Qəlyan son illərdə gənclər arasında populyarlığı artan bir vərdişdir.
"Bir dəfə ilə heç nə olmaz" deyərək sulu qəlyan çəkənlər sonradan vərdişkar və aludəçi hala gəlirlər. Əsasən, gənclərin zərərsiz hesab etdiyi sulu qəlyan isə zənn edildiyindən də artıq ziyanlıdır.
Cəmi bir dəfə çəkilən qəlyan orqanizmin bir aylıq immunitetini məhv edir. Ən təhlükəlisi isə qəlyandan əvvəl və ya sonra spirtli içki qəbul etməkdir. Bu, orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən də çox nikotin var...
Əvvəllər siqaret çəkməyə alternativ kimi təqdim edilən qəlyan bir çoxları tərəfindən daha az zərərli olduğu düşünülərək istifadə edilir. Lakin qəlyanın sağlamlıq üzərindəki təsirləri heç də gözlənildiyi kimi deyil. Bir çox insan qəlyan çəkməyin siqaretdən daha az zərərli olduğuna inanır, amma bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər. Qəlyanın tərkibindəki zəhərli maddələr və uzun müddətli istifadəsi bədənin müxtəlif hissələrində ağır fəsadlar yarada bilər.
Bəs qəlyanin nə kimi zərərləri var?
Məsələ ilə bağlı Milli.Az-a həkim Sərxan Musayev açıqlama verərək bildirib ki, qəlyan çəkmək tütünün su vasitəsilə keçməsi səbəbindən bir çox insan tərəfindən zərərli maddələrdən təmizlənmiş kimi qəbul edilir. Lakin bu, tamamilə səhv bir fikirdir.
"Su yalnız zərərli maddələrin bir hissəsini süzüb təmizləsə də əsas zəhərli maddələr hələ də qalır və bu maddələr çəkmə zamanı orqanizmə daxil olur. Qəlyan çəkərkən tütün ağ ciyərlərə daha dərin şəkildə daxil olur və bununla da tütünün yaratdığı zərərlər artır.
Həmçinin, qəlyan çəkmək üçün istifadə olunan bir dəfəlik musluklar da infeksiyalardan qorunma təmin etmir. Çünki bakteriyalar tütünün qoruyucu qatında və su qabında qalır. Qəlyanın qızdırılması üçün istifadə olunan kömürdən ayrılan zəhərli qazlar, tütün vasitəsilə ağ ciyərlərə daxil olur. Nəticədə qəlyan çəkmək dad hissiyatının pozulmasına, ağ ciyər və qalxan bədən xərçənginə, astmadan əziyyət çəkməyə, davamlı baş ağrılarına, yanaq əzələlərinin deformasiyasına, spermatozoid keyfiyyətinin pisləşməsinə və bədəndə bir çox bakteriyanın toplanmasına səbəb ola bilər. Buna görə də qəlyan müntəzəm olaraq istifadə edildikdə ciddi sağlamlıq problemlərinə yol aça bilər".