İran bizə zərbə vursa, cavabını alacaq - Pakistan

Siz bizə xəncər vura bilməzsiniz, əgər buna cəhd göstərsəniz, gecikmədən lazımi cavabı alacaqsınız. Sozcu.az xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir deyib. O, İranın Pakistan ərazisinə raket hücumlarına işarə edərək, buna layiqli cavab verildiyini söyləyib: "Heç kimə Pakistanın ərazi bütövlüyü və suverenliyini pozmaq icazəsi verilməyəcək". Qeyd edək ki, 16 yanvarda SEPAH-ın Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurması nəticəsində iki azyaşlı həlak olub. Buna cavab olaraq 18 yanvarda Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib, 12 nəfər həlak olub.

Azərbaycan şəhərində 20 dərəcə şaxta qeydə alındı

Son 24 saat ərzində Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhəri 20 dərəcə şaxta ilə İranın ən soyuq şəhəri olub. Sozcu.az xəbər verir ki, bu barədə əyalətin Baş Meteorologiya İdarəsinin Proqnozlaşdırma Mərkəzi məlumat yayıb. Əyalətin Sarab şəhəri isə 15 dərəcə şaxta ilə ölkə üzrə ikinci ən soyuq şəhər olub. Təbrizdə 8 dərəcə şaxta qeydə alınıb.

Bu ərazidə qəbirlər və ziyarətgah köçürüldü

Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub. Sozcu.az xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib. Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparılıb, 61 məzar, XVII əsrə aid olan Yaxşının qəbri və Seyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu hadisələrin 180-ni Bakıda, 440-ı isə rayonlarda qeydə alınıb.

696 bal toplayaraq ölkə birincisi olmuş tələbə dəm qazından boğuldu

ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsi Feysbukda məlumat yayıb. Bildirilib ki, S. Həsənov bu gecə dəm qazından dünyasını dəyişib. “2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, fakültənin ən yaxşılarından biri, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib”, - məlumatda deyilir. Qeyd olunub ki, o, ABŞ-də təcrübə keçib.

37 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

Məktəbdəki kütləvi dava ilə bağlı AÇIQLAMA

Bakı şəhəri 188 saylı məktəbin şagirdləri arasında baş vermiş kütləvi davaya aydınlıq gətirilib. 188 nömrəli tam orta məktəbdən APA-nın soruğuna cavab olaraq bildirilib ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub. Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

2020-ci ildən sonra sülhməramlıların olduğu ərazilərdə 500 mindən artıq mina basdırılıb - XİN

2020-ci ildən sonra Ermənistan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasına dair şərhində deyilir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.

Türkiyə rəsmən İsveçin NATO-ya üzvlüyünü TƏSDİQLƏDİ

Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib. Sozcu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin ardınca sənədi ratifikasiya edib. Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib. Hazırda Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.

“Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, sülhün imzalanması daha da uzana bilər”

“İstər ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilənlər, istərsə də Karnegi Fondunun eksperti Krivoşeyevin təhlili reallığı əks etdirir. Və o da doğru vurğulanır ki, bu reallıq sülh müqaviləsinin imzalanmasına aparmır”. Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bunu Musavat.com-a açıqlamasında deyib. Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir. Eyni zamanda bildirilir ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil. Həmçinin, hesabatda qeyd olunub ki, Kreml Paşinyanın getdikcə artan anti-Rusiya mövqeyinə görə ona qarşı tənqidləri gücləndirməyə davam edir. Bundan əlavə, Karnegi Fondunun eksperti Kirill Krivoşeyevin qənaətinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə əldə olunmasına ümid praktiki olaraq itib. İ.İsmayıl isə bütün bunlarla bağlı bildirib ki, əcnəbi ekspertin İordaniya və Misirlə bağlı apardığı paralellərdə də həqiqət payı çoxdur: “Oxuculara aydın olsun deyə, qısa bir tarixi ekskurs edək. 1967-ci ildə tarixə “altı günlük müharibə” kimi düşümüş İsraillə Misir, İordaniya və Suriya arasında olan müharibə İsrailin qələbəsi ilə bitdi. Amma, bu dövlətlər arasında sülh çox gec imzalandı. İsrail və İordaniya arasında sülh müqaviləsi 27 ildən sonra, 1994-cü il 25 iyulda Vaşinqtonda əvvəlcə qətnamə, üç ay sonra isə 26 oktyabrda sülh müqaviləsi imzalandı. Misirlə isə sülh müqaviləsi 12 il sonra, 26 mart 1979-cu ildə Vaşinqtonda imzalandı. Qalib İsrail olsa da, məğlublar uzun müddət inad göstərmiş, amma sonunda sülh üçün Ənvər Sədat, İordaniya Haşimilər krallığı təşəbbüs göstərdilər. Əlbəttə ki, ABŞ -nin vasitəçiliyi ilə. Krivoşeyevin bir məntiqi də diqqətəlayiqdir: “bu prosesi məcbur etməyə çalışmaq təhlükəlidir, çünki qeyri-sabitliyə səbəb ola bilər”. Azərbaycan -Ermənistan arasındakı anklav kəndlər problemi isə nəinki qeyri-sabitliyə, hətta yeni müharibəyə səbəb ola bilər. Zəngəzur yolunun açılması gecikə bilər və bu daha çox Ermənistanın zərərinə işləyəcək. Amma, birbaşa anklav kəndlərlə bağlı tezliklə danışıqlar prosesi başlamasa və ən azı anklav olmayan 4 kəndin təhvil verilməsi sürətlənməsə təhlükəli situasiya yarana bilər”. İ.İsmayıl hesab edir ki, burada vasitəçinin də düzgün yanaşmasından çox şey asılıdır: “Təəssüf ki, Misir və İordaniyadan fərqli olaraq, Cənubi Qafqazda bir neçə vasitəçi var və bu vasitəçilərin bir-biri ilə eyni masaya əyləşmək fikirləri yoxdur. Ermənistan isə təminatçısız sülh bağlamaq istəmir. Praktik sülh doğrudan da indi görünmür. Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, iki ölkə arasında sülhün imzalanması daha da uzana bilər”.

İrəvandan delimitasiya açıqlaması: Yalnız bu halda...

Ermənistan Azərbaycanla sərhədin delimitasiya və demarkasiyadan sonra öz suveren ərazisi haqqında məlumat əldə edəcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan Baş nazir Nikol Paşinyanın Ermənistanın kadastr sertifikatının olmaması ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. “Baş nazir bəyanatında sərhədlərin delimitasiya edilməməsini nəzərdə tuturdu. Məmur üçün sərhədlərin delimitasiyası və demarkasiyasının əsas aspekti hüquqi qiymətdir. Yalnız hüquqi qiymət əsasında delimitasiya və demarkasiya prosesinin hansı xəritələrlə aparılacağını söyləmək mümkün olacaq”, - Tovmasyan bildirib.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya bölgəsində 5,2 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Zəlzələnin episentri 13.93 km dərinlikdə yerləşib.

Azərbaycanın 3 əyalətində qar və çovğun gözlənilir

Yanvarın 26 və 27-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində güclü qar yağacaq, çovğun olacaq. Sozcu.az xəbər verir ki, bu barədə İran Meteorologiya Təşkilatı məlumat yayıb. Hazırda adıçəkilən əyalətlərin əksər bölgələrində nəqliyyatın hərəkəti çətinləşib, məktəblər tətilə buraxılıb. Bununla yanaşı, İranın başqa 7 əyalətində də havanın kəskin dəyişəcəyi proqnozlaşdırılıb.

AŞPA-nın İnsan Hüquqları üzrə yeni komissarı seçildi

Maykl Oflaherti Avropa Şurasının İnsan Hüquqları üzrə yeni komissarı seçilib. Sozcu.az xəbər verir ki, bu barədə AŞPA-nın X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib. Məlumata görə, o, Dunya Miyatoviçi əvəzləyəcək və 6 il bu vəzifəni icra edəcək. O'Flahertinin namizədliyini AŞPA-nın 104 deputatı dəstəkləyib (Bolqarıstandan Meqlena Kuneva 70, Avstriyadan Manfred Novak 37 səs toplayıb). Oflaherti bu il aprelin 1-də vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, Avropa Şurasının İnsan Hüquqları üzrə əvvəlki komissarı bosniyalı hüquq müdafiəçisi Dunya Miyatoviç olub.

Azərbaycanlılar İrəvanda ev ala bilər? - Rəsmi

Azərbaycan və Türkiyə vətəndaşları standart prosedura uyğun olaraq Ermənistanda daşınmaz əmlak ala bilərlər. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan jurnalistlərin sualına cavabında deyib. “Ölkəmizdə yalnız kənd təsərrüfatı torpaqları üçün daşınmaz əmlakın alınmasına məhdudiyyətlər var. Başqa dövlətlərin vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı torpaqlarını ala bilməzlər. Bütün digər hallarda prosedur eynidir. Hər kəs müraciət edib müvafiq müqaviləni imzalayaraq daşınmaz əmlak ala bilər”, - komitə rəsmisi bildirib.

Bayden Türkiyə ilə bağlı Konqresə məktub göndərdi

ABŞ Prezidenti Co Bayden Konqresin əsas komitələrinin rəhbərlərinə Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı məktub göndərib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb. “Məktubda Bayden Konqresi satışı gecikmədən təsdiqləməyə çağırıb”, - mənbə bildirib. Qeyd edək ki, dekabrın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Rusiya İl-76 qəzasından sui-istifadə edir

Rusiya İl-76 qəzasından Ukraynada daxili narazılıq yaratmaq və Qərbin Kiyevə hərbi dəstəyini sarsıtmaq üçün istifadə edir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartapolovun sözləri buna nümunə ola bilər. O, Ukraynanın göyərtəsində ukraynalı hərbi əsirlərin olduğunu bilə-bilə İl-76-nı qəsdən vurduğunu deyib və bütün əsir mübadiləsini qeyri-müəyyən müddətə dayandırmağa çağırıb. Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də Ukraynanın daxili siyasi mübarizəsini qəzaya səbəb kimi göstərib. Hazırda Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov sözügedən təyyarə qəzasına həsr olunmuş BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib və Ukraynanı terrorizmdə ittiham edib. Rusiyanın bu cür ittihamları Ukraynada narazılıq yaratmaq və Kiyev hökumətinə inamsızlığı artırmaq məqsədi daşıyır. Bu da Kremlin Ukraynanı daxildə zəiflətməyə yönəlmiş digər informasiya səylərinə uyğundur. Hərbi əsirlərin mübadiləsi həm Rusiya, həm də Ukrayna üçün həssas məsələdir və hərbi əsirlərlə bağlı ritorik fikirlər emosional reaksiyalara səbəb olur. Rusiya rəsmiləri Ukraynanın qərbli tərəfdaşlarını Kiyevin müdafiəsi üçün lazım olan mühüm hava hücumundan müdafiə sistemləri ilə təmin etməkdən çəkindirmək məqsədilə Ukraynanın İl-76-nı Amerika və ya Almaniya raket sistemləri ilə vurduğuna dair əsassız iddialar irəli sürüblər”, - məlumatda deyilir.

16 dərəcəyədək şaxta olub - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 25-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində yanvarın 24-ü axşam saatlarından yağıntılar tədricən kəsilib, şaxtalı hava şəraiti davam edib. ETSN-dən Sozcu.az -a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Laçında 60 sm, Xocavənddə 40 sm, Kəlbəcər, Füzulidə 35 sm, Lerik, Biçənəkdə (Ordubad) 30 sm, Daşkəsən, Yardımlıda 29 sm, Kişçayda (Şəki) 28 sm, Şuşada 25 sm, Cəlilabadda 21 sm, Biləsuvarda 20 sm, Gədəbəydə 18 sm, Xankəndi, Qəbələ, Göygöldə 15 sm, Şahbuzda 14 sm, İmişlidə 13 sm, Qrız , Xaltan, Oğuz, Şəki, Naxçıvan, Şərur, Altıağac, Sədərək, Qusar, Göyçay, Quba, Tərtər, Şabranda 12 sm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcə şaxta, Naxçıvan MR-da 4-6 dərəcə şaxta (dağlıq ərazilərdə 12 dərəcə şaxta), Aran rayonlarında 1-3 dərəcə şaxta, dağlıq rayonlarda 9-12, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta olub. Yanvarın 25-26-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Atasına bıçaqla xəsarət yetirən şəxs SAXLANILDI

Bakı şəhəri Abşeron rayonu Masazır kəndində atasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Əliyev Ceyhun Mobil oğlu Abşeron rayonu Masazır kəndi, Hamlet Həşimov küçəsi, ev 15 ünvanında yerləşən mənzildə atası - 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğlu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vuraraq Mobil Əliyevə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin (CM) 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ceyhun Əliyev 22.01.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 24 yanvar 2024-cü il tarixdə o, CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilib.//Report

Ruben Vardanyanın həbs müddəti uzadıldı

Qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

"Azərbaycanın sivil dünyadan təcrid olunması prosesi gedir" -Arif Hacılı

Azərbaycanın ASPA-dakı nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandirdığını bildirib.  Bu barədə yayılan bəyanatda AŞPA irqçilikdə, Azərbaycanofobiya və İslamofobiyada ittiham edilir.  2001- ci ildə Azərbaycanın AŞPA üzvlüyünə qəbul edilməsi hökümətin uğurlu xarici siyasətinin nəticəsi kimi yüksək səslə və uzun müddət təbliğ olunmuşdu… İndi, 23 il sonra ölkənin Konstitusiyasına və Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olmayan əks proses də düzgün xarici siyasət kimi təbliğ olunur.  Problem yalnız AŞPA ilə münasibətlərə aid deyil. Əslində Azərbaycanın tədricən sivil dünyadan təcrid olunması prosesi gedir ki, bu həm təhlükəsizliyimiz, həm də inkişafımız üçün ağır nəticələrə səbəb ola bilər.  Azərbaycan televiziyalarında və digər plarformalarda qərbə qarşı “stəkanda fırtına” nı xatırladan təbliğat kampaniyaları təşkil etmək yanlış yoldur.  Bu prosesin qarşısını almaq üçün ölkənin daxili və xarici siyasətində ləngimədən fundamental dəyişikliklər edilməlidir.

“Şagird müəllimdən “ştuçnı” siqaret istəyir” - “Belə təhsil olmaz!”

Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər şey ailədən başlayır. Məgər uşaq anadan olanda məktəbdə dünyaya göz açır?! Tərbiyə evdən başlayır”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.  O, ötən gün Gəncədə 8-ci sinif şagirdinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan müzakirələrə münasibət bildirib.  Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M. P. Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı F. Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Məsələyə münasibət bildirən A. İslamzadə söyləyib ki, bu gün valideynlər uşaqlarına nəzarət etmirlər: “Bunun üçün isə vaxt olmalıdır. Ya valideynlərin özlərinə başları qarışıb və uşaqların başını buraxıb, ya da ki, çörəkpulu dalınca qaçırlar deyə axırda da belə olur. Bizim vaxtımızda uşağı məktəbə qoyanda müəllimə deyirdilər ki, “əti sənin, sümüyü mənim”. Uşaq da o təlim-tərbiyəni görüb böyüyürdü. İndi isə Avropada olan axmaq-axmaq nələr varsa, bizimkilər də baxıb təkrar edirlər. Ümumiyyətlə, təhsil sistemi bütövlükdə dəyişilməlidir. Çünki ata-anamızdan sonra bizim üçün ən müqəddəs obraz müəllim olub. Bir peşəni hörmətdən salmaq üçün onu adiləşdirmək lazımdır. Bu gün biz bir-birimizə “müəllim” deyirik, müəllimlərin cibinə pul basırıq. Ən dəhşətlisi isə budur ki, yuxarı sinif şagirdləri müəllimdən “ştuçnı” siqaret istəyirlər ki, ver, çəkim”. Onun sözlərinə görə, bunun kökündə dayanan problem isə birdir: “Təhsil sistemi dəyişdirilməlidir. Bizdəki təhsil sistemi Qərb təhsil sistemidir. Əvvəllər ruslara, onlardan da bizə keçib. Ona görə də bu təhsil sistemi kökündən dəyişilməlidir. Mən uşağı vurmağın tərəfdarı deyiləm, lakin, tutaq ki, müəllim uşağın qulağını burubsa, bunu problem etmək nəyə lazımdır? Yenə deyirəm, bütün təhsil sistemi dəyişilməlidir. Belə təhsil sistemi olmaz. Təlim-tərbiyə isə ailə və mühitdən başlayır”.  “Bu barədə bir misal çəkmək istəyirəm. Bir həftənin hadisəsidir. Dostumgilə gedirik, liftin qabağında gözləyirik. Bir nəfər 20-21 yaşında oğlan durub liftin qarşısında. Orada da 2-3 lift kabinəsi var. Oğlanın basdığı düymədə lift tez gəldi. Özü də başa düşdü ki, biz ona tərəf gedirik, hətta bizi də gördü. O, lifti saxlaya bilərdi, amma qalxdı yuxarı. İndi sual edirəm ki, bunun günahı kimdədir? Valideyn və məktəbdə. Bu cavan uşaqların belə günahlarının bir ucu gəlib bizə çıxır.  Bu problem bütün dünyada var. Bu dövrün adı da axır-zamandır. Bəşər tarixində bir Nuh peyğəmbərin dövründə belə mənəviyyatsızlıq olub, bir də indi. Allah o vaxtı bizi su ilə imtahana çəkdi, indi də, inşallah, odla imtahana çəkər. Çünki bu bəşər özünü doğrultmadı”, - deyə müsahibimiz fikirləriniz yekunlaşdırıb.

ABŞ bu iş adamının başına 15 milyon mükafat təyin etdi

ABŞ Xarici İşlər Nazirliyinin "Ədalət üçün mükafat" layihəsi çərçivəsində SEPAH-a bağlı iş adamı Hüseyn Hatifi Ərdəkani barədə məlumat üçün 15 milyon dollar mükafat təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. "Bu iranlı iş adamı İran İnqilab Keşikçiləri Korpusunun silah istehsalı üçün ehtiyac duyduğu mürəkkəb texnologiyanın əldə edilməsi və ötürülməsi sahəsində SEPAH-la əməkdaşlıq edib", - məlumatda bildirilib. Bildirilib ki, əldə edilən hərbi texnikanın satışı SEPAH-a beynəlxalq terror fəaliyyətləri üçün lazım olan maliyyə resurslarını təmin etməyə imkan verib. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl İran üçün PUA hissələrinin çatdırılmasındakı roluna görə Hüseyn Hatifi Ərdəkaniyə sanksiya tətbiq edib.

Britaniyalı generaldan əhaliyə: Rusiya ilə müharibəyə hazır olun! - Təcili

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, o, bu gün Londonda keçirilən Beynəlxalq Zirehli Maşınlar Sərgisində bu barədə danışıb. P.Sanders söyləyib ki, britaniyalılar Rusiya ilə müharibə olacağı təqdirdə orduda xidmət etməyə hazır olmalıdırlar. Onun sözlərinə görə, bu ehtimal edilən ssenari ilə bağlı olaraq britaniyalıların şüurunda dəyişiklik olmalıdır. Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır. Xatırladaq ki, NATO Soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir.