Şair təbiətindəki qeyri adilik ondan ibarətdir ki, o gördüklərinə hər insan kimi baxmır. Baxdığı hər şeydə mütləq bir gözəllik, mücərrədlik axtarır və axtardığı gözəlliyi kəşf etdiyi zaman bütün duyğu orqanlarındakı kövrəkliyin hisslərinə qapılaraq sözlərin sehrinə düşür. Loru dildə desək, tilsimlənir və tilsimin gücü onu sözlərin rəngli dünyasına götürür. Bu da yaşanan çox şeyləri onun ruhunda poetik bir çalarda əks etdirməyə başlayır.
Şair qələmindən süzülən söz, əslində insan ruhundakı insanlığın tərcümanıdir. Bəlkə də elə buna görədir ki, tarix boyu şairləri seçilmişlər olaraq görmüşlər. Axı mütləq sandığımız gözəllik qarşısında ilk səcdə edən də şair təbiətli insanlar olub.
Ruhunun böyüklüyünü bir bədənə sığdırmayan insanlar kiçik bir sözün işığına tutlaraq ikinci bir dünyaya yol açır və söz dünyasında yüzlərcə insan ruhuna çıraq olurlar. Bu gün poeziya dünyasında "HƏSRƏTDƏN VÜSALA" adlı kitabıyla oxucu marağı qazanan şairə, Səidə Rəhimlini də həmin, o böyük ruhlu insanlar cərgəsində göstərən dərin mənalı şeirləridir.
Səidə xanımın ədəbi aləmdəki səsini duymaq üçün onun "VERMƏYİN" adlı şeirinə diqqətinizi çəkmək istəyirəm.
Verməyin
Odlar, alovlar içində yanıram
Yanıram bir içim su üçün
Bütün ələmlərimin, zülümlərimin
Üstünə su çiləmək istəyirəm.
Sərinlik suyu
Verməyin bu suyu mənə!
Qoyun yanım, qoyun yanım
Yanmaq -yanmaq istəyirəm,
Sönmək üçün.
Uçurumlar içindəyəm
Əl uzadıb, dil çıxardıb
Yalvarıram
Kömək üçün
Əl uzadıb, əl tutmayın!
Yıxılıram qalxnaq üçün
Tufanlar qoynundayam
Dənizin amansız dalğaları
Dqşlara çırpır məni
Haray salıb çırpınıram
Əl atmağa, əl tutmağa
Budaq istəyirəm, çöp istəyirəm
Ümid çöpü
Verməyin bu çöpü mənə!
Boğuimaq istəyirəm
Dəri sular altına çökmək istəyirəm
Vatan görüb rəhm etməyin
Ağlamaq istəyirəm xısın-xısın
Hönkür-hönkür, zarın-zarın
Sonradan talehə gülmək üçün
Ölmək-ölmək istəyirəm
Yenidən dübyaya gəlmək üçün.
Su həyatdır! "Bir içim su istəyirəm və o suyu mənə verməyin", deyən
şairənin şeirində özünüdərk o qədər əhatəli şəkildə təsvir olunur ki, o həyatı olduğu kimi, ağrı- əzabıyla yaşamağın nə qədər mənalı olduğunu, yaşamın dadını çıxarmanın və yaşam uğuruna çəkilən cəfanın şirinliyini açıqlayır.
Şeirin ən böyük mücərrədliyi həyatı gerçəkliyin içərisində olan mütləq gözəllikdir ki, həmin gözəllik qarşısında cismani deyil, mənəvi bir yaşama can atan Səidə xanım, bu şeirdə həm də mənəvi aclığını doyurmağa çalışır. Şair qələminin qüdrəti də məhz onun mənəvi gücündən asılıdır.
B Vahabzadənin dili ilə desək:
"Şam əgər yanmırsa yaşamır demək.
Onun da mənası yanmağındadır."
Hansı ki, dünyanın ən dahi söz sərrafı M. Fizuli də öz məşhur qəzəlində eyni hissi aşılayır. Bütün varlığında İlahi bir qüdrət duaraq:
"Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni.
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
Az eyləmə inayətini əhli dərddən,
Yəni çox bəlalara qıl mübtəla məni."
Deyən şair, M. Fizuli EŞQ üçün Rəbbinnə yalvardığı kimi, S.Rəhimli də həmin EŞQin son dərəcə gözəlliyini duyur və o gözəllik üçün özünə cəfa diləyir.
Bəli, eşqin gücü bütün qaranlıgları əritməyə, bütün cəfaları səngiməyə, bütün susuzluqları yatırmağa və bütün külləri közərdib alovlandırmağa qadirdir.
Adilikdən ucalığa gedən yoldur özünüdərk. S.Rəhimli bu yolu öz kiçik dünyasından, öz gəncliyinin baharından ta bu günə kimi mətincə addımlayır. Mən ona bu yolda yüzlərcə, minlərcə, milyonlarca insanın ruhuna işıq olmağı arzulayıram.
Şeirin müxtəlif janrlarında qələmini məharətlə tanıdan şairə vətəndən uzaq, soyuq bir qürbət ölkəsində yaşamasına baxmayaraq, öz xalqının tarixi ilə sıx bağlı olan aşıq şeirinə və folklor janrına da maraq çəkir.
Xalqımızın yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatında, onun bütün həyat tərzini, adət-ənənlərini, mənəviyyatını yaşadan əsəs qaynağı olan bayatılardır ki, S.Rəhimlinin “Həsrətdən vüsala” adlı kitabı şeirlər toplusu olmala yanaşı, həm də şifahi xalq ədəbiyyatının folklor zənginliyi olan bayatılarıyla da zəngindir.
Axı ibrətamiz fikirləri yığcam və bitkin ifadələrlə əks etdirmək də xüsusi bir ustalıq tələb edir. Bu bayatılarda sanki öz mübariz xalqının mübarizliyini yaşayaraq ədəbi dünyayla əbədiyyət arasında mətincə addımlayan bir yolçudur Səidə Rəhimli.
Son olaraq məni S. Rəhimlinin ədəbi dünyasının geniş və rəngarəngliyinə götürən şeirlərindən bir neçəsini oxucuların nəzərinə buraxıram. Əmnəm ki, onun sözünün işığına tapınanlar çox olacaq.
Öz milli hisslərini bayraq kimi bəşəri hisslərlə paralel yüksəklikdə tutan şairə ömrünün yarısından çoxunu qürbətdə yaşasa da, doğulduğu, böyüdüyü məmləkətin tarixiylə eyni yaşda addımlayan şairlər sırasındadır. Yaradıcılığını daha əlvan şeirlərlə bəzəməktə olan şairəyə yeni- yeni nailiyyətlər və sənət uğurları diləyirəm.
R.Aslan.
Ana dilim
Babalardan qalıb bizə,
Mənim doğma ana dilim.
Yaraşıqdır ömrümüzə,
Mənim doğma ana dilim!
Qərinələr süzüb gələn,
Keçmişimi çözüb gələn,
Zərbələrə dözüb gələn,
Mənim doğma ana dilim!
Nələr dedi, nələr yazdı,
Düşmən ona quyu qazdı,
Hər nə desəm, yenə azdı,
Mənim doğma ana dilim!
Ömrümüzün baharıdır,
Həm varlığı həm varıdır,
Xalqımızın vüqarıdır,
Mənim doğma ana dilim!
Daim yanar, odum, közüm,
İşıq saçan nurlu gözüm
Mənim mayam, mənim özüm
Mənim doğma ana dilim!
Ay ata!
Sığal çəkdim, baxışımla oxşadım,
Daşdan baxan gözlərini, ay ata!
Mən doyunca ağlamadım, bil, səni,
Boşalmaz ki, heç ürəyim, vay ata.
Sızlar yerin ürəyimin başında,
Əksin damar hər damla göz yaşımda,
Qəlbim dolu, giley edım qarşında,
Uşaq sanım mən özümü, qoy ata!
Sən şəfəqsən xatirəmdə, yadımda,
Bır məşəl tək hey alovlan odumda,
Rəhimliyəm, yaşadıram adımda,
Daim varsan, varlığını duy ata!
Gülüşündən güllər açdı
Güldün, gülüşünü çəkdim içimə,
Qəlbimdə çiçəklər, güllər açıldı,
Qondu gözlərindən gözlərimə nur,
Sənə nəqmə deyən dillər açıldı.
Arı şanısıdır bal süzən dilin,
Düzəlir sığaldan hər buruq telim,
Toxundun əlinlə, titrədi əlim,
Heç kəsi qucmayan qollar açıldı.
Bu eşqin yolunda çəkmişəm zülüm,
Ayırsa bizi, tək, ayırar ölüm,
Dedin -" Getməliyəm, uzaqdır yolum",
Gözümdən yaş axdı, sellər açıldı.
Mən aşiq elə bağlı,
Al kəmər belə bağlı,
Bülbül qəfəsdə susar
Avazı gülə bağlı.
Əzizinəm gül yaşa,
Həm danış, həm gül yaşa!
Həyatda yaşamağın
Mənasını bil, yaşa!
Mən aşiq baxar ağlar,
Yandırar yaxar ağlar,
Tək məzar, qərib ölkə
Hər gələn baxar ağlar.
Əzizinəm, el ağlar,
Oba köçər, el ağlar,
Eşqimin bağçasında
Bülbül susar, gül ağlar.
Mən aşiq çənə baxma,
Dumana, çənə baxma.
Ürək cavandır hələ
Saçdakı dənə baxma.
Könlüm sözsüz ağlayır,
Dağım düzsüz ağlayır,
Mənim gözlərim dolur,
Sazım gözsüz ağlayır.
Bülbül ahın qınama
Gül-çiçək solan yerdə.
İlan zəhəri nədir?
Acı dil olan yerdə.
Mən aşiq bağlı qapı,
Daş qala, bağlı qapı,
Qəlbim qərib yolçudur
Səadət bağlı qapı.
Əzizim dindir, mənəm,
Gəl sorma kimdir, mənəm.
Elə incitmisən ki,
Ömürlük dindirmərəm.
Bu gəzən, dağlı gəzən,
Sinəsi dağlı gəzən.
Var, dövlət gəzən gördüm
Görmədim ağlı gəzən.
Xınalar, ay xınalar,
Xına yaxar sonalar,
Qızlara kömək olun!
Yaxın gəlin analar!
Ay nənəm, şirin nənəm,
Dünyası dərin nənəm.
Şimşək kimi alovlu,
Bulaq tək səri nənəm.
Mən aşiq aya gəlməz,
Dənizlər çaya gəlməz,
Azərbaycan elində
Gözəllər saya gəlməz.
Ay Bakım, gözəl Bakım,
Tarixin əzəl Bakım,
Gözəlliyin naminə
Yazaram qəzəl Bakım!
Mən aşiq bağlı qapı,
Daş qala, bağlı qapı.
Qəlbim qərib yolçudur,
Səadət bağlı qapı.