“Mühacirətdə olan heç bir “Dağlıq Qarabağ hökuməti”ni tanımırıq” – Paşinyan

“Ermənistanda tanınmamış “Dağlıq Qarabağ Respublikasının” (DQR) mühacirətdə olan “hökumətinin” fəaliyyət göstərməsi ilə bağlı bəyanatlar milli təhlükəsizliyə təhdiddir və rəsmi İrəvan belə strukturu tanımır”.

Sozcu.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.

2023-cü il sentyabrın 28-də antiterror əməliyyatlarının başlanmasından sonra qondarma DQR-in qondarma prezidenti Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən onun fəaliyyətinə xitam verilməsi haqqında fərman imzalayıb. Buna baxmayaraq, o, Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib ki, mühacirətdə olan “DQR” “hökuməti” mövcuddur və İrəvanda yerləşir.

“Qeyd etməyə bilmərəm ki, bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkət və addımlar ataraq, mühacirətdə hansısa hakimiyyət elan edirlər. Mən çox açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və o hökumət burada oturub. Bu mesaj çox aydındır: əgər zərurət yaransa, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək, Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratmaması üçün müvafiq addımlar atılmalıdır”, - deyə Ermənistan Baş naziri bildirib.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda Ermənistan hökumətindən başqa heç bir hökumət ola bilməz. Əgər Ermənistanda kimsə özünü hökumət kimi tanıyırsa, bu, milli təhlükəsizlik məsələsidir”, - Paşinyan əlavə edib.

Share on Facebook