İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur

Bu gün İstiqlalçı millət vəkili Tofiq Bağırovun anadan olmasının 98-ci ili tamam olur. O 25 fevral 1926-cı ildə Gəncədə anadan olub. Gəncədə orta məktəbi bitirdikdən sonra (1943) Tiflis Dəmir Yolu Mühəndisləri İnstitutuna daxil olub. Təhsilini 1948-ci ildə başa vurub. Əmək fəaliyyətinə 1948-ci ildə Orcenikidze Dəmir Yolu İdarəsinin Mahaçqala şəbəkəsində yol növbətçisi kimi başlayıb. Dərbənd stansiyasında dispetçer işləyib. 1949-cu ildə Azərbaycana gələrək, Biləcəri stansiyasında böyük dispetçer, stansiya rəisinin müavini olub. SSRİ Dəmir Yolu Akademiyasının ali mühəndislər kursunu bitirdikdən (1953) sonra isə Biləcəri stansiyasının rəisi vəzifəsində çalışıb. T. Bağırov 1956-cı ildən etibarən rəhbər vəzifəsində Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin rəis müavini (1956–1958), iki ildən sonra isə Bakı şöbəsinin rəisi (1958–1960), Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayonunun Birinci Katibi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1961–1963), Azərbaycan KP Gəncə (Kirovabad) Şəhər Komitəsinin birinci katibi (1962–1966), Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri (1966–1971), Azərbaycan Dəmir Yolu İdarəsinin birinci rəis müavini (1971–1983), Azərbaycan SSR Ali Sovetinə, bir dəfə isə SSRİ Ali Sovetinə deputat seçilib. "SSRİ Fəxri Dəmir Yolçusu" adına layiq görülmüşdür. 1983-cü ildən təqaüdə çıxan T.Bağırov 1988-ci ildə, Dağlıq Qarabağ hadisələri başlanan zaman aktiv fəaliyyətə başlayıb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müşaviri, "Qayğı" və "Qarabağa yardım" Cəmiyyətlərinin İdarə Heyətinin Sədr Müşaviri olub. 1988–2003-cü illərdə Azərbaycan Respublikasının Ali Sovetinin sədr müşaviri olub. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilib. Müstəqillik Aktının müəlliflərindən biri olub və Komissiya Sədri kimi onun təklifi ilə 18 oktyabr tarixi 1991-ci ildən etibarən Azərbaycanda Müstəqillik bayramı kimi qeyd olunur. Sözcü.az

Sərhəddə gərginlik: Tatoyan yeni xəritə yaydı – “Azərbaycan Ordusu 2,6 km…”

Sərhəddə təxribatlar törədən erməni tərəfi dezinformasiyalarla daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Sozcu.az xəbər verir ki, bu dəfə Ermənistanın sabiq deputatı Arman Tatoyan bənzər cəhdlə çıxış edib. O iddia edib ki, Azərbaycan Ordusu guya Aşağı və Yuxarı Şorca kəndləri yaxınlığından Ermənistan mövqelərini atəşə tutub. “Atəş düz xətt üzrə Ermənistanın 2,16 km dərinliyinə nüfuz edən yerdən açılıb”, – deyən Tatoyan özü də bilmədən rəsmi İrəvanı ifşa edib. Məsələ burasındadır ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin məhz Yuxarı Şorca istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutması barədə məlumat yaymışdı. Yəni A.Tatoyanın iddia etdiyi təxribatı əslində Ermənistan ordusu törədib, lakin İrəvandakı dairələr növbəti dəfə dezinformasiya yaymağa çalışıb, nəticədə isə özlərini ifşa ediblər.globalinfo)

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Bədəlova Növrəstə Məstan qızı Ceyranbatan bağları ərazisində yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. "Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub", - nazirlikdən bildirilib.

Sabirabadda 42 yaşlı kişi atasını öldürdü

Fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabirabad rayon prokurorluğundan Sozcu.az-a bildirilib ki, ilkin araşdırma zamanı 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə müxtəlif predmetlərlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Xəyyam Səmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Berbok Odessada 4 saat sığınacaqda qalıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Odessaya səfəri zamanı sığınacaqda gizlənib. Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” nəşri məlumat verib. “Annalena Berbok Odessada həyəcan siqnalından sonra qısa müddətdə sığınacqda gizlənmək məcburiyyətində qalıb. Nazir sığınacaqda 4 saata yaxın vaxt keçirib”, - nəşr bildirib. Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfər etmişdi.

Ukrayna müharibəsi ilə bağlı dəhşət - 587 uşaq, minlərlə qadın...

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Rusiyanın hücuma başlamasının ikinci ildönümü münasibətilə Ukraynadakı vəziyyətlə bağlı hesabat dərc edib. Sozcu.az xəbər verir ki, hesabat qurumun saytında yerləşdirilib. Təşkilatın məlumatına görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada azı 10 582 mülki şəxs həlak olub, daha 19 875 nəfər yaralanıb. BMT-nin məlumatına görə, müharibə başlayandan indiyədək 5017 kişi, 3093 qadın ölüb, daha 1885 qurbanın cinsiyyəti müəyyən olunmayıb. Onlardan ən azı 587 nəfəri uşaqdır.  Müharibə zamanı 6524 qadın, 4546 kişi və cinsiyyəti hələ müəyyən edilməmiş 7507 nəfər yaralanıb. Mülki itkilərin böyük əksəriyyəti (91%) partlayıcı silahların istifadəsi ilə bağlıdır. İtkilərin 3,7%-i mina partlayışları ilə əlaqədar olub. Hesabatda qeyd olunur ki, ən çox ölüm və yaralananlar müharibənin ilk bir neçə ayında müşahidə olunub, sonra isə onların sayı azalmağa başlayıb. 2023-cü ildə orta hesabla ayda 163 dinc sakin həlak olub, 547 nəfər yaralanıb.

DİQQƏT! Yollar buz bağlayacaq

Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Makron Putinin “arxa bağçasına” bayraq sancdı

Ermənistanı heç kim özəlləşdirməz. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini X-dəki mikrobloqunda yazıb. “Ermənistan heç kimin “axra bağçası” deyil. Bu, suverenliyi və ərazi bütövlüyü Fransa tərəfindən dəstəklənən dost və demokratik ölkədir”, - deyə səfir qeyd edib. Qeyd edək ki, bundan öncə “Politiko”da “Fransa Ermənistanla silah müqaviləsi bağlamaqla Rusiyanın arxa bağçasına bayraq sancdı” başlıqlı məqalə yayıb.

Şəmkirdə avtomobil körpüdən aşdı: Ölən və xəsarət alan var

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var. "Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sarayda mənzildə yanğınla nəticələnən partlayış olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib. Sozcu.az xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Əlavə məlumat veriləcək. ***22:00 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olması barədə ilkin məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Sırski elan etdi: Ukrayna tezliklə daha çox rus təyyarəsini vura biləcək

Ukrayna tezliklə daha çox rus təyyarəsini vura biləcək. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümü ilə bağlı çıxışında deyib. “Düşünürəm ki, yaxın gələcəkdə biz havada rus işğalçısına asimmetrik cavab verəcəyik. Daha çox yanan Rusiya təyyarələri olacaq. Dövlət rəhbərliyi bunun üçün mümkün olan hər şeyi edir”, - Sirski bildirib. O xatırladıb ki, Ukrayna iki il ərzində şimalı və Xarkov vilayətini, Xerson vilayətinin bir hissəsini, İlanlar adasını azad etməklə, həmçinin Qara dənizi Rusiya donanmasından təmizləməklə nəzərəçarpacaq uğurlar əldə edib.

24 yaşlı qızı atası və ögey anası öldürübmüş - DƏHŞƏTLİ CİNAYƏT

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın qəsdən öldürülməsi müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Belə ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Şikar Nəcəfov və Ramilə Nəcəfova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. İtkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması istiqamətində prokurorluq orqanları tərəfindən mütəmadi olaraq aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Mövqelərimizin atəşə tutulması ilə bağlı daha bir məlumat

Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Atəşin bu koordinatlarda (40° 05' 04" N; 45° 52' 28" E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib. Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib. Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib.

Aleksey Navalnının cənazəsi anasına verildi

Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnayaya təhvil verilib. Sozcu.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib. “Navalnın meyitinin anasına qaytarılmasını tələb edən hər kəsə təşəkkür edirik. Lyudmila İvanovna Salexarddadır. Dəfn hələ qarşıdadır. Səlahiyyətlilərin onları ailənin istədiyi və Alekseyə layiq şəkildə həyata keçirməsinə mane olub-olmayacağını bilmirik. Məlumat əldə olunan kimi təqdim edəcəyik”, - Yarmış bildirib.

Ukrayna bu ölkə ilə də təhlükəsizlik sazişi imzaladı

Ukrayna və İtaliya təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatında bildirilib. "İtaliya hökumətinin başçısı ilə görüşlərimiz həmişə mənalıdır. Bu günün mühüm nəticəsi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün möhkəm zəmin yaradır", - prezident deyib.

"Bayraqdar Akıncı C" ilk uçuş sınağını başa vurdu

Türkiyənin "Bayraqdar Akıncı C" PUA-sı ilk uçuş sınaqlarını uğurla başa vurub. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, sınaq fəaliyyətində "Bayraqdar Akıncı C" 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb.

“Mən”i və məni xoşbəxt edən kitab: “Das Verlassene Land”

Kitabı... ilk növbədə əşya kimi xoşlayırsan – indiki dillə desək, dizaynı, formatı, zahiri gözəlliyi xoşuna gəlir, alırsan. Əşya-kitab haqqında ilk qənaətbəxş təəssürat odur ki, ürəkdən deyirsən: nəfis şəkildə çap olunub! İçindəkilərdən asılı olmayaraq, poliqrafiiya vurğunudur belə nəfis kitabların – kitabçı peşəsinin bəxş etdiyi ehtizaz zövqdür! İstehsal sənayesi öz saxlancını – menyüsünü zənginləşdirir! Bizim elə də nəfis şəkildə kitabımız yoxdur – biz ümumiyyətlə, kitabçılığı anlamayan adamlarıq... dövlət səviyyəsində! Bu seriyadan olanlar bizdə makulaturalıqdır, əlbəttə, istisnalar var, ancaq ki... təkcə Qurani-kərim” istisnamız var! "Kitabi-Dədə Qorqud” nüsxəsi də həmçinin! "İçərişəhər”, "Şuşa” (və ölkənin qalan 99 rayonu) seriyası ola bilər, amma yoxdur: ümumyetərli, kütləvi sayda deyil, hansı kitabxanalardan əldə etmək olar sualı isə absurddur! Naşirlərimiz alverçi təfəkkürlü, "maarifpərvər” adı altında "mmm”-liklə – "moşennik mejdurnarodnoqo masştaba” – məşğul olan kəmfürsətlər: duyğu sömürüsü üstündə imic və para qazanan möhtəkirlər... "Sportloto” uduşu misalı təsadüfən ortaya qoyulan nəsnələr – müstəqilliyin 30 ilində bəlkə bir, uzağı iki dəfə bəxtimiz gətirib ya yox! Sonra gəlir əşya-kitabın iç tərəfi: miqyas baxımından məhəlli, regional, xəlqi-milli və bəşəri olanı. Sahələr üzrə də həmçinin. Elmi-fəlsəfi irəliləyiş fərdlərin ümidinə qalıb – sağ olsun ölkədə Zaur Əliyev, Əkbər Nəcəf, Dilqəm Əhməd kimi gənclər... haralarasa tariximizi də, kitab arsenalımızı da aparıb çıxara bilərlər! Onlardan əvvəlkilər sağlıqlarında özlərinin də, yazdıqlarının da aqibətinin haracan olduğunu özləri gördülər – mən fitva qismində qəlblərinin qırıq yerlərinə duz basmaq istəmirəm! Elmi-fəlsəfi yönündən daha çox, tarixi kitablar döyüşür bizim üçün müəllifləriylə birgə! Bir azdan yazacam... mən necə kitabı-əşyanı istəyirəm... əşyalıqdan çıxaraq, əşya kimi - vizit vərəqimizdə təcəlli edənləri! SÖZARASI: (əvvəllər kirayə evlərimdə çantalara yığıb daşıyırdım) indi noutbuk işimizi bir xeyli asanlaşdırıb: BƏYƏNDİYİMİZ BÜTÜN KİTABLARIN PDF-İ ƏLİMİZİN ALTINDA ola bilər! Ancaq mən həm noutbukda, həm də maşının baqajında özümlə daşıyıram! Azərbaycan ziyalısının ayrıca yaradıcılıq otağı yoxdur, Azərbaycan ziyalısının başının həcmi o qədər böyük və yetərli deyil BU GÜN ÜÇÜN LAZIM OLAN bütün sahələr üzrə yardımçı olan müntəxəbat-icmal bilgiləri İÇİNDƏ daşısın! Azərbaycan ziyalısı KİTABLA İÇ-İÇƏ deyil, ola bilmir, imkanı ya yoxdur, ya çatmır, ya da istəmir! KİTABLARIN, ən azından, ƏŞYA KİMİ gözəlliyi belə, məftunedicidir: elələrinin içində suvenir kimi əziz olanı da var, müqəddəs sayılanı da! KİTABLARIN, ən azından, mənim üçün bir neçə növü var: Qonaq getdiyim Kitab da olub – Lənkərandan ta Qazaxacan! Özü də yeni il gecəsi! Hələ qonaq aparıb hədiyyə etdiyim Kitab da olub! YƏNİ: "evinə qonaq getdiyin” Kitab da var, "qonaq aparılan”, "hədiyyə olunan” Kitab da! Əlimə aldığım Kitablardan öpüb göz üstə qoyduğum da olub! Göz üstə qoyulası Kitab da var – anlada bildiyim qədərincə! Dərslik, Tarixi, Elmi, Fəlsəfi kitablardan başqa da kitablar var: nə qədər ki, ölkədə gənclər olacaq, cinsiyyət üzvləri "işlək” olacaq, ehtirasları dombalacaq, xəyanətlər baş verəcək, zinakarlıq meydan sulayacaq, o şairlər-yazıçılar üçün "oxucu kontingenti” bütün dövrlərdə olacaq – onlarla işim yox! Ancaq... mən bu gün, indi... Sizə məni və "mən”imizi XOŞBƏXT EDƏN KİTABdan danışacam! Təsəvvür edin: 2050-ci və ondan sonrakı illər Almaniyasını. Köln şəhəri. Mərkəzi kitabxana. Kitabxanaçı qadına abonent müraciət edir və alman Henrix Böllü, Herman Hesseni, Höteni, Hegeli, Heyneni, Haydeggeri, ingilis Şekspiri, fransız Saqanı yox, azərbaycanlı... Əbil Həsənovun kitabını istəyir!!! İnandırım sizi, o alman kitabxanaçı qız ekstazın nirvanasını yaşayacaq, arada bekar olanda oxuduğu "Das Verlassene Land”ı oxuya-oxuya alman xalqına, alman dövlətinə, alman siyasətçilərinə ona gözəl Almaniya bəxş etdiyi üçün minnətdar olan xanımdan indi... bir ərəb, çinli, azərbaycanlı, gürcü, erməni MÜHACİR balası istəyir... lütfən, mənə "tərk edilmiş Vətən”i verin! Tərk edilmiş Vətən... həddən artıq ağırtonnajlı möhnət ifadəsidir! Onu yalnız bu əzaba düçar olmamış İnsandan istəmək olar – güclüdən! Mağazada – satış mərkəzlərində, kitab dükanlarında olmayanda, gedib kitabxanadan, orada da tapılmayanda, arxivdə eşələnib tapmaq olar! "Tərk edilmiş Vətən”in rəsmini... Fuad Tahir Manafov gözəl çəkib! "Tərk edilmiş Vətən”in anlamını, içini, tarixini, keçmişini, mentalitetini, düşüncəsini-təfəkkürünü... alman dilinə K.H. Kiel gözəl tərcümə edib! Kölndə "Tərk edilmiş Vətən”... nəfis şəkildə çap olunub "Pem” nəşriyyatında! Mən Rusiyada üzdə olan azərbaycanlıların rus dilində çap olunmuş kitablarını görmüşəm, almışam, oxumuşam: kütləvi olmayıb və bu məndə heç "oyanma”, reaksiya, ekstaz yaratmayıb – Azərbaycanda mən rusca kitablar o qədər oxumuşam ki! Rusca oxuduqlarımda da özüm(üz) olandan da elə də həzz almamışam – istisna Azad Mirzəcanzadə, Çingiz Hüseynov, Çapay Sultanov... Mən ingiliscə bizim kimsələrimizin nələrsə yazdığını, çap edib yaydığını görməmişəm: oxuyub başa düşməsəm də, ən azından, KİTAB-ƏŞYA müqəddəsliyi baxımından suvenir kimi vizit vərəqim sayardım! İspan, fransız dilində də nəsə görməmişəm – hərçənd deyirlər ki, Anar, Əkrəm Əylisli 60 dilə tərcümə olunmuş imzalarımızdır! Yoox, bu tip faktlar heç vaxt məndə indi məni xoşbəxt edən "Tərk edilmiş Vətən” həzzini yaşatmadı. ƏVVƏLA, Amerikaya, Avropaya mühacir axını 21-ci əsrdə Azərbaycan xalqı və dövləti üçün yeni mərhələdir! Ən çox da, - qaçqınlardan sonra, - üzülüşüb gedən YARADICI İNSANLAR oldu. Əksəriyyəti də SİYASİ QISITLIQ adıyla. Fəqət... bir kimsə sübut etmədi o Avropada ki, bəli, onlar şərait olanda, siyasi qısıtlıq olmayanda siyasi-ədəbi qısırlar deyil! Bir kişi və ya da kopayoğlu bu 30 illik mühacirlik dönəmində bir ədəd də olsa ədəbi ödül almadı e sığındığı ölkədə! Mən bu mühacir axınında... Avropaya elmi-fəlsəfi, ədəbi-siyasi inteqrasiya görmədim! Mən bu boyda axının içində Avropa Vətəndaşı olanı görmədim! Vahid Qazinin, Rauf Qaraişığın arada-bərədə açar burub, "starter”lə hərəkətə keçmək cəhdlərindən-kərkinmələrindən başqa! YƏNİ... gedənlər Avropada coğrafi cəhətdən yer ala bildilər, əqli-mənəvi baxımdan elə "çuşka”lıqdan – yad cisim olmaqdan o yana keçən olmadı! Avropada, eləcə də Amerikada çap olunmaq... çox rahat bir şey: kapitalist dünyası reklam və kommersiya şərtləri ilə qulluğunda hazır! Avropada, eləcə də Amerikada Azərbaycandan apardığın pullarla nə istəsən ala bilərsən, amma Avropda, eləcə də Amerikada VƏTƏNDAŞ olub, pul qazanıb ev, maşın alan, görəvə yüksələn neçəsini tanıdınız... mühacir qismində!? Bax, Əbil Həsənovun "Das Verlassene Land”i bu baxımdan məni xoşbəxt edən faktdır – fiksasiyadır, fiktivasiya deyil! Əbil Həsənov... bu gün Azərbaycan ədəbi mühitinin radarına düşməyən, Azərbaycan ədəbi mühitinin lokatorları "tutmayan”, bir kimsənin umurunda olmayan imzadır: amma Almaniyada artıq vizit vərəqimizdir: "Das Verlassene Land”. Belə ehtizazı ömrümdə bircə dəfə mənə görkəmli dramaturq, nasir, publisist Aqşin müəllim yaşatmışdı: Amerikada, Hollivudda ssenarisi əsasında film (və ya hansısa filmin bir hissəsi) çəkilən qızı Aysel Əlizadənin "Toçka otsçeta” kitabından danışanda. O kitabı ingiliscə çap etmək üçün sponsor axtarırdı və gəlib çıxmışdı Frenk Elkaponinin qəbuluna! Əbil Həsənovun "Das Verlassene Land”i məni hansı arqumentasiyası ilə xoşbəxt edir? İlk növbədə, kommersiya tərəfi olmadan, yazdıqlarının alman dilinə könüllü tərcümə olunması. Kölndə "Pem” nəşriyyatının bu yaradıcılığa güvənərək, risk etmədən kitabı nəşrə qəbul etməsi: "Qanun” nəşriyyatı deyil e sizin üçün, yöndəmsiz və keyfiyyətsiz nəşr məmulatlarını üstəlik də kobud dil, redaktə və korrektura səhvləri ilə (xarici əsərdirsə, bərbad redaktə və yolverilməz tərcümə səhvləri ilə) maya dəyərindən 20 dəfə bahasına soxuşdurub alver yapsın, alman oxucusu Azərbaycan oxucusuyla eyni ağılda-qürurda deyil. Götürər verər məhkəməyə ki, alman intellektual səviyyəsinə, əqli mülkiyyətinə təhqirdir aşağı əyarlı bu kitab! Nəşriyyatın anasını ağladarlar, necə ki həkimləri-qospitalları mandrajda saxlayırlar! Tərk edilmiş Vətən... "Das Verlassene Land” – heç bir kimsədən, heç bir yerdən dəstək olmadan özünə mandat aldığından... məni XOŞBƏXT EDƏN KİTABdır! Mən kitabların statusundan söz açanda əlavə etmədim! Ki... kitab da var rəfdə yeri var! Çünki öpüb göz üstə qoyulası, qonaq gediləsi, qonaq aparılası, hədiyyə olunası, rəfdə qoyulası kitablardan da üstün... mənsub olduğun xalqın oxucusunu xoşbəxt edən kitabdır! O kitabların hamısı çap olunur, xoşbəxt edən kitab isə... dünyaya doğulur gəlir! Tərk edilmiş Vətən – anlayış olaraq son 30 ildə doğulub. O anlayışın kitabıdır "Das Verlassene Land”. Xoşbəxtliyinizi dadın – nə qədər ki, Vətən bizi tərk etməyib! "Das Verlassene Land”də bu təhlükə apaydın göstərilib! Həddən artıq soyuqqanlı alman oxucu üçün... bundan dəhşətli, tükürpədici xəbərdarlıq ola bilməz: Vətən də bizi tərk edə bilər! Almaniyada kitab çapı bu qədər həssas notlar üstündə! Xoşbəxt olun, həzz alın! Sizin "mən”inizi xoşbəxt edən kitabı oxumasanız da, adını bilin: "Tərk edilmiş Vətən”... Aydın Can

Ermənilər Kəlbəcəri yenidən atəşə tutdular

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Ərdoğan Xocalı qətliamından DANIŞDI

Azərbaycan torpaqları və onun bir parçası olan Qarabağ uzun illər işğal altında qaldı. Xocalı başda olmaqla i torpaqlarda, da qırğınlar törədildi. Lakin dünya buna qarşı səsini çıxarmadı, heç bir görmədi. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada keçirilən tədbirdə bildirib. Ərdoğan deyib ki, türk milləti olaraq bu torpaqlarda sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, güclü ordumuz olmalıdır.

Saakaşvilidən xəbər var: “Mənə ən çox əzab verən...”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırda Ukraynada ola bilməməsi və onu qoruya bilməməsindən əzab çəkdiyini bildirib. Sozcu.az-ın məlumatına görə, eks-prezident sosial şəbəkə hesabında yazıb: “Əziz Ukrayna, Bu iki il ərzində mənə ən çox əzab verən odur ki, Ukraynada deyiləm və fəxr etdiyim və çox darıxdığım sevimli qəhrəman müdafiəçilərimlə çiyin-çiyinə sizi qorumaqdan məhrum olmuşam. Tez, layiqli qələbə arzulayıram, buna bir dəqiqə belə şübhə etmirəm”.

Gürcü prezident Rusiyanı qınadı, Ukraynanı DƏSTƏKLƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya-Ukrayna müharibəsinin 2-ci ilinin tamam olmasına münasibət bildirib. Sozcu.az xəbər verir ki, Zurabişvili 2 il davam edən şiddətli döyüşlərdən sonra belə Rusiyanın qalib gələ bilmədiyini vurğulayaraq, onu qınayıb. “İki il... İki il keçdi, amma Rusiya qalib gəlmədi. Rusiya Ukraynanının qüdrətini qıra bilməzdi. Rusiya Ukraynanaı parçalayıb onu Avropadan ayıra bilməzdi. Sizinlə həmrəylik yekdildir, dəstək göz qabağındadır, uğur və qələbə sizindir”,, - Zurabişvili Ukraynaya videomüraciətində bildirib.

Şəki Miniatür Muzeyi maddi sıxıntı içindədir: Bağlanmaq təhlükəsi var - Foto

Şəki Miniatür Muzeyi Yurd Yaddaşı.  Şəki Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmaqla bərabər,  dövlətçilik tariximizdə əhəmiyyətli yeri olan tarixi diyarlarımızdan biridir. Şəkidə yerləşən Miniatür muzeyi - Yurd Yaddaşı Şəkinin - o cümlədən Azərbaycanın müxtəlif dövrlərdə ictimai-siyasi,  mədəni və iqtisadi dövrlərini əks edən çox mühüm tarixi sənədlərin və eksponatların toplanıb cəmiyyətə təqdim edən çox gözəl bir mərkəzdir.  Səki miniatür muzeyi - Yurd Yaddaşı Şəkinin yetişdirdiyi vətənpərvər övladlarından biri olan  dəyərli ziyalımız Xatirə xanım Əkbərova tərəfindən yaradılıb və bu,  dəyərli xanım tərəfindən qorunur.  Təbii ki, dövlət dəstəyi olmadan bu cür mühüm bir muzeyi saxlamaq və yaşatmaq çox çətindir.  Dövlətimizin  tarixinin mühüm bir dövrlərini cəmiyyətə çox dolğun şəkildə və sənədlərlə təqdim edən bu cür mədəniyyət ocaqları tək-tük insanların ianələri ilə ayaqda dura bilməz.  Xatirə xanım  çox maraqlı - o cümlədən vətənpərvər bir xanımdır.  Muzeyi çox həvəslə və maddi gəlir əldə etməyi düşünmədən ərsəyə gətirib. Xatirə xanım bu gün də  muzeyi həvəslə qoruyub saxlayaraq,  tarixi əsərləri qonaqlara maraqla təqdim edir. Ancaq çox təəsüf  ki, Xatirə xanımın muzeyi qorumağa maddi imkanı yoxdur. ola bilsin ki,  Şəki miniatür muzeyi yaxın aylarda fəaliyyətini dayandırsın.  Çox üzücü bir durumdur... Mən çox arzu edərdim ki, Mədəniyyət Nazirliyi Şəki miniatür muzeyinə diqqət yetirsin. Bu muzey adından da bəlli olduğu kimi yurd yaddaşıdır. Yurdun yaddaşının silinməsinə imkan vermək olmaz!  Dövlət muzeyə sahib durmalıdır. Xatirə xanımın əlində çox mühüm sənədlər və tarixi kitablar var.  Şəkinin yerli qəzetlərinin demək olar ki, bütün nüsxələrini Xatirə xanım min cür əziyyətlə əldə edərək qoruyub saxlayıb. Əsərləri qoruyub saxlamaq üçün vəsait lazımdır. Əgər dövlət o əsərlərə sahib durmasa, Xatirə xanımın ərsəyə gətirdiyi muzeyin ayaqda durmasına qərar verməsə, həmin sənədlərin məhv olmaq təhlükəsi olacaq. Bu da ən böyük cinayətdir!  Xatirə xanıma dəstək olaq ki, tariximiz yaşasın! Elşən Əlisoy, "Sozcu.az" saytının təsisçisi

Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayı artıb

Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayı artıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, piyada diqqətsizliyi bir çox hallarda sonradan bərpası mümkün olmayan nəticələrə səbəb olur: "Yol hərəkət iştirakçıları içərisində ən az müdafiə olunan piyadalar arasında hələ də öz təhlükəsizliyinə biganə yanaşan, özləri ilə bərabər digər hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə salan şəxslərə hər gün rast gəlirik ki, bu kimi hallar təəssüf ki bəzən bərpası mümkün olmayan nəticələrə səbəb olur". "Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayının artması səbəbindən bir daha piyadalara səslənirik. Küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, əlvan geyimlər üstünlük verin, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün yolu keçərkən ondan istifadə etməkdən çəkinin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olun", - məlumatda bildirilib.