Ukrayna kəşfiyyatı: Rusiyanın Belqorod və Kursk vilayətləri aktiv döyüş əməliyyatları zonalarıdır

Diversiya qrupları Rusiyanın iki sərhədyanı regionunu “aktiv döyüş əməliyyatları zonasına” çevirib. “Report” yerli “İnter” telekanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov milli telemarafonda bildirib. Əvvəllər Ukraynada yerləşən qruplar Belqorod və Kursk vilayətlərində döyüşdüklərini bildirərək təhlükəsizlik məqsədilə yerli sakinlərdən təxliyə olunmalarını istəyiblər. “Kursk və Belqorod vilayətləri hazırda aktiv hərbi əməliyyatlar zonasıdır. Biz bunu təsdiq edirik”, – Yusov söyləyib. Rusiya Müdafiə Nazirliyi sərhədi yarmaq cəhdinin qarşısı alındığını bildirib. Qurumun məlumatına görə, Belqorod vilayətinin ərazisinə soxulmağa cəhd edən 195-ə qədər ukraynalı hərbçi öldürülüb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib ki, sərhədə hücum sonucunda iki nəfər ölüb, azı 20 nəfər yaralanıb. Daha sonra Qladkov açıqlayıb ki, regionda Ukrayna qoşunları yoxdur, döyüşlər onun hüdudlarından kənarda gedir. “Ancaq bizim Kozinka çox zərər çəkib, dağıntı çox ciddidir. Ərazi özünümüdafiəçiləri və keşişlə birlikdə sakinləri təhlükəsiz yerə apardıq”, –o, teleqramda yazıb. Kursk vilayətinin qubernatoru Roman Starovoyt qeyd edib ki, Ukraynanın diversiya-kəşfiyyat qrupu Tetkino kəndinə girməyə uğursuz cəhd edib. Rusiya Qvardiyasının mətbuat xidməti bildirib ki, qurumun əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbçiləri və sərhədçiləri ilə birlikdə kənddə hücumun dəf edilməsində iştirak edirlər.

Şagirdə qarşı qeyri-etik hərəkət etdiyi iddia olunan müəllim və direktor işdən çıxarıldı

Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılımış informasiya barədə araşdırma aparılıb. Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi açıqlama yayıb. Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib: “Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Bakıda 32 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var

Martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Bu rayonlarda narkotik istifadəçiləri daha çoxdur - SİYAHI

2023-cü ildə Bakı şəhəri üzrə 11 152 nəfər, Sumqayıt şəhəri üzrə 3 692 nəfər, Gəncə şəhəri üzrə isə 3 193 nəfər narkotik istifadəçisi qeydiyyatda olub. Sozcu.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub. Rayonlar üzrə statistikaya gəlincə, narkotik istifadəçilərinin sayına görə ilk üçlükdə yer Lənkəran, Salyan və Şirvan rayonları yer alıb. Lənkəranda 3 193 nəfər, Salyanda 1 248 nəfər, Şirvanda 1 233 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Ölkə üzrə isə narkotik istifadəçilərinin sayı 36 659-dur.

Azərbaycanda məmur rüşvətə görə həbs edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  Əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əmək haqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.  Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.  İlkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.  Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir. 

Tramp anlayacaq ki, Putinlə mümkün deyil - Conson

Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə razılaşmanın mümkünsüz olduğunu anlayacaq. Sozcu.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib. Consonun sözlərinə görə, Trampın seçkilərdəki mümkün qələbəsindən panikaya düşmək lazım deyil, çünki xələfi Barak Obamadan fərqli olaraq, o, Ukraynaya silah verən ilk şəxs idi: “Tramp nə vaxtsa Putinlə danışıqlar aparmağa qadir olduğunu düşünə bilər, amma başa düşəcək ki, Putinlə heç bir sövdələşmə mümkün deyil. Ona görə də düşünürəm ki, sonda o, demokratiyanın qorunmasına kömək edəcək və Ukraynanı dəstəkləyən bir prezident olacaq. Ukraynaya yardımın əleyhinə olan ultra-respublikaçılara gəlincə, düşünürəm ki, bu, prezident seçkilərindən sonra dəyişəcək”.

Novruz bayramı ərəfəsində heç bir əfv gözlənilmir - Açıqlama

Novruz bayramı ərəfəsində heç bir əfv gözlənilmir. Bu sözləri Axar.az-a açıqlamasında Mətbuat Şurasının sədri, Əfv komissiyasının üzvü Rəşad Məcid deyib. “Əfv imzalanması üçün proses yanvar ayından başlanmalı, müraciətlərə baxılmalı, siyahı hazırlanmalı idi. Çünki bu proses ən azı iki ay vaxt aparır. İndiyə qədər belə bir proses getməyib. Ona görə də Novruz bayramı ərəfəsində əfv gözlənilmir”, - o bildirib.

ABŞ-dan qayıdan Dudanın təyyarəsində problem yarandı

Polşa Prezidenti Andjey Dudanın təyyarəsində problem yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Dudanın ABŞ-dan qayıtmaq üçün istifadə edəcəyi hökumət “Boinq” təyyarəsinin nasaz olduğu ortaya çıxıb. O, alternativ təyyarə ilə uçmalı olacaq, lakin proqram dəyişməyib. Duda ABŞ-dan sonra Brüsselə yollanır və burada NATO-nun baş katibi ilə görüşəcək”, - məlumatda deyilir.

"Varlı açıq-saçıq geyinəndə deyirlər ki, “modadır”, kasıb o cür geyinəndə deyirlər, “pozğunluqdur”

“Məndən soruşurlar ki, cəmiyyətdə əxlaqsızlığın artması sizi narahat etmirmi, buna qarşı necə mübarizə aparmaq olar? Bu, çox ağır mövzudur. Doğrudan da, sosial şəbəkələr, televiziyalar və digər vasitələrdə sosializm dağılandan sonra elə vəziyyət yarandı ki, əxlaqsızlıq həndəsi silsilə ilə artdı. Çox geniş vüsət alıb. Cəmiyyətdə əxlaqsızlığı təmizləmək kömürü ağartmaq kimi bir şeydir, yəni bu qədər çətindir. Həzrəti Peyğəmbərdən soruşurlar ki, bütün peyğəmbərlərin möcüzəsi var, bəs sənin möcüzən nədir? O deyir ki, mən əxlaqı tamamlamaq üçün göndərildim. Əxlaq bizim milli sərvətimizdir. Hətta cəhalətə qarşı mübarizə aparan Mirzə Fətəli Axundov deyib ki, dinin əsas vəzifəsi əxlaqdır. Ümumiyyətlə, 4 şey insan əxlaqını pozur - tamahkarlıq, qorxaqlıq, tənbəllik, borc alıb qaytarmamaq. Əxlaqlı insan odur ki, onda hiylə olmaz. Kiminsə hiyləsi varsa, o, əxlaqlı insan deyil. Bütün dahilər deyiblər ki, övladlarınıza puldan çox əxlaq verin”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. Deputat düşünür ki, əxlaqsızlığa ən çox kütləvi təsir vasitələri yol açır: “Subyektiv səbəblər də var. Mən vaxtilə çox müqavimət göstərdim. Avropa Şurasına daxil olanda, bizdən tələb etdilər ki, Cinayət Məcəlləsinin 113-cü - namus maddəsini ləğv edin. Ləğv etdik, bu, düzgün deyildi. Baxın, Avroviziya mahnı müsabiqəsində geylərin paradı təşkil olunur. Belə şeylərdən narahat oluram. Əxlaqdan kənar insanlıq yoxdur, heyvanlıq var. Hətta bəzi heyvanlar belə təknikahlı olur. Bütün insani dəyərlərin təməli əxlaqdır. Deyirlər ki, əxlaq məhdudiyyətdir. Belə deyil. Əksinə, əxlaq azad, dürüst həyata itaət etməkdir. Mənəviyyat, əxlaq insanlar arasında olan münasibətlərin ən mühümüdür, böyük bir vəzifədir. Yohann Volfqanq Höte deyərdi ki, əxlaq köynəyini soyunan başqa heç bir köynək geyinə bilməz. Əxlaqın ölçüsü ən birinci qadına münasibətlə, qadınların öz davranışları ilə bağlıdır. Bu, təkcə müsəlman cəmiyyətinə deyil, bütün bəşəriyyətə aiddir. İnsanın içindəki əxlaq həmişə bəşəriyyəti heyran edir. İki cür əxlaq var - varlıların və kasıbların əxlaqı. Varlı açıq-saçıq geyinəndə deyirlər ki, “modadır”, kasıb o cür geyinəndə deyirlər, “pozğunluqdur”. Bir də görürsən, türk seriallarında göstərirlər ki, elit, açıq-saçıq geyinmiş insanların məclisində sadə geyinmiş kimsə gəlir, deyirlər, “sadə adam burada nə gəzir?” Bu cür məsələlər əxlaqımıza çox ciddi maneə olur. Sosializm hər şeyi qadağan edirdi, o cümlədən əxlaqsızlığı da. Kapitalizm isə hər şeyə icazə verir, o cümlədən əxlaqsızlığa da. Əxlaqsızlar hər yerdə əxlaq dərsi keçirlər. Ən böyük dəhşət budur. Məsələn, boşanırlar, pis yola gedirlər və əsaslandırırlar ki, niyə belə edirlər, bu, guya doğrudur. İnsanın fiziki boyu başından yerə qədərdir, mənəvi boyu isə başından göyə qədər. Buna görə də mənəvi boya fikir vermək lazımdır. Sanki tərəzinin iki gözüdür - əxlaq və qəbahət. Tərəzinin bir gözü qalxanda, digəri enir. Bu qanundur, bunu Platon müəyyən edib, mən yox. Əxlaqi münasibətləri guya estetikaya, etikaya zidd sayırlar. Əksinə, adətlərimiz çox gözəl əxlaq, gözəllik mənbəyidir. Sokrat deyərdi ki, kişilər qanunları icad ediblər, qadınlar isə əxlaqı. Buna görə də qadınların əxlaqlı olmaları, kişilərin isə onların əxlaqına dəyər vermələri çox mühümdür. Əxlaqsızlığı aradan qaldırmaq üçün ən az iki nəsil yaşamaq lazımdır. Biz həyanı uduzmuşuq. O halda uduzuruq ki, qumara qoyuruq. Həyası olmayan cəmiyyət sağlam ola bilməz. Şübhəsiz ki, əxlaq varsa, əxlaqsızlıq da var. Əxlaqsızlıq həm də tamah doğurur. Qadın ləyaqətinin meyarı onun sevdiyi kişi olmalıdır. Hələ 1990-cı ildə ilk dəfə deputat seçiləndə əxlaq və mənəviyyat komissiyasının yaradılmasını təklif etdim. Halbuki əxlaqsızlıq 1990-cı ildə min dəfə bundan aşağı idi. Çox az yerlərdə əxlaqsızlıq var idi. Amma mənim gücüm çatmadı. Bir növ uduzdum. Bundan sonra ümidim çox azdır, amma yenə də əxlaq, sağlamlaşma uğrunda vuruşuram. Həm cəmiyyət, həm də hökumət tərəfindən əxlaqa mütləq ədalətli münasibət lazımdır. Əxlaqi qaydalara riayət etmək vacibdir. Hesab edirəm, texnoloji geriliyimiz əvəzinə bizim İslam, Qafqaz, türk mövcudiyyətindən gələn əxlaq sistemimiz var ki, bu, başımızın tacıdır və buna əməl etməliyik”.

Müsavat başqanı tanınmış vəkili təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı  başqan müavini, tanınmış vəkil  Osman Kazımovu 60 yaşının tamam olması münasibəti ilə təbrik edib. Təbrikdə deyilir.  " Hörmətli Osman bəy! Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.  Siz  gənc yaşlarınızdan Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin  fəal iştirakçılarından biri olmusunuz.  Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq pariyanın təşkilatlanması, təsir imkanlarının artması üçün yorulmadan çalışmısınız. Ölkədə demokratik cəmiyyətin qurulması üçün müxtəlif siyasi tədbirlərdə, kütləvi aksiyalarda fəal iştirak etmisiniz. 1992-93-cü illərdə, Milli hakimiyət dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini olaraq bacarıqlı vəzifə adamı kimi əhalinin  xidmətində durdunuz, ərazi bütövlüyümüzün təmin olunması üçün ön cəbhədə oldunuz. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınması üçün mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir.  Siz bu gün də Divan üzvü və başqan müavini kimi təşkilatın idarə olunmasında, partiyanın fəaliyyətinin güclənməsi, təbliği, müsavatçılıq ideologiyasının yayılması üçün çalışırsınız.  Siz həm də uzun müddətdi peşəkar vəkillik fəaliyyəti ilə də məşğul olursunuz və Azərvaycanın ən tanınmış vəkillərindən birisiniz. Professional  vəkil kimi Azərbaycan vəkilliyinin nüfuzunun formalaşdırılmasına, vətəndaşlarımızın hüquqlarının bərpası, onların müdafiəsi işinə böyük töhfə vermisiniz.  Bir vəkil kimi müdafiə etdiyiniz  şəxslərin hüquqlarının tam şəkildə qorunması üçün yorulmadan çalışmış və haqsızlığa qarşı barışmaz olmusunuz. Siz prinsipial, vicdanlı vəkil kimi həmişə haqqın, ədalətin yanındasız.  Bu fəaliyyətinizə görə dəfələrlə təqib və və təzyiqlərə məruz qalmısız.   Peşəkarlığınız və işgüzarlığınız, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Hörmətli Osman bəy! Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı,  və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”

Prezident: “Regionda ədavətə son qoymaq vaxtıdır”

“İndi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə çox yaxınıq”. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib:  “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.

“Lukoil”in vitse-prezidenti intihar etdi

“Lukoil” şirkətinin vitse-prezidenti Vitali Robertus öz kabinetində intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb. Bildirilib ki, Robertusun cəsədi “Lukoil”un Moskvanın Sretenski bulvar küçəsində yerləşən ofisində tapılıb. Qeyd olunub ki, Robertus bir müddət zənglərə cavab verməyib. Şirkətin böyük prezidenti Oleq Paşayev Robertusun ofisində olmasına baxmayaraq, telefon zənglərinə cavab verməməsindən narahat olub və onun otağına gedib. Paşayev içəri keçib, Vitali Robertusun tualetdə iplə asılmış meyitini aşkar edib. Qeyd edək ki, şirkət Robertusun qəfil vəfat etdiyi barədə martın 12-də məlumat yayıb.(APA)

Ərdoğanın kortejində qəzaya düşən daha bir polis ÖLDÜ

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya prezident Rəcəb Tayyib Ərdoğanın Şırnakdakı proqramından sonra dünən baş verən yol qəzasında yaralanan polis məmuru İlker Duranın da vəfat etdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, nazir A.Yerlikaya bu barədə sosial media hesabında bildirib. Ötən gün Türkiyənin Şırnak vilayətində Prezident Rəcəb Tayyib Ərdoğanın mühafizə dəstəsi yol qəzası keçirib. Mühafizə dəstəsindəki polis əməkdaşlarından biri hadisə yerində həlak olmuş, 2-si polis olmaqla 3 nəfər isə yaralanmışdı.

Bakı və İrəvan arasında yeni “ərazi münaqişəsi” – Taus kimin olub?

Erməni ekspertlər zaman-zaman Qazaxın işğaldakı 7 kəndi ilə yanaşı Ermənistanın Tavuş rayonunun da Azərbaycana veriləcəyi ilə fikirlər səsləndirirlər. Rəsmi Bakı isə Ermənistana ərazi iddiası olmadığını, bu ölkənin ərazisindəki anklavları daxil olmaqla 8 kəndin təhvil verilməsini tələb edir. Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında Tavuş bölgəsinin və oradakı hansısa kəndin təslim edilməsi ilə bağlı müzakirə aparılmadığını deyib. Tez-tez gündəmə gələn, Ermənistan ərazisi kimi bilinən Tavuş coğrafi olaraq haranı əhatə edir? Bu sözün etimologiyası nədir? Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Azərbaycan Ermənistandan 8 kəndin geri qaytarılmasını tələb edir: “Sərhəddə yerləşən 4 kəndin qaytarılması problem doğurmur, lakin digər 4 kəndin Azərbaycanla bağlantısı Sovet dövründə kəsildiyi üçün Bakı və İrəvan arasında sərhədlər müəyyənləşərkən bu nəzərə alınacaq. İşğal altında qalan 8 kənd qədim Azərbaycan torpaqlarıdır. O ki qaldı Tavuşa, əslində, ərazinin əsl adı “Taus” olub, sonralar haylar “Tavuş” adlandırıb. Söz isə “tau”dan götürülüb, mənası “yüksək dağlıq ərazi”dir. Yəni yüksək dağda salınmış hərbi şəhər anlamındadır. Vaxtilə qıpçaqların hökmran olduğu dönəmlərdə Qıpçaq dövlətləri, hunlar kimi tanınan qıpçaq kökənli türk tayfaları bu bölgələrdə hərbi şəhərlər tikmişlər. Onlardan biri də Tavuşdur. Bu söz bizdə “Tovuz”, Ermənistanda isə “Tavus” formasında istifadə edilir. Onun etimologiyasına nəzər salsaq aydın olar ki, buranın qədim sakinləri türklər olub”.

Antalyada mikroavtobus aşıb, yeddi nəfər xəsarət alıb

Türkiyənin Antalya şəhərində avtomobillə mikroavtobus toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. İdarəetmədən çıxan mikroavtobus aşıb. Hadisə nəticəsində 7 nəfərin yaralandığı bildirilir.

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə 112 "Telegram" kanalı məlumat yayıb. Hadisə Maqadan vilayətində baş verib. Hazırda ölən və yaxud da yaralananların sayı müəyyənləşdirilir. Qəzanın digər təfərrüatları barədə məlumat verilmir. Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin xilasediciləri fevralın 4-də qəzaya uğrayan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopterinin qalıqlarını aşkar ediblər. Helikopter Oneqa gölünün sahilindən 11 km aralıda qəzaya uğrayıb.

KİV: ABŞ yanvar ayında İranı husilərə təsir etməyə razı salmağa çalışıb

Amerika Birləşmiş Ştatları yanvar ayında İranla gizli danışıqlar apararaq, Tehranı Qırmızı dənizdə gəmilərə hücumlar həyata keçirən Yəmənin husi üsyançılarına təzyiq göstərməyə inandırmağa çalışıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Amerika və İran rəsmilərinə istinadən məlumat yayıb. Mövcud məsələ üzrə ilkin danışıqlar 10 ay əvvəl Omanda reallaşıb. Vaşinqtonu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley, Tehranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib. İki nümayəndə heyətinin üzvləri birbaşa deyil, Omandakı vasitəçilərlə əlaqə saxlayıblar. Məsləhətləşmələrin ikinci raundu fevralda baş tutmalı idi, lakin ABŞ-ın Qəzza zolağında münaqişəni həll etmək səyləri fonunda təxirə salınmışdı. Tərəflər Qırmızı dənizdə və Ədən körfəzində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsindən əlavə, İranın nüvə proqramını müzakirə ediblər.

Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyunun 3-də silah ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Sozcu.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Qeyd edilib ki, prokurorlar işə baxılmasının üç gündən dörd günə qədər çəkəcəyini, vəkillər isə öz növbəsində prosesin iki gündən çox davam edə biləcəyini gözləyirlər. Daha əvvəl Delaver ştatındakı böyük münsiflər heyəti açıqlanan sənədə əsasən, ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı üç cinayətə görə irəli sürülən ittihamları təsdiqləyib. O cümlədən, iki cinayət faktı 2018-ci ildə “Colt Cobra” revolverini alarkən yalandan narkotik vasitə qəbul etmədiyini yazılı şəkildə yazması ilə bağlıdır. Üçüncüsü, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur. İttihamların cəminə əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər: iki maddə üzrə maksimum 10 il həbs cəzası və 250 000 dollar cərimə, üçüncüsü isə maksimum 5 il həbs cəzası və 250 000 dollar cərimə nəzərdə tutur. Baydenin silah saxlaması ilə bağlı təhqiqat 2018-ci ildə, onun həmin dövrdə narkotik istifadə etdiyi və tapançaya sahib olduğu məlum olduqdan sonra başlayıb. Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.

ABŞ Polşaya Rusiyanı təhdid edən raketlər verəcək

Polşa ABŞ-dan potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM yer-hava raketləri alacaq. Sozcu.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Ruzanski deyib. “Polşa F-16, gələcəkdə isə F-35-in daşıyacağı raket paketini ala biləcək”, - o qeyd edib. Onun sözlərinə görə, bu döyüş sursatları ilə təchiz edilmiş Laskda yerləşdirilmiş Polşa təyyarələri Visladan o yana uçamayaraq Belarus və ya Rusiya ərazisindəki hədəfləri vura biləcək. General bunun pilotların təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. O qeyd edib ki, ordu ölkədən kənarda belə təhdidləri aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malik olmalıdır. Martın 12-də Dövlət Departamenti Polşaya 1,7 mindən çox müxtəlif tipli raketlərin satışını təsdiqləyib.

Qazaxıstan quraqlıq təhlükəsi ilə üzləşib

Özbəkistan və Qırğızıstanda analoji hadisəyə görə Qazaxıstan bu yaz quraqlıq təhlükəsi ilə üzləşib. Sozcu.az xəbər verir ki, bu barədə “TASS” Qazaxıstanın su təsərrüfatı və irriqasiya nazirinin müavini Arsen Cakanbayevə istinadən məlumat yayıb. O izah edib ki, problem qonşu ölkələrin su ehtiyatlarına təsir edən quraqlıqdadır: “Qırğızıstanın Toktoqul su anbarında suyun həcmi ötən illə müqayisədə 300 milyon kubmetr azdır. Çirçik hövzəsində isə suyun həcmi ötən illə müqayisədə 100 milyon kubmetr azdır. Buna görə də daxil olan suyun miqdarı azdır. Cari il bu suyun olmaması səbəbindən problemlər yarana bilər”. Onun sözlərinə görə, ölkənin Türküstan və Qızılorda bölgələri risk altındadır. Artıq yerli hakimiyyət orqanlarına çəltik səpinini azaltmaq tövsiyə olunub. Belə ki, bu məhsul daha çox su tələb edir.

Polşa 50-dən çox ölkədəki səfirini dəyişdirmək qərarına gəlib

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir. Bildirilib ki, Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib. Məlumata görə, kadr dəyişiklikləri ölkənin Baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.

Blinken və Borrell Çinin Rusiyanın müdafiə sənayesinin bərpasındakı imkanlarını müzakirə ediblər

ABŞ dövlət katibi Antoni Blinken və Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Rusiya hərbi sənaye kompleksinin yenidən qurulmasında kömək etmək üçün Çinin göstərdiyi səyləri müzakirə ediblər. Sozcu.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. “Onlar Qırmızı dənizdə və Ədən körfəzində naviqasiya azadlığının qorunmasında qarşılıqlı marağımızı, habelə Çindən gələn ümumi çağırışlara cavab tapmaqda transatlantik birliyin əhəmiyyətini, o cümlədən Çindən Rusiya müdafiə sənayesininin bərpası istiqamətindəki təchizatla bağlı narahatlıqları müzakirə etdilər”, - diplomat qeyd edib. Bundan əlavə, Blinken və Borrellin "Ukraynaya dəstək üçün sarsılmaz transatlantik birliyi vurğulayıblar". Onlar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi, Qəzza zolağının sakinləri üçün humanitar yardımın həcminin artırılması imkanlarını müzakirə ediblər.

İlham Əliyev Quterreşin müavini ilə görüşdü

18:01 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Sozcu.az xəbər verir ki, Migel Anxel Moratinos İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycanın COP29-un sədri seçilməsi münasibətilə təbrik edib. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Qonaq ölkəmizin qazandığı nailiyyətlərin heyranedici olduğunu və Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək verilmiş dəstəyə görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində Dünya Dini Liderlərinin iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək mövzusunda da tədbirlərinin keçiriləcəyi qeyd olundu, bu xüsusda əməkdaşlıq məsələlərinə toxunuldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirildi, onun beynəlxalq səviyyədə ən mühüm platformalardan birinə çevrildiyi vurğulandı. XI Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarını təmsil edən çox sayda iştirakçının olduğu, burada aktual məsələlərin müzakirə ediləcəyi bildirildi. Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda uğurla keçirildiyi və bu ənənənin bundan sonra da davam edəcəyi vurğulandı. BMT-nin Sivilizasiyalar Alyansının Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olaraq öz dəstəyini daim göstərdiyi qeyd edilib. Söhbət zamanı Avropa ölkələrində artan islamofobiya meyillərindən narahatlıq ifadə olunub.

AP-dən İrəvanla bağlı qətnamə: AB üzvlüyü…

Avropa Parlamenti Ermənistanın AB üzvlüyünə namizədliyi imkanlarını nəzərdən keçirmək üçün qətnamə qəbul edib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, qətnamənin lehinə 504, əleyhinə 4 deputat səs verib, 32 deputat bitərəf qalıb. “Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və öz demokratiyasını gücləndirən sabit islahatlar yoluna davam etsə, bu, AB-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamədə qeyd edilir.