraqda əməliyyat: Sadiq Şeyx Əhməd məhv edildi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqda terrorçulara qarşı əməliyyatlarını davam etdirir. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, MİT-in Süleymaniyə şəhərində keçirdiyi əməliyyat çərçivəsində Türkiyəyə qarşı təxribat planları hazırlayan PKK/KCK-nın əsas üzvlərindən sayılan “Eriş Berxvedan” kod adlı Sadiq Şeyx Əhməd zərərsizləşdirilib.

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: "Azərbaycanda 7,6, 7,8..."

"Yaponiya ilə Azərbaycanda baş verən zəlzələlər tamamilə fərqlidir. Birincisi, bizdə tektonik qırılmalarla bağlı bloklar arasında gedən proseslər fərqlidir. İkincisi, sunami söhbəti ola bilməz. Çünki Xəzər qapalı göldür. Sinoptiklərin məlumatına əsasən, Xəzərdə 3-5 metr dalğa qalxır. O dalğanın sahil boyu yaşayış məntəqələrinə heç bir fəsadı olmur. Zəlzələ vertikal təsir nəticəsində dalğanı qaldırır, sonra o dalğa sahil boyu yayılmağa başlayır". Sozcu.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.  O bildirib ki, Yaponiya subduksiya zonasında yerləşir: "Şimal Buzlu okean bir tərəfdən, Avrasiya plitəsi bir tərəfdən, Sakit okean plitəsi bir tərəfdən, beləliklə, plitələr arasında gedən parçalanmalar böyük olur, onun da güclü təsiri yaranır. İyulun 4-də Xəzərdə baş verən zəlzələ ilə əlaqədar millət küçələrə tökülmüşdü. Orada 6 km uzunluğunda, Yaponiyada isə 100 km dərinlikdə subduksiya zonasında parçalanmalar gedib. Ona görə onun təsiri də, orada ayrılan enerjinin gücü də çox yüksəkdir. Bizdə ən böyük zəlzələni götürdükdə 1902-ci ili müqayisə edirlər. Rixter cədvəlinə əsasən, maqnitudası 6,9-7 bal olub. Mən inanmıram ki, Azərbaycanda 7,6-7,8 maqnitudalı zəlzələ baş versin. 6-7 bal arasında baş verən zəlzələlər tarixən də olub. 2000-ci il zəlzələsi də 6,2 maqnitudalı, 33 km dərinliyə malik olub. O qədər də böyük zəlzələ olmamışdı. Bir sözlə, Yaponiyada, İndoneziyada, ümumiyyətlə, Sakit okeanda, Atlantik okeanda, Hind okeanında baş verən zəlzələlər tamamilə fərqlidir".

Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayışda 103 nəfər ölüb, 211 nəfər yaralanıb - YENİLƏNİB-7

İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində yaralananların sayı 211 nəfərə çatıb. APA xəbər verir ki, bu barədə Təsnim Agentliyi məlumat yayıb. *** 18.52 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində yaralıların sayı 188-ə çatıb. APA xəbər verir ki, bu barədə Fars Agentliyi məlumat yayıb. Qeyd edilib ki, yaralıları daşımaq üçün Kermana təyyarə göndərilir. *** 18:11 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 103-ə çatıb. APA RİA "Novosti"yə istinadən xəbər verir ki, yaralı sayı 141 nəfərdir. *** 17:15 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb. APA Tasnim-ə istinadən xəbər verir ki, yaralı sayı 170-dən çoxdur. *** 17:01 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 53-ə çatıb. APA Tasnim-ə istinadən xəbər verir ki, yaralı sayı 70-dan çoxdur. Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur. İran rəsmiləri hadisənin terror aktı olduğunu bəyan edib. *** 16:42 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində qurbanların sayı 50-yə çatıb. APA RİA "Novosti"yə istindən xəbər verir ki, yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıblar. *** 16:28 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində ən azı 20 nəfər ölüb, 15 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb. *** 16:13 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə Kerman fövqəladə hallar rəisi bildirib. Kerman valiliyinin rəsmisi isə qeyd edib ki, hadisənin qaz partlayışı, yoxsa terror aktı olması hələ məlum deyil. Qeyd edək ki, bu gün Kerman şəhərində SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dördüncü ildönümündə dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib. *** 15:53 İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib. APA İran mediasına istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil. Qeyd edək ki, insanlar bu gün Süleymaninin ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar. “Tasnim”in məlumatına görə, isə hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib.