“Müasirlik yarıçılpaq gəzmək deyil”

"Bu gün Azərbaycan teatrı dövlət qayğısı ilə əhatə olunub. Yanvarın 14-də dövlət başçımızın imzası ilə "Mədəniyyət-2040" konsepsiyası təsdiq olundu və təqdimatı oldu. Burada teatr üçün xüsusi bölüm ayrılıb. Bu sənət sıradan bir sənət deyil. Bu, min illərin başından yaşaya-yaşaya gələn canlı sənətdir. Biz böyük mədəni dünyanın ciddi bir parçasıyıq. Əgər Azərbaycan mədəniyyəti olmasaydı, dünya mədəniyyəti çox kasıb görünərdi. Orada bizim teatrımızın, kinomuzun, ədəbiyyatımızın, sözümüzün, rəsmimizin öz yeri var. Hər bir azərbaycanlı çalışmalıdır ki, özü-özlüyündə fikirləşsin ki, mən Azərbaycan xalqının milli mənəvi dəyərlərinin daşıyıcısıyam. Söyləyirlər ki, 21-ci əsr türk əsridir. Mənə elə gəlir ki, 21-ci əsr həm də türk xalqlarının mədəni inkişaf əsri olacaq. Bu şəkildə də olmalıdır".

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Nurəddin Mehdixanlı deyib.

O daha sonra bildirib ki, bu gün teatrda kifayət qədər zamanla səsləşən əsərlər mövcuddur.

"Öncə biz dəqiqləşdirməliyik ki, müasirlik nədir? Müasirlik deyəndə biz nəyi nəzərdə tuturuq? Müasirlik yarıçılpaq gəzmək deyil. Müasirlik saçını uzadıb arxada topa bağlayıb, qulağa sırğa taxmaq da deyil. Müasirlik öz dilinə xor baxıb, özgəni başının üstünə tac etmək də deyil. Müasirlik düşüncədə, beyində yaşamaq və var olmaq instinktlərinin daha da güclü şəklə gətirilməsidir.

Bu gün Şekspir müasir yazıçı deyilmi? Bu gün "Kral Lir" əsəri müasir deyilmi? Əlbəttə ki, müasirdir. Bu günümüzün ədəbiyyatı yaranırmı? Biz ondan danışa bilərik. Bu gün Azərbaycan teatrı bütöv şəkildə tamaşaçının istəklərinə cavab verirmi? Əlbəttə ki, bu mümkün deyil. İnsanların sayı qədər müxtəlif fikirlər, zövqlər və yanaşmalar var. Birinin xoşuna gələn bir şey, başqa birisinin xoşuna gəlməyə bilər. Bu, normal bir şeydir. Teatr canlı orqanizmdir və zamanın çağırışlarını tam hiss etməlidir, o çağırışlara cavab verməlidir. Teatrımızda kifayət qədər belə tamaşalar var", - deyə sənətkar bildirib.

Share on Facebook