İrandan Bakıya 112 kq narkotik gətirənlər saxlanıldı - Video

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı İrandan 112 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İrandan birbaşa olaraq milli genefondumuzun məhv edilməsi məqsədi ilə göndərilən külli miqdarda narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı növbəti dəfə DİN tərəfindən qətiyyətlə alınıb. Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində paytaxt sakinləri Rövşən Zamanov və Röyal Baloğlanov saxlanılıblar. Onların avtomobilinə və yaşadıqları evlərə baxış zamanı hər iki şəxsə məxsus 112 kiloqram, o cümlədən 30 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 52 kiloqram qurudulmuş marixuana, 30 kiloqram metamfetamin və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Rövşən Zamanov və Röyal Baloğlanov narkotik vasitələri İran vətəndaşı “Hadı” adlı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən İmişli rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. “Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb - FOTO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 25 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı R.Cəfərov silahı bir müddət əvvəl Bakı şəhəri ərazisindən tapdığını və satmaq niyyətilə Zərdab rayonuna gətirdiyi bildirib. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Aşkar edilən silahın hər hansı bir cinayət hadisəsində istifadə olunub-olunmadığı araşdırılır.

SON DƏQİQƏ: Çin Rusiyanı təcavüzkar adlandırdı

Çinin BMT-dəki nümayəndə heyəti ilk dəfə Baş Assambleyada Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar adlandırıldığı qətnamənin lehinə səs verib. Sozcu.az xəbər verir ki, səsvermənin nəticələrini Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Tvitter hesabında dərc edib. Qeyd edək ki, BMT Baş Assambleyasında BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olunub. Qətnamə 122 səs lehinə, 5 səs isə əleyhinə olmaqla qəbul edilib. Qətnamənin lehinə səs verən ölkələr arasında Rusiyanın strateji müttəfiqi Ermənistan da var. Rusiya, Belarus, Suriya, Nikaraqua və Şimali Koreya qətnamənin əleyhinə səs verib. Azərbaycan səsvermədə iştirak etməyib.

Rusiya Ukraynanın irəliləməsindən narahatdır - Kəşfiyyat

Rusiya işğal olunmuş ərazilərində tarixdə ən böyük hərbi müdafiə sistemlərindən birini inşa edib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının gündəlik xülasəsində yazılıb. Məlumata görə, bu müdafiə vasitələri təkcə indiki cəbhə xəttinin yaxınlığında deyil, həm də arxa cəbhənin dərinliklərində - Ukraynanın hazırda Rusiyanın nəzarətində olan ərazilərində, eləcə də Rusiyanın öz ərazisində - Belqorod və Kursk vilayətlərində yerləşir. "Belə bir müdafiə sisteminin qurulması Rusiya rəhbərliyinin Ukraynanın böyük irəliləyiş əldə edə biləcəyi ilə bağlı narahatlığını göstərir", - deyə qeyd olunub.

Həftəsonu yol qəzalarında 16 nəfər ÖLÜB

Aprelin 29-u və 30-da ölkənin avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.  Bildirilib ki, qəzalar nəticəsində 16 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Daha bir partiya Kemal Kılıçdaroğlunu dəstəklədi

Türkiyədə Liberal Demokrat Partiya (LDP) "Millət İttifaqı"nın namizədini dəstəkləmək qərarı alıb. Sozcu.az xəbər verir ki, bu barədə partiyanın rəsmi bəyanatı dərc olunub. Bildirilib ki, LDP həm prezident seçkilərində ittifaqın vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu, həm də parlament seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin yer aldığı "Millət İttifaqı"nın proporsional siyahılarını dəstəkləyəcək. "İqtisadi baxışlarımız hər nə qədər uyğun gəlməsə də, mövcud şərtlər və ifadələr çərçivəsində hüquqa hörmət, çağdaş sekulyar demokratiya və şəffaf bir məclis üçün dəstəyimizin "Millət İttifaqı" tərəfdə olacağını ictimaiyyətə açıqlayırıq", - deyə qeyd olunub. Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçiriləcək. LDP-nin qurucusu türkiyəli məşhur siyasətçi Besim Tibukdur. 2005-2017-ci illərdə isə partiyaya digər tanınmış siyasətçi Cem Toker rəhbərlik edib. Hazırda LDP-nin sədri Gültekin Tırpancıdır.

Rusiyanın itkiləri açıqlandı: ŞOK RƏQƏMLƏR

Ukrayna müharibənin 432-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 190 960 hərbçi, 3700 ədəd tank, 7192 ədəd zirehli döyüş maşını, 2921 ədəd artilleriya sistemi, 544 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 295 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5845 ədəd avtomobil texnikası, 2476 ədəd PUA, 932 qanadlı raket, 18 gəmi/qayıq, 359 xüsusi avadanlıq itirib.

İran onları Azərbaycana təhvil verməlidir – Tələb

“Orxan Məmmədovla Tohid İbrahimbəylinin mənə qarşı törədilən terror aktı ilə bağlı İranda həbs edildiyini söyləməkdə çətinlik çəkirəm”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib. Millət vəkili ötən gün İranda həbs edildiyi bildirilən “Hüseyniyyun” təşkilatının rəhbəri Tohid İbrahimbəyli ilə Orxan Məmmədovun Azərbaycana ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı səslənən suallara aydınlıq gətirib. BQP sədri xatırladıb ki, neçə müddətdir Azərbaycan tərəfi bu insanların həbs edilib Azərbaycana ekstradisiyasını tələb edirdi: “Çünki bu adamlar Azərbaycanda dövlət və Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı çağırışlar edirdilər. Azərbaycan da bu şəbəkənin üzvləri ilə bağlı dəfələrlə İran dövlətinə müraciət etmişdi ki, Tehran onların Bakıya təhvil verilməsini təmin etsin. Lakin bu proses qismən həyata keçirildi və 43 nəfərdən yalnız 7-si Azərbaycana verildi. Bu isə çox az sayda idi və verilən adamlar elə də əhəmiyyətli şəxslər deyildi”. F. Mustafa vurğulayıb ki, dövlətlərarası əlaqələrdə yumşalmanın və münasibətlərin yaxşılaşdırılmasının əsas şərtlərindən biri də bu olmalıdır: “Əgər Azərbaycan dövlətinə qarşı İranda məskunlaşan azərbaycanlılar tərəfindən belə bir qeyri-qanuni təşkilat yaradılırsa, habelə onlar bu kimi fəaliyyətlərə Azərbaycan vətəndaşlarını da cəlb etməyi planlaşdırırlarsa, İran tərəfi xoşniyyətli bir addım kimi həmin şəxslərin ekstradisiyasını təmin etməlidir. Həmçinin, onların həbs olunub Azərbaycana göndərilməsi məsələsi İrana göndərdiyimiz sübutlarla da bağlıdır. Lakin hüquq-mühafizə və prokurorluq orqanları əllərində olan müvafiq sübutları İrana göndərib ki, bu şəxslər konkret cinayət əməllərinin törədilməsində məsuliyyət daşıyırlar. Bütün bunların hamısı təhlil olunmalı və hüquqi prosedura bu təhlildən sonra həyata keçirilməlidir”. Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycanda da müəyyən müddət həbs yatmış İran vətəndaşlarının geri verilməsi bağlı məsələlər zaman-zaman gerçəkləşdirilib: “Bu isə qarşılıqlı və xoşniyyətli addımlardan asılı olacaq. Əgər İran bu addımı atarsa, bu, o deməkdir ki, İran dövləti öz daxilində Azərbaycan dövlətinə qarşı yuva salmış şəbəkənin mövcudluğunda maraqlı olmadığını göstərəcəkdir. Bu da qonşuluq münasibətlərinin yeni məcrada və daha müsbət istiqamətdə inkişafına xidmət göstərə bilər. Amma yenə deyirəm ki, bunun mənə qarşı həyata keçirilən sui-qəsdlə əlaqəsinin olub-olmadığı ilə bağlı hər hansı bir məlumatım yoxdur. Söhbət kimlərdən gedir, heç bunu da təhlil etməmişəm. Lakin bizimlə oldu-olmadı, əgər müvafiq addımlar atılarsa, hesab edirəm ki, bu, həm müəyyən münasibətlərin yaxşılaşdırılmasına doğru getməyə imkan yaradar, həm də dövlətimizin təhlükəsizliyi, eləcə də bu şəbəkəyə uyub yanlış yolda olan insanların yenidən öz dövlətinə qarşı münasibətinin dəyişdirilməsi baxımından faydalı olar”. “O ki qaldı yerdə qalan 36 nəfərin, yoxsa təkcə Tohid İbrahimbəyli ilə Orxan Məmmədovun Azərbaycana ekstradisiya edilməsinə, düşünürəm ki, “Hüseyniyyun”un bütün üzvləri Azərbaycana qaytarılmalıdır. Bu şəxslər də Azərbaycanda ədalətli məhkəmə mühakiməsinə cəlb olunmalıdırlar. Çünki bu, bir başa dövlətin təhlükəsizliyi ilə bağlı məsələdir. Qısası, İran Azərbaycanın hər hansı bir şəkildə yıpranmasında maraqlı olmadığını göstərmək üçün bu addımı atmalıdır. Ona görə ki, bu, bütün normal münasibətləri olan dövlətlər arasında baş verməli olan normal hüquqi bir proseduradır. Əgər bunu etsələr, bu addım münasibətlərin bir xeyli yumşalmasına gətirib çıxara bilər”, – partiya lideri fikirlərini tamamlayıb.

Vahid Əhmədovla bağlı QƏRAR VERİLDİ

Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda deputat Vahid Əhmədova töhmət verilib. Qeyd: Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib. Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin. Xatırlatma: Biir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib.

Tehranda qətlə yetirilən azərbaycanlı mühafizəçinin qanı batırılır - İddia

“İran qanunlarına görə, adətən, belə hücumlarda İran rejimi istəsə, cinayətkara edam hökmü kəsə, istəməsə isə o adamı buraxa bilər. Çünki İranda baş verən çoxsaylı sifarişli qətllərdə çox vaxt cinayətkarlar sərbəst buraxılır, yaxud çox az müddətə azadlıqdan məhrum edilir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib. O, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilən silahlı terror hücumundan 3 ay keçməsinə baxmayaraq, hələ də İran hakimiyyətinin istintaqın yekun materialları ilə bağlı Azərbaycana məlumat verməməsinə, habelə prosesin uzatmasına münasibət bildirib. S. Soltan söyləyib ki, indiyə qədər İran hakimiyyəti Azərbaycan tərəfinə tutarlı rəsmi cavab verməyib: “Təxminən 1-2 ay öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani söylədi ki, bu istiqamətdə araşdırma davam edir və Azərbaycan tərəfini məlumatlandıracağıq. Lakin hələ ki, elə bir məlumat yoxdur. Bu, onu göstərir ki, İran hakimiyyəti bu terroru, bir növ, ört-basdır etmək istəyir. Cinayəti ört-basdır etmək isə İran hakimiyyətinin hansısa qolunun, yaxud bütövlükdə hakimiyyətin Azərbaycanla münasibətin pisləşdirilməsi istiqamətindəki fəaliyyətini gizlətmə cəhdidir. Ola bilər ki, bu terror aksiyasını İranın hakimiyyətdaxili qüvvələrindən hər hansı biri törədib ki, Azərbaycanı təhdid etsinlər. Yəni biz istəsək, Azərbaycana qarşı terror edə bilərik”. İranşünas xatırladıb ki, səfirliyimizə qarşı həyata keçirilən terror aktından əvvəl İrandakı bəzi qüvvələr bəyan etmişdilər ki, onlar Azərbaycan səfirliyinə, yaxud Naxçıvana yük daşıyan TIR sürücülərinə hücum edə bilərlər: “Bu açıqlamalar ötən ilin noyabr ayında olmuşdu, ondan 2 ay sonra isə məlum hadisə baş verdi. Ona görə də İran hakimiyyətinin bu tip terror hadisələrini ört-basdır etməsi ona inam və etimadı azaldır. İran hakimiyyəti təmsilçilərinin Azərbaycanla bağlı verdikləri bəyanat və özlərini xoşməramlı göstərmələri artıq səmimi alınmır və Bakının Tehran rejiminə etibar etməməsinə haqq qazandırır”. Müsahibimiz vurğulayıb ki, burada bir neçə cinayət tərkibi var və belə adamları İran hakimiyyəti daha çox mükafatlandırır: “Məsələn, 2006-cı ildə “İran” qəzetində Azərbaycan türkləri təhqir edilmişdi. Bu isə ölkədaxili milli zəmində iğtişaş yaratmaqdır. Milli zəmində iğtişaş yaratmaq isə ölkədə sabitliyin pozulması deməkdir. Amma “İran” qəzetinin məsul şəxslərinə heç bir cəza tətbiq edilmədi. Halbuki həmin qəzet Tehran bələdiyyəsinin orqanıdır. Bu gün də “İran” qəzeti öz fəaliyyətini davam etdirir və ara-sıra Azərbaycan türklərinə qarşı bu “ənənə” ilə çıxış edir. Çünki bu, rejimin sifarişidir, səfirliyə hücum da onların sifarişi idi. Sizcə, Tehran rejimi öz sifariş verdiyi şəxsləri cəzalandıra bilərmi?!”

SON DƏQİQƏ: Ordumuz daha iki yüksəkliyi nəzarətə götürdü – FOTO

Azərbaycan Ordusu bu gün iki yüksəkliyi nəzarətə götürüb. Sozcu.az xəbər verir ki, bu barədə "CaucasianLive" kanalı paylaşım edib. Bildirilib ki, Ordumuz Laçın şəhəri - Kiçik Qaladərəsi kəndi istiqamətində 1516 metr və 1686 metr yüksəkliklərini nəzarətə götürüb.axar)

"Ukraynanın qalib gəlməsini istəyiriksə, ona hərbi dəstək verməliyik"

"Danışıqlar üçün şərtlər və danışıqların hansı formatda olması barədə qərarı Ukrayna verir". Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Lüksemburq Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında Çin və Ukrayna liderləri arasında telefon danışığına münasibət bildirərkən deyib. "Bildiyimiz odur ki, mənalı danışıqlar üçün istənilən ehtimal, hər hansı imkan Ukraynanın lazımi hərbi gücə malik olmasını tələb edir ki, Prezident Putinə döyüş meydanında qalib gəlməyəcəyi barədə çox aydın mesaj göndərsin. Odur ki, bəlkə də bu müharibə danışıqlar masası arxasında bitəcək. Amma bildiyimiz odur ki, danışıqlar masası ətrafında baş verənlər döyüş meydanındakı güclə sıx şəkildə bağlıdır. Beləliklə, əgər biz Ukraynanın suveren, müstəqil dövlət kimi qalib gəlməsini istəyiriksə sülh yolu ilə, danışıqlar yolu ilə həll istəyiriksə, oraya çatmağın ən yaxşı yolu NATO müttəfiqlərinin etdiyi kimi Ukraynaya hərbi dəstək verməkdir. Mən Prezident Zelenski ilə Si Cinpin arasındakı zəngi alqışlayıram. Hesab edirəm ki, Çinin Ukraynanın perspektivlərini daha yaxşı başa düşməsi üçün vacibdir. Ancaq bu, Çinin Rusiyanın qeyri-qanuni müharibəsini, Ukraynaya qanunsuz işğalını pisləyə bilmədiyi faktını dəyişdirmir".