İlham Əliyev Toivo Klaarı qəbul etdi

17:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Sozcu.az xəbər verir ki, görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib.

Dövlətimizin başçısı öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxundu, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirib.

Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib.

Prezident İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib.

Görüşdə, eyni zamanda, dövlətimizin həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulanıb.

Share on Facebook