Prezident Xovayevi qəbul etdi: Ağdam yolunun açılması...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb. Dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına baxmayaraq, onların bundan imtina etdiklərini diqqətə çatdırıb. İqor Xovayev Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Qarabağ separatçıları sentyabrın 9-da “prezident” seçəcək

Qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın “istefa” verməsindən sonra tanınmamış “DQR”də “prezident seçkiləri”nin birinci turu sentyabrın 9-da “parlament”in növbədənkənar sessiyasında keçiriləcək.  Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.  Erməni nəşri yazır ki, “namizədlər”in irəli sürülməsi dünən başlayıb və ayın 7-də başa çatacaq:  “Dünən heç bir “fraksiya” “namizəd” irəli sürmədi, lakin sentyabrın 8-də “milli məclis”in “sədr”i Davit İşxanyan irəli sürülmüş “namizədlər”i açıqlayacaq. Daha sonra isə üç gün ərzində “seçki” keçiriləcək. Birinci mərhələdə “namizəd”liyini irəli sürən şəxs “parlament”dəki “deputat”ların 2/3-nin - 22-sinin səsini toplamalıdır”.  Qəzet iddia edir ki, hər şey qaydasında getsə, separatçı rejimin “təhlükəsizlik şurası”nın “katib”i Samvel Şahramanyanın birinci turda “prezident” seçiləcəyi istisna edilmir:  “Amma o, “parlament”dəki “müxalifət”i nəzərə almalı və onun seçilməsi müqabilində müəyyən rıçaqlardan imtina etməlidir. Yeri gəlmişkən, yaxın günlərdə “müxalif qüvvələr”də həm komandadaxili, həm də partiyadaxili məsləhətləşmələrin raundu elan olunub. Beləliklə də ikinci turda sadə səs çoxluğu kifayət hesab olunacaq”.  “Hraparak” onu da əlavə edib ki, Ermənistan hökuməti Araik Arutyunyanın “istefa”sında Ruben Vardanyanın böyük rol oynadığına əmindir. Məlumata görə hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları bu barədə bəyanatlar verib, Vardanyanın əvvəlki “vəzifə”sinə qayıtması ilə bağlı şayiələr yaysalar da, Xankəndidəki separatçı xuntaya məxsus “rəsmilər” əmin edib ki, Vardanyan yeni qurulan “hökumət”də vəzifə tutmayacaq. Qondarma “DQR”də Araik Arutyunyanın qohumlarından birinin “dövlət naziri” təyin ediləcəyi də istisna edilməyib. 

Ceyhun Bayramov Macarıstana getdi

4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.  XİN-dən Sozcu.az-a verilən məlumata görə, dəfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Nazir Ceyhun Bayramov səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcəkdir.

Qarabağdakı qanunsuz rejim tərksilah edilməlidir - Hikmət Hacıyev

"Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir".  Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşımında bildirib.  Azzərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda ununun istehsal mənşəyinə görə (Azərbaycan) rədd edilməsi qeyri-qanuni marionet rejimin izlədiyi irqçilikdir. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir", - o paylaşımında qeyd edib. 

"Ağdam-Xankəndi you açıldıqdan 24 saat sonra Laçın yolu da açılacaq”- Hikmət Hacıyev

"Ağdam-Xankəndi you açıldıqdan 24 saat sonra Laçın yolu da açılacaq”. Sozcu.az xəbər verir ki, bunu prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində deyib. "Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, - deyən H.Hacıyev Qarabağ ermənilərinə digər Azərbaycan vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqlarının təklif olunduğunu da bildirib.

Qarabağ ətrafında böyük oyun: “Orada 10 minə yaxın əlisilahlı adam var”

“Bu gün Qarabağ ətrafında baş verən oyunlar bir çox mənzərəni aydınlaşdırır. Biz görürük ki, bəzi dövlətlər özlərinin marağı üçün bundan istifadə edirlər. Bu ölkələrdən biri də Fransadır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. O, Fransanın Ermənistandan Azərbaycanın hava sərhədlərini pozaraq Qarabağa “humanitar yardım” göndərmək üçün açmaq istədiyi hava dəhlizinin detallarından söz açıb. Polkovnik xatırladıb ki, dünən Azərbaycan Prezidenti ilə fransız həmkarı arasında telefon danışığı olub: “Mənə elə gəlir ki, dövlət başçısı lazım olanı Fransa liderinin diqqətinə çatdırıb. Fransanın şou xarakterli çıxışları, Ermənistandan Qarabağa təyyarə uçuşlarını həyata keçirməyi mümkünsüzdür. Çünki Azərbaycanın hava məkanı Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemləri tərəfindən qorunur. Belə bir cəhd olacaqsa, sözsüz ki, Azərbaycan buna seyrçi mövqe tutmayacaq”. Ü. Cəfərov hesab edir ki, Fransanın hava məkanımızdan Qarabağa “humanitar yardım” gətirmək istəyi sadəcə şou xarakterlidir: “Eləcə də “Spayka” TIR-larında İrəvandan Qarabağa gətirilmiş “humanitar yüklər” vəziyyətin normallaşmasına əsla xidmət etmir. Hesab edirəm ki, dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən yük bir az çiy hazırlanmış iş idi. Çünki yüklər Bakıdan çıxmamışdan öncə məsələ Rusiya sülhməramlıları ilə müzakirə olunmalı idi. Amma baxanda görürük ki, reallıq fərqlidir, rus əsgəri bizim nümayəndə heyətimizin üzvlərinin telefon nömrəsini götürüb və deyir ki, gözləyin. İndi də fransızlar eyni hərəkəti edirlər. Azərbaycan onsuz da yükləri göndərib. Açsınlar yolu, humanitar yardımı götürsünlər. Ən azından, orada 40 ton un məhsulları var. Müsahibimiz qeyd edib ki, bu gün Qarabağ məsələsindən kifayət qədər sui-istifadə etmək halları mövcuddur: “Separatçılar guya 8 aydır ki, acından ölür, qırılır, amma hələ də bölgədə bununla bağlı 1 dənə də ölüm baş verməyib. O cümlədən orada 10 minə yaxın əlisilahlı adam var ki, onları da gündə 3 dəfə yedirdib-içirtmək lazımdır”. “Fransanın etdiklərinə gəldikdə isə onların bu addımları əbəs və mənasızdır. Fikrimcə, İlham Əliyevlə Emmanuel Makron arasındakı telefon danışığında bu məsələlər müzakirə olunub. Rəsmi Paris özü üçün eqoistlik edir. O düşünür ki, necə ola bilər, mən BMT Təhlükəsizlik Şurasının 5 əsas üzvündən biriyəm, amma Azərbaycan sözümə baxmır. Sərhədlərini bağlamaq Azərbaycanın suveren hüquqlarıdır. Əgər fransızlar ermənilər üçün bu qədər narahatdırlarsa, İrəvandan Qarabağa “humanitar yük” daşımaq yerinə Qarabağ erməniləri sərhəddən Ermənistana keçsin və fransızlar onları Fransaya aparıb ermənilərin qayğısına qalsın. İronik də olsa, mən belə təklif edərdim”, – o, fikirlərini tamamlayıb.

Səfirimizdən Qarabağdakı ermənilərə çağırış

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin özünü təcrid etməsi aradan qaldırıldı. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım yola salması ilə bağlı “X” hesabında yazıb. O, sağlam düşüncənin qalib gələcəyinə ümid etdiyini vurğulayıb: “Yerli sakinlər Azərbaycanın suverenliyinə, bütövlüyünə və qanunlarına hörmət çərçivəsində ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar”, - diplomat bildirib. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti avqustun 29-da Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

XİN: "Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır"

"Ermənistanın törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmağına son qoyulmalıdır". Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar "X" hesabında etdiyi paylaşımda yazıb. "Biz qətliam qurbanlarını həmişə xatırlayırıq və heç vaxt unutmayacağıq", - o bildirib.

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakı qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra ölkəmizə səfər etməsinin önəmi qeyd edildi və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edildi. Görüşdə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin önəmi və ordumuzun bu qələbənin əldə olunmasında göstərdiyi yüksək peşəkarlığı və qəhrəmanlığı vurğulandı.

Prezident və birinci xanım Zabuxda görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.  Sozcu.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verib. 

İlham Əliyev və xanımı Laçına getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib. Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.

Bayramov və Mirzoyan arasında növbəti görüş... - XİN

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün nə vaxt olacağı ilə bağlı hələlik məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları istiqamətində proses davam edir: “Hazırda proses davam edir. Xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Xədicə Labiblə birgə keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunub. Yeni görüşlər barədə isə hazırda məlumat yoxdur”, - A.Hacızadə vurğulayıb. XİN rəsmisi Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycana yeni təkliflər verdiyini təsdiqləyib. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü iyulun 25-də Moskvada baş tutub. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında deyib ki, Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib.