Azərbaycanda hərbi xidmətdən ehtiyata buraxılanlar təlim və ya toplanışlara cəlb edilir.
Modern.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.
Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar:
• birinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 35 yaş; kiçik zabitlər – 50 yaş; mayor və polkovnik-leytenantlar – 50 yaş; polkovniklər – 55 yaş; ali zabitlər – 60 yaş.) — hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;
• ikinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 50 yaş) — hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;
• üçüncü dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – 50 yaş; kiçik zabitlər, mayor və polkovnik-leytenantlar – 55 yaş; polkovniklər – 60 yaş; ali zabitlər – 65 yaş.) — bir ay müddətinə bir dəfə.
Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.