Generaldan ABŞ-a: Bu təyyarələri Ukraynaya ver

ABŞ bizə hələ ötən əsrin 70-ci illərində istifadə etdiyi A-10 hücum təyyarələrini verə bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib. "Bizə bir variant versələr, mən A-10 haqqında danışardım. Bu yeni texnologiya deyil, lakin bir çox münaqişələrdə özünü yaxşı nümayiş etdirmiş etibarlı texnologiyadır", - Sırski bildirib. Onun fikrincə, belə təyyarələr quru qoşunlarına dəstək verə bilər: "Bundan əlavə, "Apaçi" AH-64 və AH-1 "Super Kobra", eləcə də Blək Həvk" hücum helikopterlərinin tədarükü mühüm rol oynaya bilər.

Fərid Şəfiyev: “Ermənistanla tutarlı razılıq əldə edilməsi çətin məsələdir”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hazırki mərhələdə Ermənistanla Azərbaycan arasında tutarlı razılığın əldə edilməsini çətin məsələ sayır. Sozcu.az Report-a istinadla xəbər verir ki, o son proseslərin bunu bir daha təsdiqlədiyini bildirib. F.Şəfiyev hesab edir ki, Bakı və İrəvan arasında anklavlar məsələsi delimitasiya prosesi çərçivəsində həll edilməlidir: “Dekabr ayında bizim müəyyən dərəcədə daha optimistik əsaslarımız vardı, indi isə həllinə ciddi ehtiyac duyulan bir neçə məsələ var. Buraya qarant, delimitasiya-xəritə, nəqliyyat yolları və ya Zəngəzur dəhlizi kimi məsələlər daxildir. Xüsusilə də anklavlar məsələsi gündəmdədir. Amma düzünü deməliyəmsə, mən tezliklə bir həll yolunun tapılacağını görmürəm”. Mərkəz sədri buna səbəb kimi Ermənistan rəhbərliyində normal danışıq aparmaq ənənəsinin olmamasını, bunun çox çətin iş olduğunu göstərib: “Yaxın tarixə nəzər saldıqda da bunu görürük. Məsələn, 2020-ci ildə Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürüldü, ancaq üç il davam edən danışıqlar nəticə vermədi, ona görə də biz İran vasitəsilə alternativ yol yaradırıq. Bunu görən ermənilər indi düşüblər ortaya, deyirlər ki, biz də hazırıq, Ermənistanın baş naziri Nikol Paşinyan “Sülh Qovşağı” məsələsini irəli sürüb”. Mərkəz rəhbəri həmin şərtlərin Azərbaycanı qane etmədiyini də diqqətə çatdırıb: “Sülh Qovşağı” layihəsi piar aksiyadır. Düzdür, dekabrın əvvəlində COP29 və əsirlərin dəyişdirilməsi ilə bağlı qərarlar müəyyən məqam yaratmışdı. Amma hazırkı hadisələr və Prezidentin son şərhləri göstərir ki, Ermənistanla tutarlı razılıq əldə edilməsi çətin məsələdir”.

Hikmət Mirzəyev Zakir Həsənovun müavini oldu

General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Sozcu.az Yenisabah.az-a istinadən xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.

Ağdərə və Xankəndi ermənilərindən növbəti şikayət

Qarabağdan Ermənistanın Amasya rayonuna köçən bir qrup erməni bələdiyyə rəsmisi haqda şikayət ərizəsi yazıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV yazıb. Bildirilib ki, ərazidə Qarabağ erməniləri üçün satınalmaları təşkil edən məsul şəxsdən şikayət olunub. Onlar tapşırılanın əksinə, ilkin tələbat malları ilə təmin edilmədiklərini bildirirlər. Amasya rəsmisinə qarşı protokol tərtib edənlər Ağdərə və Xankəndidən köçən ermənilərdir. Həmin şəxslər polis bölməsinə çağırılıb ifadələri alınıb və iş Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib. Qeyd edək ki, bu, Qarabağ erməniləri ilə bağlı ilk belə hal deyil. Onlar  Ermənistanda iş tapa bilmədiklərini, universitetlərdə, yaşadıqları mühitdə psixoloji şiddətə, ayrı seçkiliyə məruz qaldıqlarını bildirirlər.

Paşinyan Samvel Babayanla işləməyi RƏDD ETDİ

Ermənistanın Baş naziri Nikol Pasinyan Qarabağdan qovulmuş qondarma “artsax” separatçılarının keçmiş rəhbərlərindən olan Samvel Babayanın “dirilmək” cəhdlərini dəfn edib. Sozcu.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Paşinyan Qarabağ ermənilərinin geri qayıdışı üçün danışıqlar aparmaq səlahiyyətləri əldə etməyə çalışan qondarma “artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”ni məyus edib. Məlumata görə, Paşinyan daha Samvel Babayanın xidmət göstərməsi üçün maraqlı deyil. “Hraparak” yazır ki, S.Babayanın sözlərinə görə, o, artıq özünü aldadılmış hesab edir. Qeyd edək ki, qondarma “artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” S.Babayan vaxtaşırı səs-küylü bəyanatlar və açıqlamalarla gündəmə gəlir, Qarabağ separatçılarının rəhbərlərini “vurmaq”la Paşinyanın “əlinə oynayırdı”. O, Qarabağı tərk edən ermənilərin problemləri ilə məşğul olacaq, eləcə də Azərbaycanla danışıqlar aparacaq struktur formalaşdırmağa çalışırdı. Paşinyan özü də əvvəlcə buna meylli idi, lakin son vaxtlar bu plandan imtina edib.  "Hraparak" yazır ki, Nikol Paşinyan "artsax"la bağlı hər şeyi unutdurmaq və fəal olanları gözdən salmaq, onları Ermənistanın təhlükəsizliyinə təhdid kimi təqdim etmək qərarına gəlib.

Sürücünü döyüb maşınını əlindən aldılar

Yanvarın 11-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində bir nəfərin “Mercedes” markalı avtomobilinin quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sozcu.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Ələsgərov müəyyən olunaraq saxlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. “Mercedes” markalı avtomobilin sürücüsünün döyüldüyü, avtomobilinin əlindən alındığı bildirilir.

Ermənistanda fəxri adlar ləğv ediləcək

Ermənistanda fəxri adlar ləğv ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan ədliyyə nazirinin müavini Armenuhi Arutyunyan məlumat verib. O qeyd edib ki, “Dövlət mükafatları və fəxri adlar haqqında” qanuna dəyişikliklər ediləcək. Nazir müavininin sözlərinə görə, bu gün Ermənistanda 17 fəxri ad var: “Məsələn, Xalq artisti, əməkdar artist, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi. Onların hamısı ləğv ediləcək".

ABŞ inanır ki, Bakı və İrəvan... - Patel

ABŞ Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib. "Ermənistanla Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna hələ də inanırıq. Bu, Dövlət Departamentinin çalışacağı bir məsələdir. Lui Bono, dövlət katibi və digərləri bu işlə fəal məşğuldurlar", - diplomat diqqətə çatdırıb. Qeyd edək ki, rəsmi Vaşinqton Ermənistandakı səfirliyi vasitəsilə yanvarın 9-da bildirib ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək. Bu bəyanat ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana səfərindən dərhal sonra verilib. Xatırladaq ki, L.Bono yanvarın 8-dən etibarən İrəvanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb.

Vətən müharibəsi qazisi vəfat etdi

Gəncədə 44 günlük Vətən müharibəsinin qazisi naməlum səbəbdən ölüb. Sozcu.az-ın məlumatına görə, şəhər sakini 2001-ci il təvəllüdlü Vəliyev Əli Mehman oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsi  zamanı  Əli Vəliyevin dünyasının dəyişdiyi məlum olub. Qazinin hansı səbəbdən ölməsi hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər prokrorluğunda  araşdırma aparılır. Xatırladaq ki , Əli Vəliyev 44 günlük Vətən müharibəsinin qazisi, III qrup əlilldir. Əli Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,“Cəbrayılın  azad olunmasına görə” və  “Füzulinin  azad olunmasına görə” medalları ilə təltif  edilib. Unikal.org)

Yuxarı sinif şagirdlərinin NƏZƏRİNƏ: 10, 11-ci siniflər ləğv olunur? - AÇIQLAMA

“Biz, həqiqətən də, 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?”. Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev “İTV”-yə müsahibəsində deyib. Bildiyiniz kimi, Azərbaycanın orta məktəblərində kurikulum tədris proqramı tətbiq olunur. Bu proqrama əsasən, orta təhsilin 9-cu sinifinə qədər bütün dərs proqramı tədris olunub bitirilir. 10 və 11-ci siniflərdə isə 5-ci sinifdən etibarən keçilmiş mövzuların daha geniş formada tədrisi nəzərdə tutulur. Bu proses ölkədə kurikulum sistemi tətbiq olunmağa başladığı andan start götürüb. Belə bir sistemlə dərslərin tədrisi nə qədər effektivdir? Bu suallar əlaqədar təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlamasında danışıb. “Ümumiyyətlə, konstitusiyaya və qanunvericiliyə əsasən, icbari təhsil ödənişsizdir. 9 və 11-ci siniflərdən – tam orta və ümumi orta təhsil bazasından biz şagirdləri buraxırıq. Yəni 9-cu sinifi bitirən və attestatını alan şagird təhsil almaq istəmədiyini bildirərək təhsilini dayandıra və məktəbi tərk edə bilər. Bu şəxslər fərqli sahələrə keçid ala bilər, kollecə, peşə məktəblərinə üz tuta bilər və yaxud da, ümumiyyətlə, təhsilinə davam etməyə bilər. Bu nöqteyi nəzərdən biz şagirdi müvafiq sinifə, yəni, 9-cu sinifə qədər müəyyən biliklərlə təmin etməliyik”. Ekspert bildirib ki, 9-cu sinifi bitirən şəxslərin bütün tədris proqramını mənimsəməsi onların həyatlarında, gələcək karyeralarında olduqca vacibdir. Lakin dərs prosesi zamanı 9-cu sinifə qədər alınmış informasiyalar əhatəli formada deyil, daha lakonik və gündəlik həyatda istifadə ediləcək dərəcədə əhatəlidir. “Təbii ki, 10 və 11-ci siniflərdə isə digər fənnlərə - fizika, kimya və s. fənnlərlə bağlı daha geniş formada tədris prosesində iştirak edir və həmin fənnləri daha professional səviyyədə mənimsəmiş olur. Tədris proqramının bu formada tətbiq olunması 9 illik prinsipə əsaslanır. 9 illik proqram buraxılış olduğu üçün ilkin informasiyanın verilməsi, həmin sinifə qədər ən azından müəyyən mövzuların tədris olunması əsas mövzulardan biridir”.

Zelenskidən şok: Rusiya Özbəkistana hücum edəcək! - Təcili

Biz birlikdə Putini dayandırmayana qədər, o, müharibəni dayandırmayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bu yaxınlarda o, Finlandiya və Özbəkistandan danışmağa başladı. Biz hamımız birlikdə onu dayandırmayana qədər Putin dayanmayacaq”, - deyə Zelenski bildirib. Dövlət başçısı Ukraynadan sonra Rusiyanın Baltikyanı ölkələrə və Moldovaya hücumunu da istisna etməyib.

İrəvan Bakının narazı qaldığı məsələyə 3 milyard ayırdı

Ermənistan Azərbaycanın narazılığından sonra Arazdəyəndə yerləşən Amerika-Erməni metallurgiya zavodunun Ararata köçürülməsi üçün 3 milyard 500 milyon dram ayırıb. Sozcu.az xəbər verir ki, İrəvan sözügedən məbləği 4 il müddətinə köçürmək şərti ilə illik 8 faizlə “GTB Steel” şirkətinə ayırıb. Qeyd edilib ki, 2023-cü il dekabrın 14-də hökumət Ararat qəsəbəsində polad zavodunun tikintisi üzrə investisiya layihəsinin təsdiq edilməsi və torpaq sahələrinin bağışlanmasına razılıq verilməsi haqqında qərar qəbul edib.

2024-cü ildə azad olunan ərazilərə ilk köçün - Tarixi

Bu il azad olunan ərazilərə ilk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır. Sozcu.az xəbər verir ki, bunu Report-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib. Onun sözlərinə görə, ilk köç Füzuli şəhərinə olacaq: “İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlətimizin başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək. İlk köç yenidən qurulan Füzuli şəhərinə olacaq". Komitə rəsmisi qeyd edib ki, yanvarın 12-də müxtəlif müvəqqəti məskunlaşma obyektlərində də ağır və qəzalı şəraitdə yaşayan Füzuli şəhər sakinləri arasında püşkatma keçiriləcək: "Şəffaflığı və ədalətliliyi təmin etmək üçün keçirilən püşkatma zamanı məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirəcək. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürüləcək. İlk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır".

Bakıda 3 dərəcə şaxta olacaq, qar yağacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, şimal-qərb küləyinin 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, yanvarın 14-15-i gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 12-də 15-20 m/s, yanvarın 13-14-də isə bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək yanvarın 14-15-də aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta olacaq. Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Təbrizdə satıcılarla polis arasında qarşıdurma: yaralılar var

Bu gün Təbrizdə səyyar satıcılarla polis qüvvələri və bələdiyyə məmurları arasında qarşıdurma olub. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar. Bildirilib ki, səyyar satıcılar onların mallarını müsadirə edən bələdiyyə məmurlarının özbaşınalığına etiraz ediblər. Bələdiyyə işçilərinin çağırdığı polis qüvvələri satıcılara qarşı zor tətbiq edib. Bir neçə satıcının yaralandığı, bir neçəsinin isə polis məntəqələrinə aparıldığı vurğulanıb.

Azərbaycanda hərbi xidmət müddəti azaldılır? - Açıqlama

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tətbiqetmənin hansı səviyyədə olması barədə müxtəlif müzakirələr gedir. Diqqətçəkən məqamlardan biri də qardaş ölkədə olan ödənişli hərbi xidmətin Ordumuza gətirilməsi ehtimalıdır. Sozcu.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımovun sözlərinə görə, hərbi sahədə Türkiyə modelinə keçmək hər şeyi olduğu kimi tətbiq etmək anlamına gəlməməlidir. O, iki ölkənin əhali sayı arasındakı fərqi müqayisə edib: “Türkiyənin əhali sayı 85 milyon, Azərbaycanda isə 10 milyondur. Həmin 85 milyonun arasında ödənişli hərbi xidmətə gedənlərin də olması mümkündür, 3 və ya 6 aylıq xidmət edənlərin də. Amma Azərbaycanda bu, mümkün deyil, çünki sayımız azdır. Bundan başqa, Azərbaycan 30 ildir ordu formalaşdırır, Türkiyədə isə ordu sistemi yüzillərdir formalaşıb. O baxımdan mütləq deyil ki, hər şeyi tətbiq edək”. T.Qasımov Azərbaycanda hərbi xidmətin nə zamansa ödənişli olacağına inanmadığını bildirib: “Sərhədlərimizdə İran və Ermənistanın olduğunu nəzərə almalıyıq. Sülh müqaviləsi imzalanmayıb, bəzi məsələlər hələ həllini tapmayıb. Demək olar ki, Azərbaycan hazırda da müharibə vəziyyətindədir. Nə qədər ki sülh müqaviləsi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb, anklavlar geri qaytarılmayıb, biz yarısülh, yarımüharibə vəziyyətində sayılırıq. Həm bu vəziyyəti, həm də əhalinin sayını nəzərə alsaq, Türkiyədə ödənişli hərbi xidmət tətbiq etmək mümkündür, bizim üçün isə yox. Azad olunan torpaqlarımızı qorumaq, orada xidmət keçmək lazımdır”. Hərbi-siyasi ekspertin sözlərinə görə, Türkiyə modelinə keçid NATO sisteminə keçmək deməkdir: “Yeni modelə keçmək yalnız şəxsi heyətin formalaşması deyil, həm də onların ordusunda olan nizam-intizamın, döyüş hazırlıqlarının bizdə də tətbiqi, hərbi məhsulların istehsalı deməkdir. Yəni burada hərbi sənayenin inkişafı da yer alır”.

VHP sədri ABŞ səfirinin müşavirini qəbul edib

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri , millət vəkili Sabir Rüstəmxanlı partiyanın mərkəzi qərargahında ABŞ-ın ölkəmizdəki səfirinin müşaviri Conatan Pinolini qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə regiondakı geopolitik durum, Azərbaycan-Ermənistan münasibətləri və prezident seçkilərinə hazırlıq prosesi seçki müzakirə edilib. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib. Cənab Pinoli bu kimi müzakirələrin hər iki dövlətin maraqları baxımdan önəmli olduğunu bildirib.

Türkiyə tədricən şəriət qaydalarının hakim olduğu sistemə keçir

Türkiyədə dini senzura Türkiyəyə hakim olmağa başlayan radikal dini təriqqət və cemmatları hədəf alan “Kızıl Goncalar” serialının yayımlanması öncə RTÜK (Radio və Televiziya Ali Şurası) tərəfindən dayandırıldı. Ardınca da məhkəmə RTÜK-ün qərarını təsdiqlədi və filmin yaradıcılarını“cəmiyyətin milli-mənəvi dəyərlərini” pozduğuna görə 9 milyon lirə cərimələdi.  “Kızıl Goncalar” serialının yayımının dayandırılmasının arxasında əsasən “Menzil cemmaat” dayandığı güman edilir. Türkiyədə məhkəmə və prokurorluq orqanlarında əsas söz “Menzil cemmatı”dır. Türkiyədə nüfuzlu qələm sahibləri “Menzil cemmatı”nı talibandan daha radikal dini qrup hesab edir. Adını yarandığı kəndin, Adıyamanın Menzil kəndindən alan “Menzil cemmatı” hazırda Türkiyədə ən çoxsaylı tərəfdarı olan dini birlikdir. Üç milyon müridi olduğu iddia edilən “Menzil cemmatı”nın dövlət idarəçiliyinə ən çox təsiri olan dini birlikdir. İddialara görə, hazırkı nazirlərin ən azı üçü “Menzil cemmatı”n təmsil edir.  Türkiyədə qeyri-rəsmi olaraq dini senzuranın mövcudluğu illər öncə məlum idi. İndi isə bu dini senzura öz hakimiyyətini rəsmiləşdirir və Türkiyə tədricən şəriət qaydalarının hakim olduğu sistemə keçir. Türkiyənin sürətlə Avropa dəyərlərindən uzaqlaşaraq Yaxın Şərq dövlətinə çevrilir. Türkiyədə baş verən qorxunc proses Azərbaycan üçün də ciddi risklər yaradır. FETO çirkabından tam təmizlənməmiş Azərbaycan daha böyük təhlükə ilə üz-üzədir. Xəqani Cəfərli, politoloq

“Ermənilər sülhə yox, müharibəyə hazırlaşırlar”

“İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətində revanşist açıqlamalar, habelə müharibəyə hazırlıq kimi fikirlər hər zaman olub. Son vaxtlar isə bu çağırışlar intensivləşib”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev deyib.  Analitik Prezident İlham Əliyevin ölkə televiziyalarına verdiyi müsahibədə Ermənistanın yenidən mühairbəyə hazırlaşması ilə bağlı səsləndirdiyi fikirlərəi şərh edib.  Xatırladaq ki, dövlət başçısı Fransa tərəfindən Ermənistanın silahlandırılmasını qəbuledilməz bir addım kimi qiymətləndirib. Prezident əlavə edib ki, Ermənistanı bir müharibəyə hazırlayan ölkə Fransadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, – deyə Prezident vurğulayıb.  M.Əliyevin fikrinsə isə ermənilər sülhə yox, müharibəyə hazırlaşırlar: “Hələlik ideoloji müharibə özünü göstərir ki, bu da yekunda hərbi qarşıdurmaya gətirib çıxarır. Çünki paralel olaraq Ermənistanda bu istiqamətdə hazırlıq gedir. Ermənilər gözləyirlər ki, nə vaxtsa geosiyasi vəziyyətlə bağlı maraqlar dəyişəcək və onlar bundan istifadə edib öz fəaliyyətlərini yenidən Azərbaycana qarşı həyata keçirəcəklər. Ermənilərin strategiyası məhz bundan ibarətdir”.  “Zəngəzur yolu ilə bağlı məsələyə gəldikdə isə bu konsepsiya çərçivəsində, əlbəttə ki, onlar bu yolun açılmasını istəmir. Onlar həmişə Böyük Turandan danışırlar, Zəngəzur dəhlizini Böyük Turan dəhlizi kimi təsnif edirlər və yolu bağlı saxlamağı Turanın qarşısının alınması üçün bir missiya kimi görürlər. Ona görə də biz alternativ variantlara üz tutduq və İran ərazisindən bu yolu çəkdik”, – müsahibimiz fikirlərini yekunlaşdırıb. 

Daha bir erməni hərbçi öldü - Son 2 gündə üçüncü...

Ermənistanda daha bir hərbçi ölüb. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, hadisə Qeqarkunikdə baş verib. Hərbçinin idarə etdiyi “Volkswagen” markalı avtomobil hərəkət zolağından çıxıb. 34 yaşlı hərbçinin Vardenisdə yerləşən "N" saylı hərbi hissədə xidmət etdiyi bildirilir. Qeyd edək ki, ötən gün Ermənistanda 2 hərbçi qeyri-döyüş şəraitində ölüb. 

BDU-nun 1-ci kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Vaqif Qasımov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib. Qeyd olunub ki, universitetin Tarix fakültəsinin l kurs tələbəsi V.Qasımov bronxial astma xəstəliyindən dünyasını dəyişib.Bakupost.az

Bakıda dəhşət - Qardaş qardaşı güllələdi

Yanvarın 10-da saat 20 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb. Araşdırma aparılır.

Ukrayna bu istiqamətdə 500 rus hərbçisini məhv etdi

Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 500 rusiyalı hərbçini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu istiqamətdə Rusiyanın 45 hərbi texnikası da məhv edilib. Ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 35 hava zərbəsi endirib, 591 artilleriya atəşi və 45 hərbi əməliyyat həyata keçirib.

"Aygün Bəylərin əlinə su tökməyə yaramayanlar yüksək fəxri ad alıblar"

Müstəqillik dövründən üzü bəri fəxri adların verilməsi həmişə söz-söhbətlərə səbəb olub. Daha çox gənc nəslin nümayəndələrinin tez bir zamanda fəxri adlara sahib olması qocaman sənətkarların haqqına girmək kimi dəyərləndirilib. Məsələn, elə müğənni, yazıçı, şair, bəstəkar, jurnalist və digər sənət adamları var ki, hələ də fəxri ad almadıqlarına görə narazılıq edirlər. Çoxu da adların sənətə görə deyil, şəxsi tanışlıq və ya tapşırıqla verildiyini iddia edir. Əlbəttə, bu kimi arqumentlər əsassız deyil. Və sənət adamlarından dolayı, cəmiyyətdə də aparılan müzakirələrdə hər kəs seçim məsələsində ədalət prinsipinin qorunmadığını vurğulayır. Sozcu.az xəbər verir ki, KONKRET.az mövzuyla bağlı şair Baba Vəziroğlunun fikirlərini öyrənib. B.Vəziroğlu bildirib ki, adlar təqdimatlara uyğun verilir: “Problemin kökünü kiçik məmurlarda, təqdimat yazanlarda axtarmaq lazımdır. Görursən ki, bir nəfər kiminsə xoşuna gəlmirsə, təqdimat yuxarıya getməmiş aşağıda onun adını siyahıdan çıxarırlar. Burada münasibət çox vaxt qərəzliliyi ilə seçilir. Mən bunları görmüşəm. Sadəcə olaraq, belə məmurları vicdanlı olmağa çağırıram. Cənab Prezidentin vaxtı, imkanı yoxdur ki, hamının bir-bir bioqrafiyasına baxsın, maraqlansın. Dövlət başçısı Qarabağ məsələsi ilə məşğul olsun, sosial problemlərə diqqət ayırsın, nə bilim, informasiya müharibəsi aparsın?! Bəs məmurlar neyləsin?! Nə qədər maaş alırlar, heç olmasa, öz vəzifələrini vicdanla yerinə yetirsinlər!”. Müsahibimizin fikrincə, ölkədə məmurlar tam kamilləşməsə, belə səhvlər çox olacaq, təsadüfi adlar da veriləcək: “Yaxın tariximizdə əsl sənətkarlara fəxri adların verilmədiyinin çox şahidi olduq. Acı həqiqətdir ki, məmləkətimizdə dəyərli insanlara həyatdan köçəndən sonra qiymət verilir. Elə bu günlərdə dünyasını dəyişən Aygün Bəylərin timsalında misal çəkə bilərəm. Gözəl sənətkar, Əməkdar artist idi. Amma onun əlinə su tökməyə yaramayanlar daha yüksək fəxri ad alıblar. Bu da yenə təkrar edirəm ki, səriştəsiz məmurların laqeyd və qərəzli münasibətinin nəticəsi idi. Allah bizi kamilləşməmiş məmurlardan qorusun”.