Elşən Əlisoy
Əliheydər kişi 40 il idi ki, “Azadlıq” kolxozunun sədri idi. Bu illər ərzində “dahi sədr”, “kolxozun xilaskarı” kimi adlar qazanan, sinəsi orden-medallarla dolu olan Əliheydər kişinin çətin günləri başlamışdı. Kolxozun əsasən gənclərdən ibarət bir dəstə “avara”sı, (Əliheydər kişi onun istefasını istəyən gəncləri belə adlandırırdı) onun istefasını tələb edir, kolxoza yeni sədr seçməyə çalışırdılar.
Bu “avara”lar o qədər harınlamışdılar ki, Əleydər kişi kimi kolxozun heyvanlarının da dillərini onların özlərindən yaxşı bilən bir dahini tayfabazlıqda ittiham edirdilər. İddia edirdilər ki, güya Əliheydər kişi nəslində olanların hamısını kolxozun yeyinti olan sturukturlarına yerləşdirərək kolxozu dağıdır. Hələ bir az qabağa gedərək kolxozun doldurduğu pambıq planının saxta olduğunu da deməkdən çəkinmirdilər.
Qonşu kolxozlarda da köhnə sədrlərə qarşı oxşar kampaniya həyata keçirildiyi üçün Əliheydər kişi susur, zamanın onun xeyrinə dəyişəcəyinə inanırdı. “Dahi sədr” kolxozçuların da dillərini yaxşı bilirdi. O, bilirdi ki, onun hökmlü əmrlərinə öyrənən, təzə “Qaz 21”inin motorunun səsini eşidəndə gizlənməyə kol dibi axtaran kolxozçular bu gənclərin mülayim idarəçiliyini həzm etməyəcəklər. Əliheydər kişi bunları bildiyi üçün təklikdə avara adlandırdığı bu islahatçıların üzərinə getmir, hətta yeri düşəndə onları müdafiə də edirdi.
Kolxozda inqilab olmuş, rəhbərlik dəyişərək kolxozun başına yeni simalar gəlmişdi. Qısa bir zamanda kolxozun başqa kolxozlara olan borcları da ödənmiş, yeni texnikalar alınaraq kolxozun ixtiyarına verilmişdi. Xeyli abadlıq işləri həyata keçirən kolxozun zəhmətkeşlərinin gündəlik həyatlarında ciddi dəyişikliklər başlamışdı. Kolxozçuların maaşları az da olsa artmışdı. Ancaq yeni sədr ilk çıxışında bunlara “xanımlar və bəylər!”,- deyə müraciət edəndə bir az duruxmuşdular. “Axı bəy, xanım hara, onlar hara?”,- deyə düşünənləri də olmuşdu.
Əliheydər kişinin zamanında səhərin alaqaranlığında başlarını aşağı salıb kolxozun əkin sahələrinə gedən bu adamlar indi hər səhər kolxozun binası qarşısına toplaşaraq kolxozda baş verən hadisələri təhlil edir, yeni sədrin nöqsanlarını müzakirə edirdilər. Bəzən də dahi rəhbəri xatırlayaraq, “kişinin yaman zəhmi vardı”,- deyə ötən günlərinin həsrətini çəkənlərdə olurdu. Sinəsi orden-medallarla dolu olan dahi rəhbərin yerində kənddə “Yetim Cəmil” kimi tanınan Cəmil kişinin oğlu Elçinin oturması bir çoxuna xoş gəlmirdi. Elçin savadlı və təhsilli biri olsa da, kolxozun bəzi köhnə kişiləri kolxoza dəmir yumruğun lazım olduğunu deyirdilər, yoxsa kolxoz onsuz da geci-tezi parçalanacaq. Bunlardan hətta daha irəli gedərək xilaskar rəhbərə gizli məktub yazıb onu kolxoza dəvət edənlər də olmuşdu. Dahi rəhbər də təbii ki, bunu zəng edərək yeni sədrə demiş və nə vaxt lazım olsa, onun köməyindən bəhrələnə biləcəyini də çatdırmışdı.
Bir neçə aydan sonra kolxozda gərginliyin işartıları görünməyə başladı. Kolxozçuların bir çoxu yeni idarəçiliyi qəbul etmir, dünənə kimi kasıb adam kimi tanıdıqları adamların rəhbər vəzifədə olmasını həzm edə bilmirdilər. Rəhbərlə gizli yazışmalar edən kənd ağsaqqalları isə kolxozu bu böhrandan ancaq dahi rəhbərin dəmir yumruqlarının xilas edə biləcəyini deyərək, rəhbərin kolxoza geri dönməsini israrla tələb edirdilər. Kolxozun dəliqanlıları da lazım olsa rəhbər üçün ölümə də gedə biləcəklərini bəyan edərək, yeni rəhbərə dalbadal ultimatumlar verirdilər. Kolxozçuların iradəsinə qarşı çıxmayan yeni rəhbərlik, “bir kolxozçunun belə burnu qanamamalıdır”,- deyərək kolxozun yenidən "xilaskar" rəhbərə ötürülməsinin qarşısını almadılar.
Budur, vəzifədən gedəndən qəddi əyilmiş, çöhrəsinə qırışlar düşən xilaskarın təptəzə “Qaz 21”i kolxozun binasına tərəf yaxınlaşır. Kolxozçuların bədənində artıq unutmağa başladıqları qorxunun sızıltıları dolaşmağa başladı. Yenə də köhnə hisslər baş qaldırır. Hər şey gözəldir... Hər şey keçmişdəki kimidir... Bircə bu, çatmırdı, daha “bəy” və “xanım”- deyə müraciətlər edilmirdi. Yenə əvvəlki kimi səhərin alatoranlığında yuxudan durur, ancaq işləməyə yer tapmırdılar. Çünki dahi rəhbər kolxozun xilası naminə torpaqları qonşu kolxoza satmış, bununla da kolxozda sabitlik əldə etmişdi.