Kollec bitirən işsiz qalırsa, bu diplom kimə lazımdır?

Hazırda bir çox kollec məzunları iş tapa bilmədiklərini, diplomlarının əmək bazarında keçərli olmadığını bildirirlər. Bu şəraitdə belə bir sual yaranır: əgər kolleci bitirən gənclər nə dövlət, nə də özəl sektorda öz ixtisaslarına uyğun iş tapa bilmirlərsə, bu təhsil müəssisələrinin fəaliyyət məqsədi nədir? 

601f22cf8dab767f72f0df200ed0fd9f.png

Bu barədə Moderator.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, orta ixtisas təhsil pilləsində – kolleclərdə çalışan müəllimlərə, rəhbər işçilərə, həmçinin orada təhsil alan çoxsaylı tələbələrə qarşı heç bir sayğısızlıq etmək fikrində deyiləm.

Onun sözlərinə görə, onların çəkdiyi əziyyətin, göstərdiyi zəhmətin nə qədər böyük olduğunun tam şəkildə fərqindəyəm:

“Lakin bir reallığı da etiraf etməyə məcburuq. Bu reallıq ondan ibarətdir ki, ölkəmizdə orta ixtisas (subbakalavr) təhsili daha çox formal xarakter daşıyır və çox təəssüf ki, bu hal hələ də davam etməkdədir. Düzdür, son illər bu sahədə müəyyən irəliləyişlər var. Bu irəliləyişin əsas səbəbi isə bir neçə il əvvəl kollecləri ortalama bal göstəricisi ilə bitirən şəxslərə imtahansız şəkildə universitetlərə qəbul olmaq imkanı verilməsidir.

Məsələn, kolleclərə maraq əvvəlki illərlə müqayisədə xeyli artmışdı. Ötən il ixtisas seçimi zamanı az qala kolleclər universitetlərlə rəqabət aparırdı. Təbii ki, universitet səviyyəsində ola bilməz, amma onlardan geri də qalmırdı. Nəyə görə? Çünki abituriyent düşünür ki, əgər universitetə qəbul ola bilməsə belə, kollecdə iki-üç il təhsil alaraq yüksək nəticə göstərməklə imtahansız və müsabiqəsiz şəkildə universitetə qəbul olmaq imkanı qazanacaq. Yalnız bu imkan kolleclərə olan marağı müsbət istiqamətdə ciddi şəkildə artırmış oldu. Ümumilikdə kolleclər təhsil sistemimizdəki rolu və əmək bazarındakı yeri baxımından o qədər də faydalı deyildi. Mən bunu bir irad, ya da şikayət kimi yox, ürək ağrısı ilə deyirəm. Təəssüf ki, reallıq budur. Təsəvvür edin, elə peşə təhsili müəssisələri var ki, orada oxuyanların iş tapmaq potensialı kolleclərlə müqayisədə dəfələrlə çoxdur. Mən hətta yüksək standartlı, müasir peşə təhsil mərkəzlərini nəzərdə tutmuram. Sadə, orta səviyyəli peşə məktəblərinin məzunları ilə kolleci bitirənlər arasında iş tapmaq potensialı baxımından böyük fərq mövcuddur. Burada üstünlük, təbii ki, peşə məktəbini bitirən şəxsin tərəfindədir. Əmək bazarı bəzi məsələləri öz tənzimləyir”.

Təhsil eksperti vurğulayıb ki, kolleclərlə bağlı vəziyyətin getdikcə yaxşılaşacağına inanıram:

“Birincisi, dediyim kimi, kolleci bitirənlərə universitetə qəbul imkanı verilməsi bu inamı yaradır. İkincisi isə, xüsusilə son illərdə daha aydın hiss olunur ki, əmək bazarı üçün bəzi zəruri ixtisaslar yalnız kolleclərdə mövcuddur. Məsələn, tibb yönümlü ixtisaslar. Hazırda bu sahədə əsas tədris məhz kolleclərdə həyata keçirilir. Bakıda və bölgələrdə ümumilikdə ona yaxın tibb kolleci fəaliyyət göstərir və bu kolleclərdə tədris olunan ixtisaslar olduqca vacibdir. Bu gün tibb bacısı, tibb qardaşı, diş texnikliyi, mamaçalıq,aptek işi, ortopedik müayinə kimi ixtisaslara əmək bazarında böyük ehtiyac var. Bu sahələrin bir çoxu yalnız kolleclərdə tədris olunur, ali təhsil müəssisələrində isə bu ixtisaslara rast gəlmək olmur.  Bu gün peşəkar tibb bacılarına, diş texniklərinə, mamaçalara, tibb qardaşlarına ciddi ehtiyac duyulur. Deməli, bu, kolleclərin müsbət tərəflərindən biridir və mütləq vurğulanmalıdır”.

E.Nuri onu da əlavə edib ki, digər sahələrdə də elə ixtisaslar var ki, onlar yalnız kolleclərdə mövcuddur:

 “Bu iki faktoru nəzərə alaraq deyə bilərik ki, kolleclərin əmək bazarındakı gələcək rolu müəyyən qədər artacaq,amma bu gün üçün bunu tam ürəklə demək çətindir. Çünki hər şey tibb kollecindən ibarət deyil. Axı müxtəlif profilli kolleclər var. Desək ki, onların hamısında tədris olunan ixtisasların əmək bazarındakı mövqeyi yüksəkdir, bu, reallığı əks etdirməz və yanlış olar”.

Share on Facebook