Azərbaycanda bu tibbi vasitənin satışı qadağan olundu

Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olunub. Bu barədə Sozcu.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, “M&C Firması”nın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü olaraq geri çağırmaq qərarı qəbul etdiyi və qeyd edilən seriya ilə buraxılan tibb vasitələrini son istifadəçilərdən, pərakəndə satış müəssisələrindən (apteklərdən) və topdansatış müəssisələrindən (distributorlardan) geri çağırması bildirilib. Müraciəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları araşdırıb və Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağırılması qərarı Mərkəzin sərəncamı ilə təsdiqlənib. Yuxarıda qeyd edilənləri və “Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış “Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.

Bakıda beş yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq öldü

Bakının Sabunçu rayonunda beş yaşlı uşaq eyvandan yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən binanın 7-ci mərtəbəsinin eyvanından yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır.apa

Saakaşvilidən növbəti çağırış: Küçələrə çıxın!

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili həmkarı, hazırkı prezident Salome Zurabişviliyə Avropaya inteqrasiya üçün yaradılan ictimai platformanı “küçələrə çıxarmağı” təklif edib.  Sozcu.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, Vahid Milli Hərəkat Partiyasının bu halda Zurabişvilinin ideyasına qoşulmağa hazır olduğunu əlavə edib.  "Təbii ki, indiki prezidentə müdriklik öyrətmək fikrində deyiləm, sadəcə deyəcəyəm ki, onun yerində olsaydım, xalqın tribunasını küçələrə çıxarardım. Geniş Azadlıq Meydanı kiçildi. Salome xanıma tanış olan hippodrom artıq praktiki olaraq yoxdur, amma Rustaveli hələ də mövcuddur, onu doldurmaq olar, hamı bunu birlikdə edə bilər. Əgər prezident bu təşəbbüslə çıxış edərsə, biz onu dəstəkləyəcəyik”, - Saakaşvili bildirib. Partiyalar və vətəndaş cəmiyyəti ilə danışıqlara gəlincə, Saakaşvili ən vacib vəzifəni seçkilərin ədalətli keçirilməli olduğunu bəyan etmək deyil, bu ədalətin necə təmin olunacağından danışmaq olduğunu hesab edir. 

Xocalıda tapılan insan qalıqları onlara aiddir – Rəsmi

Əsgəran qalası ətrafında aşkarlanan kütləvi məzarlıqda axtarış və qazıntı işləri davam edir. Bu barədə Sozcu.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılmış və Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Adıçəkilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral 1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildiyini və həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitlərin həmin ətrafda basdırıldığını bildirmiş, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərib. Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlayıb. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılıb, qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.

17 min uşaq yetim qalıb... - Qəzzada son durum

Qəzza zolağında təxminən 17 min fələstinli uşaq valideynlərindən birini və ya hər ikisini itirib. Sozcu.az xəbər verir ki, Qəzzada hökumətin Media İdarəsinin baş direktoru İsmayıl əs-Savabite Qəzzanın mərkəzindəki Şuheda əl-Əqsa xəstəxanasında mətbuat konfransı keçirib. Mətbuat konfransında danışan Sevabite, "Soyqırım müharibəsinin başladığı gündən bu yana Qəzza zolağında 17 minə yaxın fələstinli uşaq ailəsiz yaşayır. Bu uşaqların ailələrindən bəziləri şəhid olub və ya həbs edilib, bəziləri isə valideynlərini itirib”, deyə əlavə edib. Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 12 min 150 uşaq, 8 min 300 qadın, 340 tibb işçisi, 46 mülki müdafiə işçisi və 123 jurnalist öldürülüb. Yaşamaq uğrunda mübarizə aparan insanlar yemək, su və dərman tapa bilmirlər.

Daha bir azyaşlı qızılcanın qurbanı oldu - Foto

Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib. İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib. Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

Ev həyətdəki maşınlarla birgə yandı

Abşeronda ev həyətdəki maşınlarla birgə yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 17 m² sahədə, 3 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 2 top internet kabeli, həyətdə “Mersedes” və VAZ markalı minik avtomobillərinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bazarda silahlı insident: ölənlər var

Gürcüstanın Rustavi şəhərində bazarda atışma olub. Sozcu.az xəbər verir ki, məlumatı Gürcüstan mediası yayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 1 neçə nəfər yaralanıb. Qeyd edək ki, insidentin təfərrüatı açıqlanmır.

7-ci sinif şagirdinin yazdığı Ana dili şeiri

Ağsu rayon Çiyni kənd sakini,  7-ci sinif şagirdi İsmayılov Rəvan Seymur oğlunun Ana dili haqqında şerini təqdim edirik: Ana dili  Göz açanda laylamı ana dili oxudu, Bu dildə ana danışır, bu dildə Vətən.  Müqəddəsdir ana dli, sənin hər kəlmən Nənə, ana dilidir sevin, ruh verən. Azərbaycan dilidir ana dilimiz Onunla gözəldir söz və kəlməmiz. Gəlin sevək, qoruyaq biz hər birimiz Doğma həm anatək ana dilimiz. Doğmadır, doğmadan ana dilimiz Onunla döyünür vurur qəlbimiz. Qalxdıq ucalara biz pillə-pillə Zəfər yazdıq tarixə bu doğma  dildə.  Şirindən şirindir, şirindir mənə Azərbaycan, qurbanam ana dilinə Ana dili sevəcəm hər zaman səni  Sevirəm dilimi, bu doğma dili. 

Azərbaycanda müşahidə olunan isti havanın səbəbi

Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur: “Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ilin fevralında 21 dərəcə, 2021-ci ilin fevralında 22 dərəcə, 2020-ci il fevralında isə 25 dərəcəyədək yüksəlmişdi”.

Hərbi helikopter qəzaya uğradı: ölənlər var

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə Əlcəzair Prezident Admistrasiyası məlumat yayıb. “Planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri Komandanlığının hərbi helikopteri Əl-Maniyə hava limanının yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı 3 ekipaj üzvü həlak olub”, - məlumatda qeyd edilib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Tüğyan edən qızılcanı bıçaq kimi “kəsən” dərman

Ölkədə, demək olar ki, hər gün qızılcaya yoluxma və ondan ölüm halları eşidirik. Çarəsi ancaq peyvənddə və el təbabətində tapılır. El adətinə görə, qızılca olan şəxsi qızıl suyunda çimizdirib, qırmızı paltar geyindirmək lazımdır. Düşünürlər ki, belə olan halda səpgilər sovrulacaq.  Amma qızılcanın çox adamın agah olmadığı çarəsi var. Eşşək südü… Bəziləriniz yəqin, etiraz edib deyəcəksiniz ki, “Eşşək südündən nə fayda?”. Amma elm adamlarının uzun müddət sürən araşdırmaları bir çox xəstəliklərin müalicəsində eşşək südünün əvəzsiz olduğunu təsdiq ediblər. Sozcu.az bildirir ki, Lent.az xarici mətbuatda araşdırma aparıb. Məlum olub ki, eşşəkdən alınan süd dünyanın bəlasına çevrilən xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir. Bunla da qalmayıb, dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək ferması yaradılıb. Bəzi insanlar İslam dinində eşşək ətinin yeyilməsini haram sayır. Deyirlər ki, əti haram olan heyvanın südü də haramdır. Bu deyimlərin dini açıqlamasını verən ilahiyyatçılar bildirib ki, İslam dinində haram sayılan ancaq donuz ətidir. O zamanlar eşşəkdən minik vasitəsi kimi istifadə edildiyi üçün Mədinə yaxınlığındakı kiçik bir şəhərdə onun əti və südü qadağan edilib. İndi isə eşşəkdən demək olar ki, heç bir yerdə minik vasitəsi kimi istifadə olunmur. Eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdarına görə ana südünə ən yaxın süddür. Hələ qədimdən eşşək südünün ana südünə yaxın olduğunu üçün, südəmər uşaqları bu südlə mayalandıranlar olub. Hətta qədimdən eşşək südü ilə antibiotik olmayan vaxtlarda uşaqları sağaldırdılar. İnək südü bəzi körpələrə allergiya yaradır. Amma alimlərin və qida mütəxəssislərinin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. İnək südü brüselyoz keçməməsi üçün qaynadıb bişirildiyi halda, eşşək südü çiy verilir, onun qaynatmağa ehtiyac yoxdur. Min bir dərdə dərman olan eşşək südü son dövrün bəlasına çevrilən qızılcanın müalicəsində əvəzsiz rol oynayır. Elə sosial şəbəkələrdə qızılcaya yoluxmuş övladını dövrün bəlasından qurtarmaq üçün analar eşşək südü axtarır. Analar son ümidini dərmanlara yox, məhz uzunqulaq südünə bağlayıblar. Digər südlərdən qiymətcə çox baha olan eşşək südünün bu gün gizlicə, özəl yerlərdə satılır. Qiyməti isə əl yandırır. Araşdırma nəticəsində məlum olub ki, eşşək südünün stəkanı 20 manata satılır (litri 100 manat). Süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 20 manat, 500 qramlıq süd isə 40 manatdır. Stəkanı 20 manata satılan, qədimdən südəmər uşaqlara dərman kimi verilən eşşək südünün faydaları nələrdir? Eşşək südü həzmi rahatlaşdırır, kökəltmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır. Onun orqanizmə faydaları isə bunlardır: – mineral çatışmazlığını aradan qaldırır – immun sistemi gücləndirir – xərçəng riskini azaldır – astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür – antibakterial təsirə malikdir – bronxiti sağaldır – qızılcanın dərmanıdır – qara ciyər fəaliyyətini yaxşılaşdırır – sümükləri möhkəmləndirir – artıq yağları əridir – bəlğəmi tamamilə aradan qaldırır – köpüyünü üzə sürtdükdə sızanaqları yox edir. Hətta Almaniyanın Reyn çayı sahilində eşşəyə abidə qoyublar. Çox qiymətli məhsuldur, həm uşaqlar, həm böyüklər içə bilər. Dünyanın heç yerində eşşək südünə qadağa yoxdur.

Sərxoş ər arvadını yandırmaq istədi

Tatarıstanda 65 yaşlı kişi arvadının üzərinə bensin tökərək, onu yandırmaq istəyib. Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, hadisə Buqulminski rayonunda baş verib. Belə ki, sərxoş kişi ilə 62 yaşlı arvadı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Qəzəblənən kişi üzərinə benzin tökərək arvadını yandırmağa cəhd edib. Ərinin əlindəki kibriti görən qadın pəncərədən atılaraq, qonşuya qaçıb. Qonşular isə polisə müraciət ediblər. Sərxoş ər barəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. İstintaq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Zaqatalada 3 məktəblini maşın vurdu, 2-si öldü

14:58 Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsinin təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Sozcu.az-a bildirilib ki, bu gün, saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mersedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır. *** Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. "Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir", - qurumdan qeyd olunub.

İSLAM MALİYYƏSI RUSİYAYA GƏLDİ

20 milyondan çox müsəlman İslam maliyyə alətlərinə daxil ola və halal pul əməliyyatları edə bilər. 2023-cü ildə Rusiyada İslam bankçılığı haqqında qanun qəbul edildi — yaxın iki ildə dünyanın ən böyük ölkələrindən birində onun istifadəsi ilə bağlı eksperiment keçiriləcək. Rusiyanın regionlarında islam bankçılığının tətbiqi üzrə eksperiment 2025-ci ilin sentyabr ayınadək aparılacaq və ölkədə eksperimentin ərazisi genişləndirilə bilər. Eksperimentin iştirakçıları əməliyyatlar apararkən faiz dərəcəsi şəklində mükafat təyin etmək hüququna malik deyillər, lakin göstərilən əməliyyatların nəticələrindən asılı olaraq dəyişən məbləğ şəklində ödənişlər təyin edə biləcəklər. Onların həmçinin tütün, alkoqol, silah, sursat və qumar istehsalı ilə bağlı fəaliyyəti maliyyələşdirmək hüququ yoxdur.  Islam maliyyəsi artıq qlobal maliyyə bazarının müstəqil tamhüquqlu sahəsi kimi formalaşıb: dünyanın 105 ölkəsində ümumi aktivləri 2 trilyon dollardan çox olan 500-dən çox İslam bankçılığı və maliyyə institutu fəaliyyət göstərir. Rusiyada İslam maliyyə bazarının potensialının təxminən 11 milyard dollar olduğu güman edilir. Mütəxəssislər burada dost ölkələrdən kapitalın cəlb edilməsi ilə Rusiyada tərəfdaşlıq maliyyələşdirilməsinin inkişaf perspektivlərini görürlər. Rusiya Federasiyasının Maliyyə Nazirliyi və Mərkəzi Bankı tərəfindən dəstəklənən müvafiq qanun layihəsi ölkə parlamentinə təqdim edilib. Bu dövrdə Tatarıstan Respublikasında "Mir" ödəmə sisteminə əsaslanan ilk İslam debet kartı meydana çıxdı və aparıcı Rusiya Bankı Kazan Respublikasının paytaxtında şəriətin bütün qaydalarına uyğun olaraq tərtib edilmiş ölkənin ilk İslam maliyyələşdirməsi tərəfdaşlıq ofisini açdı. Qanunun qəbulu və Rusiyada İslam bankçılığının inkişafı ilə bunu etmək daha da asan olacaq. 14-19 may 2024-cü il tarixlərində Kazanda keçiriləcək KazanForum 2024-də Rusiya regionlarında islam biznesi üçün yeni imkanlar müzakirə olunacaq.  Bu vaxta qədər Tatarıstan Respublikasında İslam Bankçılığının İnkişafı Mərkəzi yarana bilər.Tərəfdaşlıq maliyyələşdirilməsinin geniş tətbiq olunduğu, sukukun emissiyası və istifadəsi üzrə geniş təcrübənin toplandığı regiona artıq Malayziyadan mütəxəssislər dəvət olunub. Rusiyalı maliyyəçilər Rusiyada qanunların xüsusiyyətlərini və tərəfdaşlıq maliyyələşdirməsi təcrübəsini nəzərə alaraq vergi, mühasibat uçotu və məhsulun yaradılması üzrə ekspertlərlə məsləhətləşə biləcəklər.

Qarabağın Ermənistana birləşdirilməsi nə deməkdir? - Paşinyan

"Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil”.  Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən deyib.  “Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”, - Paşinyan bildirib.  Baş nazir müxalifəti də tənqid edib:  “Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Amma Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər. Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayır, orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?”. 

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı-MİT) İraqın şimalında yerləşən Gara bölgəsində PKK terror qruplaşmasının rəhbərlərindən olan Yunus Demiri zərərsizləşdirib. Məlumatı “TRTHaber” yayıb. O, beynəlxalq axtarışda olub.

Rusiya Ukraynada daha 910 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 910 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 392 380 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 11 tank, 20 zirehli döyüş maşını, 24 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Anasını, atasını və qardaşını öldürdü - Dəhşətli hadisə

Türkiyənin Bursa şəhərində qan donduran hadisə baş verib. Sozcu.az xəbər verir ki, gecə saat 03.30 radələrində Abdulsamet Y. və atası S.Y. axşam saatlarında 7 yaşlı oğlu ilə birlikdə mərkəzi Osmanqazi rayonu Hamitlər məhəlləsi 2. Vakıf küçəsində yerləşən ailəsinin evinə gəlib. Ata ilə oğul arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə qısa zamanda davaya çevrildiyi üçün anası Z.Y. müdaxilə edib və qardaşı M.Y. Abdulsamet Y.-ni otaqdan çıxararaq davanın qarşısını almaq istəyib. Bu vaxt Abdulsamet Y. yataq otağından götürdüyü ov tüfəngi ilə qonaq otağında ailə üzvlərinə atəş açıb, əvvəlcə atasını, sonra isə anasını öldürüb. Qardaşını güllələyib. Açılan atəşdə başından və bədəninin müxtəlif yerlərindən güllə yarası alan ana və atası hadisə yerində dünyasını dəyişib. Yaralanmış qardaşı evdən qaçmağa çalışıb. Bu vaxt Abdulsamet Y. mətbəxdən çörək bıçağını götürərək 7 yaşlı oğlunun gözü qarşısında qardaşının boğazını kəsərək öldürüb. Silah səsləri və M.Y.-nin kömək çağırışını eşidən qonşuların xəbəri üzərinə əraziyə çoxlu polis və sağlamlıq qrupları sövq edilib. Hadisə yerinə gələn polis qrupları 7 yaşlı oğlu ilə evdə gözləyən Abdulsamet Y.-ni saxlayıb. Polisin hadisə yerində araşdırmasından sonra ölənlərin cəsədləri Bursa Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb. Cinayətkar polis bölməsinə aparılarkən, 7 yaşlı oğlu mühafizəyə götürülüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Yeddi yaşlı uşaq əməliyyatdan sonra öldü

Göyçay rayonunda yeddi yaşlı uşaq cərrahi əməliyyatdan sonra xəstəxanada ölüb. “Report” xəbər verir ki, rayonun Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, 2017-ci il təvəllüdlü, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən, bununla bağlı daimi olaraq müalicə alan Vasif Cəlilli fevralın 5-də yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb. O, yaxınları tərəfindən təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Cəlilli ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat edilib və fevralın 7-də həmin xəstəxanada ölüb. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Müsavat Partiyası seçkilərlə bağlı ilkin rəyini açıqladı

Müsavat Partiyası 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.  Partiyanın mətbuat xidmətindən təqdim olunan sənəddə deyilir:   "7 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri əvvəlcədən hər hansı ictimai diskussiyalar aparılmadan, növbədənkənar seçkilərin təyin edilməsinin səbəbləri xalqa izah edilmədən təyin edilib. Növbədənkənar prezident seçkilərinin vaxtından 1 il 3 ay əvvəl günlərin qısa, tətillərin çox olduğu qış aylarına təyin edilməsi seçki kampaniyasının 2 ay, təşviqat kampaniyasının cəmi 21 gün olduğu şəraitdə seçkilərdə mövcud iqtidarın alternativi olan, resursları qeyri-qanuni yollarla məhdudlaşdırılmış siyasi qüvvələr üçün əlavə çətinliklər yaradıb. Müsavat Partiyası növbədənkənar prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan hakimiyyətinə seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində addımların atılması, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşma hüququnun, ifadə azadlığının təmin edilməsi, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinə şərait yaradılması barədə çağırış edib. Müsavat Partiyasının seçki kampaniyası dövründə bərabər rəqabət şəraitinin yaradılması üçün irəli sürdüyü bu təkliflər cavabsız qalıb.  Tam əksinə olaraq növbədənkənar seçkilər təyin olunduqdan sonra da siyasi opponentlərə qarşı təqiblər, siyasi motivli həbslər davam edib. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. 2024-cü il 7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri hər hansı siyasi zərurət olmadan qərarlaşdırılıb. Bu barədə Azərbaycan Respublikasının prezidenti adından verilən 7 dekabr 2023-cü il tarixli sərəncamın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hər hansı hüquqi əsasları yoxdur. Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib. Vətən müharibəsi və sonrakı dövrlərdə işğaldan azad olunmuş ərazilərdə cəmi 26 seçki məntəqəsi yaradılması və orada məskunlaşan əhali arasında cəmi 3400-ə qədər seçicinin olması ilk dəfə seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi iddiasının həqiqətə uyğun olmadığını təsdiq edir. Ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququ demək olar ki, ləğv edilib. Siyasi məhbuslar problemi nəinki həll edilməyib, əksinə, onların sayı artaraq 200 nəfəri keçib. Azərbaycan hakimiyyəti ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin tam aradan qaldırılması, təkpartiyalı siyasi sistemin qurulması istiqamətində fəaliyyətini növbədənkənar prezident seçkiləri ərəfəsində də davam etdirib. Son parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması hesabına parlamentə buraxılmayan aparıcı müxalifət partiyalarının sərbəst siyasi fəaliyyətinə imkan verilməyib. "Siyasi Partiyalar haqqında" Qanuna edilən mürtəce dəyişikliklər icra hakimiyyətinin müxalifətin fəaliyyətinə müdaxilə imkanları daha da artırıb. Müstəqil mətbuat əsasən sıradan çıxarılıb. Ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları tamamilə hakimiyyətin nəzarəti altındadır, müstəqil və müxalifət qəzetləri yoxdur, müxalif yönlü saytlar bloklanmaqda davam edir. Müxalifətə informasiya dəstəyi verən saytlara qarşı polis və prokurorluğun təzyiqləri davam edir.  "Media haqqında" mürtəce qanun müstəqil və tənqidçi medianın qanuni fəaliyyət göstərməsini əngəlləyib.  Seçkilər ərəfəsində 10-dan cox jurnalist qanunsuz həbs edilib. Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri yerinə yetirilməyib. Bunun nəticəsində MSK da daxil olmaqla, bütün seçki komissiyaları və oradakı vəzifələr faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb. Bundan əvvəl Azərbaycanda keçirilən seçkilərin nəticələrinin seçki komissiyaları tərəfindən saxtalaşdırıldığı yerli və beynəlxalq müşahidə mərkəzləri tərəfindən dəfələrlə qeyd olunsa da, seçki komissiyalarının tərkibi dəyişdirilməyib. Seçici siyahıları ciddi qüsurlarla tərtib edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkədə 7,5 milyona yaxın seçici yaşında vətəndaşın olması barədə məlumatla seçici siyahılarında olan seçicicilərin sayını müqayisə edərkən aydın olur ki, bir milyondan artıq seçicinin adı seçici siyahılarına daxil edilməyib. Seçki kampaniyası dövründə namizədlərin əksəriyyəti öz platformalarını elektorata çatdırmayıb, kütləvi görüşlər keçirilməyib, vəd verməyib, ümumiyyətlə təbliğat kampaniyası aparılmayıb. Seçki günü aparılan müşahidələr zamanı seçicilərin böyük əksəriyyətinin səsvermə məntəqələrinə getmədiyi, karusel əməliyyatı vasitəsi ilə seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi pozuntular aşkar edilib. Bütün bunlar MSK- nın seçici fəallığı ilə bağlı elan etdiyi rəqəmlərin bir-neçə dəfə şişirdildiyini göstərir.  2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkiləri azad və ədalətli olmayıb. Bu seçkilər son illərdə ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsinin ifadəsini əks etdirməyən seçkilər hesab edir. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin  nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir".  

Kaş o yox, mən ölərdim... - Blogerin MƏHKƏMƏSİ

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib. Nicat Şakirli ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilib: "Hadisədən əvvəl mərhum Ruslan Məmmədovla avtomobillə şəhər gəzintisinə çıxmışdıq. Hadisələri tam xatırlaya bilmirəm. Mən videoya baxandan sonra hər şey yadıma düşdü. "Joker" adlı mərkəzdə çay içib istirahət edirdik. Mənə qaranlıq qalan məqam qəzanı törətməmişdən əvvəl içkili olmağımdır. Mən içkini bir gün əvvəl barda içmişdim. Hadisə zamanı ölən Ruslan mənim əzizim idi. Kaş o yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm". Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.

Lukaşenko hərbçilərə vətəndaşa qarşı silah işlətmək hüququ verdi

Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq etmək hüququ alıb. Sozcu.az xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinə müvafiq dəyişikliklər edib. Sənədin 11-ci maddəsinin yeni redaksiyasında bildirilir ki, hərbi qulluqçular öz tapşırıqlarını yerinə yetirərkən “vəziyyəti, cinayətin xarakterini, inzibati xətanı və hüquq pozuntusunu törədənin şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək” hüququna malikdirlər. Bütün bunlardan əvvəl silahdan istifadə etmək niyyəti barədə “aydın və aşkar” xəbərdarlıq edilməlidir. Gecikmə hərbi qulluqçuların və ya digər vətəndaşların həyatı üçün təhlükə yaratmasa və ya “digər ağır nəticələrə” səbəb ola bilməzsə, pozucudan qeyd olunan tələbləri yerinə yetirmək üçün kifayət qədər vaxt da tələb olunur. “Vətəndaşın silahdan istifadə nəticəsində xəsarət alması və ya ölümü” barədə dərhal müvafiq prokurora, habelə ibtidai istintaq orqanına məlumat verilir. Eyni zamanda, hərbi qulluqçular “ümumi hərbi nizamnamələrin tələblərinə uyğun” hərəkət etdikdə vurulmuş “zərər”ə görə məsuliyyət daşımayacaqlar.

713-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 713-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 390 580 hərbçi, 6 365 ədəd tank, 11 857 ədəd zirehli döyüş maşını, 9 367 ədəd artilleriya sistemi, 979 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 665 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 453 ədəd avtomobil texnikası, 7 173 ədəd PUA, 1 848 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 496 xüsusi avadanlıq itirib.