Anasını, atasını və qardaşını öldürdü - Dəhşətli hadisə

Türkiyənin Bursa şəhərində qan donduran hadisə baş verib. Sozcu.az xəbər verir ki, gecə saat 03.30 radələrində Abdulsamet Y. və atası S.Y. axşam saatlarında 7 yaşlı oğlu ilə birlikdə mərkəzi Osmanqazi rayonu Hamitlər məhəlləsi 2. Vakıf küçəsində yerləşən ailəsinin evinə gəlib. Ata ilə oğul arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrildiyi üçün anası Z.Y. müdaxilə edib və qardaşı M.Y. Abdulsamet Y.-ni otaqdan çıxararaq davanın qarşısını almaq istəyib. Bu vaxt Abdulsamet Y. yataq otağından götürdüyü ov tüfəngi ilə qonaq otağında ailə üzvlərinə atəş açıb, əvvəlcə atasını, sonra isə anasını öldürüb. Qardaşını güllələyib. Açılan atəşdə başından və bədəninin müxtəlif yerlərindən güllə yarası alan ana və atası hadisə yerində dünyasını dəyişib. Yaralanmış qardaşı evdən qaçmağa çalışıb. Bu vaxt Abdulsamet Y. mətbəxdən çörək bıçağını götürərək 7 yaşlı oğlunun gözü qarşısında qardaşının boğazını kəsərək öldürüb. Silah səsləri və M.Y.-nin kömək çağırışını eşidən qonşuların xəbəri üzərinə əraziyə çoxlu polis və sağlamlıq qrupları sövq edilib. Hadisə yerinə gələn polis qrupları 7 yaşlı oğlu ilə evdə gözləyən Abdulsamet Y.-ni saxlayıb. Polisin hadisə yerində araşdırmasından sonra ölənlərin cəsədləri Bursa Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb. Cinayətkar polis bölməsinə aparılarkən, 7 yaşlı oğlu mühafizəyə götürülüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Yeddi yaşlı uşaq əməliyyatdan sonra öldü

Göyçay rayonunda yeddi yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb. “Report” xəbər verir ki, rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb. O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Müsavat Partiyası seçkilərlə bağlı ilkin rəyini açıqladı

Müsavat Partiyası 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.  Partiyanın mətbuat xidmətindən təqdim olunan sənəddə deyilir:   "7 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri əvvəlcədən hər hansı ictimai diskussiyalar aparılmadan, növbədənkənar seçkilərin təyin edilməsinin səbəbləri xalqa izah edilmədən təyin edilib. Növbədənkənar prezident seçkilərinin vaxtından 1 il 3 ay əvvəl günlərin qısa, tətillərin çox olduğu qış aylarına təyin edilməsi seçki kampaniyasının 2 ay, təşviqat kampaniyasının cəmi 21 gün olduğu şəraitdə seçkilərdə mövcud iqtidarın alternativi olan, resursları qeyri-qanuni yollarla məhdudlaşdırılmış siyasi qüvvələr üçün əlavə çətinliklər yaradıb. Müsavat Partiyası növbədənkənar prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan hakimiyyətinə seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində addımların atılması, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşma hüququnun, ifadə azadlığının təmin edilməsi, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinə şərait yaradılması barədə çağırış edib. Müsavat Partiyasının seçki kampaniyası dövründə bərabər rəqabət şəraitinin yaradılması üçün irəli sürdüyü bu təkliflər cavabsız qalıb.  Tam əksinə olaraq növbədənkənar seçkilər təyin olunduqdan sonra da siyasi opponentlərə qarşı təqiblər, siyasi motivli həbslər davam edib. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. 2024-cü il 7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri hər hansı siyasi zərurət olmadan qərarlaşdırılıb. Bu barədə Azərbaycan Respublikasının prezidenti adından verilən 7 dekabr 2023-cü il tarixli sərəncamın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hər hansı hüquqi əsasları yoxdur. Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib. Vətən müharibəsi və sonrakı dövrlərdə işğaldan azad olunmuş ərazilərdə cəmi 26 seçki məntəqəsi yaradılması və orada məskunlaşan əhali arasında cəmi 3400-ə qədər seçicinin olması ilk dəfə seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi iddiasının həqiqətə uyğun olmadığını təsdiq edir. Ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququ demək olar ki, ləğv edilib. Siyasi məhbuslar problemi nəinki həll edilməyib, əksinə, onların sayı artaraq 200 nəfəri keçib. Azərbaycan hakimiyyəti ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin tam aradan qaldırılması, təkpartiyalı siyasi sistemin qurulması istiqamətində fəaliyyətini növbədənkənar prezident seçkiləri ərəfəsində də davam etdirib. Son parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması hesabına parlamentə buraxılmayan aparıcı müxalifət partiyalarının sərbəst siyasi fəaliyyətinə imkan verilməyib. "Siyasi Partiyalar haqqında" Qanuna edilən mürtəce dəyişikliklər icra hakimiyyətinin müxalifətin fəaliyyətinə müdaxilə imkanları daha da artırıb. Müstəqil mətbuat əsasən sıradan çıxarılıb. Ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları tamamilə hakimiyyətin nəzarəti altındadır, müstəqil və müxalifət qəzetləri yoxdur, müxalif yönlü saytlar bloklanmaqda davam edir. Müxalifətə informasiya dəstəyi verən saytlara qarşı polis və prokurorluğun təzyiqləri davam edir.  "Media haqqında" mürtəce qanun müstəqil və tənqidçi medianın qanuni fəaliyyət göstərməsini əngəlləyib.  Seçkilər ərəfəsində 10-dan cox jurnalist qanunsuz həbs edilib. Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri yerinə yetirilməyib. Bunun nəticəsində MSK da daxil olmaqla, bütün seçki komissiyaları və oradakı vəzifələr faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb. Bundan əvvəl Azərbaycanda keçirilən seçkilərin nəticələrinin seçki komissiyaları tərəfindən saxtalaşdırıldığı yerli və beynəlxalq müşahidə mərkəzləri tərəfindən dəfələrlə qeyd olunsa da, seçki komissiyalarının tərkibi dəyişdirilməyib. Seçici siyahıları ciddi qüsurlarla tərtib edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkədə 7,5 milyona yaxın seçici yaşında vətəndaşın olması barədə məlumatla seçici siyahılarında olan seçicicilərin sayını müqayisə edərkən aydın olur ki, bir milyondan artıq seçicinin adı seçici siyahılarına daxil edilməyib. Seçki kampaniyası dövründə namizədlərin əksəriyyəti öz platformalarını elektorata çatdırmayıb, kütləvi görüşlər keçirilməyib, vəd verməyib, ümumiyyətlə təbliğat kampaniyası aparılmayıb. Seçki günü aparılan müşahidələr zamanı seçicilərin böyük əksəriyyətinin səsvermə məntəqələrinə getmədiyi, karusel əməliyyatı vasitəsi ilə seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi pozuntular aşkar edilib. Bütün bunlar MSK- nın seçici fəallığı ilə bağlı elan etdiyi rəqəmlərin bir-neçə dəfə şişirdildiyini göstərir.  2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkiləri azad və ədalətli olmayıb. Bu seçkilər son illərdə ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsinin ifadəsini əks etdirməyən seçkilər hesab edir. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin  nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir".  

Kaş o yox, mən ölərdim... - Blogerin MƏHKƏMƏSİ

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib. Nicat Şakirli ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilib: "Hadisədən əvvəl mərhum Ruslan Məmmədovla avtomobillə şəhər gəzintisinə çıxmışdıq. Hadisələri tam xatırlaya bilmirəm. Mən videoya baxandan sonra hər şey yadıma düşdü. "Joker" adlı mərkəzdə çay içib istirahət edirdik. Mənə qaranlıq qalan məqam qəzanı törətməmişdən əvvəl içkili olmağımdır. Mən içkini bir gün əvvəl barda içmişdim. Hadisə zamanı ölən Ruslan mənim əzizim idi. Kaş o yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm". Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.

Lukaşenko hərbçilərə vətəndaşa qarşı silah işlətmək hüququ verdi

Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq etmək hüququ alıb. Sozcu.az xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinə müvafiq dəyişikliklər edib. Sənədin 11-ci maddəsinin yeni redaksiyasında bildirilir ki, hərbi qulluqçular öz tapşırıqlarını yerinə yetirərkən “vəziyyəti, cinayətin xarakterini, inzibati xətanı və hüquq pozuntusunu törədənin şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək” hüququna malikdirlər. Bütün bunlardan əvvəl silahdan istifadə etmək niyyəti barədə “aydın və aşkar” xəbərdarlıq edilməlidir. Gecikmə hərbi qulluqçuların və ya digər vətəndaşların həyatı üçün təhlükə yaratmasa və ya “digər ağır nəticələrə” səbəb ola bilməzsə, pozucudan qeyd olunan tələbləri yerinə yetirmək üçün kifayət qədər vaxt da tələb olunur. “Vətəndaşın silahdan istifadə nəticəsində xəsarət alması və ya ölümü” barədə dərhal müvafiq prokurora, habelə ibtidai istintaq orqanına məlumat verilir. Eyni zamanda, hərbi qulluqçular “ümumi hərbi nizamnamələrin tələblərinə uyğun” hərəkət etdikdə vurulmuş “zərər”ə görə məsuliyyət daşımayacaqlar.

713-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 713-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 390 580 hərbçi, 6 365 ədəd tank, 11 857 ədəd zirehli döyüş maşını, 9 367 ədəd artilleriya sistemi, 979 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 665 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 453 ədəd avtomobil texnikası, 7 173 ədəd PUA, 1 848 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 496 xüsusi avadanlıq itirib.

Paşinyan radio binasında “artsax bayrağı” gördü, bunu etdi

Bir qədər əvvəl Ermənistanın “İctimai” radiosuna müsahibə verən Baş nazir Nikol Paşinyanın davranışı müzakirələrə səbəb olub. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən radionun əməkdaşları mediaya məlumat sızdırıblar. Belə ki, Paşinyan müsahibə üçün gəldiyi binaya daxil olarkən orada məhv olmuş qondarma rejimin “bayrağ”ını görüb və radionun əməkdaşlarına onu endirməyi əmr edib. Radio işçiləri qondarma “bayrağı” endiriblər, müsahibə bitdikdən sonra isə yenidən binaya asıblar. Lakin əraziyə gələn səlahiyyətli şəxslər Paşinyanın xəbərdarlığını radio rəhbərliyinə çatdırıb. Bundan sonra əsgi parçası binanın önündən yığışdırılıb. Sözügedən məsələ Ermənistan müxalifəti arasında ciddi müzakirələrə səbəb olsa da, cəmiyyətin Qarabağ məsələsinə əvvəlki həssaslıqla yanaşmadığı, bu hadisəyə də reaksiya vermədiyi bildirilir.

Pensiya artımları bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq. Bu barədə Sozcu.az -a nazirlikdən məlumat verilib. Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək. Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək. Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.

Hərbçilərin maaşları artırıldı - RƏSMİ

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.  Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.  Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.  Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir. 

Böyüklü-kiçikli hamı yoluxur: Ölkədə tüğyan edən virus nədir?

“Son günlər əhali arasında kəskin qrip, qızdırma halları müşahidə olunur. Bu respirator infeksiyaların səbəbi həm qrip adlandırdığımız influenza virusu, eyni zamanda koronavirus, RSV virusu ola bilər”.  Bu sözləri “Yeni Sabah”a açıqlamasında  həkim-infeksionist Vasif Əliyev bildirib. Onun sözlərinə görə, hər kəs xəstəlik dövrünü fərqli formada keçirir:  “Məlum olduğu kimi, bir müddətdir ki, ölkədə qızılca virusu da tüğyan edir. Bu xəstəliyi də qızdırma müşaiyət edir. Ümumi olaraq, insanlar arasında bütün bu viruslar qrip adlanır. Ancaq virusların növləri fərqlidir. Koronavirus infeksiyasından sonra insanlar arasında bu cür viruslarla mübarizədə zəiflik yaranıb deməzdim. Çünki hər kəs xəstəliyi fərqli şəkildə keçirir. Bu ağır formada, yaxud yüngül olaraq da təzahür edə bilər. Məsələ bundadır ki, həmin xəstəliklərə qarşı insanlarda immunitet formalaşmır. Davamlı müqavimət yaranmadığına görə də tez-tez xəstələnirik. Daha əvvəl alınan müalicələr də buna təsir göstərir. Həmçinin, yanaşı xəstəlikləri olan insanlar da ağır formada qrip olurlar”.  Həkim insanlara viruslardan qorunmaq üçün belə tövsiyə verib: “Bütün respirator infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, ara məsafəni gözləmək, maska taxmaq mütləqdir. Bundan əlavə onu qeyd edim ki, qrip, qızılca, koronavirus və digər yoluxucu xəstəliklərdən qorunmaq üçün ən doğru yol peyvənd olunmaqdır. Vaksinasiyadan keçən insanlar bu tip xəstəliklərlə mübarizədə güclü müqavimət göstərə və yüngül formada xəstələnə bilirlər”. 

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib. Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb. Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.

Tehran İrəvanla Araz çayına görə memorandum imzaladı

Araz çayının çirkəndirilməsi ilə bağlı İşçi Qrupu yaradılır. Sozcu.az xəbər verir ki, bunu İranın vitse-prezidenti, Ekologiya Təşkilatının sədri Əli Səlaceqe “Şəfəqna” saytına müsahibəsində deyib. O, məsələnin nəzarətə götürüldüyünü bildirib: “Bizim Ermənistanla bu sahədə əlaqələrimiz çox yaxşı səviyyədədir. 18 il ərzində bu məsələyə Energetika Nazirliyi cavabdeh idi. Artıq bir neçə aydır ki, ölkənin Ekologiya Təşkilatına həvalə olunub. Xoşbəxtlikdən bu məqsədlə bizim birinci nümayəndə heyətimiz iki-üç ay öncə İrəvanda Ermənistan rəsmiləri ilə çox səmərəli görüş keçirib. Həmin görüşdə birgə bəyanat və memorandum imzalanıb. Memorandumda Araz çayının çirkləndirilməsi ilə bağlı həm Ermənistanda, həm də İranda üç əsas işçi qrupunun yaradılması nəzərdə tutulub ki, bir-biri ilə əməkdaşlıq edərək lazımi tədbirlər görsün və müzakirələri qarşılıqlı şəkildə davam etdirsin”.

Həkimlər İrandan qaçır - Şok statistika

Son bir ildə İrandan xaricə mühacirət etmək üçün müraciət edən həkimlərin sayı 3 dəfə artıb. Sozcu.az xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb. İran parlamentinin Səhiyyə Komissiyasının üzvü Zəhra Şeyxi məsələyə münasibəti zamanı səhiyyə mütəxəssislərinin miqrasiya statistikasının dəhşətli səviyyəyə çatdığını deyib. O, hakimiyyətin tibb işçilərinin ölkədən miqrasiyası barədə xəbərdarlıqlara əhəmiyyət vermədiyini bildirib.

Sənədsiz ev problemi həll ediləcək - Mənzil bazarında bahalaşma olacaq?

Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr gedir. İllərdir həllini tapmayan bu məsələ yenidən gündəmdədir. Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. O bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturlar.  O, yerli mətbuata açıqlamasında deyib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. Ötən ilin oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı bildirilirdi. Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Sənədsiz ev məsələsinin öz həllini tapmadan bu qaydaların qüvvəyə minməsi narazılıqla qarşılanıb. Bəs, sənədsiz ev problemi necə həll ediləcək?  Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, artıq sənədsiz evlərlə bağlı qanunun icrasına başlanılıb: “Dövlət başçısının bu məsələ ilə bağlı sərəncamı var. Artıq 2 aydan çoxdur ki, tətbiqinə başlanılıb. Buna əsasən sənədləri olmayan tikintilər, obyektlər, binaların hamısı asan yol ilə özəlləşib, sənədlərini ala bilərlər. Hansı ki, bu evlərin neçə illərdir işıq, su, qaz pulu ödənilir. Ancaq nəyəsə görə sənədlər tam, sona qədər yekunlaşmayıb. Bu evlərin qanuniləşdirilməsi üçün xüsusi portal var. Portala müraciət edib, qeydiyyatdan keçirlər. Bu mexanizmlə sənədsiz evləri sənədləşdirmək mümkündür. Mənimlə görüş zamanı bir neçə ev sahibi, sahibkar bu sərəncamdan istifadə etdiyini söyləyib. Qeyd edim ki, bu proses iki aya qədər çəkir. Sonda da şəffaf formada sənədlər verilir”. Bəs sənədsiz ev problemi həll olunduqdan sonra evlərin qiymətində bahalaşma olacaqmı? Məsələyə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, sənədsiz evlərin sənədi olduqdan sonra dəyəri artacaq: “Sənədsiz evlərlə bağlı məsələ həll olunduqdan sonra bazara eyni miqdarda sənədli evlər daxil olacaq. Bu əksinə qiymətlərinin artımını deyil, alqı-satqı əməliyyatlarını sürətləndirə bilər. Bazara xeyli miqdarda ev daxil olacaq. Xüsusən də həyət evlərinin qiymətində müəyyən ucuzlaşama ola bilər. Məlumdur ki, həmin sənədsiz evlər satışa çıxarılarkən tikinti xərcini ödəməsə belə, vətəndaşlar satışa çıxarır.  Çünki sənədsiz olduğu üçün onları almaq istəyən olmurdu. Çox zaman vətəndaşlar risk etmək istəmirdilər. Ancaq ümumən fərdi yaşayış evlərinin qiymətlərində, sənədli evlərin qiymətində müəyyən enmə ola bilər. Çünki birdən-birə bazara xeyli miqdarda ev çıxarılacaq”.  Ekspert sənədli evlərin çoxalmasının fərdi yaşayış evlərinin qiymətlərində müəyyən ucuzlaşmaya səbəb olacağını düşünür: “Məlum olduğu kimi hazırda sənədli olan fərdi yaşayış evləri baha qiymətə təklif olunur. Sənədsiz ev 30 min manata təklif olunursa, sənədli olan həmin ev təxminən 60 min manata təklif olunur. Təbii ki, sənədləşmə həmin evlərin 30 minə deyil, 50 minə satışını həyata keçirməyə imkan verəcək. Belə olduqda, 60 min manata satılan evlərin qiyməti təxminən 50 min manata düşə bilər. Sənədsiz olan evlərin qiymətində artım olacaq, ancaq sənədli onlan evlərin qiymətində ucuzlaşma ola bilər.  Sənədi olan fərdi yaşayış evlərinin qiymətlərində hansı ki, bu gün bazara baha qiymətə təklif olunur, onların dəyəri müəyyən qədər düşə bilər”.

Oğlunun toyunda bomba həyəcanı yaşayan generalın kimliyi bilindi - Bakıda ŞOK OLAY

Bu günlərdə sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, generallardan birindən qisas almaq istəyən keçmiş kursantı qeyri-adi üsula əl atıb. Belə ki, o, general oğlunun toyu keçirilən restorana bomba qoyulduğu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib.  Bu məlumat əsasında çox sayda polis əməkdaşı toy mərasimi vaxtı restorana gəlib, orada axtarış aparıb. Sozcu.az xəbər verir ki, yayılan məlumatda generalın kimliyi açıqlanmasa da, Gununsesi.info bu hadisənin təfərrüatını öyrənib. Məlum olub ki, söhbət Naxçıvanda yerləşən Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir. Onun oğlu Məhəmməd Orucovun toyu Bakıdakı məşhur restoranlardan birində olub. 2013-2019-cu illərdə Hərbi liseyin rəisi olmuş Elman Orucovdan qisas almaq istəyən hərbçi də onun rəhbərlik etdiyi dövrdə liseydə təhsil almış kursant olub. Kursant 2018-ci ildə liseyi bitirəndən sonra təhsilini Daxili Qoşunların Hərbi Akademiyasında davam etdirmək istəyib. Amma general buna imkan verməyib. Onu Müdafiə Nazirliyində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında ali təhsil almağa göndəriblər. İllərlə liseyin rəisinin ona qarşı haqsızlıq elədiyini düşünən kursant ali təhsilini də bitirib, leytenant rütbəsində işə başlayandan az sonra Elman Orucovun oğlunun toyu olacağını eşidib və bu yolla ondan qisas almaq qərarına gəlib.  O, taksafondan “102”yə zəng edib ki, “restorana bomba qoyulub, yeməklərə zəhər qatılıb”.  Polislər də toyda yüksək vəzifəli şəxslərin, generalların iştirak etdiyini nəzərə alaraq, informasiyanı inandırıcı sayıblar:  Restoranda stolların altını, bəy-gəlin kürsüsünü, mətbəxi – hər yeri axtarıblar. Toydakı adamlar da təşvişə düşüb ki, nə baş verib?  İnformasiyanın əsassız olduğu aydınlaşandan sonra “102”yə kimin xəbər verdiyi müəyyənləşdirilib və onun haqqında Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə cinayət işi başlanıb. Hərbçiyə yekunda 5 il şərti cəza verilib.  General-mayor Elman Orucov da ondan şikayətçi olmayıb. Deyib ki, həmin şəxsi sakit təbiətli kursant kimi tanıyırdı. Ona gənc zabitlər üçün həmişə elit başlanğıc sayılan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif edib. Generalın sözlərinə görə, onu bu ixtisasa təhsil almağa göndərəndə əksinə, yaxşılıq edib:  “Mən özüm də zabit kimi xidmətə oradan başlamışam. Düzü, buna görə məndən qisas almaq istəməsinə çox təəccübləndim”, - general deyib. 

Sumqayıt sakinini 8 canavar parçaladı - FOTO

Rusiya ərazisində, Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin 40 kilometrliyində faciə ilə bitən qorxunc hadisə baş verib. Belə ki, işləmək üçün Kalmıkiya Respublikasına yollanan Sumqayıt şəhər sakinini yolda canavar parçalayıb. Sozcu.az xəbər verir ki, məlumatlı şəxs Moderator.az-a bildirib ki, hadisə gecə saatlarında baş verib. “O şəxs işə yeni başlamışdı, ilk reysi idi. Maşını yolda saxlayıb, ayaqyoluna gedib. Üstündən 30 saniyə keçməyib ki, qışqırıq səsləri gəlib. Hava o gün çox dumanlı olub. Qaça-qaça maşına tərəf gəlib, yerə yıxılıb. Digər maşında olan iş yoldaşı elə bilib ki, hürən çoban itləridir. Canavarlar onu gəmirə-gəmirə maşından uzağa aparıblar. Həmin şəxs qorxudan maşından aşağı düşməyib. Aidiyyatı orqanlara zəng edib, üstündən 1 saat keçməsinə baxmayaraq gəlib canavarların hamısını öldürüblər. Hadisə Elista şəhərinin 40 kilometrliyində baş verib” deyə saytımıza bildirilib. Canavarların parçaladığı şəxsin Sumqayıt şəhər sakini olduğu bildirilir.

Rusiyada helikopter qəzası: bütün heyət öldü

Rusiyanın Kareliya Respublikasında Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopteri qəzaya uğraması nəticəsində bütün heyət ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, helikopter buz bağlamış Oneqa gölünə düşərək batıb. Bildirilib ki, helikopter qəza zamanı gölə düşərək batdığı üçün mayakı işləməyib və bu da axtarış işlərini çətinləşdirib. Faktla bağlı istintaq başladılıb. İstintaq qəzanın əsas versiyaları kimi ekipajın səhvi, hava şəraiti və avadanlıqların nasazlığını nəzərdən keçirir. Helikopterdə 3 heyət üzvünün olduğu bildirilir. Qeyd edək ki, ötən gün Rusiya FHN təlim uçuşu həyata keçirən helikopterlə əlaqənin kəsildiyini açıqlamışdı.

Zelenski atəşə tutuldu - Təcili

Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətində cəbhə xəttində, Rabotinoda olarkən, düşmən kəndi atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib. “Atışma Zelenskinin olduğu yerə olduqca yaxın idi. Bu, Rabotinodur, orada aktiv döyüşlər gedir. Amma vəziyyəti dramatikləşdirməzdim”, - o bildirib. Qeyd edək ki, Zelenski ötən gün cəbhə xəttinə gəlmişdi.

Rusiyanın Ukraynadakı itkiləri 390 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 810 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 389 560 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 4 zirehli döyüş maşını, 18 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gələn ayın yarısından çoxu qeyri-iş günləri olacaq - TƏQVİM

Gələn ay Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı məlum olub. Sozcu.az xəbər verir ki, Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək. Qeyd edək ki, bundan əlavə, 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür. Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 16 gün iş olmayacaq.

Rəhbərin qayıdışı- hekayə

Elşən Əlisoy Əliheydər kişi 40 il idi ki, “Azadlıq” kolxozunun sədri idi. Bu illər ərzində “dahi sədr”, “kolxozun xilaskarı” kimi adlar qazanan, sinəsi orden-medallarla dolu olan Əliheydər kişinin çətin günləri başlamışdı. Kolxozun əsasən gənclərdən ibarət bir dəstə “avara”sı, (Əliheydər kişi onun istefasını istəyən gəncləri belə adlandırırdı) onun istefasını tələb edir, kolxoza yeni sədr seçməyə çalışırdılar. Bu “avara”lar o qədər harınlamışdılar ki, Əleydər kişi kimi kolxozun heyvanlarının da dillərini onların özlərindən yaxşı bilən bir dahini tayfabazlıqda ittiham edirdilər. İddia edirdilər ki, güya Əliheydər kişi nəslində olanların hamısını kolxozun yeyinti olan sturukturlarına yerləşdirərək kolxozu dağıdır. Hələ bir az qabağa gedərək kolxozun doldurduğu pambıq planının saxta olduğunu da deməkdən çəkinmirdilər. Qonşu kolxozlarda da köhnə sədrlərə qarşı oxşar kampaniya həyata keçirildiyi üçün Əliheydər kişi susur, zamanın onun xeyrinə dəyişəcəyinə inanırdı. “Dahi sədr” kolxozçuların da dillərini yaxşı bilirdi. O, bilirdi ki, onun hökmlü əmrlərinə öyrənən, təzə “Qaz 21”inin motorunun səsini eşidəndə gizlənməyə kol dibi axtaran kolxozçular bu gənclərin mülayim idarəçiliyini həzm etməyəcəklər. Əliheydər kişi bunları bildiyi üçün təklikdə avara adlandırdığı bu islahatçıların üzərinə getmir, hətta yeri düşəndə onları müdafiə də edirdi. Kolxozda inqilab olmuş, rəhbərlik dəyişərək kolxozun başına yeni simalar gəlmişdi. Qısa bir zamanda kolxozun başqa kolxozlara olan borcları da ödənmiş, yeni texnikalar alınaraq kolxozun ixtiyarına verilmişdi. Xeyli abadlıq işləri həyata keçirən kolxozun zəhmətkeşlərinin gündəlik həyatlarında ciddi dəyişikliklər başlamışdı. Kolxozçuların maaşları az da olsa artmışdı. Ancaq yeni sədr ilk çıxışında bunlara “xanımlar və bəylər!”,- deyə müraciət edəndə bir az duruxmuşdular. “Axı bəy, xanım hara, onlar hara?”,- deyə düşünənləri də olmuşdu. Əliheydər kişinin zamanında səhərin alaqaranlığında başlarını aşağı salıb kolxozun əkin sahələrinə gedən bu adamlar indi hər səhər kolxozun binası qarşısına toplaşaraq kolxozda baş verən hadisələri təhlil edir, yeni sədrin nöqsanlarını müzakirə edirdilər. Bəzən də dahi rəhbəri xatırlayaraq, “kişinin yaman zəhmi vardı”,- deyə ötən günlərinin həsrətini çəkənlərdə olurdu. Sinəsi orden-medallarla dolu olan dahi rəhbərin yerində kənddə “Yetim Cəmil” kimi tanınan Cəmil kişinin oğlu Elçinin oturması bir çoxuna xoş gəlmirdi. Elçin savadlı və təhsilli biri olsa da, kolxozun bəzi köhnə kişiləri kolxoza dəmir yumruğun lazım olduğunu deyirdilər, yoxsa kolxoz onsuz da geci-tezi parçalanacaq. Bunlardan hətta daha irəli gedərək xilaskar rəhbərə gizli məktub yazıb onu kolxoza dəvət edənlər də olmuşdu. Dahi rəhbər də təbii ki, bunu zəng edərək yeni sədrə demiş və nə vaxt lazım olsa, onun köməyindən bəhrələnə biləcəyini də çatdırmışdı. Bir neçə aydan sonra kolxozda gərginliyin işartıları görünməyə başladı. Kolxozçuların bir çoxu yeni idarəçiliyi qəbul etmir, dünənə kimi kasıb adam kimi tanıdıqları adamların rəhbər vəzifədə olmasını həzm edə bilmirdilər. Rəhbərlə gizli yazışmalar edən kənd ağsaqqalları isə kolxozu bu böhrandan ancaq dahi rəhbərin dəmir yumruqlarının xilas edə biləcəyini deyərək, rəhbərin kolxoza geri dönməsini israrla tələb edirdilər. Kolxozun dəliqanlıları da lazım olsa rəhbər üçün ölümə də gedə biləcəklərini bəyan edərək, yeni rəhbərə dalbadal ultimatumlar verirdilər. Kolxozçuların iradəsinə qarşı çıxmayan yeni rəhbərlik, “bir kolxozçunun belə burnu qanamamalıdır”,- deyərək kolxozun yenidən "xilaskar" rəhbərə ötürülməsinin qarşısını almadılar. Budur, vəzifədən gedəndən qəddi əyilmiş, çöhrəsinə qırışlar düşən xilaskarın təptəzə “Qaz 21”i kolxozun binasına tərəf yaxınlaşır. Kolxozçuların bədənində artıq unutmağa başladıqları qorxunun sızıltıları dolaşmağa başladı. Yenə də köhnə hisslər baş qaldırır. Hər şey gözəldir... Hər şey keçmişdəki kimidir... Bircə bu, çatmırdı, daha “bəy” və “xanım”- deyə müraciətlər edilmirdi. Yenə əvvəlki kimi səhərin alatoranlığında yuxudan durur, ancaq işləməyə yer tapmırdılar. Çünki dahi rəhbər kolxozun xilası naminə torpaqları qonşu kolxoza satmış, bununla da kolxozda sabitlik əldə etmişdi. 

Sənədsiz evlərlə bağlı önəmli addım: Qrup yaradıldı...

“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir”. Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev Oxu.Az-a açıqlamasında bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb. “Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik”, - əlavə edilib.

Hacıqabulda “Mersedes” yandı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “Mersedes” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Zaman Kiyev və müttəfiqlərinin tərəfindədir - Britaniya XİN rəhbəri

Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir. Sozcu.az “The Sunday Times” qəzetinə istinadən xəbər verir ki, bu fikri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib. “Biz durğunluqdan və zamanın Ukraynanın tərəfində olmadığından danışmağı dayandırmalıyıq. İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, - deyən nazir, Rusiyanın münaqişəyə girməklə artıq “böyük strateji məğlubiyyət”ə düçar olduğunu bəyan edib. Onun sözlərinə görə, bu fikri noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrinə görə Ağ Evə qayıdacağı təqdirdə Donald Trampa çatdırmaq niyyətindədir: “Şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-nin hazırkı prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Bununla belə, ABŞ və Britaniyanın hərbi və kəşfiyyat rəsmiləri birlikdə işləməyə öyrəşiblər. İki ölkənin dəyərləri və bir çox problemlərə yanaşmaları da çox oxşardır. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunun öhdəsindən gələ bilərik”.