- Sizin, müsəlmanların öz ziyalılarınız varmı? - deyə bir dəfə söhbət zamanı rus tanışım məndən soruşdu.
- Əlbəttə! - dərhal cavab verdim. - Bakıda, digər şəhərlərdə çalışan xeyli sayda xalq müəllimlərini bir kənara qoyuram. Onlardan başqa çoxlu ali təhsilli mühəndislərimiz, həkimlərimiz, vəkillərimiz var.
- Xalq müəllimləriniz haqda müxtəlif yerlərdə eşitmişəm, hətta bir qismi ilə görüşmüşəm. Bilirəm ki, onların bəziləri həqiqətən də ciddi çalışır, kütlə arasında gücləri çatan qədər, rüşeym halında da olsa, mədəniyyət yaymağa çalışırlar.
Amma bəs dediyiniz ali təhsilli müsəlmanlar - həkimlər, mühəndislər, vəkillər, digər yüksək savadlı adamlar haradadır? Nə üçün gözə görünmürlər, niyə özlərini göstərmirlər? Axı doğma xalqın mədəni hərəkatının başından ilk növbədə onlar dayanmalıdırlar. Bu hərəkata istiqamət verməli, rəng və ahəng qatmalıdırlar. Amma ziyalılarınızdan bir səs-soraq eşidilmir. Niyə belədir?
Doğrudan da niyə belədir?
Qaldırılan məsələ gözlənilməzliyi ilə məni heyrətdə buraxdı.
- Ziyalılarımız haradadır? - həqiqətən də bu suala cavab vermək asan iş deyil.
Şəxsən mən rus müsahibimin sözlərinin müqabilində bir cavab tapa bilmədim və sadəcə başımı aşağı salmaqla kifayətləndim.
Əgər ziyalılarımızın yalnız öz peşələri ilə məşğul olduqlarını, təvazökarlıq səbəbindən ictimai həyat məsələlərindən uzaq durduqlarını, belə işlərə qarışmaq istəmədiklərini desəydim, bu onlara münasibətdə heç də xoş təsir bağışlamayan bir xidmət olardı. Həm də özümü ziddiyyət burulğanına salıb namünasib vəziyyətdə qoyardım. Həmsöhbətim həssas, incə məqamları dərhal sezən adam kimi dərhal məni öz sözlərimlə tutar və deyərdi: “Siz peşələri ilə bağlı məsələlərdən başqa heç bir şey bilməyən, heç nə ilə maraqlanmayan insanları necə ziyalı adlandırırsınız? Məgər ictimai fəaliyyət ziyalılığın ümdə şərtlərindən biri deyilmi? Məgər cəmiyyət həyatı ilə bağlı məsələlərə nüfuz etmədən, ictimai işlərlə məşğul olmadan ziyalı sayılmaq mümkündürmü? Onda ən sıradan olan bir sənətkarla ziyalının nə fərqi var və s. və i.a.” Doğrudan da fərq nədədir? Yalnız diplomda? Əgər diplom öz sahibinə hər kəsə məlum olan borc hissi, ziyalını kütlədən fərqləndirən mənəvi və əxlaqi tələbat aşılaya bilmirsə, onun adi kağız parçasından nə fərqi var?”
Bir də təkrar edirəm: bütün bu məqamlar dərhal ağlıma gəldi. Lakin müsahibimdə də eyni fikirləri oyatmaqdan ehtiyatlandığım üçün susub başımı aşağı salmağı və gözümü yerə dikməyi daha üstün tutdum.
Həmsöhbətim isə, əvvəldə də vurğuladığım kimi, həssas adam idi. Susmağımın səbəbini başa düşdü.
- Qətiyyən heç nə anlamıram, - deyə söhbətə davam etdi. -Doğrudanmı ziyalı adamlar dörd bir yanlarında baş verənlərə əsla iztirab keçirmədən uyğunlaşırlar, yaramazlıqlarla barışırlar? Doğrudanmı bütün bu məktəblər, elmlər, kitablar, universitetlər hamısı yanlarından elə-belə, izsiz-soraqsız ötüb keçib? Onlarda heç bir yeni hiss, yeni düşüncə, yeni tələbat doğurmayıb?
- Bir dəqiqə, icazə verin... - etiraz etməyə çalışdım.
- Heç nəyə izin verməyəcəm. Çünki gətirəcəyiniz dəlilləri əvvəlcədən bilirəm. Deyəcəksiniz ki, bu adamlar peşələrinə son dərəcə bağlıdırlar, öz sahələrində çox mükəmməl, bəlkə də əvəzsiz mütəxəssisdirlər. Deyəcəksiniz ki, fikrən müasir mədəniyyətlə yaşayır, nəfəs alırlar. Çoxlu mütaliə edirlər, müxtəlif elm sahələri ilə maraqlanırlar. Ola bilsin ki, həqiqətən də belədir. Lakin bütün bunlar həm ziyalı şəxslərin özləri, həm də mənsub olduqları cəmiyyət üçün çox azdır. Gəlin məntiqi və ardıcıl mülahizə yürüdək. Mövcud vəziyyətdə iki şeydən biridir: ya keçdikləri məktəblər, öyrəndikləri elmlər onlara möhürünü vurub, bu insanlarda bəlli mədəniyyət duyğuları, tələbat, zövq, instinkt əmələ gətirib, ya da sadaladıqlarımın heç birini aşılaya bilməyib. İkinci hal üzərində ətraflı dayanmaq fikrim yoxdur. Söyləyəcəklərim qısa olacaq: bu cür “ziyalıların” nə mənim, nə sizin, nə də içərisində yetişdikləri cəmiyyətin nəzərində heç bir müsbət dəyəri ola bilməz. İctimai baxımdan isə onlarla sadə peşə adamları arasında hər hansı fərq mövcud deyil. Əslində cəmiyyət üçün faydalı bir peşənin qulpundan yapışan sənətkar daha lazımlı və gərəklidir. Çünki o, işinin nəticələri ilə insan icmasının həyatında daha görümlü şəkildə iştirak edir, fiziki əməyi ilə ətrafdakılara konkret töhfələr verir. Cəmiyyətdən təcrid olunan mücərrəd ziyalı isə əslində zaman keçdikcə insanların nəzərində mövcudluğu hiss edilməyən bir heçliyə çevrilir.
İndi ikinci ehtimalımın üzərinə gəlirəm. Əgər keçdikləri məktəblər, aldıqları biliklər bu insanlara öz möhürünü həqiqətən də, hər hansı şəkildə vurubsa, onlarda mədəni tələbat, yüksək zövq və yeniliklərə can atmaq duyğusu formalaşdırıbsa, o zaman nə üçün gözləri önündə hər gün cərəyan edən mənzərələrdən əzab çəkmirlər? Sözlərim sizi təəccübləndirir? Əbəs yerə! Əgər özlərini ziyalı sayan insanlarda yuxarıda sadaladığım keyfiyyətlər olsaydı, mütləq əzab çəkməli idilər. Heç bir əzabkeşin üzləşmədiyi ağır, dəhşətli iztirablara məruz qalmalı idilər.
- Lütf edin, bir dəqiqə icazə verin: bu insanlar əzab çəkirlər. Dəfələrlə öz iztirablarını dilə gətiriblər. Yeri düşəndə bu barədə yenə söz açırlar.
- Siz də lütf edin və mənə haqqında söz açdığınız iztirabların səmimiliyinə inanmamağa icazə verin. Həqiqi iztirab sözlərdə deyil, hərəkət və əməllərdə ifadəsini tapır. Yəqin ki, fikrimlə razılaşarsınız: kimlərsə aclıq, yaxud susuzluqdan iztirab çəkəndə, bədənimizin bir hissəsi kəsilib atılanda, gözlərimiz önündə yaxınlarımıza, doğmalarımıza işgəncə veriləndə keçirdiyimiz acıları sadəcə olaraq hansısa patetik sözlərlə, sentimental ifadələrlə dilə gətirmək və bununla öz işini bitmiş saymaq gülünc işdir, hətta deyərdim ki, səfehlikdir!
Boş təsəlli sözləri demək əvəzinə belə təsadüflərdə əməli iş görməliyik: aclıqdan, yaxud susuzluqdan ölənə dərhal çörək və su tapmalıyıq. Sevdiyimiz adamın müdafiəsinə qalxmalıyıq! Qəti qənaətim belədir ki, həqiqi iztirab, yəni ürəyin, qəlbin dərinliklərindən gələn iztirab daha böyük təsir gücünə malikdir. O, insanı mütləq əməli fəaliyyətə təhrik etməlidir. Əsla mümkün olan iş deyil ki, adam ətrafında baş verənlərdən həqiqətən iztirab çəksin və bununla belə bütün ömrü boyu sadəcə hansısa sözlərlə, çağırışlarla kifayətlənsin, vəzifəsini bitmiş saysın! Sizdə çox vaxt məhz belə olduğuna görə ziyalılarınızın həqiqi iztirab hissi yaşadıqlarına inanmıram. Əgər onlar gördüklərindən, şahidi olduqlarından həqiqətən də iztirab çəksəydilər, o zaman mütləq hərəkətə keçərdilər. Əgər hər şeyi görür və yenə də əllərini ağdan qaraya vurmurlarsa, deməli hansısa iztirab, vicdan əzabı haqda danışmağa əsas yoxdur!
Amma çevrilib ətrafınıza baxın - üzülmək, qüssəyə dalmaq üçün nə qədər əsas, nə qədər səbəb var! Ürəyin, qəlbin istəkləri yerinə yetməyəndə, qarşıya qoyduqları məqsədə çatmayanda onlar həqiqətən də ağrıyır. Gəlin açıq danışaq: ziyalılarınızın yaşadıqları mühit özünü ziyalı adlandıran adama azacıq da olsa məmnun qalmaq, həzz almaq üçün hər hansı imkan verirmi? Kütlənin dərin, sonsuz cahilliyi, ailənin və cəmiyyətin bərbad vəziyyəti, ictimai həyatın ən kiçik işartısının belə mövcud olmaması - məgər bütün bunlar hətta ən iddiasız ziyalını da narahat etməyə, narazı salmağa yetərli deyilmi? Əgər narazılığa bu qədər əsas varsa, o zaman ziyalılarınız nə üçün bu şəraitlə mübarizə aparmırlar? Nə üçün yarıtmaz həyatın əsaslarını zövq və tələblərinə uyğun şəkildə yenidən qurmağa can atmırlar?
Daim bu çevrədə dolaşdığımdan mənə elə gəlir ki, zövq və tələblərinin acı gerçəkliklə qarşı-qarşıya gəlməsi, toqquşması ziyalıların ürəklərində, beyinlərində bir an da olsun toxtaqlıq tapmayan ağrı yaratmalıdır.
Elə isə nə üçün susurlar? Nə üçün fəaliyyətsiz dayanırlar? Nə üçün ətrafda baş verənlərə münasibət bildirmirlər?
- Bəlkə onlar sadəcə gücsüzdülər?
- Nə? Gücsüzdülər? Nədə? Cahilliklə, ictimai mühitin yaramazlıqları ilə mübarizədə? Qarşınızda cəsarət göstərib əminliklə söyləyə bilərəm ki, fikriniz qətiyyən həqiqətə uyğun deyil. Yaxşı, lütfən mənə deyin, ziyalılarınız fərqli düşündüklərini elan etmək, etirazlarını bildirmək üçün nə vaxtsa kiçicik də olsa bir cəhd, bir təşəbbüs göstəriblərmi?
.....
Rus tanışımla söhbətimizi davam etdiririk.
- Deyirsiniz ki, ziyalılarınız gücsüzdür, - o, yenidən bayaqkı mülahizəmə qayıtdı. Bağışlayın, amma buna inanmıram. İşarə vurduğunuz gücsüzlük ziyalılarınızın həyatdan uzaqlığını, ölgünlüyünü, hətta deyərdim ki, onlarda daşıdıqları ziyalı adına uyğun hiss və duyğuların olmadığını əyan eləməmək üçün arxasında gizləndikləri ucuz və rahat pərdədir, şirmadır. Əvvəla, mən apriori (təcrübi - V.Q.) olaraq heç zaman işığın, biliyin, elmin cahillik, avamlıq və qaranlıq qarşısında gücsüz qalması fikrini qəbul etmərəm. Ziya, elm və bilik harada meydana çıxırsa, sonda mütləq qələbə çalır. Sadəcə, onların xidmətində dayanan insanlar sarsılmaz əqidə sahibi kimi tanınmalıdırlar. Nəcib və cəsur olmalıdırlar. Seçdikləri yolda dözümlülük, səbat göstərməlidirlər.
Fikrinizlə qismən razıyam - ziyalılar yalnız bir halda gücsüz, köməksiz ola bilərlər: bu da çeşidli sınaqlardan çıxan, çətinliklər yaşayan cəmiyyətin süquta uğramağa, çürüməyə başladığı dövrdə mümkündür. Bu elə məqamdır ki, artıq düzlük, nəciblik toxumlarını səpməyə yer yoxdur. Tarla gücdən düşüb, insanların ürəyində təpər qalmayıb. Hisslər kütləşib, üstəlik də o qədər eybəcərləşib ki, artıq heç bir qüvvə onları tədricən üzü aşağı yuvarlandıqları ümumi simasızlıq girdabından xilas edə bilməz. Necə düşünürsünüz - indiki müsəlman cəmiyyətinə belə yarlıq yapışdırmaq mümkündürmü? Özüm rusam. Amma sizin millətlə müəyyən tanışlığım var. Onun dilini, tarixini, məişətini bilirəm. Adət-ənənələrinə bələdəm. Ona görə də deyərdim ki, xalqınız hələ yaşamağa başlamayıb. O, uşaq kimi sadəlövh, körpə kimi tər-təmizdir. İnsanlarınızın daxilinə nüfuz etməyə çalışın. Kəndlərə, şəhərlərə gedin. Görəcəksiniz ki, xalqınızın əksər hissəsi məişət baxımından hələ cəmiyyət həyatının ilkin mərhələsi sayılan köçərilikdən o yana keçməyib. Onun övladlarının böyük qismi hələ mədəniyyətin dağıdıcı təsiri altında pozulmayıb. İlkinliyini, hətta deyərdim, vəhşiliyini qoruyub saxlayıb. Sözümə fikir verin: mən vəhşi deyirəm, barbar demirəm. Bu iki ifadəni, təəssüflər olsun ki, çox tez-tez qarışıq salırlar. Əslində isə aralarında böyük fərq var. Barbar üçün hər şey keçmişdən qalıb. Sivilizasiyanın izafiliyindən mənəviyyatı pozulub. Çox şeyini həmişəlik itirib. Gur, dolğun, mənalı həyat ondan ötəri artıq dünənki gündür. Qarşıda onu heç nə gözləmir. Sıxılmış lumuya bənzəyən ürəyi yalnız olduqca qüvvətli, sarsıdıcı hissləri qəbul etməyə qadirdir. Mahiyyət etibarı ilə dağıdıcı gücə malik həmin hisslər barbarın sonunu - həyat səhnəsindən birdəfəlik yoxa çıxmasını sürətlə yaxınlaşdırır. Sizin xalqa gəldikdə isə o, maarifsiz olsa da, əsla barbar deyil. Çünki kütləvi şəkildə heç bir dağıdıcı sivilizasiyanın təsirinə məruz qalmayıb. Kəndlərə gedin. Burada yaşayan müsəlmanlar nə ərəb, nə fars, nə də hər hansı başqa bir sivilizasiyanın təsirini öz üzərində hiss edib. O, əsrlər öncə taleyin Şərqi Türküstandan bura gətirib çıxardığı şəkildə qalıb. Bu insanlar nə qədər münbit, nə qədər bərəkətli tarladır! Belə tarlada hər şey becərmək mümkündür. Təki ürəkli əkinçilər olsun! Güclülük, yaxud gücsüzlük haqda yalnız mübarizəyə qoşulandan, qüvvəni sınayandan sonra danışmaq məqbuldur.
Mübarizə aparmadan nəyəsə qadir olmamaq barədə bəhs açmaq tamamilə yersiz, əsassızdır. Yalnız əli titrəyən qocalar, bir də qorxaqlar savaşa atılmadan gücsüzlüklərini etiraf edə bilərlər. Sizlərdən hansınız mübarizə meydanına atılmısınız? Hansınız toxum səpmək istəyib, amma uğursuzluğa düçar olub? Kim əlindən məşəl, ürəyində sevgi zülmətə bürünmüş xalq həyatının dərinliklərinə nüfuz etmək istəyib, amma ruhlandırıcı çağırış səsləri eşitməyib? İnanın mənə, xalqın ürəyi çox həssasdır. Əgər ziyalılardan belə hərəkət görsə, dərhal səslərinə səs verərdi. Göstərdikləri yolla gedərdi. Ancaq bildiyimə görə, ziyalılarınız indiyə qədər bu məsələ ilə bağlı əllərini ağdan qaraya vurmayıblar. Onlar sadəcə ədabaz bir tərzdə özlərinin iddialı, heç kəsi və heç nəyi bəyənməyən xarakterlərini nümayiş etdirməklə kifayətləniblər. Doğma xalqdan, gerçək həyatdan uzaqlaşıb qılaflarına giriblər. Bütün bunlardan sonra həmin ziyalıların xalqı, kütləni durğunluqda, cahillikdə, ziyalı kəsimin zövq və tələblərinə uyğunlaşmamaqda günahlandırmağa ixtiyarı varmı? Bunun müqabilində kütlənin ziyalılara soyuq, hətta daha dəqiq desəm, istehzalı-inamsız münasibəti tam ədalətli və əsaslandırılmış deyilmi? Axı, siz ziyalılar da o kütlənin içərisindən çıxmısınız. Axı, hər birinizin bu günkü yerə, səviyyəyə, mövqeyə çatması üçün ən azı on beş-iyirmi il kimlərinsə yorulmadan çalışması lazım gəlib. Onlarla müəllim və professorun əməyi, ibtidai, orta və ali məktəblərin, mədəniyyət cəmiyyətlərinin zəhməti keçib. Müsəlman əhalinin əksər hissəsi isə bütün bunlardan məhrumdur. Ziyalılarınız isə heç nə ilə hesablaşmadan tələb edir ki, kütlə onları anlasın, istək və zövqlərinə uyğunlaşsın. Yəqin düşünürlər ki, bütün bunlar sehrli çubuğun bir hərəkəti ilə, sizin istək və iradənizlə başa gələ bilər. Amma bilməlisiniz ki, bu cür fikrə düşmək o insanlara münasibətdə sadəcə ədalətsizlik deyil, daha çox ağılsızlıqdır!
- Axı bizim sadə adamlar, ümumən müsəlman kütləsi təbiəti etibarı ilə ləng və astagəldir. Üstəlik fanatikdirlər. Ziyalının çağırışını eşitmək belə istəmirlər.
- Yalandır! Böhtandır! - həmsöhbətim sanki öz-özündən hiddətlənərək səsini ucaltdı. - Bir də təkrar edirəm: ağ yalandır! Dediyiniz müsəlman kütləsini mən də yaxşı tanıyıram. Uzun müddət xalqınızın arasında yaşamışam. Heç yerdə belə üzüyola camaata, fanatizmdən bu qədər uzaq insanlara rast gələ bilməzsiniz. Özünüz fikirləşin: fanatizm ənənəvi dini institutların güclü olduğu, mütəşəkkil ruhanilərin fəaliyyət göstərdiyi, xalq ruh və mayası ilə bağlandığı inanclardan heç vəchlə əl çəkmək istəmədiyi yerdə meydana çıxır. Nə kəndlərinizdə, nə müsəlman əhalinin toplu yaşadığı şəhərlərdə belə vəziyyətə təsadüf etmək mümkündür. Mən həmişə sadə müsəlmanı hər kəsdən fərqləndirən qeyri-adi dözümlülüyə, hər məsələdə çox asanlıqla yola gəlmək bacarığına heyran qalmışam. Nə barədə danışmaq istəməyinizdən asılı olmayaraq, o həmişə səbir və təmkinlə sizə qulaq asmağa hazırdır. Lütfkarlığı və marağı hər cür iddiadan, mənəm-mənəmlik hissindən o dərəcədə azaddır ki, inandırıcı dəlillər gətirdiyiniz təqdirdə onlarla dərhal razılaşa bilər. Necə düşünürsünüz - bəzi dini təriqətlərin müsəlman əhali içərisində özünə asanlıqla yer tapmasının səbəblərindən biri də xatırlatdığım nəcib lütfkarlıq hissi deyilmi? Baxın, son dərəcə qısa müddət ərzində dindaşlarınızın arasında babilik, şeyxilik, rükni-rabilik kimi hətta biri-birini qarşılıqlı şəkildə istisna edən ifrat təlimlər də özünə yer tapa bilib. Hələ onu demirəm ki, bu təlimlərin bəziləri ümumilikdə islamın müəyyən ehkamlarını rədd edir. İnanın mənə, belə təlimlər kobud fanatiklərin, qeyd-şərtsiz məddahların mühitinə heç cür yol tapa bilməzdi. Onların sizin din qardaşlarınız arasında asanlıqla yayılması isə bir tərəfdən bu insanların islamın həqiqi mahiyyəti ilə yetərincə tanış olmadıqlarına dəlalət edirsə, o biri tərəfdən könüllərinin açıqlığını, yeni təsirlərə etinasız, qapalı qalmadıqlarını, kor fanatizmdən uzaq dayandıqlarını göstərir. Ziyalılarınız xalqın bu nadir keyfiyyətlərindən asanlıqla yararlana bilərdi. İnandırım sizi ki, belə olduğu təqdirdə kütlə içərisində çağdaş həyatla ayaqlaşmayan, gerilikçi təlimlər yayan fanatiklərdən qat-qat böyük uğur qazanar, güclü və nüfuzlu olardılar.
- Axı, bu dediyiniz uğurları hansı yolla qazanmaq mümkündür?
- Əlbəttə, evdə oturub giley-güzar etməklə, yumruğunu sinəsinə döyüb qara camaatın “sizi qəbul etməməsi”, “başa düşməməsi” haqda şikayətlənməklə, “kütlənin fövqündə dayanmağınız” barədə özünüzə təskinlik verməklə heç nəyə nail ola bilməzsiniz. Aydın məsələdir ki, belə pozalar onu alan üçün asandır, belə sözlər onu deyən üçün rahatdır. Bu yolla özlərini hətta bir az da bizim Peçorinə (rus yazıçısı M.Y. Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının baş personajı - V.Q.) bənzəirlər. Amma bütün bunların həqiqi işə heç bir dəxli yoxdur. Başqa xalqların təcrübəsi ilə tanış olun, ondan yararlanın. İlk növbədə tərcümə ədəbiyyatı məsələsini sahmana salın. Qoy, hər kəs bu sahədə bacardığı işin qulpundan yapışsın.
Təbiət elmləri mütəxəssisi təbiətşünaslığa, tarixçilər tarixə, müəllimlər pedaqoji sahəyə aid əsərləri, yazıçılarla şairlər isə bədii ədəbiyyat nümunələrini dilinizə çevirsinlər. Təbiətin sirləri, digər xalqların maraq və idealları, tərbiyədə təfəkkürün rolu və elmi metodların faydası haqda əsərlər hər bir xalqı təkamül yolu ilə, amma köklü şəkildə dəyişməyə qadirdir. Bir, ən çoxu iki nəsil dəyişimindən sonra inkişaf baxımından tanınmaz hala düşəcəksiniz. Çünki xalqınızı tanıyıram. Onun maraq genişliyinə bələdəm. Hər şeyi suçəkən kimi özünə hopdurmağı bacardığını bilirəm. Yalnız belə şəraitdə kütlənin arasına getmək, xalq həyatına müdaxilə etmək olar. İnanın mənə, təkamül heç vaxt yuxarıdan gəlmir. O, hər zaman aşağılardan, xalq həyatının çeşmə kimi qaynadığı, münasibət və əhval-ruhiyyənin, mənəvi özülün formalaşdığı küçə və bazarlardan, məhəllə və meydanlardan, cümə məscidləri və digər yığıncaq yerlərindən başlanır. Hər xalqın həyatında belə bir əhval-ruhiyyənin mövcudluğu son dərəcə vacibdir. Ziyalılarınızın sayca indikindən də qat-qat çox olması mümkündür. Lakin say çoxluğuna baxmayaraq, xalqın əhval-ruhiyyəsi sizin zövq və ideallara uyğun gəlməyəcəksə, insanlar yenə də bu ideallarla tam ziddiyyət içərisində olan bir həyat yaşamaqda davam edəcəklər.
Həmişə sizin ziyalıların xalq həyatının daxilinə, dərinliklərinə müdaxilə edə bilməməsinə təəccüblənirəm. Ən azı Bakını götürək. Burada müsəlman ziyalılarını demək olar ki, heç yerdə görmək mümkün deyil. Cəmiyyətin bütün digər təbəqələri yaşayır, fəaliyyət göstərir. Onlar müxtəlif tədbirlər keçirir, mühazirələr oxuyur, müsamirələrin, xalq əyləncələrinin təşkilinə qüvvə və imkanları daxilində yardım göstərirlər. Müsəlman şəhərinin bu ümumi həyatında yalnız müsəlman ziyalılarının iştirakı nəzərə çarpmır. Bəyəm o da başqalarının gördüyü işləri görə bilməzdimi? Əgər ziyalılar təşəbbüslə ortaya atılsaydılar, onların təşkil etdikləri tamaşalara, müsamirələrə, mühazirələrə daha çox insan gələrdi. Həm də daha böyük şövq və həvəslə! Siz hansı fikirdə olsanız da, mən bu apatiyanın, fəaliyyətsizliyin əsil səbəbini bilirəm. Yeganə səbəb ziyalılarınızda həqiqi ziyalılığın azlığı, çatışmamasıdır. Bəlkə də fikrim sizə bir qədər ziddiyyətli görünür. Amma həqiqətən də belədir!
Özümə, dost və yoldaşlarıma bəraət qazandırmaq üçün heç bir söz tapa bilmədiyimdən başımı aşağı saldım.
“Kaspi”, 3,6 dekabr 1903-cü il, №№ 259, 262.
Əhməd bəy AĞAYEV
Rus dilindən tərcümə edən: Vilayət Quliyev
525-ci qəzet.- 2017.- 18 fevral.- S. 10-11."