Ermənistanın davranışları bölgədəki sabitliyə təhdiddir - Ceyhun Bayramov

13 sentyabr 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrə Universitetinin Qlobal Araşdırmalar İnstitutu ilə birgə “Regional təhlükəsizlik və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı” mövzusunda dəyirmi masa müzakirələri təşkil olunub. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.  Müzakirələr zamanı Ceyhun Bayramov ölkəmizin xarici siyasət prioritetləri, qonşu ölkələr ilə əlaqələrin perspektivləri, mövcud regional təhlükəsizlik məsələləri, çağırışlar və imkanlar barədə çıxış edib. Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin, o cümlədən baş verən regional proseslərin əlaqəliliyindən bəhs edən nazir son dövrlər ərzində həm ikitərəfli əsasda, o cümlədən çoxtərəfli platformalar çərçivəsində münasibətlərin inkişafında intensivliyin müşahidə olunduğunu bildirib. İqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar və s. sahələr ilə regional əməkdaşlığın perspektivlərinin mövcud olduğu, xüsusilə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyətinin artdığı bir şəraitdə bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb. Regional təhlükəsizlik məsələlərindən bəhs edən Ceyhun Bayramov, Ermənistanın Azərbaycan və Ermənistan arasında mövcud kövrək normallaşma və sülh gündəliyini təhlükəyə atan davranışlarının bölgədəki sabitliyə təhdid olduğunu bildirib. Bu xüsusda, son olaraq, bir tərəfdən Laçın yolu ətrafında vəziyyətlə bağlı guya bölgədə “gərgin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə əlaqədar əsassız iddiaların səsləndirilməsinin, digər tərəfdən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin tələbatlarının ödənilməsi üçün Azərbaycanın Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda istifafə edilməsi təkliflərinin rədd edilməsinin bu ölkənin bir-biri ilə ziddiyyət təşkil edən addımlarının nümunələrindən sadəcə biri olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi bəyanata baxmayaraq, ərazilərimizdə separatizmi təşviq edən ziddiyyətli açıqlamalar səsləndirməsinin anlaşılan olmaması ilə yanaşı, sülh prosesinin gələcəyini sual altında qoyduğunu bildirib.  Bu xüsusda, bölgədə gedən proseslər və regional vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən düzgün anlaşılması, habelə Ermənistanın sülh prosesinə zərbə vuran qeyri-sabit davranışlarının qınanmasının vacibliyi vurğulanıb. Daha sonra, müzakirələr sual-cavab sessiyası ilə davam edib.

Bakıdan yeni təkliflər aldıq - Mirzoyan

Ermənistan sülh müqaviləsi ilə bağlı Bakıdan yeni təkliflər alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. XİN rəhbəri prosesin davam etdiyini, bəzi məsələlərdə fikir ayrılığının olduğunu bildirib.

Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək - Arif Hacılı

Putin Dağlıq Qarabağın tam olaraq, üstəlik Laçın və Kəlbəcərin dəhliz kimi Ermənistana verilməsi planının baş tutmamasına görə məyusluğunu gizlətmir.  Azərbaycanın ərazi bütövlüyünü  tanıdığı üçün Paşinyana qarşı qəzəbini açıq ifadə edir.  Bununla belə Putini Azərbaycanın dostu kimi təbliğ edən soydaşlarımız da var.  Özünü l Pyotrun ardıcılı kimi təqdim etməyə çalışan Putin Rusiyanın Pyotrun çarlığı dövründə başlayan və 1828-ci ildə Azərbaycan ərazilərində erməni vilayətinin yaradılması ilə nəticələnən siyasətini yalnız Paşinyanla münasibətlərə görə dəyişdirməyəcək.  Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək və onu yalnız Ukrayna cəbhəsində ağır məğlubiyyət durdura bilər. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Əxlaqsızlıq sərhəd tanımır! - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd edən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini “əxlaqsız terror aktı” kimi qiymətləndirib. Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb. “Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin uzaqdan idarəolunan partlayış bombası ilə təchiz edilmiş itlərdən istifadə etməklə Azərbaycan forpostuna qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”, - o qeyd edib.

ABŞ: "Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq"

ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma "prezident seçkiləri"nin nəticələrini tanımırıq”, - Miller qeyd edib.

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır". Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində paylaşım edib. "Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - səfir qeyd edib.

Avropa İttifaqı: Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımırıq

“9 sentyabr 2023-cü il tarixində Xankəndi/Stepanakertdə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”. Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib. “Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir” – o, qeyd edib.

Müsavat Partiyası qeydiyyatdan keçdi

Ədliyyə Nazirliyi daha bir siyasi partiyanı dövlət qeydiyyatına alıb. Sozcu.az xəbər verir ki, bu dəfə qeydiyyatdan keçən təşkilat müstəqil Azərbaycanın qurucu partiyası olan Müsavat Partiyasıdır.  Beləliklə, qeydə alınan partiyaların sayı 17- yə çatıb. Bunlar aşağıdakılardı: 1. Müsavat partiyası  2. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev) 3 Ağ Partiya (sədr Tural Abbaslı) 4. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı) 5. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev) 6.Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev) 7.  Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı) 8.  Haqq Ədalət Partiyası (sədr Əli İnsanov) 9. Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə) 10. Ümid Partiyası (sədr İqbal Ağazadə) 11. Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev) 12. Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu) 13. Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn) 14. Vəhdət Partiyası (sədr Tahir Kərimli) 15. Azad Vətən Partiyası (sədr Akif Nağı) 16. Klassik Xalq Cəbhəsi Partiyası (sədr Mirmahmud Mirəlioğlu) 17. Müasir Müsavat partiyası (sədr Hafiz Hacıyev)

İlham Əliyevlə təcili danışıqlar aparmağa hazıram - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib. Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara sadiqliyini, eləcə də bütün məsələləri yalnız diplomatik vasitələrlə həll etməyə hazır olduğunu təsdiqləyib. Öz növbəsində, Fransa Prezidenti şərti sərhəddə gərginliyin azaldılmasının zəruriliyini qeyd edib və regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

Azərbaycan XİN: Ermənistanı məsuliyyətsiz davranışından çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir

“Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərməsi də vurğulanır. Bu, beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir”. Sozcu.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib. “Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir”, - əlavə olunub.

İlham Əliyev türk dövlətlərinin nazirlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyənin daxili işlər naziri Bakıya gəlir

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sabah Bakıya səfərə gəlir. Sozcu.az Report-a istinadən xəbər verir ki, türkiyəli nazir 6-8 sentyabrda Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclasında iştirak edəcək. Həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək. Xatırladaq ki, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.