Sülhməramlıların avtomobillərinə mütləq baxış keçirilməlidir, əks halda...” - Polkovnikdən AÇIQLAMA

“Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi çoxdan qurulmalı idi. Aprelin sonunda belə bir qərar verilibsə, bu, artıq vəziyyətin necə dözülməz həddə gəlib çatması deməkdir. O silah-sursat ora bilavasitə Azərbaycan ordusuna qarşı istifadə olunmaq üçün gətirilir”. Sozcu.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. Polkovnik qeyd edib ki, biz aprelin 1-də Azərbaycanın həmin sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə start verəcəyini gözləyirdik: “Çünki bu, qaçılmaz idi. Aylar idi bu haqda danışılırdı. Qarabağa aidiyyəti olmayan şəxslərin gəlib-getməsi, qanunsuz yüklərin daşınması foto və videofaktlarda öz əksini tapırdı. Biz o vaxt da deyirdik ki, gecikməməliyik, çünki düşmən bundan öz məqsədləri üçün istifadə edir. Ermənistan öz ərazisində nə edirsə, özü bilər. Amma Azərbaycan ərazisindən - konkret olaraq Laçın-Xankəndi istiqamətindən onların sui-istifadə etməsi, hərbi təyinatlı yüklər daşıması, şəxsi heyəti gətirib-aparması yolverilməzdir. Düşünürəm ki, bu sərhəd-buraxılış məntəqəsi olsaydı, bəlkə də martın 5-də 2 hərbi qulluqçumuzun şəhid olması, 1 hərbçimizin yaralanması, aprelin 11-də 3 hərbçimizin şəhid olması, bir neçə hərbi qulluqçumuzun yaralanması ilə nəticələnən insidentlər də baş verməzdi”. Hərbi ekspert vurğulayıb ki, ermənilər bundan sonra yaxşı-yaxşı fikirləşəcəklər: “Doğrudur, onlar sərhədi qeyri-qanuni keçməyə cəhd edəcəklər, amma düşünürəm ki, həm Dövlət Sərhəd Xidməti, həm də Müdafiə Nazirliyi bu cür cəhdlərin qarşısını qətiyyətlə alacaq. Əgər biz Qarabağda sülh və əmin-amanlığın bərqərar olmasını istəyiriksə, o post orada fəaliyyət göstərməlidir. Hətta Rusiya sülhməramlılarının avtomobillərinə də mütləq baxış keçirilməlidir. Çünki ermənilər üçün qeyri-qanuni yükləri sülhməramlıların avtomobilində Rusiya komandanlığının icazəsi ilə daşıyırlar. Biz ötən ilin noyabrında bu faktın şahidi olmuşduq ki, Müdafiə Nazirliyinin əsgərləri Rusiya sülhməramlılarının avtomobilinə baxış keçirərkən oradan 5 ədəd avtomat aşkarlamışdılar. Minaların hamısı Ermənistanda istehsal olunub, 2021-ci ilin istehsalı olan yeni minalardır. Ruslar da onu ona görə daşıyır ki, tərəflər arasında problem yaşansın. Tərəflər bir-biri ilə daim münaqişə vəziyyətində olsun və onlar da orada olma müddətlərini uzatsınlar. Düşünürəm ki, sərhəd-buraxılış məntəqəsi olandan sonra bu cür təxribatların sayı xeyli azalacaq”.

MN məlumat yaydı: Ermənilər Xankəndiyə silah daşıyır...

Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilib. Videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib. Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb. Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir.

Abşeronda avtomatla gəzən şəxs tutulub

Abşeronda silahlı şəxs tutulub. Rəhimov Namiq Oktay oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun üzərində «Kalaşnikov» konstruksiyalı AKM modelli yivli-odlu, istifadəyə və atəşə yararlı avtomat döyüş silahı 30 ədəd patron aşkarlanıb. Fakt üzrə Abşeron RPŞ-də CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rəhimov Namiq Oktay oğlu CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rusların bütün istiqamətlərdə hücumları dayandırıldı

Ukrayna qoşunları düşmən ordusunun bütün istiqamətlərdə hücumunu dayandırır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib. "Müdafiəçilərimiz düşmən ordusunun bütün istiqamətlərdə fəaliyyətini dayandırmaqda davam edir. Bu yaz günlərində biz hər gün mühüm vaxt qazanırıq və düşmənin əlverişli mövqeləri zəbt etməsinə imkan vermirik", - o vurğulayıb. Komandirin sözlərinə görə, Ukrayna hərbçiləri düşməni effektiv şəkildə vura biləcəklərini dəfələrlə nümayiş etdiriblər.

"Ukrayna daha çox uğur qazanacaq"

Ukrayna daha çox uğur qazanacaq. Bu barədə NATO Baş katibi Yens Stoltenberq “Welt” nəşrinə müsahibəsində bildirib. NATO-nun baş katibi Yens Stoltenberq təmas qrupunun Ramşteyn aviabazasında keçirdiyi görüşdən sonra bildirib ki, Ukrayna daha çox ərazini azad etmək üçün əks-hücum anını gözləyir. Stoltenberq əlavə edib ki, Şimali Atlantika Alyansı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğur əldə etmək bacarığından xəbərdardır. O qeyd edib ki, buna digər şeylərlə yanaşı, Qərbin inanılmaz dəstəyi də kömək edir. Bundan əvvəl Kiyevə səfərindən sonra Stoltenberq bildirib ki, alyansdakı bütün müttəfiqlər Ukraynanın bloka üzv olması ilə həmrəydirlər.

Bir peykimiz sıradan çıxdı: İsrail ikisini verir

İsrailin müdafiə şirkətlərindən biri Azərbaycana iki peyk satacaq. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Zman.co.il” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, sövdələşmə yaxın vaxtlarda baş tutacaq, sazişin ümumi məbləğinin 120 milyon dollar civarında olacağı gözlənilir.

Ukraynada məhv edilən Rusiya hərbçilərinin sayı 185 mini ötüb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 185 050 hərbçisi məhv edilib. Sozcu.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, son sutka ərzində 630 Rusiya hərbçisi zərərsizləşdirilib. Belə ki, Rusiya ötən gecə İran istehsalı olan “Şahed” PUA-lar vasitəsilə Ukraynanın paytaxtı Kiyevə hücum edib. Ölkə müdafiəçiləri 10 “Şahed”dən 8-ni sıradan çıxarıblar. Məlumatda qeyd edilib ki, bu, son 25 gün ərzində Kiyevə ilk hücum olub. Paytaxta hücum zamanı itki və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb. Eyni zamanda, Ukrayanın Poltava vilayətində mülki infrastrukturlara hücum nəticəsində yanğın baş verib. Burada isə itki və dağıntının olmadığı bildirilib. Baş Qərargahın məlumatında vurğulanıb ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 668 tank, 7 083 zirehli maşın, 2 394 operativ-taktiki PUA, 2 827 artilleriya sistemi, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 713 avtomobil və tanker, 911 qanadlı raket, 18 gəmi və kater, 334 xüsusi texnikadan ibarətdir.

"Ukrayna cəbhədə aktiv əməliyyatlara hazırlaşır, bunlar qaçılmazdır"

Ukrayna cəbhədə aktiv əməliyyatlara hazırlaşır, bunlar qaçılmazdır. Sozcu.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi axşam videomüraciətində deyib. “Ukraynanın müdafiəsi – bu gün Kiyevdə NATO rəhbəri Yens Stoltenberqlə danışıqlar məhz buna həsr olunub. Qaydalar əsasında bütün beynəlxalq asayişin qorunması. Biz Ramştayn görüşünə hazırlaşırıq və cənab Stoltenberqin mövqeyi vacibdir. Biz cəbhədə fəal hərəkətlərimizə hazırlaşırıq, bunlar qaçılmazdır”, - o vurğulayıb. Prezident həmçinin əlavə edib ki, Ukrayna NATO-nun Vilnüsdə yayda keçiriləcək sammitinə hazırlaşır. Onun sözlərinə görə, Ukrayna alyansa müraciətinin təmin olunması üçün hər şeyi edib.

“Allah Ukraynaya azadlıq bəxş edəcək”

“Müqəddər Ramazan Bayramı səy göstərdiyimiz sülhə, hamımızın irəlilədiyi qələbəyə layiqdir”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib. "Bu gün müsəlmanların müqəddəs Ramazan ayı başa çatır. İkinci dəfədir ki, şər dövlətinin (Rusiya-red) Ukraynaya, xalqımıza, bütün cəmiyyətə qarşı genişmiqyaslı təcavüzü zamanı başa çatır", - o deyib. Prezidentin sözlərinə görə, müqəddəs Ramazan bayramı tamam başqa şərtlərə layiqdir. “İnanıram ki, Allah Ukraynaya bütün ərazilərimiz və bütün xalqımız üçün azadlıq bəxş edəcək. Bütün müsəlmanlarımıza və dünya müsəlmanlarına dinc bir bayram arzulayıram!", - Ukrayna lideri əlavə edib.

DİN və DSX-dən növbəti əməliyyat: saxlanılan var

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DSX) İmişlidə növbəti birgə əməliyyat keçirib, saxlanılan var. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb. Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilib. İlkin sorğu zamanı Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, son 1 ay ərazində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Goranboyda evdən 30 min manatlıq oğurluq edib, evi yandıran şəxs tutuldu

Goranboyda bir il əvvəl evdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 26-da Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən 17.000 dollar, 550 avro pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda və həmin evi yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ukrayna Azərbaycanlıları Radası əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edib

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı Ukraynada yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Ukrayna Azərbaycanlıları Radası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərlərinə – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğluna və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Bu vandalizm aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu, Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Ukrayna Azərbaycanlıları Radası beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.