“İstər ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilənlər, istərsə də Karnegi Fondunun eksperti Krivoşeyevin təhlili reallığı əks etdirir. Və o da doğru vurğulanır ki, bu reallıq sülh müqaviləsinin imzalanmasına aparmır”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bunu Musavat.com-a açıqlamasında deyib. Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir. Eyni zamanda bildirilir ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil.
Həmçinin, hesabatda qeyd olunub ki, Kreml Paşinyanın getdikcə artan anti-Rusiya mövqeyinə görə ona qarşı tənqidləri gücləndirməyə davam edir. Bundan əlavə, Karnegi Fondunun eksperti Kirill Krivoşeyevin qənaətinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə əldə olunmasına ümid praktiki olaraq itib.
İ.İsmayıl isə bütün bunlarla bağlı bildirib ki, əcnəbi ekspertin İordaniya və Misirlə bağlı apardığı paralellərdə də həqiqət payı çoxdur: “Oxuculara aydın olsun deyə, qısa bir tarixi ekskurs edək. 1967-ci ildə tarixə “altı günlük müharibə” kimi düşümüş İsraillə Misir, İordaniya və Suriya arasında olan müharibə İsrailin qələbəsi ilə bitdi. Amma, bu dövlətlər arasında sülh çox gec imzalandı. İsrail və İordaniya arasında sülh müqaviləsi 27 ildən sonra, 1994-cü il 25 iyulda Vaşinqtonda əvvəlcə qətnamə, üç ay sonra isə 26 oktyabrda sülh müqaviləsi imzalandı. Misirlə isə sülh müqaviləsi 12 il sonra, 26 mart 1979-cu ildə Vaşinqtonda imzalandı. Qalib İsrail olsa da, məğlublar uzun müddət inad göstərmiş, amma sonunda sülh üçün Ənvər Sədat, İordaniya Haşimilər krallığı təşəbbüs göstərdilər. Əlbəttə ki, ABŞ -nin vasitəçiliyi ilə.
Krivoşeyevin bir məntiqi də diqqətəlayiqdir: “bu prosesi məcbur etməyə çalışmaq təhlükəlidir, çünki qeyri-sabitliyə səbəb ola bilər”. Azərbaycan -Ermənistan arasındakı anklav kəndlər problemi isə nəinki qeyri-sabitliyə, hətta yeni müharibəyə səbəb ola bilər. Zəngəzur yolunun açılması gecikə bilər və bu daha çox Ermənistanın zərərinə işləyəcək. Amma, birbaşa anklav kəndlərlə bağlı tezliklə danışıqlar prosesi başlamasa və ən azı anklav olmayan 4 kəndin təhvil verilməsi sürətlənməsə təhlükəli situasiya yarana bilər”.
İ.İsmayıl hesab edir ki, burada vasitəçinin də düzgün yanaşmasından çox şey asılıdır: “Təəssüf ki, Misir və İordaniyadan fərqli olaraq, Cənubi Qafqazda bir neçə vasitəçi var və bu vasitəçilərin bir-biri ilə eyni masaya əyləşmək fikirləri yoxdur. Ermənistan isə təminatçısız sülh bağlamaq istəmir. Praktik sülh doğrudan da indi görünmür. Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, iki ölkə arasında sülhün imzalanması daha da uzana bilər”.