Bu avtomobilləri alanlara bəd xəbər: YOLDA QALA BİLƏRSİNİZ

Elektrikli avtomobillər son illərdə texnologiya və avtomobil sənayesində ən sürətlə inkişaf edən sahələrdən biridir. Onlar daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdən fərqli olaraq, enerji mənbəyi kimi elektrik akkumulyatorlarından istifadə edir. Elektrikli avtomobillər karbon emissiyasını azaldır, çünki onlar birbaşa olaraq yanacaq yandırmır. Bu, havanın çirklənməsinin və qlobal istiləşmənin qarşısını almaqda mühüm rol oynayır. Bu cəhətdən faydalı sayılan elektromobillərin zərərli tərəfinin olduğu da iddia edilir. Bu səbəbdən elektromobil almaq istəyənlər üçün sözügedən məsələ sual doğurur. Bəs bu avtomobillərin mənfi cəhətləri nədir? Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Sabah”a şərh edərkən bir sıra məqamları diqqətə çatdırıb: “Elektrikli avtomobillərlə bağlı dünyada müxtəlif proseslər gedir. Əsas üstünlük alıcılardadır. Onlar həmişə qənaət rejiminə üstünlük verir, daha az xərcləmək istəyirlər. Ancaq bir müddət keçdikdən sonra elektrikli avtomobillərin elə bir detalı sıradan çıxır ki, onu tapmaq, almaq, təmir etdirmək müşkülə çevrilir. Bu cür maşın alan adam artıq suallarla yaşamalı olur.  Çünki elektromobillər yenilikdir. Onların yaxşı cəhətləri ilə yanaşı, mənfiləri də mövcuddur. Belə ki, bu avtomobillərdə alışma riski var, ehtiyat hissələri bahadır, servis, usta xidməti tapmaq çətindir. Elektromobillərin ustası hər yerdə tapılmır. Alıcılar fikirləşməsin ki, ucqar bir yerdə, dağ başında avtomobilə nə isə olarsa, ona dərhal usta tapılsın”. Ekspert elektromobillərin digər bir problemindən də söz açıb: “Elektromobillər tam şarj olunduğu təqdirdə 400 kilometr yol getməlidir. Soyuq havalarda isə bu rəqəm 200 kilometrə qədər enir. Bu cür risklər var və insanlar buna hazır olmalıdır. Sözügedən problem keçən il ölkəmizdə özünü büruzə verdi. Çünki bu vasitələrdən istifadə edən dostlarımız həmin məsələdən şikayətlənirdilər. Bu cür durumlara öyrəşməliyik, çünki illər lazımdır ki, həmin avtomobillərlə bağlı bütün detallar yerinə otursun”. E.Muradlı qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, ənənəvi avtomobillərdən elektromobillərə keçid də lazımdır: “Biz dünyamızı qorumalıyıq, ətraf mühitin qayğısına qalmalıyıq. Qlobal istiləşmə ilə bağlı problemlər artıq qapımızdadır. Bu avtomobillərin yayılmasından danışmaq daha yaxşıdır. Ancaq reallıq baxımından da qüsurları gözardı etmək mümkün deyil”.

Astarada yeniyetmənin meyiti tapıldı

Astarada axtarılan yeniyetmənin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü Namiq Şamil oğlu Həsənov ötən gecədən qohumları tərəfindən axtarılıb. Nənəsi ilə qalan Namiqin meyiti bu gün qaldığı evin həyətində asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(APA)

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 7. Zərifə Əliyeva küçəsində; 8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 13. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 14. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 16. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Polis nəfəri xəstəxanada vəfat etdi

Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Sozcu.az apa-ya istinadla xəbər verir ki, xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Yeni il hədiyyəsi: “Qutuları qəsdən elə bağlayırlar ki, müştəri aça bilməsin”

“Yeni il ərəfəsində uşaqlar üçün marketlərdə hədiyyə qutuları təqdim edilir. Müştərinin bu qutuları açıb içindəki məhsul barədə məlumat öyrənmək şansı sıfıra bərabərdir". Bunu “Yeni Sabah”a qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib. Artıq neçə gündür ki, müxtəlif ticarət obyektlərində Yeni il ab-havası hiss edilir. Market vitrinlərini bayram hədiyyələri bəzəməyə başlayıb. Görünüşü cəlbedici olsa da, hədiyyə bağlamalarının içindəki məhsullar köhnə və yararsız olduğunu iddia edənlər var.  Qida eksperti bu rəyi bölüşür: “Bu qutuları qəsdən elə bağlayırlar ki, müştəri asanlıqla aça bilməsin. Sadəcə alıb evinə aparsın. Bəzi işbazlar insan sağlamığını nəzərə almır və hədiyyə qutularının içinə yararlılıq müddətinin bitməsinə 10-15 gün qalan məhsullar yerləşdirir. Qutularda isə ən çox kremli məhsullar, şirniyyatlar və s. olur”. İ. Şirinov alıcılara çağırış edib: “Müştərilər özləri hədiyyə qutunu alıb istədiyi məhsulla bayram hədiyyəsi hazırlaya bilər. Bu daha məqsədəuyğun olar. Şirkətlərin hazırladığı hədiyyələri müştərilər mütləq açmalı və içindəki məhsulları bir-bir yoxlayıb, onların tərkibi haqqında məlumatlarla tanış olmalıdırlar. Bu haqda müştərilərə heç kim qadağa qoya bilməz. Əsas məsələ uşaqların sağlamlığıdır.  Valideynlər burada son dərəcə diqqətli olmalıdırlar”.  

Gürcüstanda banklar, şirkətlər etirazları DƏSTƏKLƏDİ

Gürcüstanın iki ən böyük bankı – “Bank of Georgia” və “TBC Bank”, telekommunikasiya operatorları “Magticom” və “Silknet”, developer “ORBI Group”, eləcə də ölkənin ən böyük avtomobil dileri şirkəti “Tegeta” hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına qarşı çıxıb və etirazçıları dəstəkləyib. Sozcu.az xəbər verir ki, bu haqda məlumatı “The Bell” nəşri yayıb. “Gürcüstanın Avropa və Avroalantik gələcəyi xalqımızın mütləq əksəriyyətinin tarixi seçimidir və bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Biz qəti şəkildə əminik ki, Avropaya inteqrasiyanın müvəqqəti dayandırılması gürcü xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir. TBC həmişə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasının qeyd-şərtsiz tərəfdarı olub və belə də qalır”, - “TBC Bank”ın bəyanatında deyilir. “Magticom” telekommunikasiya operatoru isə təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün su şırnaqları, gözyaradıcı qaz və gücdən istifadə etməsini pisləyib. “Tegeta” şirkəti qeyd edib ki, mövcud böhran vəziyyəti ölkənin gələcəyi üçün zərərlidir, inkişaf və ümumi məqsədləri təhdid edir. Məlumatlara görə, Gürcüstanın müxtəlif ölkələrdəki səfirləri hakimiyyətin hərəkətləri və etirazçılaa güc tətbiqi səbəbindən kütləvi şəkildə istefaya gedirlər. Gürcüstanın ABŞ, Niderland, Bolqarıstan, İtaliya və Litvadakı diplomatlar öz vəzifələrini tərk ediblər. İlk istefa verənlərdən biri Gürcüstanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Otar Berdzenişvili olub. “Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, - səfir David Solomonia deyib. “Newsgeorgia”nın məlumatına görə, Gürcüstanın Müdafiə Nazirliyinin onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bildiriblər. Gürcüstan Konstitusiya Məhkəməsinin bəzi əməkdaşları da hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dondurulması qərarına yenidən baxmağa çağırıblar. Onlar hesab edirlər ki, hökumətin bu qərarı “Gürcüstan vətəndaşlarının konstitusiya iradəsinə məhəl qoymur” və əsas qanunun maddəsinə ziddir, ona görə konstitusiya orqanları Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir. Bundan əvvəl ABŞ Dövlət Departamenti hakim “Gürcü arzusu” partiyasının Avropa İttifaqına üzvlüyünü dayandırmaq qərarına görə Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlamışdı. Dövlət Departamenti öz hakimiyyətinin hərəkətlərinə etiraz edən nümayişçiləri dağıtmaq üçün polisin gücdən həddən artıq istifadə etməsini pisləyib. Vaşinqton həmçinin bütün tərəfləri etirazların dinc xarakter daşımasını təmin etməyə çağırıb. Departament qeyd edib ki, Gürcüstan hökuməti parlament seçkilərində baş verən pozuntularla bağlı şəffaf araşdırma aparmalı və antidemokratik qanunları ləğv etməlidir.

İşsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək? - AÇIQLAMA

İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bəs bu vəsaiti kimlər ala biləcək? Sozcu.az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov məsələyə aydınlıq gətirib. “Bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir. Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir. Müraciət edən şəxs əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər”, - V.Bayramov deyib.

Bu ərazilərimizə qar yağdı: 14 dərəcə şaxta...

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-si saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Xidmətdən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3, Lənkəran-Astara bölgəsində 17, Balakən-Şəki zonasında 7, Quba-Qusar və Mərkəzi-Aran rayonlarında 4, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 3 mm-dək olub. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Altıağacda 2 sm olub. Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Quba, Qəbələ, Şamaxı, Qusar, Qrız, Göyçay, Ağdam, Beyləqan, Tərtərdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 6, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

Abşeronda məktəbdə yanğın: 4 nəfər təxliyə edildi

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a bildirilib ki, yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şolts Kiyevə gəldi

Almaniya kansleri Olaf Şolts Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Məlumata görə, Şolts Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Tiflisdə müxalifət liderlərindən biri saxlanıldı

Müxalif Qirçi Partiyasının sədri Zurab Caparidze Tiflisdə etiraz aksiyaları zamanı saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Bildirilib ki, Caparidze parlament binası yaxınlığında etiraz aksiyası dağıdılandan sonra bir neçə həmkarı ilə birlikdə qaldığı Vake rayonunda saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.

Azərbaycanda yeni xəstəlik: Dərmanı tapılmır

Azərbaycanda venirikatanuriya xəstəliyinin dərmanı tapılmır. Sozcu.az xəbər verir ki, sözügedən xəstəliyin müalicəsi üçün xüsusi qidalar və dərmanlar tələb olunur. Azərbaycanda satışı olmayan bu vasitələr ciddi problemə yol aça bilər. Xəstəlikdən əziyyət çəkən gəncin valideyni "İTV Xəbər"ə müahibəsində bildirib ki, həmin insanlar 2 gün adi rejimdə qidalansalar, 3-4 aylıq müalicələri heç olacaq. Onlara ömürlərinin sonuna kimi mal və toyuq əti yemək qadağandır. Xəstəliyin aylıq müalicə xərci isə 1500-2000 manat arasındadır. Xəstəlik dünyada 1960-cı ildən mövcuddur. Azərbaycanda isə son 10 ildə yaranıb və getdikcə artır. Bunun səbəbini daha çox genetik faktorlarla bağlayırlar.

1500 məktəbin bağlanması xəbəri haradan qaynaqlanır?

Hidayət Allahverdi, Müsavat Partiyası Təhsil Komissiyasının sədri Parlamentin son iclasında bəzi deputatlar sosial yönümlü çıxışlar etdilər və onlardan biri ölkədə 4000 məktəbdən 1500-nün bağlanacağı barədə də məlumat verdi. Dedi ki, rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır: “Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”. Bunun ardınca Elm və Təhsil naziri E.Əmirullayev sosial şəbəkə hesabında bu çıxışa və cəmiyyətdə yaranan rezonansa cavab verdi: “”Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün ANLAŞILMAMASIDIR” (fərqləndirmə bizimdir—müəllif). Ardınca ANLAŞILMAYAN fikirləri sadalayır. Bu sadalamadan belə qənaətə gəlmək olar: 1.Ölkədə 4400 məktəbdən 1500-də 100-dən az şagird təhsil alır. 2.Bu məktəblərə çəkilən xərc böyükdür ki, bəzi hallarda özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur və tədrisin keyfiyyəti aşağıdır. 3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq. Bu üç fikri ümumiləşdirən nazir ANLADIR ki, həmin fikirlərdən çıxış edərək “Ölkədə 1500 məktəb bağlanacaq” qənaətinə gəlmək düzgün deyil. Daha sonra sadalanan fikirlərdə işlədilən “RASİONALLAŞMA” sözünün açıqlamasını verərək görüləcək işlərdən qısaca danışır. Anlada bildi, ya bilmədi, bu qalsın hər iki şəxsin insafına. Hesabla gərək anlaşa biliblərsə, deməli,  söhbətə son qoyulmalıdır. Amma onların anlaşa bilməsi hələ təhsildə uzunömürlü problemlərin bitməsi anlamına gəlməməlidir. Elə buna görə də mətbuat və sosial şəbəkələrdə müzakirələr davam etməkdədir. Səbəb?.. …Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk əsaslı dəyişikliklərdən biri TQDK tərəfindən test üsulu ilə imtahan götürülməsi oldu və bu hadisə təhsilin qarayarası olan qəbul imtahanlarında rüşvət amilini aradan qaldırdı. Müstəqil Azərbaycanın ilk “Təhsil haqqında” Qanunu 1992-ci ilin 7 oktyabrında qəbul edildi. Bu qanun Azərbaycanın müstəqillik əldə etməsindən sonra təhsil sahəsində hüquqi əsasları olan ilk sənəd idi. Qanun, təhsilin demokratik prinsiplər əsasında qurulması, milli maraqlara və standartlara uyğunlaşdırılmasına uyğun olaraq hazırlanmışdı. 1992-ci il qanunu təhsil sisteminin bütün pillələri (ümumi, ali, peşə, əlavə təhsil və s.) əhatə edir və Azərbaycanın təhsil siyasətinin formalaşdırılmasında mühüm rol oynayırdı. Amma cəmiyyət dəyişdikcə, dünyaya inteqrasiya prosesi gücləndikcə təhsil sistemində islahatlar zərurətə çevrilirdi. 1992-ci il Qanunu üzərində aparılan dəyişikliklər (1995-ci və 1999-cu il dəyişiklikləri) daha sonra yeni Qanunun qəbuluna gətirib çıxarsa da (2009_cu il) sistemdə köklü dəyişiklik nəzərə çarpmadı. Daim yenilənmə tələb edən təhsil sistemi2006-cı ildə ümumi təhsil pilləsində “Milli Kurikulum”un tətbiqinə başlasa da, bu sahədə görülən işlər kosmetik xarakter daşıyırdı. Əslində bu sahədə külli miqdarda vəsait xərclənirdi, lakin görülən işlərin effekti çox da hiss edilmirdi. Çünki kadr hazırlığı sahəsində görülən işlər gözlənilən dəyişikliklərə uyğun deyildi. Həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də Təhsil haqqında Qanunda qeyd edilən vətəndaşın təhsilə əlçatanlığı (özü də keyfiyyətli təhsilə), təhsil sisteminin ayrı-ayrı pillə və səviyyələri arasında güclü rabitənin olması, təhsil sisteminin əmək bazarına uyğun qurulması, təhsil verənlərin əməyinin qiymətləndirilməsi, təhsilalanların biliyinin qiymətləndirilməsi və s. bu kimi istiqamətlərdə görülməli olan işlərin ləngiməsi təhsil sisteminin yüklənməsinə gətirib çıxardı. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş beş istiqamət üzrə tədbirlərin həyata keçirilməsinin ləngiməsi də vaxtilə ləngiyən islahat prosesi və eyni zamanda pedaqoji kadr hazırlığının keyfiyyətinin tələblərə uyğun olmaması ilə də sıx bağlıdır. Təhsilverənlərin hazırlanması ilə məşğul olan orta ixtisas təhsili müəssisələrinin hələ də mövcudluğu, ali məktəblərin hazırladığı kadrların sayı ilə ehtiyacın uzlaşmaması, təhsili başa vurduqdan sonra iş yeri tapmaq istiqamətində yaranan çətinliklər günün problemlərindəndir. Sadalananların hər biri ayrıca müzakirə mövzusu ola bilərdi. Amma problemlərin bolluğunda rasionallaşma və optimallaşma prosesini məktəblərin kütləvi bağlanması kimi dəyərləndirib gündəmdə qalmaq da olar. Amma çıxış yolu göstərmək hər bir vətəndaşın hüququ olsa da, hamının vəzifəsi deyil. Çıxış yolu isə vətəndaşın təhsilə əlçatanlığının təmin edilməsinə qulluq etməli, hüquqi bazaya istinad etməlidir. Rəsmilərin dediklərinə inansaq, bağlanmaq zərurəti qaçılmaz olan məktəblərin şagirdlərin yaxın məktəblərə daşınması təmin ediləcək. Daşınmanın davamlılığı gözləniləcəkmi və bu işə kim nəzarət edəcək? Təhsil sektorları və ya məktəb rəhbərliyinin daşınmaya nəzarət mexanizmi olacaqmı? Elə buradaca xatırladaq ki, təhsil müəssisələrinə bir sıra səlahiyyətlər vermək idarəetmədə təmərküzləşmə yükünün azaldılmasına da yardımçı olardı. Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, distant təhsil sisteminin, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin imkanlarından yararlanmaqla zərərləri minimuma endirmək olar. 2023-2024-cü tədris ilindən əhatə dairəsi genişləndiriləcək peşə təmayüllü siniflərin, Regional Model Peşə Təhsil Mərkəzi və Regional Peşə Kompetensiya Mərkəzi tipli mərkəzlərinin sayını artırmaqla da təhsilə əlçatanlıq imkanlarını reallaşdırmaq olar.

Azərbaycanda bu işsizlərə hər ay pul veriləcək - RƏSMİ

"İşsizlikdən sığorta ödənişi hər bir kəsə şamil edilmir. Müəyyən qaydalar var. "İşsizlikdən sığorta haqqında Qanun"un müvafiq maddəsində nəzərdə tutulan hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərə ödənişlərə şamil olunur". İşsizlikdən sığorta ödənişi şöbəsinin müdiri Eldar Əliyev bildirib. Onun sözlərinə görə, işsizikdən sığorta ödənişi ümumiyyətlə şəxslərin itirdikləri əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş olan bir tədbir formasıdır və şəxsin öz iradəsindən asılı olmadan işsiz qaldıqları təqdirdə onlara ödənilir.: "Yəni işsizlik müavinəti adı altında bir sosial təminat forması yoxdur. İşsiz müraciət edən şəxsin sığorta stajından və xitam olunduğu maddədən asılı olaraq şəxslərə ya itirdikləri orta aylıq əmək haqqının 50 faizi məbləğində və ya minimum sığorta ödənişi məbləğində təyinat aparılır. Bildiyiniz kimi, minimum sığorta ödənişi ölkə üzrə qəbul edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur. Bu, sığorta ödənişinin minimum həddidir. Maksimum həddi isə ötən ildə ölkə üzrə orta aylıq əmək haqqının məbləğinə bərabər tutulur. Bu da hal hazırda 933 manat 80 qəpik təşkil edir".

Yağış yağır, duman var – FAKTİKİ HAVA

Saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Gəncə, Şəki, Oğuz, Qəbələ, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, Sabirabad, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Astara, Ağdamda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10, dağlıq rayonlarda 1 dərəcəyədək isti qeydə alınıb.

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və 1 ədəd məişət avadanlığı yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tbilisidə etirazlar davam edir - Ərazidə tonqal qalanıb

Tbilisidə etiraz aksiyası davam edir. Sozcu.az xəbər verir ki, şəhərin mərkəzi Çavçavadze küçəsini bloklayan etirazçılar ərazidə tonqal qalayıblar. Mitinq iştirakçıları aksiyanın davam etməsi üçün bir-birlərini yeməklə təmin edirlər. Aksiyanın keçirildiyi əraziyə təkərlər gətirilib. Etirazla əlaqədar prospektdə nəqliyyatın hərəkəti dayanıb, bir sıra mərkəzi küçələrdə tıxac yaranıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. 10:20 Gürcüstanın paytaxtında xüsusi təyinatlı qüvvələr tərəfindən Ş.Rustaveli prospektindən uzaqlaşdırılan etiraz aksiyasının iştirakçıları Tbilisi Dövlət Universitetinin binasının yaxınlığındakı Çavçavadze prospektinə gedərək nəqliyyatın hərəkətini dayandırıblar. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, mitinqçilərin Rustaveli prospektindən dağıdılması yerli vaxtla saat 7:00 radələrində baş verib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları yüzlərlə aksiyaçını parlamentin yerləşdiyi prospektdən kənarlaşdırıb. Ancaq etirazçılar həmişəkindən fərqli olaraq səhər qovulduqdan sonra evlərinə dağılmayıblar, əksinə, Melikişvili prospekti ilə daha da irəliləyiblər və universitet binasının yaxınlığında kəsişmədə yerləşiblər. Polis etirazçıları təqib etməyib. Aksiya iştirakçıları yolun hərəkət hissəsində yerləşirlər.

Rusiyanın itkiləri 742 mini ötdü

Ukrayna müharibənin 1012-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 742 130 hərbçi, 9 469 ədəd tank, 19 369 ədəd zirehli döyüş maşını, 20 923 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1019 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 507 ədəd avtomobil texnikası, 19 803 ədəd PUA, 2 852 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 619 xüsusi avadanlıq itirib.

Tramp onu FTB direktoru təyin edir

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keş Pateli Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb. "Keş Patelin FTB-nin növbəti direktoru olacağını elan etməkdən qürur duyuram. Keş karyerasını korrupsiya ilə mübarizəyə, ədaləti və Amerika xalqını müdafiə etməyə sərf edən mükəmməl hüquqşünas, müstəntiq və “Amerika hər şeydən öncə” ideyasının çempionudur", - Tramp yazıb. Trampın sözlərinə görə, Patel Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsini ifşa etməkdə kritik rol oynayıb. Tramp FTB-nin yeni direktorunun Amerikada cinayət epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar dəstələri məhv edəcəyinə, ABŞ-ın sərhədindən keçən narkotik və insan alverinə son qoyacağına əmin olduğunu bildirib. Qeyd edək ki, Keş ABŞ-da dərin dövlət nümayəndələrinin siyahısını dərc edən şəxsdir.

Yaponiya baş naziri qəzaya düşdü

Yaponiya Baş naziri Şiqeru İşibanın olduğu avtomobil Tottori prefekturasında kortejdəki avtomobillərdən biri ilə toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məlumata görə, baş nazirin olduğu avtomobil mühafizənin öndə olan avtomobili ilə toqquşub. Qəza kortejin qısa müddət dayanmasına səbəb olub. Daha sonra avtomobillər hərəkət edib. Baş nazir heç bir xəsarət almayıb.

NATO Rusiya ilə sərhəddə desant təlim mərkəzi yaradır

Arktikada Rusiyaya qarşı mübarizə aparmaq üçün Norveçdə NATO-nun dəniz desantı təlim mərkəzi yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyusvik” nəşri yazıb. Nəşrin məlumatına görə, ABŞ, Böyük Britaniya və Niderlanddan olan hərbi qulluqçular üçün nəzərdə tutulan təlim bazası ölkənin şimalında yerləşir. Bildirilib ki, Norveçin özünün dəniz desantı yoxdur, lakin onun xüsusi təyinatlı qüvvələrinin bir hissəsi bu bölgədə yerləşir. “Böhran və ya müharibə zamanı Norveçi, şimali regionunu və NATO-nu qorumaq üçün birlikdə təlim keçməliyik”, - Norveçin müdafiə naziri Byorn Arild Qram deyib.

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı DAYANDIRDI - Təcili

ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib. “ABŞ Avropa İttifaqı ilə (birlikdə) “Gürcü Arzusunun” Aİ-yə üzvlüyü dayandırmaq qərarına təəssüf edir. Biz öz konstitusiyalarına xəyanətə qanuni etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiq edilməsini qınayırıq – Aİ Kremlə qarşı istehkamdır. Ona görə də biz Gürcüstanla Strateji Tərəfdaşlığı dayandırdıq”, - deyə Metyu Miller brifinqdə bildirib.

Trampdan BRİKS ölkələrinə təhdid: Buna cəhd edən istənilən ölkə...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BRİKS ölkələrini hədələyərək, dollardan uzaqlaşmamağa cəhd etməməyi öhdəsinə götürməsələr, sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada BRİKS üzvü olan ölkələri təhdid edib. Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada “kənara dayanıb BRİKS ölkələrinin dollardan uzaqlaşmağa çalışmasını izləmək” ideyasının bitdiyini bildirib və deyib: - Biz bu ölkələrdən xahiş edirik ki, yeni BRİKS valyutası yaratmayacaq və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəklər.  - Əks halda, onlar 100 faiz tariflərlə üzləşəcəklər və ABŞ-ın böyük iqtisadiyyatına satışla vidalaşacaqlarını gözləməlidirlər. Onlar gedib özlərinə başqa bir "əmici" tapa bilərlər. BRİKS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən istənilən ölkə Amerika ilə vidalaşmalıdır.

Daha bir gürcü səfir aksiyalara dəstək verdi, istefaya getdi

Gürcüstanın Niderland Krallığındakı səfiri David Solomonia hakim Gürcü Arzusu Partiyasının 2028-ci ilə qədər AB-yə üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarına etiraz olaraq istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə diplomat bəyanat yayıb. “Gürcüstanın diplomatik xidmətində işlədiyim üç onilliyin çoxu Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. İşlərin gedişatına zərrə qədər də olsa, təsir göstərə biləcəyimə inandığım müddətdə rəsmi vəzifələrimi ciddi şəkildə yerinə yetirdim. Bu gün bu ümid puç olub. Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, - diplomat bildirib. Bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili eyni səbəblə istefa verib və Avropaya inteqrasiyanın dayandırılmasına qarşı çıxan etirazçılarla həmrəy olduğunu bildirib. Qeyd edək ki, 28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını və qrantlardan imtina edildiyini bildirib. Bunun ardınca müxalifətin kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalara Prezident Zurabişvili də dəstək verir.