Azərbaycanda yazıçı-şairin, jurnalistin, bir sözlə, sənətə, incəsənətə yaxından-uzaqdan əlaqəsi olan hər kəsin şikayətlənərək və haqlı olaraq dediyi bir söz var:
“Kitaba maraq azdır”, “İnsanlar kitab oxumur”.
Əslindı, belə də demək olar:
“Kitab oxumurlar? Cəhənnəmə oxusunlar, gordan da o tərəfə oxusunlar. Oxumayıb nə edəcəklər?!”
Amma bunu demək də olmur.
Nə gözəl sözdür: “Kim nə edir, özünə edir”
Bəli, bu, doğrudan da belədir. Üstəlik, nə dünənin söhbətidir, nə də o biri günün.
Azərbaycanda kitab oxumamaq ənənəsi ta qədimlərə-hələ əsrlər öncələrə dayanır.
Nə Füzulilər, Nə Cəlillər deyiblər, bildiriblər. Ki, bu qövm kitaba yaxın durmur.
Amma bu şikayətlənmək forması çürümədimi? Kimlərəsə “Nə olar oxuyun, niyə oxumursunuz?” janrında yalvarış bəs deyilmi? Bəlkə, müraciət ünvanları doğru deyil? İnsanları da tam ittiham eləmək gərəksizdir? Əsas səbəblər görünmürmü?
Kitab oxumaq vərdişi elə bir məsələdir, demək olar, bunu sonradan məcbur formalaşdırmaq mümkünsüzdür.
Əvvəla, ənənə ta uşaqlıqdan-ailədən və məktəbdən qoyulmalıdır. Yəni, təhsil olmalıdır. Yəni, gərək, kitabı sevdirə biləsən.
Yoxsa, “ay camaat, niyə oxumursunuz? Böyümüsünüz?” ritorikası keçərli olmayacaq.
Gözünü açıb evində kitab görməyən, ölkəsindəki təhsildən heç bir halda baş açmayan adam niyə, necə kitab oxusun? Axı o bilmir bu kitab nə olan şeydir. Yaxud da, oxuduğu kitabda klassikadan başqa bir şey görməyən, hər şeyin, ən yaxşı əsərlərin, sənət nümunələrinin keçmişdə, əsrlər əvvəl olduğunu düşünən adam nə kitab oxuyacaq?
Ya da elə ən əsas səbəblərdən olan sosioloji məsələlər.
Maddi durumu(Kitab almaq üçün yox, yaşamaq üçün)yerində olmayan adamı kitab niyə və necə düşündürsün?
Səhər-axşam işləyən qara fəhlənin Orhan Pamukun “Kara kitab”-ı nəyinə lazımdır?
O, onu oxuyub nə edəcək?!
(Burada maddi durumu yaxşı olan adam deyəndə də, varlı “qlamur” və “qlamurka”lar nəzərdə tutulmur. Onlar, onsuz da, bütün hallarda oxumurlar və buna heç ehtiyac da görmürlər. Olsun, hər kəs heç kitab oxumalı da deyil.)
Azərbaycanda kitabın kütləvi oxunulmamasına, oxunulan kitabların da bayağı olmasına maraq göstərən, bunun belə olmasını istəyən məsələlər var. Dilə gətirməsə də, aşağı-yuxarı hər-kəs bilir.
Efirlər kitabsızlıq, üstəlik, bayağılıq.
Mədəniyyət ocaqları kitabsız, dövlət səviyyəsində də lazımı təbliğat yox.
Yaxşı, indi necə yaransın bu maraq?
Bütün səbəbləri bir araya yığıb baxanda məlum olur:
Təhsil düzəlməmiş, sosial vəziyyət heç olmasa, ortabab olmamış bu kitabsız, Allahsız adamlar belə də qalacaqdır. Onların qabırğasına şikayətlənmək heç bir nəticə verməyəcək. Kitab oxumaq istəyən adamın yaşayışı yerlərdədirsə, o, bir az da uzaqlaşacaq.
Oxumayan adamı da kitaba qılınc müsəlman kimi dəvət etmək mənasızdır, özünü yormaqdır.
Yazıçı isə yazmalıdır, sonrası artıq onluq deyil.
Burada lazım olan əsas bir məsələ isə, bir ovuc kitab oxuyan adamı formada saxlamaq, zövq formalaşdırmağa çalışmaq lazımdır.
Əslində, problemin yekəsi həm də budur:
Kitab oxuyan dəstə hələ nə oxuyur, kimi oxuyur və onları əsl ədəbiyyat oxumağa dəvət etmək olurmu?!
Orxan Saffari
Gununsesi.info