Ordumuzun zabiti dəm qazından öldü

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib. N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış. Faktla bağlı araşdırma aparılır.

“Çalışmaq lazımdır ki, toy gecəsinə kimi oğlanlar da bakir olsun”

Ümid Partiyasının sədri İqbal Ağazadə son açıqlaması ilə diqqət çəkib.  Sozcu.az xəbər verir ki, “Künc-Bucaq” adlı “YouTube” layihəsinin qonağı olan partiya sədri bu dəfə sosial məsələlərdən də danışıb.  O, cəmiyyətin maraq dairəsində olan bakirəlik, zifaf gecəsi, “TikTok” sosial şəbəkəsi barədə fikirlərini bölüşüb:  “Heç kim heç kimi bakirə olmağa və ya bakirə olmamağa məcbur edə bilməz. Bu, mədəniyyətlərdən, adətlərdən, düşüncələrdən və milli-mental xüsusiyyətlərdən irəli çıxan bir şey olmalıdır. İnsanlara cəmiyyətin yaxşı tərəflərini düzgün göstərmək lazımdır ki, mütləq bakirə olmalısan, yaxud mütləq bakirəliyin pozulmalıdır kimi anlayışlar olmasın, insanlar seçimi düzgün etsinlər. Azərbaycanın seçimi adət-ənənələrdə, düşüncələrdə, mental xüsusiyyətlərdə qadının zifaf gecəsinə qədər - toy gecəsinə kimi bir insanla belə münasibətdə olmamasıdır. Və bu şəkildə uzun illər yaşamışıq.  Bu gün Avropa ölkələrində bunu az qala dəyər kimi qəbul edirlər, heç də pis şey kimi qəbul etmirlər. Çalışmaq lazımdır ki, oğlanlarımız da bakir olsun. Bunun tam tərsini aşılamaqsa, yanlışdır. Çalışmaq lazımdır ki, oğlanlar da belə olsun. Amma yox onu da pozacaqsan, çünki oğlanlarımız belə deyil kimi yanaşmalar nəticə etibarilə sivilizasiyaların və düşüncələri toqquşması ilə nəticələnəcək. Bizdə mental dəyərlərə və xüsusiyyətlərə imkan tanıyan ağıllı və cahil arasında seçim edərkən dini fanatizmə yuvarlananlar say etibarilə daha çoxdur. O, sabah ölkə üçün problem yarada bilər. Buna görə də təbliğatın nümunəvi hissəsini dövlət özü etməlidir ki, bu tipli şeylər ayaq açıb yeriməsin”.  “TikTok” sosial şəbəkəsi haqda danışan İ.Ağazadə  tez-tez orada edilən paylaşımları izlədiyini də etiraf edib:  “Mən “TikTok”a da baxıram, izləyirəm. Siyasətçi cəmiyyətin həkimidir. Necə ki, fərdi olaraq insanları həkimlər xəstəlikdən müalicə edir, cəmiyyət xəstəliyini də siyasətçilər müalicə edir. Ona görə də mən hər şeyi izləyirəm. Bəzən görürsən ki, “TikTok”da sadəcə qışqırırlar. Deyə bilərsiniz ki, buna baxmasınlar. Amma biz cəmiyyət, hökumət olaraq bunun səbəbini tapmalıyıq”. yensabah)

Azərbaycanda ölmək neçəyə başa gəlir? - Gizli biznes

Yaşamaq kimi ölmək də günü-gündən bahalaşır. Dünyadan köçən bir insanın dəfn xərci ciddi sosial problemə çevrilməkdədir.  Qeyd edək ki, ötən gün millət vəkili Siyavuş Novruzov da bu barədə danışıb. Parlamentari dəfn pullarının artırılmasını təklif edib. Bildirib ki, hazırda verilən dəfn pulu ilə hətta qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil.  Yenisabah.az məsələni araşdırıb.  Məlum olub ki, Bakıda ev qiymətləri əraziyə uyğun olaraq dəyişdiyi kimi, məzar yerinin də qiyməti onun yerləşdiyi ərazidən asılıdır. Ərazinin şəhərə yaxınlığı qiymətlərdə xüsusi rol oynayır. Biləcəri qəbiristanlığında yer - 400-500 AZN, Xırdalan qəbiristanlığı - 800-1500 AZN, Badamdar qəbiristanlığı - 800-2000 AZN, Günəşli qəbiristanlığı - 600-1500 AZN, Qaraçuxur qəbiristanlığı - 200-1000 AZN, Qurd qapısı qəbiristanlığı - 2000-3000 AZN, Hövsan qəbiristanlığı - 150-300 AZN, Zabrat qəbiristanlığında 500-1000 AZN civarındadır. Bu qiymətlər təbii ki, stabil deyil. İldən-ilə, şərtlərə və şəraitə uyğun dəyişir.  Əlavə olaraq, ölünün yuyulması üçün 70-80 AZN arası məbləğ ödənilir. Qəbir daşının isə ən ucuzu 1000 AZN-dan başlayır. Bu məbləğ 3-5, bəzən isə 10-15 min manata qədər arta bilir.  Bu barədə iqtisadçı ekspert Xalid Kərimli “Yeni Sabah”a bildirib ki, burada əsas məsələ dəfn pullarını artırmaq deyil:  “Dəfn üçün verilən pul ən çox nə qədər artırıla bilər ki, bütün xərcləri ödəsin? Bunun üçün dəqiq rəqəm demək mümkün deyil. Məncə, sözügedən problemin həlli dəfn pullarının məbləğindəki artımla bağlı deyil. 5-10 manat artırılmaqla bütün xərcləri qarşılamaq olmur.  Əgər dövlət vətəndaşını düşünürsə, dəfn üçün verilən məbləği artırmaq əvəzinə məzar yerlərinin şəffaf şəkildə seçilməsini və daha əlçatan olmasını təmin etməlidir. Şəhər ərazisində olan qəbiristanlıqlarda dəfn yerləri ya mollalar, ya da məzarlığın qeyri-qanuni sahibləri tərəfindən satışa çıxarılır. Belə olduqda isə qiymətlər od tutub yanır”.  İqtisadçı təklif edir ki, məzar yerlərinin satışına dövlət nəzarəti olsun: “Məhz bu səbəbdən alış şərtləri normallaşdırılmalıdır. Dəfn yerlərinin satışında qeyri-şəffaflıq hökm sürür. Məsələnin öz həllini tapması üçün, bu yöndə tədbirlər görülməlidir. Təklif edirəm ki, məzar yeri almaq üçün elektron portal yaradılsın. Həmin portala dövlət nəzarət etsin ki, dəfn yerləri qanunsuz şəkildə satışa çıxarılmasın. Əhali arasında ədalətli bölgü aparılsın. Şəffaf aparılan proses nəticəsində hər kəs üçün normal qiymət müəyyənləşdirilsin”. 

Türkiyə ilin sonunadək İsveçin NATO-ya üzvlüyünə “hə” deyəcək

İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası vəziyyətə təsir edə biləcək həddi aşmadığı təqdirdə ilin sonuna qədər həll edilə bilər. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisindəki mənbə “Ria Novosti”yə bildirib. Bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyü prosesinin tezliklə başa çatacağına ümid etdiyini demişdi. "Cümə axşamı parlamentin xarici işlər üzrə komissiyası İsveçin müraciətinə baxmağa başlayacaq. İndi müsbət fon var, biz Stokholm tərəfdən konstruktiv yanaşma görürük. Vəziyyətə təsir edə biləcək həddi aşmadığı halda, prosesin ilin sonnadək yekunlaşmaq ümidi var”, - agentliyin həmsöhbəti bildirib. Finlandiya və İsveç 2022-ci ilin mayında Ukraynada baş verən hadisələr fonunda NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər. Finlandiya aprelin 4-də alyansın 31-ci üzvü olub. İsveçin müraciəti hələ də Macarıstan və Türkiyə tərəfindən yekun təsdiqini almayıb. İsveç Avropa Birliyinin üzvü kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarda ərizənin ratifikasiyası müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə kömək etmək barədə razılığa gəlib. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsveçin NATO-ya qəbulu və Türkiyənin Aİ-yə qəbulu məsələləri “bir-biri ilə əlaqəli deyil”. Avqust ayında o, İsveçin bu payızda alyansa qoşulacağına nikbin olduğunu demişdi.

Ararat Mirzoyan Londondakı “Çatam Haus”da Azərbaycandan BƏHS ETDİ

Londondakı Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş-müzakirə keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı həm Ermənistan-Böyük Britaniya münasibətləri sahəsində, həm də regional hadisələr kontekstində geniş spektrli məsələlərin müzakirə edildiyi bildirilir. Nazir Mirzoyan Ermənistanın xarici siyasət prioritetlərini, son regional hadisələri, eləcə də Ermənistanın beynəlxalq platformalarda iştirakı ilə bağlı bir sıra məsələlərə hərtərəfli toxunub. A.Mirzoyan Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olması, qonşularla münasibətlərin tənzimlənməsi ilə bağlı Ermənistan Respublikasının mövqeyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinin təklif etdiyi imkanlardan da danışıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən bəhs edən və Ermənistanın sülh gündəliyinə sadiqliyini bildirən nazir deyib ki, erməni tərəfinin yanaşmaları əsasən Qranadada qəbul edilmiş dördtərəfli bəyannamədəki prinsiplərdə ifadə olunub. O, Azərbaycanın bu prinsiplərə əsaslanan sülh prosesinin davam etdirilməsinə qeyd-şərtsiz sadiqliyinin və beynəlxalq tərəfdaşların güclü dəstəyinin vacibliyini vurğulayıb. Məlumata görə, tədbirdə Qarabağdan Ermənistana köçən ermənilərin ilkin ehtiyaclarının və hüquqlarının həlli ilə bağlı məsələlərə də toxunulub. Mirzoyan iştirakçıların bir sıra suallarını cavablandırıb. Görüşün sonunda Ararat Mirzoyan institutun direktoru Bronven Maddoks ilə qısa söhbət edib.

Rusiyanın itkiləri 315 minə yaxınlaşır

Ukrayna müharibənin 630-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 314 290 hərbçi, 5377 ədəd tank, 10104 ədəd zirehli döyüş maşını, 7647 ədəd artilleriya sistemi, 884 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 582 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 020 ədəd avtomobil texnikası, 5675 ədəd PUA, 1562 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1083 xüsusi avadanlıq itirib.

Çin sədri ABŞ-da səfərdədir

Çin sədri Si Szinpin ABŞ-a səfər edib. Sozcuu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Si Szinpinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) illik sammitində iştirakından əvvəl ABŞ Prezidenti Co Baydenlə görüşü planlaşdırılır.

İlham Əliyevdən Qəzzadakı gərginliyə münasibət

Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik. Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda əksini tapıb. "Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir", - Prezident bildirib.

“Ermənistanın KTMT iclasını boykot etməsi sərhəddə gərginliyə səbəb ola bilər...”

“Amma Ermənistan hakimiyyəti Rusiyadan sonsuzadək qorxmamalıdır...” “Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir və Ermənistan hakimiyyəti ölkənin təhlükəsizlik sistemini diversifikasiya etməyə çalışır”, Sozcu.az xəbər verir ki, bunu politoloq Armen Vardanyan “Kavkazskiy uzel” nəşrinin müxbirinə Paşinyanın KTMT-nin Minsk sammitinə getməkdən imtina etməsini şərh edərkən söyləyib. O, Ermənistan hakimiyyətinin KTMT-nin iclaslarında iştirakdan imtinasını “Rusiyaya qarşı demarş” adlandırıb və əlavə edib ki, Ermənistan Rusiya özünə birbaşa düşmən etməmək üçün qurumdan çıxmır.  “Ermənistan formal olaraq KTMT üzvlüyünü saxlayır, lakin iclasları boykot edir. Blokdan çıxmaq zaman məsələsidir. Və hələ ki, Ermənistan boykot variantını seçib ... Amma Ermənistan hakimiyyəti Rusiyadan sonsuzadək qorxmamalıdır”, - erməni politoloq belə hesab edir. Vardanyan KTMT-nin iclasının boykot edilməsinin təmas xəttində, yəni Azərbaycan-Ermənistan sərhədində eskalasiyaya, gərginliyə səbəb olacağını da istisna etməyib.

Sülh müqaviləsinin mətni nüvə fizikası deyil - Hikmət Hacıyev

Sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə çatdırıb ki, Ermənistanın cavabının tezliklə təqdim ediləcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib. “Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimai bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu, tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez tamamalana bilərdi. Top indi Ermənistanın meydançasındadır!”- deyə Hacıyev vurğulayıb.

Sülh danışıqları bu şəhərlərdə baş tuta bilər - Qriqoryan

Ermənistan-Azərbaycan danışıqları tezliklə Brüssel və ya Vaşinqtonda baş tuta bilər. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya müsahibəsində deyib. O qeyd edib ki, ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Lui Bononun regiona səfərinin məqsədlərindən biri də Vaşinqtonda görüş təşkil etməkdir. "Azərbaycanla sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq", - Qriqoryan vurğulayıb.

Ukrayna hərbçiləri Rusiyanın Su-25 hücum təyyarəsini vurdu

Noyabrın 14-də Avdeyevka istiqamətində Rusiyanın hərbi təyyarəsi vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Tavriya Müdafiə Qüvvələrinin rəsmisi polkovnik Aleksandr Ştupun məlumat verib. O qeyd edib ki, Ukrayna hərbçiləri Rusiyanın Su-25 hücum təyyarəsini vurub. Su-25-in vurulması üçün hansı silahdan istifadə edildiyi barədə məlumat verilməyib.

Övladlarımızı hansı loqopedlərə etibar edə bilərik? - Mütəxəssisdən VACİB AÇIQLAMA

Bir neçə gün əvvəl loqopedlə bağlı sosial şəbəkələrdə yayılan video insanların qınağına səbəb olmuşdu. Videoda sözügedən şəxs uşaqla çox kobud davranaraq onu qorxutmuşdu. Bu hallarla bağlı bir neçə dəfə görüntülər gündəmə çevrilib. Bəs valideynlər uşaqlarına loqopedə etibar etməzdən öncə nələrə diqqət etməlidirlər? Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bir sıra nüansları açıqlayıb. O qeyd edib ki, valideynlər loqopedlərin hər sözünə inanıb, bu cür davranışları normal qəbul etməməlidirlər: “Uşaqlarla bağlı peşələrdə xüsusilə psixoloji və stresə qarşı dayanıqlılıq çox vacibdir. Ümumiyyətlə insan faktoru olan sahələrdə bu cəhətlərin olması mütləqdir. Əgər loqoped peşəsində çalışmaq istəyirsənsə, bu işi sevməlisən. Sevməsən, burada çalışa bilmərsən. Hər şeydən öncə loqoped peşəsi çox böyük psixoloji səbr tələb edən sahədir. Çalışdığın peşəni sevsən, bu işin mütəxəssisi olursan. Mütəxəssis olduqda isə kimə necə davranmaq lazım olduğunu bilirsən”.  Psixoloq bildirib ki, hər uşağın psixologiyası fərqlidir: “Loqoped uşaqlara eyni yanaşmamalıdır. Çünki onlar müxtəlif olduğu kimi, hər uşaq üçün nəzərdə tutulan terapiya üsulu da fərqlidir. Valideyn övladını kimə əmanət etdiyini bilməlidir. Valideynlərə başqa bir tövsiyəm isə ucuza qaçmamaqdır. Bunun da bir sıra səbəbləri var. Loqoped peşəsi öz üzərində işləməyi tələb edir. Həmin peşəyə yiyələnənlər çox sayda kurslara, təlimlərə qoşulur. Bunların hamısı maddiyatla birbaşa bağlıdır. Seansları ucuz olan dırnaqarası mütəxəsislərin isə uşaqlara faydası olmur. Bu artıq yaşanan neçənci hadisədir. Bütün vaxtını canlı yayım açmağa sərf edən şəxsin nə kimi faydası ola bilər? Bu müəssisələrdə kamera nəzarəti olmalıdır. Valideynlər övladlarını kameradan izləyib, loqoped deyə seçdikləri şəxsin uşağa necə davranmasına fikir verməlidirlər. Yoxsa təkcə qiymətin ucuz olmasına görə loqoped seçmək doğru deyil”. F.Mehmanqızı bu peşədə çalışanların dırnaqlarına diqqət yetirmək lazım olduğunu da vurğulayıb: “Loqopedlər ağız masajı edir. Bu səbəbdən onların əlləri təmiz və səliqəli olmalıdır. Həmin videoya diqqət yetirsəz, o qızın dırnaqlarının uzun olduğunu görə bilərsiniz. Dırnaqların uzun olması uşağın ağız nahiyəsi üçün olduqca təhlükəli haldı. Bu həm onu yaralayıb, incidə, həm də orqanizminə zərərli mikrobakteriyaların düşməsinə səbəb ola bilər”.

"Qızları ali təhsil almağa deyil, ərə gedib uşaq doğmağa yönləndirmək lazımdır..." - Qəribə çağırış...

"40 yaşında özünü ana kimi gerçəkləşdirə bilməyən qadın ev ocağının nə demək olduğunu bilmir..." Rusiyada qızlara ali təhsil almaqdansa, uşaq doğmağa çağırış edilib Çelyabinsk vilayətindən olan senator Marqarita Pavlova gənc qızlara ali təhsildən doğuşa yönəlməyə çağırış edib.  Sozcu.az xəbər verir ki, bu barədə o, "Tsarqrad" telekanalına müsahibəsində bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb. "Qızları ali təhsil almağa yönləndirməkdən əl çəkmək lazımdır. Ali təhsil alan, sonradan mahiyyətcə heç bir şeyə gətirib çıxarmayan gənclər yetişdirməkdən əl çəkilməlidir. Onlar ya başqa ixtisaslar üzrə, ya da başqa bir sahədə işləməyə başlayır, sonra da özünə yer tapmaq üçün uzun illər lazım olur, nəticədə uşaq doğmaq funksiyası nəzərdən qaçırılır", - Pavlova deyib. Onun fikrincə, hansısa "mifik inkişaf" dalınca qaçmaq deyil, ərslərin dərinliyinə nüfuz etmək lazımdır, çünki bəzən inkişaf "deqradasiyaya bərabərdir". "Son 100 ildə inqilab səbənindən qadınlar işləmək imkanı qazanıb və az doğmağa başlayıb", - senator deyib və əlavə edib ki, zərif cinsin nümayəndələri öz üzərinə kişilərin funksiyasını götürüb, kişilər onlara qadın kimi baxmır. Bundan başqa, Pavlova qeyd edib ki, hazırda valideynlər qızlarını əvvəlcə təhsil almağa, karyera qurmağa, mənzil almağa, sonra isə ərə gedib uşaq doğmağa yönləndirir. Nəticədə 40 yaşında özünü ana kimi gerçəkləşdirə biməyən qadın "ev ocağının nə demək olduğunu  bilmir". Senator əmindir ki, bu dəyərlər sistemini dəyişmək lazımdır. "Bizi yanlış yola çəkməyə çox cəhdlər edilir, guya, demoqrafiyanı iqtisadi tədbirlərin köməyilə qaldırmaq olar, bunun üçün ailələrə daha çox müavinət, mənzil, maşın vermək təklif edilir. Bizə deyirlər ki, bu amillər olmasa, gənclər uşaq doğmaq qərarına gəlməyəcək. Bu, tamamilə yanlış yoldur və Ərəb Əmirliklərinin təcrübəsi bunu sübut edir. Orada ailəyə hər cür dəstək göstərilir, lakin bu zaman doğuş əmsalı artmır", - Pavlova deyib. Qızları "ali təhsil almağa yönləndirməkdən əl çəkmək lazımdır", çünki onlar doğmağı unudur", - senator bəyan edib. Onun "zamanı geriyə döndərməkdə" ittiham olunmasından çəkinib-çəkinməməsi barədə suala cavabında senator deyib: "Burada qorxulu nə var ki?". Məmur qadının özü 21 yaşında "sosial-mədəni sahədə sosial-psixoloq" ixtisası üzrə ali təhsil alıb.  Gələcək senator ərə gedib və ali məktəbi bitirdikdən dörd il sonra qızını dünyaya gətirib. Bu zaman o, Çelyabinsk vilayətinin sabiq qubernatoru Mixail Yuryeviçin ailəsinə məxsus telekanalda işləyib.moderator)

İcra və Probasiya Şöbəsi məhkəmə qərarlarını heçə sayır - Şikayət

Ağsu rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarlarının icrasını həyata keçirmir. Sozcu.az xəbər verir ki, bu barədə Bakupost.az -a zərərçəkmiş Rəşad Cəbrayılovun vəkili Azər Tağıyev məlumat verib. Onun sözlərinə görə, Ağsu Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Ömərov Sübhan Osman oğlundan 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Rəşad Cəbrayılov Tələt oğluna ödənilməsi qət edib: “Qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməyib və qətnamə icraya yönəldilib. Qətnamənin icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib. Artıq bir neçə ay müddətdir ki, borclu Sübhan Ömərov barəsində bir sıra icra tədbirləri yerinə yetirilsə də, o, bu günə kimi qətnamənin icrası üçün heç bir addım atmayıb, qətnaməni qərəzli olaraq icra etməkdən yayınır. Ağsu rayon İcra və Probasiya Şöbəsi ona görə də borclu Sübhan Ömərovun barəsində cinayət işi başlanması üçün icra sənədlərini bir neçə ay əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərib. Lakin, hazırda nə qətnamə icra olunmayıb və bizə icra işinin hansı vəziyyətdə olması barədə məlumat vedrilməyib”. Vəkil bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, yeni zamanda Şəki Apelyasiya Məhkəməsinin sədri Nuru Quliyevə müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb. Məlumata görə, dələduzluq yolu ilə 14800 manatı mənimsəmiş Sübhan Ömərov Ağsuda öz biznesi ilə məşğuldur. Məsələ ilə bağlı Ağsu rayon İcra və Probasiya Şöbəsinin mövqeyini yayımlayacağıq.

"Quterreş BMT-nin rəhbəri olmağa layiq deyil"

İsrailin xarici işlər naziri Eli Koen Qəzzada dərhal atəşkəsə çağıran BMT-nin baş katibi Antonio Quterreşi tənqid edib. Sozcu.az xəbər verir ki, bu barədə o, Cenevrədə çıxış edən zaman danışıb. Nazir deyib ki, Quterreş BMT-nin rəhbəri olmağa layiq deyil. "Quterreş regionda heç bir sülh prosesini təşviq etmir", - İsrailin xarici işlər naziri bildirib O, BMT baş katibinin İrana çox yaxın olduğunu vurğulayıb.

ATƏT Qarabağın Azərbaycan ərazisi olduğu TƏSDİQLƏDİ

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə sadiqliyini alqışlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ATƏT PA-nın bəyanatında bildirilib. Pia Kauma və Kari Henriksenin Azərbaycana səfərləri ilə bağlı təşkilatın yaydığı bəyanatda qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi ilə Ermənistanla hərtərəfli tənzimləməyə nail olunması istiqamətində müzakirə aparılıb. Bəyanatda Qarabağın Azərbaycanın regionu olduğu vurğulanıb. “Azərbaycana bu gün başa çatan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycan öz Qarabağ regionu üzərində nəzarətini bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib. Sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktiv iştirak vacibdir”. Bildirilir ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının indi davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanı var. Bəyanatda vurğulanıb ki, Azərbaycanın ATƏT PA-da güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir. ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışlayıblar. Nümayəndə heyəti, həmçinin ərazilərin minalardan təhlükəsizliyini təmin etmək, yenidənqurma və reinteqrasiya sahəsində irəliləmək üçün əhəmiyyətli səyləri yüksək qiymətləndirib, beynəlxalq ictimaiyyəti Azərbaycanda təhlükəsizlik və humanitar vəziyyətin inkişafında iştirakını davam etdirməyə çağırıb.

Trampın prezidentliyə namizədliyi təsdiqləndi - Conson

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi təsdiqlənib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib. “Mən hamılıqla Trampın tərəfdarıyam", - Conson qeyd edib.

"İş yerləri yox, əhalinin 80 faizi nənəsinin babasının pensiyasını gözləyir"

Əhalinin 80 faizi nənəsinin babasının pensiyasını gözləyir. Sozcu.az xəbər verir ki, bunu paralamentin bu gün keçrilən iclasında deputat Tahir Kərimli deyib. Deputat qeyd edib ki məmurlar və deputatlar insanlardan qaçır: "Özümü də bura qatıram. Hökumət üzvlərimiz, deputatlarımız gedirik insanlarla görüşlər keçiririk, onları qəbul edirik və tez də qayıdırıq. Niyə? Çünki özümüzü qoruyuruq. Hər birimizin içində pisliklə, zalımlıqla bərabər, yaxşılıq, mərhəmət hissi də var. Qorxuruq ki, qabağımızda o camaat  ki, var - cavanları xaricə qaçıb, özləri zəzlil vəziyyətində. Əhalinin 80 faizi ancaq nənəsinin, babasının pensiyalarını gözləyir, iş yerləri yoxdur, xəstəsini müalicə etdirə bilmir, qızını ərə verə bilmir, oğlunu evləndirə bilmir, yaxşı iş tapmır. Onların ağrısını ürəyimizdən keçirək. Bir çoxlarımız, valideynlərimiz, ailələrimiz vaxtilə bu şəraitdə yaşamışıq. Biz özümüzü qoruyuruq, bəs xalqımız? İstəyirəm ki, bu məsələlər sürətlə həll olunsun. Şəhid ailələri, qazilərimiz və veteranlarımız üçün ayrıca komitə yaratmaq lazımdır ki, onların dərdi-səri ilə məşğul olsun." -deyə deputat vurğulayıb.

İrəvandan Kremli qəzəbləndirəcək daha bir AÇIQLAMA: Borclu deyilik...

"Heç bir razılaşma və ya bəyanatla Ermənistan heç bir dövlətə ekstraterritorial dəhliz verməyə borclu deyil". Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Avrointeqrasiya üzrə daimi komissiyasının sədri Arman Yeqoyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib. "Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin yola nəzarət etməsinə gəlincə, mətni oxuyun. Fransa ilə əməkdaşlığımız davam edəcək və burada qeyri-qanuni heç bir şey yoxdur. İstənilən dövlətin öz ordusunu istədiyi kimi silahlandırmaq hüququ var", - deyə Yeqoyan söyləyib.

Bəzi dövlətlərin Ermənistanı silahlandırması… - DTX rəisi

Regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb. ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib.

Qeydiyyatsız evlər sənədləşdirilir - Bu evlər sökülə bilər

"Hazırda Bakı və ətrafında mövcud olan və təxminən sayı 500 minə yaxın olan fərdi yaşayış evlərinin qeydiyyat sənədi yoxdur. Onların qeydiyyatının aparılması hökumətin özünə də vacibdir. Çünki büdcəyə vergi və digər xidmətlərdən maliyyə gələcək. Həmçinin, bu, bir neçə sektora, o cümlədən bank sektoruna da ciddi təsir edəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib. Ekspert bildirib ki, bu məsələ ilə bağlı Prezident illər öncə rayon icra hakimiyyətlərinə müəyyən tapşırıqlar verib: "Yerlərdə olan evlərin araşdırılması, onların mövcud vəziyyəti, kommunikasiya xətlərinə yaxın ərazidə tikilməsi və s. bağlı sənəd təqdim olunmalı idi. Məsələ ilə bağlı tək rayon icra hakimiyyətləri deyil, Əmlak Məsələləri Dövlət Xidməti, bələdiyyələr, həmçinin hökumətin bəzi qurumları, Arxitektura və Şəhərsalma Komitəsi də daxil olmaqla araşdırmalara başlayıb. Məndə olan məlumata görə, hətta qeydiyyatı olmayan evlərin bir-bir inventerlaşdırılması aparılıb. Harada hansı ev yerləşib, vəziyyəti necədir bununla bağlı müvafiq işlər başa çatdırılıb və sənəd ümumilikdə Nazirlər Kabinetinə təqdim edilib”. Ekspert hazırda bu sənədin hökumətdə müzakirə mərhələsində olduğunu vurğulayıb: "Orada da ən çox müzakirə yaradan məsələ kommunikasiya xətlərinin üzərində yerləşən fərdi yaşayış evləri ilə bağlı olub. Bu sosial məsələdir, məhz bu üzdən hökumət məsələyə ehtiyatla yanaşır. Nəyə görə? Bəzi evlər var ki, doğrudan da sökülməlidir. Həmin evlər insanların sağlamlığına ciddi təsir göstərən və təhlükəli olan zonalarda yerləşir. Yüksək gərginlikli elektrik xətlərinin altında, yüksək təzyiqli qaz kəmərlərinin altında yer, yüksək təzyiqli su xətlərinin üstündə və neft müqaviləsinin ərazisində olan torpaqlarda yerləşən evlərdə insanların yaşaması belə onların sağlamlığına ziyan vurur. Hökumət bununla bağlı məsələdə ehtiyyatla davranır. Yaşayış məntəqələri olan torpaqlarda tikilən evlər isə sənədləşəcək”. Ramil Qasımzadə hətta bəzi evlərin kənd təsərrüfatlı təyinatı olan torpaqlarında tikildiyini diqqətə çatdırıb: "Artıq bununla bağlı işlər yekunlaşıb. Əsas məsələ kommunikasiya xətlərinin üzərində olan evlərlə bağlıdır. Orada hökumət araşdırma aparır ki, hansı xətləri qəsəbədən yan keçirmək, hansı xətlərin yerini dəyişmək olar və yaxud da çıxılmaz vəziyyət olarsa kompensasiya ödənilməsi yolu ilə həmin evlərin sökülməsi məsələsi gündəmə gələ bilər. Prosesin yubanmasının əsas səbəblərindən biri dunur”. Əmlak ekspertinin fikirincə, oktyabr ayının 1-dən etibarən Nazirlər Kabinetinin verdiyi sərəncam da məhz gələcəkdə qanunsuz tikilinin qarşısını almaq və belə tikililərin olmaması üçün qəbul edilib.

Anasını öldürən yeniyetmənin məhkəməsi: 192 bıçaq zərbəsi...

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı Ziya Mansurovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüsü nümayiş etdirilib. Görüntüdə Z.Mansurov anasının qətlini əvvəlcədən planlaşdırdığını bildirib: "Anam məni hər gün döyür, işgəncələr verirdi. Çox vaxt mənə şişlə zərbələr endirirdi. Buna görə də mən onu öldürmək qərarına gəldim. Mətbəxdən bıçağı götürüb onun yataq otağına keçdim, üstü yarıya qədər örtülü, üzüaşağı uzanmışdı. İlk bıçaq zərbəsini başından vurdum. Zərbənin təsirindən ayılandan sonra ona ard-arda zərbələr endirdim. O, yatağından qalxıb məni kənara itələyib bacılarımı çağırdı. Bacılarım otağa daxil olanda onların üstünə qışqırıb qonaq otağına qovdum. Sonra qapını bağlayıb yenidən həmin otağa qayıdıb yenidən ona zərbələr endirdim. Anam qan içində mənim otağıma qaçanda onu paltar dolabına söykəyib yenidən zərbələr endirdim. Bu vaxt anam qaçıb ayaqyoluna girib qapını bağlamaq istədi. Onun ardınca içəri girib yenidən bıçaq zərbələri vurdum. Bu vaxt o halsız vəziyyətdə yerə uzandı və məni söyməyə başladı. Bu vaxt onun boynundan zərbələr endirdim. Tam hərəkətsiz yerdə qan içində idi. Ölməyinə tam əmin olmaq üçün nəbzini yoxladım, gördüm ölüb. Daha sonra bacılarımı çağırıb dedim ki öldürdüm. Bacılarım anamın telefonu ilə əvvəl atama, sonra əmimə, daha sonra isə polisə məlumat verdilər". Məhkəmədə məlum olub ki, hadisədən sonra evdə qan izləri dərhal silinib. Təqsirləndirilən şəxsin bacısı Nərmin Mansurova bildirib ki, qan izlərini atası və polislərin qorxusundan siliblər. Prokuror Rauf Malışov isə qeyd edib ki, cinayət işi üzrə əlavə şahidlərin dindirilməsinə ehtiyac var. Zərərçəkmiş şəxsin vəkili Hikmət Xəlilov hadisədə şübhəli məqamların olduğunu bildirib və işin yenidən istintaqa qaytarılmasını istəyib: "Cinayət işindən görünür ki, iş ətraflı araşdırılmayıb. Cinayət işində qonşular şahid qismində dindirilməyib. Bu iş ağırlaşdırıcı məqamlar var ki, həmin məqamlar araşdırılmayıb. İş istintaqa qaytarılmalı, dəlillər hərtərəfli araşdırılmalı və təqsirləndirilən şəxsə ağırlaşdırıcı maddələr verilməlidir. Qətlə yetirilən şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu işdə şübhəli məqamlar çoxdur". Müşavirədən sonra vəsatət təmin olunub, iş üzrə əlavə şahidlərin prosesə dəvət olunması barədə qərar qəbul edilib. Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Ziya Mansurov anası, 1977-ci il təvəllüdlü Solmaz Mansurovanı qətlə yetirməsi ilə bağlı müəyyən şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Z.Mansurov cinayəti törədən zaman məktəbli olub.

Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib. Sozcu.az xəbər verir ki, bu, müəllifin sayca 22-ci kitabıdır. 44 günlük müharibədən sonra regionda çox ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən, müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin məzmunu kimi məsələlərin aktuallaşdığı şübhəsizdir. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi çox aktualdır. Təqdim edilən kitab Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri, Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər və Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr başlıqlı mövzuları əhatə edir. Arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu kitabıb mənbəşünaslıq bazasını təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizinn təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub -Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Mövzu ilə bağlı kitabda nadir arxiv sənədləri və xəritələr öz əksini tapır. Təqdim edilən kitab geniş oxucu kütləsi və elmi tədqiqatlar aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektívlərini təhlil edir. PS: Kitabın çapında dəstək verən şəxslərə təşəkkürümü bildirirəm. Məhz onların sayəsində kitab nəşr edildi. Dizayn üçün dostum Rovshan Abbas -a minnətdaram.