Bakıda iki avtomobil toqquşub, gənc qız yaralanıb

Bakının Nizami rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Sozcu.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Məmmədli Neyjən Zamin qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır .

Hamilə qadın dəm qazından dünyasını dəyişdi

Qubada dəm qazından boğulan hamilə qadın dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, hadisə martın 29-u günorta saatlarında baş verib. 26 yaşlı Quba şəhər sakini Fidan Habil qızı Niftəliyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub. Fidan Niftəliyevanı hamamda qayınanası aşkarlayıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılsa da gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Mərhum Fidan Niftəliyeva beş aylıq hamilə idi. Niftəliyevlər ailəsinin yaşyarımlıq əkiz oğlan övladları var. Faktla bağlı araşdırma aparılır.

Niyə çəkirsən Ya Rəbb bunca imtahana məni?

Niyə çəkirsən Ya Rəbb bunca imtahana məni? Məyər ki, bu məqsədlə xəlq etdin cahanə məni? Yarımı aldın əlimdən təzə yetmiş vüsala, Od vurub can evimə, qoydun yanə-yanə məni. Həmişə rişxənd ilə Məcnuna lağ eyləmişəm, Deyəsən cəza verib, eylədin divanə məni. Əlimdə yox imkanım mən qovuşum cananıma,  Duamı qəbul eylə ,çatdır o imkanə məni. Ürəyim dözmür artıq bu dünya haqsızlığına, Niyə xəlq etməmisən hər şeyə biganə məni?! Hər tərəf yırtıcılar,çaqqallarla dolub daşir, Tək necə baş çıxarım, atmısan ormanə məni?! Mən şeir yazmağa taa uşaq ikən başlamışam, Şair tək yetişdirdi bu çətin zəmanə məni. Şeiriyyat bir dənizdir, sahili gözlə görünməz, Atmısan xırda balıq tək həmən ümmanə məni. Elçinəm nədən məni dağ kimi xəlq eyləmədin? Dağ boyda bir dərd ilə bənzətdin insanə məni. Elçin Rəhimzadə

"Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb" - Natiq Cəfərli

“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “AvtoVAZ”ın rəhbəri Maksim Sokolovun sözlərinə istinadən məlumat yayıb. Məsələ ilə bağlı iqtisatçı Natiq Cəfərli özünün feysbuk səhifəsində yazaraq,  bildirib ki, “istehsal” adı ilə təqdim etdilən avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir.  "Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq, bəli-bəli, istehsal olunmayacaq, məhz yığılacaq. Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb, “Lada”-nı Rusiyadan idxal edəndə büdcəyə N qədər rüsum-vergi ödənilir, maşınları tam hazır, amma, məsələn, güzgüsüz, təkərsiz, oturacaqsız gətirirsən, məmləkətdə güzgüsünü, oturacağını, təkərini yerinə bağlayıb silib-təmizləyirsən – olur “istehsal”, nə rüsum ödənilir, nə vergi.  Dəfələrlə hökumətə ictimai çıxışlarda demişik ki, maşın istehsalı yaxşıdır, amma detallarının ən azı 25-30%-i ölkədə istehsal olunmalıdır. Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir – bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir. Vəssalam..."

Rusiyalı polkovnik də “Krokus”da öldürülüb

Moskvadakı “Krokus Siti Holl”da baş verən terr aktı nəticəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələrinin polkovniki Timur Myasnikov da ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Onun Ukraynadakı hərbi əməliyyatlarda da iştirak etdiyi bildirilib.

Musa Quliyev: Dünyada pensiya yaşının azaldılması deyil, artırılması müzakirə edilir

Pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə aparılır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Musa Quliyev deyib ki, dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır, əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir: “Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-cı ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur”.APA

“Dövlət və özəl tibb müəssisələrində “Ultravist” yoxa çıxıb”

“Kontrastlı KT, angioqrafiya və bir çox kontrastlı rentgen müayinələrində istifadə edilən “Ultravist” kontrast maddəsi həm dövlət, həm də özəl tibb müəssisələrində yoxa çıxıb”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev özünün sosial şəbəkə hesabında yazıb. “Yəni, indi hansısa bir xəstədə miokard infarktı xəstəliyinə ciddi şübhə varsa və həmin xəstəyə həyati göstərişlə, təcili olaraq Koronar angioqrafiya müayinəsi lazımdırsa, müayinə etmək mümkün olmayacaq və o xəstə həyatını itirə bilər. Bu necə tibb idarəçiliyidir?” – A. Əliyev bildirib.

Simonyan 4 kəndin qaytarılmasından danışdı: “Bizimki bizə qalacaq, onlarınkı özlərinə”

Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai TV-də hakimiyyətin Tavuş rayonuna məxsus bəzi əraziləri Azərbaycana verməyə hazırlaşdığı barədə iddiaları rədd edib. Sozcu.az-ın məlumatına görə, A.Simonyan bildirib ki, Azərbaycanın Ermənistan ərazilərinə ərazi iddiaları yoxdur. Simonyan dediklərini qrafik şəkildə əsaslandırmaq üçün İctimai TV-nin efirində xəritə də göstərib. “Bizim olan bizim qalacaq, onların olan, onların”, - o deyib. İşğal olunmuş 4 kənd Azərbaycana qaytarılandan sonra Ermənistanın bəzi infrastrukturlardan məhrum olacağı barədə fikirləri şərh edən Simonyan bildirib ki, həmin ərazidə qaz xətti yoxdur. “Oradan magistral yol keçir. Məsələ o yerə gələcək ki, biz həmin yol hissəsi ilə nə edəcəyimizi anlayacağıq, mövqeyimiz odur ki, yolumuzu bu tərəfə bir neçə kilometr çəkə bilərik. Görəcəyik ki, bizim üçün ən əlverişli olan nədir, biz onu edəcəyik”, - Simonyan bildirib. Alen Simonyan deyib ki, Ermənistan iqtidarı bunu təhdid altında etmir. “Biz təhdid altında hərəkət etmirik. Biz bunu edirik, çünki buna ehtiyacımız var. Bu bizə lazımdır, başa düşürsüz? Biz deyəndə ki, kadastr şəhadətnaməsi olsun, bu, abstrakt bir şey ola bilməz”. Qeyd edək ki, Alen Simonyan 4 kəndin qaytarılması barədə danışarkən Qazaxın işğal edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərini nəzrdə tutub.modern)

ŞOK: Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi  Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.  Bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib. Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.  Fazil İsmayılov Yenisabah.az-a açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu "faciə" adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib. Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir. 

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Amerikanın səsi” ​radiosunun əməkdaşı İdrak Camalbəyli vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalist Kiyevdə qəfil ürəktutmadan dünyasını dəyişib.

Ukraynanın qələbəsi tezliklə gələcək, bu, mütləq olacaq - Saakaşvili

Ukraynanın qələbəsi tezliklə gələcək, bu, mütləq olacaq. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan videomüraciətində bildirib. "Mən Ali Radaya müraciət etmək istərdim. Belə çətin şəraitdə məni unutmadığınız üçün təşəkkür edirəm. Mən də sizin üçün darıxıram. Bu illər ərzində bir dəqiqə belə olmayıb ki, Ukrayna haqqında düşünməyim. Dəstəyinizə görə sizə çox minnətdaram, mən vətənpərvər və Ukraynanın minnətdar vətəndaşı olaraq qalıram və sizə demək istəyirəm: bizim qələbəmiz tezliklə gələcək, mütləq gələcək", - deyə Saakaşvili qeyd edib.

Avtobus körpüdən aşdı: Hamı öldü, yalnız o sağ qaldı

Cənubi Afrika Respublikasında (CAR) avtobusun körpüdən aşması nəticəsində azı 45 sərnişin ölüb. Sozcu.az xəbər verir ki, SABC radiostansiyası məlumat yayıb. Hadisə Limpopo vilayətində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi körpüdən aşıb və Mokopane ilə Marken arasındakı dağ aşırımına düşərək yanıb. Hadisə nəticəsində 45 nəfər ölüb. Məlumata görə, yalnız 8 yaşlı qız faciədən sağ qurtulmağı bacarıb.

İsraildən xəbərdarlıq: Türkiyəyə getməyin!

İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara səyahət xəbərdarlığı edib. Sozcu.az İsrail mediasına istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurası İsrail vətəndaşlarını Türkiyə, Mərakeş, İordaniya və Misirə səfərlərdən çəkinməyə çağırıb. Milli Təhlükəsizlik Şurasının rəsmisi deyib ki, məhz bu dörd ölkəyə səfər etmək tövsiyə olunmur.(konkret)

Bəlkə Qurban Qurbanova şans verilsə idi ...

Cabir Turan Cəfərbəyli Şota Arveladze,Kaxa Kaladze(daha gənc) ,Timur Ketsbaya, Levon Kobiaşvili,Mixail Kavelaşvili, Georgi Kinkladze ,Aleksandr İaşvili və başqaları ...  Bunlar Gürcüstan futbolunun "qızıl " nəslidir. Sovet hakimiyyəti dövründə yetişib, müstəqil dövrdə Millinin əsasını təşkil edən bu futbolçular Gürcüstan millisində heç nə edə bilmədilər Bir-iki həyacanlı tsikli çıxmaq şərtilə elə aşağı -yuxarı bizim kimi çıxış edirdilər. Halbu ki ,biz  Rusiyanın 1-ci dəstəsində futbolçumuz olduğunda sevincdən həyacanlananda Gürcüstan millisinin əsasını "Ayaks", "Mançester Siti""Milan","Nyukası" kimi klublarda oynayan futbolçular təşkil edirdi. Amma dediyim kimi heç bir uğur olmadı. Bəli,həmin il milli komandalar arasında rəqabət güclü idi,bu bir səbəb.  Bəs sonra?  Ümumiyyətlə,ayrıca araşdırma mövzusu aparılmalıdır ki ,SSRİ dağıldıqdan sonra azı 10 il niyə Rusiya millisindən başqa heç bir post-sovet ölkəsinin komandası Dünya və Avropa çempionatına vəsiqə qazana bilmədi? Tamam,ilk illər ruslar SSRİ-nin varisi kimi FİFA-ya üzv olmaqdan istifadə edib İlya Tsımbalar,Oleq Salenko,Yuri Nikifirov,Viktor Onopko,Axrik Çveyba,Omari Tetradze kimi futbolçuları milliləşdirdi. Amma qalan futbolçularla da Ukrayna,Gürcüstan, Belarus milliləri heç bir uğur qazana bilmədi. Nəysə, mətləbdən uzaqlaşdım.  Müstəqil Gürcüstan futbolunun "qızıl" nəslinin edə bilmədiyini böyük əksəriyyəti müstəqil Gürcüstanda doğulan futbolçulardan qurulan Milli komanda etdi və tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı. Millətlər Liqasından vəsiqə qazanması belə bu uğura kölgə salmamalıdır. Bu format elə məhz bizim , Gürcüstan kimi ölkələrin bu tip turnirlərə vəsiqə qazanması üçün təşkil olunub. Nə bilirsən,bəlkə Qurban Qurbanova şans verilsə idi , Gürcüstan millisinin yerində biz olacaqdıq? Amma yox, bazar,qohum-tanış məntiqi ilə idarə olunan federasiyalarda bu mümkün deyil. Gürcüstan Futbol Federasiyası futbolçular,özü də bizdə olan kimi kukla kimi,bir-iki kəlməni düz-qoş edib danışa bilməyənlər yox, müstəqil qərar vermək ,iş görmək qabiliyyətində olan keçmiş futbolçular idarə edir. Çünki bizdə bir süni meydana çəkilən xərcə,müasir futbol akademiyaları yaradan məntiq, şəxsiyyətlər idarə edir Gürcüstan futbolunu. Çünki gürcü futbolçular "altı çayxana,üstü moyka" təfəkkürü ilə yox,inkişaf etmək haqda düşünür.  Ümumiyyətlə bilirsiz əsas səbəb nədir? Onların Mixail Mesxisi,Aleksandr Çivadze,David Kipiani,Vitali Daraseliya,Ramaz Şengeliya,Tengiz Sulakvelidzesi olub. Üstəlik bizim 1966 bürüncümüzə qarşı 2 SSRİ çempionluğu və 1981-ci ildə qazanılan Avropa Kuboklar Kuboku... Hələ 2 SSRİ kubokunu,5 ikinci ,13 üçüncü yeri demirəm.  Bizdə? Anatoli Banişevski ? Hə,onu məhv edənlərdən biri elə özümüz olmuşuq. Ələkbər Məmmədov? Bizdən olub,bizimki olmayan. Latviya nümunəsini çıxmaq şərtilə ,belə məlum olur ki, futbol ənəsi olan ölkə olmaq da başqa şeydir. Nəzərə alsaq ki, əgər ənənəsi olmayan ölkə federasiyaları bazar məntiqi ilə idarə olunur,onda vəziyyət lap bərbaddır. Belə...

Şəmkirdə Polkovnik Cahangir Rüstəmovun anım tədbiri keçirilib

Bu gün Şəmkir şəhər Şəhidlər Xiyabanında Polkovnik Cahangir Rüstəmovun anım günü keçirilib.  Anım tədbirində Polkovnikin ailəsi, yaxınları, döyüş silahdaşları, qazilər və Şəmkir ictimaiyyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, sabiq Briqada komandiri Gədəbəyin müdafiəsinin təşkil edilməsində bir hərbiçi və mənəvi nüfuzu olan bir ağsaqqal kimi adını Azərbaycanın şərəf tarixinə yazdırıb. 1992-ci ildə uğurlu Başkənd əməliyyatı, Şəmkir Aerodromunun ruslardan tərksilah olunması qeyd olunarkən mütləq ki, bu hadisələrə rəhbərlik etmiş mərhum briqada komandiri hörmət, sevgi və şükranla xatırlanır.  Sözcü.az

Şahramanyan 20 sentyabrdan danışdı: “Bakıya zəng edib dedik ki…”

“Qüvvələr bərabər olmadığına görə müqavimət göstərmək imkanımız olmadı. Ona görə də azərbaycanlılarla tez əlaqə yaratdıq ki, dinc əhali döyüş əməliyyatlarından xilas olsun”. Sozcu.az xəbər verir ki, bunu Qarabağda ləğv edilmiş keçmiş separatçı rejimin “başçısı” Samvel Şahramanyan deyib. O bildirib ki, 10-12 saatlıq danışıqlardan sonra qondarma rejimin ləğvi barədə sənəd imzalayıb. Qeyd edək ki, S.Şahramanyan 28 sentyabr 2023-cü il tarixində separatçı rejimin ləğvini elan edib.

29 yaşlı Kənan bacısının gözləri qarşısında öldürülübmüş

Qazaxda törədilmiş qətl hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ötən il noyabrın 22-si rayonun Qazaxbəyli kəndi Yeni qəsəbə ərazisində 1995-ci il təvəllüdlü Kənan Qəfərovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun qeyd edilən qəsəbə ərazisində tanışı Kənan Qəfərovla aralarında yaranmış mübahisə zamanı sonuncunu bacısının gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəşad Məhərrəmova Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakıda yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. Bunu “Trend”ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir? Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bəzi binalarda MTK rəhbərliyinin özü, ya da zirzəmilərindəki parklanma yerlərini almış şəxs həmin yeri icarəyə verə bilir: “Çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən də avtomobillərin sayında artım müşahidə edilir. Belə olduqda hər binanın mənzil sayına görə avtopark yeri olmalıdır. Yeni tikilən binaların birinci mərtəbələrində ictimai-iaşə obyektləri açılır. Buranın ziyarətçilərinin böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən biridir. Bakının Baş planına əsasən, binalar söküləndə belə hallar mütləq nəzərə alınmalıdır. Park yerləri özəl mülkiyyətdirsə və icarəyə verilirsə, belə halda istədiyi qiyməti qoya bilər. Qanunla bu qadağan deyil. Bununla bağlı hər hansısa tarif olmadığından sui-istifadə halları qaçılmazdır”. Hüquqşünas Arif Nəzərov isə bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Göründüyü kimi, mövcud qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid edilməyib. Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihələndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür”, - deyə hüquqşünas qeyd edib. Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq. 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək. Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. Gündəlik tariflər aşağıdakı kimi olacaq: 0-2 saat - 1 manat; 2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat. Aylıq tariflər isə belə olacaq: Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat); Bütün günü (24 saatlıq) - 120 manat (60 manat); Qonşular tarifi - 50 manat (20 manat). Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

“Mühacirətdə olan heç bir “Dağlıq Qarabağ hökuməti”ni tanımırıq” – Paşinyan

“Ermənistanda tanınmamış “Dağlıq Qarabağ Respublikasının” (DQR) mühacirətdə olan “hökumətinin” fəaliyyət göstərməsi ilə bağlı bəyanatlar milli təhlükəsizliyə təhdiddir və rəsmi İrəvan belə strukturu tanımır”. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib. 2023-cü il sentyabrın 28-də antiterror əməliyyatlarının başlanmasından sonra qondarma DQR-in qondarma prezidenti Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən onun fəaliyyətinə xitam verilməsi haqqında fərman imzalayıb. Buna baxmayaraq, o, Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib ki, mühacirətdə olan “DQR” “hökuməti” mövcuddur və İrəvanda yerləşir. “Qeyd etməyə bilmərəm ki, bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkət və addımlar ataraq, mühacirətdə hansısa hakimiyyət elan edirlər. Mən çox açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və o hökumət burada oturub. Bu mesaj çox aydındır: əgər zərurət yaransa, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək, Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratmaması üçün müvafiq addımlar atılmalıdır”, - deyə Ermənistan Baş naziri bildirib. “Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda Ermənistan hökumətindən başqa heç bir hökumət ola bilməz. Əgər Ermənistanda kimsə özünü hökumət kimi tanıyırsa, bu, milli təhlükəsizlik məsələsidir”, - Paşinyan əlavə edib.

Azərbaycanda əhalini belə soyurlar: Sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA

Əhali arasında kommunal xidmətlərin qiymətləri və tarifləri ilə bağlı yetərincə narazılıq var. Xüsusən qaz və işıqla bağlı müəyyən limitlərin tətbiqi bir çox vətəndaşa kommunal ödənişləri ödəməkdə çətinlik yaradır. Cəmiyyətdə etiraz doğuran digər nüans isə təqdim olunan tariflərlə bağlıdır.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan kommunal məsələr üzrə ekspert Elçin Bayramlı bildirib ki, ölkədə kommunal xidmətlərin qiymətləri o qədər bahadır ki, minimum maaşla sadəcə bu xidmətlərin birini ödəmək mümkün olur:  “Ümumiyyətlə bir ölkədə məhsul və xidmətlərin qiymətləri vətəndaşların gəlir səviyyəsinə adekvat olmalıdır. Bizdə isə kommunal qiymətlər çox bahadır. Nominal məbləğdə götüsək, başqa ölkələrdən ucuzdur. Amma nəzərə alsaq ki, Avropa ölkələrində maaş məbləği bizdən 10 dəfə yüksəkdir, onda məlum olur ki, hesablama prinsipi belə aparılmamalıdır. Bu nisbi aparılmalıdır. Məsələn, minimum maaş 345 manatdırsa, həmin məbləğdən nə qədər su, qaz və işıq ala biləcəyinə baxmaq lazımdır. Belə götürsək, bizdə kommunal xidmətlərin qiymətləri olduqca pik və acınacaqlıdır. Bizdə minimum maaş hər hansı həyət evinin 1 aylıq qaz sərfiyyatını ödəyəcək qədərdir. Bu isə biabırçılıqdır. Dünyanın heç bir yerində ola bilməz ki, minimum maaş kommunal xidmətlərin hamısını yox, sadəcə birini ödəsin. Bu gün ölkədə rayon və kənd evlərində 1 ayda qaza ortalama 300 manat pul verilir. Digər tərəfdən elektrik və su qiymətləri də bahadır. Ona görə də qiymətlər təyin edilərkən əhalinin maaş və pensiyaları nəzərə alınmalıdır”.  Ekspert sayğaclar və qəbzlərdə qeyd olunan məbləğlərlə bağlı da ciddi problemlərin olduğunu diqqətə çatdırıb: “Sayğaclar vətəndaşın heç bir yoxlama imkanı olmadan quraşdırılır. Bu o deməkdir ki, sayğaca istənilən formada müdaxilə etmək mümkündür. Bəzi binalarda sayğaclar binanın zirzəmisində, qapalı şəraitdə qoyulub. Heç bir halda vətəndaşın onu görmə imkanı yoxdur. Yalnız elektrik idarəsinin nümayəndəsi haçansa gəlib sayğaca baxa bilir. Bəzən də əməkdaşların qəsdən etdiyi hallar olur. Tutaq ki. əməkdaş bilərəkdən sayğacı xarab edir və vətəndaşa cərimə yazılır, yaxud artıq pul almaq üçün hesablayıcılara müdaxilə edir. Ümumilikdə komunal təsərrüfatların da yanaşması əhalidən haqsız yerə pul almaqdır. Bu sahədə çox sayıda problemlər var. Digər tərəfdən bəzi evlərə kommunal ödənişlərlə bağlı rəqəmlər tam standart vəziyyətdə gəlir. Məsələn, deyək ki, hər hansı bir mənzilə bir-birinin ardınca hər ay 15 manat, 10 manat və ya 12 manat sərfiyyət ödənişi təqdim olunur. Bu nəzəri cəhətdən də mümkün deyil. Çünki mümkün deyil ki, stabil olaraq hər ay hansısa mənzil qəpiyə-qəpik sudan və ya qazdan istifadə etsin. Bu o deməkdir ki, ödəniş məbləğləri standart yazılır. Vətəndaşlar işlətdikləri suyun, qazın, işığın sərfiyyatını istənilən vaxt yoxalaya bilməlidir. Dünyada da sistem belə qurulub. Nəzərə alsaq ki, Azərbaycanda enerji daşıyıcıları yerlidir və çox ucuzdur, lakin bu məhsulları xaricdən alan ölkələrdən daha baha satılır. Ölkənin qaz resursları ola-ola qiymət olduqca bahadır və üstəlik limit də var. Ona görə də bu məsələyə mütləq şəkildə yenidən baxılmalıdır”. 

Günün qoroskopu: Normal günlərdən fərqli olaraq daha sürətlə yorulacaqsınız

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - çox istəsəniz də, tələsməyin. Bu gün təmkinli olun, hisslərinizi nəzarətdə saxlayın. Niyyət və planlarınızı reallaşdırmaq üçün daha əlverişli məqam gözləyin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bu, minimal informasiyaya malik olaraq riskli davranmaqdan daha yaxşıdır. Günün ikinci yarısında heç bir səbəb olmadan münaqişə yarana bilər. Hisslərinizə hakim olun, barışığa gedin. Rasionunuza diqqətlə yanaşın. Məntiqi məhdudiyyətlərə ehtiyac var. Medikamentoz zəhərlənmə ehtimalı olduğundan yalnız həkimin məsləhət verdiyi dərman preparatlarını qəbul edin. Buğa - bəyənmədiyiniz və sizi bezdirən işlərlə məşğul olmaq məcburiyyətindəsiniz. Fəqət, əhvalınızı pozmayın. Məqsədə çatmağın yolları barədə yox, məqsəd barədə düşünün. Bəzi qərar və addımlarınız yaxın ətrafınızdakı insanların iradlarına səbəb ola bilər. Amma sizi, gerçəkdən də, sevən insanlar niyə məhz bu cür qərar qəbul etdiyinizi anlayacaqlar. Yeni işlərə və ya layihəyə başlamaq olar. Bir şərtlə ki, həmin işin öhdəsindən gələcəyinizi dəqiq bilin. Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Yalnız kəskin zərurət yarananda təşşəbüslə çıxış edin. Etiraflara tələsməyin. Axşam saatlarını sakit istirahətə həsr edin. Qüvvələrinizi bərpa etməlisiniz. Əkizlər - indi münasib şərait gözləmək əvəzinə qətiyyətlə, inadla hərəkət etmək gərəkdir. Yeni iş və ya layihə üçün əlverişli zaman olduğunu düşünürsünüzsə, əzmlə davranın. Çox çalışmaqdan, yorulmaqdan qorxmayın. Başladığınız işi bitirmək üçün yetərincə yaşam potensialınız var. Gəlirlər və sərfəli anlaşmalar, sifariş alınması istisna deyil. Günün ikinci yarısında səfər və ya nəzərdə tutulmamış səyahət ola bilər. Yolda vaxtınızı yaxşı keçirə bilərsiniz. Yola çıxsanız, nəticədən narazı qalmayacaqsınız. İmiclə eksperimentlər aparmaq, qarderobu yeniləmək olar. Xərçəng - məqsədə çatmaq və uğur qazanmaq üçün qüvvələrinizə, potensialınıza inanın. Qətiyyətli olsanız, hədəfə doğru sürətlə irəliləyəcəksiniz. Önəmli nəticələr əldə edə bilərsiniz. Xoş görüşlər və maraqlı tanışlıqlar istisna deyil. Özünüzlə bağlı müsbət rəy yaratmaq istədiyiniz insanla aktiv təmaslarda olun. Romantik münasibətlər başlayarsa, onlar harmonik və rəvan inkişaf edəcək, sizi sevindirəcək. Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Geyim, paltar, bəzək, interyer predmetləri almaq olar. Zövqünüz sizi aldatmayacaq. Axşam saatlarında yaşam arealında kosmetik dəyişikliklər etmək olar. Şir - çox işin öhdəsindən gələ bilərsiniz. Bilik və bacarıqlarınızı ətrafınızdakı insanlara nümayiş etdirməyə tələsməyin. Bir qədər kənara çəkilin, kölgədə durun, bütün diqqəti özünüzə cəlb etməyin. İstənilən parlaq insan təki bədxahlar və rəqiblərdə paxıllıq hissləri yaradırsınız. Belə şəxslər sizə zərbə vurmağa çalışacaqlar. Ehtiyatlı və sərvaxt davranın. Günün ikinci yarısında səhhətinizdə problem yarana bilər. Kiçik məişət travmaları riski var. Ev işlərini yaxınlarınızla bölüşün. Belədə proses daha maraqlı və effektiv olacaq. Sevdiyiniz insan axşam saatlarında sizə sürpriz bəxş edəcək. Qız - vaxtınızı hədər keçirməyin. Çalışqan, zəhmətkeş olun. Tənbəllik edərək süstlüyə qapılsanız, sizi problemlər gözləyir. Təmirə başlamaq, yaşam arealını bəzəmək olar. Sizdə dizayner bacarıqlarının olduğunu aşkarlayacaqsınız. Pulları məntiqlə, ağılla xərcləyin. Alış-verişin sonucları və sərmayənin nəticələri sizi təəssüfləndirməyəcək. Günün ikinci yarısında sümük və oynaq ağrılarının yaranmasına rəvac verməyin. Soyuqdəymə riski də var. Səhhətinizin qayğısına qalın. Sınanmış vasitələrə üstünlük verin. Allergiya riski mövcuddur. Romantik görüşün nəticəsi sizi razı salacaq. Tərəzi - özünüzə həddən ziyadə güvənərək hətta məntiqli və ağıllı məsləhətləri də qulaqardına vurmayın. Belə davranışın ciddi fəsadları ola bilər. Sonradan təəssüf və peşmançılıq hissləri doğuracaq səhvlərə yol verməyin. Unutmayın ki, potensialınız və o cümlədən maliyyə imkanlarınız sərhədsiz deyil. Həddən ağır işə başlamayın, sonradan yerinə yetirilməsi çətin vədlər verməyin. Günün ikinci yarısında yaxınlarınız və tanışlarınızla diqqətlə davranın. Onların sizə ehtiyacı var. Qısamüddətli səfərə çıxmaq olar. Lakin evdə də darıxmayacaqsınız. Maraqlı məşğuliyyət mütləq tapılacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətdə problemlər yaranmayacaq. Əqrəb - tənbəllik etməsəniz, işlərinizdə yaxşı nəticələrə nail ola bilərsiniz. Bir qədər səy göstərin, işlərə tezdən başlayın. Alış-veriş üçün yaxşı gündür. İstədiyiniz əşyanı ala bilərsiniz. Bu prosesi müstəqil, təkbaşına yetirin ki, sizə kimsə mane olmasın, düzgün seçimi əngəlləməsin. Günün ikinci yarısında səhhətinizə və rasiona fikir verin. Zəhərlənmə riski var. Romantik təmaslardan ciddi nəticə gözləməyin. Görüş pis keçməyəcək. Lakin sevdiyiniz insanın əhvalında əhəmiyyətli irəliləyişlərə nail ola bilməyəcəksiniz. Oxatan - ən çətin işlərə çəkinmədən başlayın. Bədxah və rəqiblərin bütün səylərinə rəğmən həmin işi başa çatdırın. Yaxınlarınız arasında çətin vəziyyətə düşmüş şəxsə yardım edin. Ədalətsizliklə qarşılaşmış insana dayaq olun. Ətrafdakılar sizin davranışınızı dəyərləndirirlər. Amma buna rəğmən, kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etmək fikrinə düşsün. Günün ikinci yarısı yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkili, qonaq qəbul etmək üçün əlverişlidir. Maliyyə fonu uğurludur. Alış-veriş etmək olar. Yaşam potensialının səviyyəsi yüksəkdir. Ancaq ehtiyatlı olun. Kiçik travma riskləri var. Oğlaq - yaxınlarınız sizdən hələlik hazır olmadığınız addım və qərarları gözləyirlər. Bu sizi qıcıqlandırır, əhvalınızı korlayır. Müstəqil qərar qəbul etmək hüqununuzu qorumağa çalışanda aqressiv olmayın, ətrafınızdakı insanların xətrinə dəyməyin. Təmkinli və soyuqqanlı olun. Tənqidi iradlara və kimsənin istəmədiyi məsləhətlərə qapılmayın. Günün ikinci yarısında yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, kiçik detallardan, rutin işlərdən başlayın. İndi əlverişli zamandır. Əsas məsələ məqsədin seçimində və hədəfin müəyyənləşdirilməsində yanılmamaqdır. İşə başlamazdan əvvəl nə istədiyinizi müəyyənləşdirin. Dolça - yeni layihəyə, ciddi və önəmli işə başlamaq üçün əlverişli zamandır. Detalları və təfərrüatları hesablayın, heç nəyi diqqətdən qaçırmayın. Qərarlarınızın yanlış olmamasına çalışın. Maraqlı tanışlıqlar ola bilər. Yeni dost tapmaq şansı var. Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağıdır. Normal günlərdən fərqli olaraq daha sürətlə yorulacaqsınız. Qüvvələrinizə qənaət edin. Yaxınlarınızın təklif etdiyi yardımlardan imtina etməyin. Uzun səyahətlər məsləhət deyil. Soyuqdəymə və zökəm riski var. Balıqlar - ehtiyatlı və sərvaxt olun. Yolunuzda maneələr və sədlər yaransa da, planlarınızdan imtina etməyin. Onları həyata keçirərək bədxahlarınızı pərişan edin. Kimsə sizə paxıllıq edirsə, deməli, nəticələr pis deyil. Qələbənin sevincini sizlə bölüşmək istəyən insanlar tapılacaq. Günün ikinci yarısında yeni tanışlıqlar var. Qarşılıqlı rəğbət istisna deyil. Şəxsi münasibətlərdə təşəbbüs, hisslərdə etiraf zamanıdır.

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. Sozcu.az Azərtac-a istinadən türkiyəli həkim Özkan Akyolun mövzu ilə bağlı araşdırmasını təqdim edir. O, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğunun elmi şəkildə sübuta yetirildiyini bildirib: “Oruc tutmaq bir tərəfdən həzm sisteminə, digər tərəfdən insan psixologiyasına faydalıdır. Orqanizmdə toplanmış yağlar oruc zamanı yağ hüceyrələri vasitəsilə parçalanır. Sağlam arıqlama yığılmış yağların parçalanması yolu ilə baş verir. Ancaq imsak və iftarda az kalorili qidalanma ilə buna nail olmaq olar. Elmi araşdırmalar oruc və insulin sağlamlığı arasındakı əlaqəni ortaya qoyur. Tədqiqat sübut edib ki, oruc tutarkən hüceyrələr daha çox qlükoza qəbulu ilə bağlı siqnal göndərir. Bu da insulinin normallaşmasına müsbət təsir göstərir”. Mütəxəssis qeyd edir ki, orucun həzm sisteminə də faydası var. Oruc tutmaq həzm sisteminin dincəlməsinə kömək edir. Müntəzəm oruc tutmaq metabolik sağlamlığa faydalıdır, həmçinin bağırsaqların normal fəaliyyətinə kömək edir. Az yemək ömrü uzadır və daha uzun yaşamağa kömək edir. “Oruc bədənimizi yeniləyir. Parkinson və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu rol oynaya bilir. Elmi araşdırmalar göstərir ki, vəhşi heyvanlar xəstə olduqda qida qəbulunu azaldır. Oruc tutmaq da immun sistemini gücləndirməklə bir çox xəstəlikdən qorunmağa kömək edir və bəzi xəstəliklərin müalicəsini sürətləndirir. Oruc tutmaq orqanizmin ümumi təmizlənməsi üçün faydalıdır. Həzm sisteminin təmizlənməsi dolayı yolla bütün orqanizmi təmizləyir. Qaraciyər və böyrəklərdəki toksinlər təmizləndiyi üçün dəri yenilənir”, - deyə həkim əlavə edib.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub.(axsam.az)

İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq

İngiltərə millisinin heyətində itki baş verib. Sozcu.az "The Atletic"ə istinadən xəbər verir ki, qapıçı Sem Constoun sıradan çıxıb. "Kristal Pelas"ın qolkiperi məşq zamanı dirsəyindən zədə alıb. O, ötən gün əməliyyat olunub. 31 yaşlı qolkiper  mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. O, bu yay keçiriləcək  Avropa çempionatında da iştirak etməyəcək.